Noyabrın 30-da Türkiyənin İzmir şəhərində ikinci Güney Azərbaycan Türkləri Mədəniyyət və İncəsənət Festivalı keçiriləcək. Bu dəfəki festivalın proqramında nələr var və kimlərə mükafatlar təqdim ediləcək?
Çağdaş Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Cemal Mehmethanoğlu bu barədə "Azerbaijan Post"a açıqlama verib:
“Bu ilki festivalımızı bir gün keçirəcəyik. Bir il əvvəl birinci Güney Azərbaycan Türkləri Mədəniyyət və İncəsənət Festivalını təşkil etmişdik. Bu il isə maliyyə çətinlikləri səbəbindən festivalı bir günlük etmək məcburiyyətində qaldıq. Bir günlük festivalımız üç hissədən ibarət olacaq.”
Keçən il festivalımızı Bulud Qaraçorlu (Səhənd) şəxsiyyətinə həsr etmişdik. Bu ilki festivalımız isə Səməd Behrəngiyə həsr olunub. Buna görə də festivalımızın ilk hissəsində, təxminən yarım saat ərzində Səməd Behrəngini yad edəcəyik və onun əsərləri və həyatına dair təqdimatlar olacaq. Həmçinin, Səməd Behrəngiyə həsr edilmiş "Araz, xan Araz" mahnısı səsləndiriləcək.
İkinci hissə də yarım saatlıq bir bölümdən ibarət olacaq. “AzStar TV” və bəzi Azərbaycan ziyalıları bu ili “Urmiya ili” elan ediblər. Buna görə də biz də ikinci hissəni “Urmiya Gecəsi” adlandırdıq. Bu hissədə, təxminən yarım saat ərzində Urmiya şəhərini və Urmiya gölünü tanıdacaq, bu gölün qurumasını pisləyəcəyik. Eyni zamanda, “Urmiya Azərbaycandır” şüarı ilə Urmiyanın Azərbaycan şəhəri olduğunu izah etməyə çalışacağıq.
Üçüncü hissə isə festivalımızın ən vacib hissəsidir. Bu hissədə mükafatlandırma mərasimi keçiriləcək. Bu mərasimi əvvəllər “Güney Azərbaycan Oskarları” kimi adlandırırdıq, lakin indi sadəcə “Mükafatlandırma Mərasimi” adlandırırıq.
Mərasim üç hissədən ibarətdir:
1.Birinci hissədə dünyasını dəyişmiş, aramızda olmayan və Güney Azərbaycan mədəniyyətində önəmli izlər buraxmış sənətkarlarımızı yad edəcəyik. On nəfər sənətkar bu mərasimdə xatırlanacaq.
2.İkinci hissədə isə keçən il milli sənətkar olaraq elan etdiyimiz şəxslərdən bəhs edəcəyik. Keçən il biz Araz Elsəsini Güney Azərbaycanın milli sənətkarı elan etmişdik. Bu il isə xanım sənətkarı Güney Azərbaycanın milli sənətkarı elan edəcəyik. Həmin xanım sənətkarın adını noyabrın 30-da açıqlayacağıq.
3.Üçüncü hissədə hazırda yaşayan və Güney Azərbaycan mədəniyyət mücadiləsində, Türk Mədəniyyət İnqilabında xidmətləri olan sənətkarlarımıza müxtəlif sahələrdə fəxri fərmanlar təqdim edəcəyik. Fəxri fərmanlar rəsm, kino, musiqi sahələrində, eləcə də aşıqlarımız və rəqs qrupları arasında veriləcək. Bu mükafatlandırma mərasimində yalnız Azərbaycan türkləri deyil, həm də Qaşqay və Xorasan türkləri arasında olan sənətkarlarımız mükafatlandırılacaq.
Son hissədə isə bu üç qrupdan kənar, xüsusi bir mükafatımız olacaq. Bu xüsusi mükafatı İranın prezidenti cənab Dr. Məsud Pezeşkiana təqdim edəcəyik. Bu mükafatı niyə veririk? Çünki o, seçki öncəsi açıqlamasında özünün türk olduğunu və türk kimliyinə sahib çıxdığını bəyan edib. Onun bu addımının İranda yaşayan türk qardaşlarımızın öz mədəniyyətlərinə və milli kimliklərinə daha inamla sahib çıxmalarına müsbət təsir etdiyini düşünürük. Bu mükafatı, daha dəqiq desək, təşəkkür fərmanını ona birbaşa mədəni bir töhfə kimi təqdim edəcəyik".