ISSN 2819-4047 - ISSN 2819-4055
Orcide: 0009-0001-7573-854X
DOI https://doi.org/10.64259/turkdevletleri
Bu Müsahibə və kitab haqqında verilən yazılar " Creative Commons Attribution 4.0 International License (CC BY 4.0) " şərtləri ilə nəşr olunub.
Mənbə göstərildiyi təqdirdə, istənilən mühitdə sərbəst istifadə, yayım və surət çıxarmaq icazəlidir.
Lisenziya linki:
https://creativecommons.org/licenses/by/4.0/
Kitabın tərtibi haqqında:
Birinci fəsil – Avropa İttifaqı Fikrinin Tarixi və Fəlsəfi Kökləri
Birinci fəsildə Avropa İttifaqı ideyasının fəlsəfi əsasları və sosiyoloji keçmişi təhlil olunur. Avropa qitəsində bu fikrin necə meydana gəldiyi, hansı tarixi, mədəni və ictimai proseslərdən qaynaqlandığı elmi faktlara əsaslanaraq izah edilir.
XIX və XX əsrlərdə Avropada “birlik” və “bütünləşmə” ideyasını irəli sürən