Çingiz Mehdipur "Dalğa" ilə birgə Bakıda möhtəşəm konsertə hazırlaşır

Çingiz Mehdipur "Dalğa" ilə birgə Bakıda möhtəşəm konsertə hazırlaşır

Ustad aşıq Çingiz Mehdipur, mayın 3-də Bakıdakı Heydər Əliyev Sarayında yaradıcısı və rəhbəri olduğu "Dalğa" qrupu ilə birgə konsert proqramı ilə çıxış edəcək.

"Sahildən sahilə könül körpüsü" adlı bu musiqili gecədə Azərbaycanın tanınmış xanəndələri, muğam ustaları və Təbrizdən olan istedadlı aşıqlar səhnə alacaqlar.

Aşıq Çingiz Mehdipur bununla bağlı "Azerbaijan Post"a verdiyi açıqlamada deyib:

"Bu konsertdə Azərbaycanın ən məşhur ustad sənətkarları - xanəndələr, aşıqlar və muğam ifaçıları iştirak edəcək. Dünya şöhrətli, Şərq musiqisinin bülbülü adlandırılan Alim Qasımov və onun gözəl ifa tərzinə sahib övladı Fərqanə Qasımova, ustad sənətkarımız Gülyanaq Məmmədova, sevilən muğam ifaçıları Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Ayşən Mehdiyeva, həmçinin tanınmış aşıqlarımız Salar Mehdipur, Nəbi Nağıyev, Nazim Quliyev və Əli Zeynalov səhnədə olacaq.

Hər konsertimdə çalışıram ki, unudulmaqda olan musiqi incilərimizi yenidən yaşadım və onları səhnəyə daşıyım. Bu dəfə də çox qədim aşıq havalarını təqdim edəcəyik. Bununla yanaşı, tamaşaçılara yaxşı tanış olan məşhur havalar da səsləndiriləcək. İnanıram ki, repertuarımız tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanacaq. Çünki bu konsertdə təqdim olunacaq musiqi proqramı olduqca zəngin və rəngarəngdir".

"Azerbaijan Post"
 

Çingiz Mehdipur "Dalğa" ilə birgə Bakıda möhtəşəm konsertə hazırlaşır


Leave a Comment