Azərbaycanın və Özbəkistanın Xalq artisti, muğam ustadı Gülyanaq Məmmədova ilə tanınmış müğənni Məhərrəm Həsənov iyulun 19-da Kanadanın Toronto şəhərində konsert proqramı ilə çıxış edəcəklər.
Bu münasibətlə Xalq artisti Gülyanaq Məmmədova “Azerbaijan Post” qəzetinə xüsusi olaraq açıqlama verib.
Müsahibəni təqdim edirik:
"-Yaxın günlərdə Kanadada konsert verəcəksiniz. Bu səfər sizin üçün hansı mənaları daşıyır? Kanadaya ilk səfərinizdir?
-Bəli, iyulun 19-da Kanadanın Toronto şəhərində gözəl bir konsertə hazırlaşırıq. Xanəndə Məhərrəm bəylə birgə eyni səhnəni paylaşacağıq. Musiqiçilərimiz isə Kanadada yaşayan həmvətənlilərimizdən ibarət olacaq.
Konsertimizdə o taylı-bu taylı Azərbaycanımızdan olan soydaşlarımızın, türk dünyasından gələcək tamaşaçıların, eləcə də Kanada vətəndaşları və əcnəbi musiqisevərlərin iştirak etməsi bizim üçün böyük xoşbəxtlik olar. Ümid edirəm ki, bu konsert böyük uğurla başa çatacaq.
Qeyd edim ki, bu mənim Kanadaya ilk səfərim olacaq. İndiyə qədər dünyanın bir çox ölkələrində, o cümlədən Amerika, Avropa və türkdilli ölkələrdə səfərlərimiz və möhtəşəm konsert proqramlarımız olub. İndi isə çox sevinirəm ki, uzun zamandır arzuladığım Kanada səfəri gerçəkləşir.
Əlbəttə, istərdim ki, öz musiqiçilərimlə birgə Kanadaya yollanım. Lakin viza və səfərlə bağlı texniki məsələlər səbəbilə bu mümkün olmadı. Buna baxmayaraq, inanıram ki, Kanadadakı musiqiçilərlə birlikdə səhnədə bir araya gələrək gözəl bir musiqi gecəsi ərmağan edəcəyik.
Ən çox isə ona sevinirəm ki, Kanadada yaşayan həmvətənlilərimlə görüşəcəyəm. Bu görüş mənim üçün həm həyəcanlı, həm də qürurvericidir.
-Konsertinizin formatı əsasən necə olacaq? Burada muğamla yanaşı hansı janrlara, hansı ifalara yer veriləcək?
-Konsert proqramımızda milli xalq mahnılarımız, muğamlarımız, bəstəkar mahnıları və türk musiqilərinə yer veriləcək. Eyni zamanda konsertə gələcək qonaqlarımızın arzu və istəklərini də nəzərə almağa çalışacağıq.
Bir sözlə, əlimizdən gələn bütün ifaları tamaşaçılar üçün təqdim etməyə çalışacağıq. Düşünürəm ki, zəngin və rəngarəng repertuarla uğurlu çıxış edəcəyik.
-Kanada tamaşaçısı üçün xüsusi olaraq seçdiyiniz bir muğam və ya mahnı varmı? Bəlkə hansısa sürpriz ifa gözlənilir?
-Onu deyə bilərəm ki, Kanadadakı konsertimizə gələcək hər bir tamaşaçı bizim üçün əziz və dəyərlidir. İnanıram ki, ifa edəcəyimiz mahnılar onların sevdiyi və seçdiyi əsərlər olacaq.
O ki qaldı sürprizə, inşallah, onu da konsert zamanı özləri görəcəklər.
-Ümumiyyətlə, xarici ölkədə konsert vermək sizə bir sənətkar olaraq hansı məsuliyyəti yükləyir?
-İllərdir, 30 il ərzində xarici ölkələrdə saysız-hesabsız konsert proqramları ilə səhnəyə çıxmışam. Bəli, xarici ölkədə konsert vermək həm daha məsuliyyətlidir, həm də çox dəyərlidir. Bu, mənim üçün həm özəl, həm də qürurverici bir hissdir. Hər dəfə xaricə səfər etdikdə düşünürəm: nə xoşbəxtəm ki, Azərbaycan musiqisinə xidmət edirəm və bundan böyük şərəf duyuram.
Musiqinin sərhədi yoxdur. Konsertimizə gələcək bütün tamaşaçılar, istər həmvətənlərimiz, istərsə də əcnəbilər Azərbaycan musiqisini böyük rəğbətlə qarşılayır və alqışlayır. Çünki Azərbaycan musiqisi özü o qədər gözəldir ki, onu ifa etdikcə sevilir, dinlədikcə dəyəri daha da artır.
Məhz buna görə düşünürəm ki, bu konsert mənim üçün böyük məsuliyyətdir. Bütün enerjimi bu səfərə və səhnəyə həsr edirəm. İstəyirəm ki, getdiyim yerdə baş ucalığı gətirim, həm özümə, həm musiqimizə, həm də mədəniyyətimizə. Eyni zamanda konsertə gələn hər bir insanın könlünü xoş etmək, onlara unudulmaz anlar yaşatmaq istəyirəm.
Hər bir xarici səfərim mənim üçün unudulmazdır. Hər biri ömür yoluma, həyat kitabıma qızıl hərflərlə yazılıb və mənə böyük uğurlar gətirib. Bu yolda olmaqdan çox məmnunam, çox xoşbəxtəm.
-Qərbdəki tamaşaçıların muğama reaksiyası sizi qane edirmi?
-Əlbəttə, məni qane edir. Muğam hər zaman olub və olacaq, harada səslənsə, həmişə gözəl qarşılanır. Mən muğamı ürəyimlə, qəlbimlə, sevgimlə ifa edirəm. Əgər bir ifaçı musiqini, istər muğamı, istərsə də mahnını tamaşaçıya sevdirə bilmirsə, bu, ilk növbədə ifaçının öz günahıdır. Çünki sənətkar ifasına ürəyini qoymasa, qarşısındakı dinləyicinin də qəlbinə yol tapa bilməz.
Mən isə hər ifama ürəyimi qoyuram. Bu sənətə həm sevgi ilə yanaşıram, həm böyük məsuliyyət hissi ilə. Eyni zamanda tamaşaçılarımıza da sonsuz hörmətlə yanaşıram. Məhz bu səbəbdən ifalarıma daha ciddi yanaşır və hər zaman tamaşaçımın zövqünə uyğun çıxış etməyə çalışıram.
İnanıram ki, Kanadada da muğamlarımız, musiqilərimiz və mahnılarımız dinləyicilərin ürəyincə olacaq. Tamaşaçılarımızın arzuladığı muğam və mahnıları səsləndirəcəyik və onlara yaddaqalan bir musiqi axşamı yaşadacağıq.
-Sonda, sizi izləyən, dəstək verən hər kəsə, eləcə də Kanadada sizi gözləyən tamaşaçılara hansı mesajı vermək istərdiniz?
-Cavab olaraq demək istərdim ki, bizi izləyən, dəstək verən, konsertimizə və görüşümüzə gələcək bütün tamaşaçılarımıza can sağlığı arzulayıram. Elə özümə də ilk növbədə sağlamlıq arzulayıram ki, bu gözəl görüş baş tutsun.
Səmimi şəkildə deyirəm: biz sizin üçün gəlirik. Əgər siz də bizə dəyər verib konsertə gəlirsinizsə, qədəminiz mübarək olsun! Musiqimizə, mədəniyyətimizə və Azərbaycanın incəsənətinə verdiyiniz dəyərə görə sizə sonsuz təşəkkür edirəm. Artıq indidən hiss edirəm ki, necə gözəl insanlar bizim konsertimizə, bizimlə görüşə gələcəklər.
Mən sizi sevirəm, əzizlərim! Kanadaya sizin üçün gəlirəm. Bütün səsimlə, sənətimlə, varlığımla sizin qarşınızda çıxış etməkdən zövq alıram və böyük şərəf duyuram. Bilirəm ki, siz də məni sevə-sevə, yolumu gözləyirsiniz. Sənətimə, ifalarıma göstərdiyiniz dəyər və diqqət üçün bir daha minnətdaram.
"Azerbaijan Post" qəzetinin bütün redaksiya heyətinə də bu müsahibəyə göstərdikləri maraq və diqqətə görə təşəkkürümü bildirirəm".
Xalidə Gəray
"Azerbaijan Post"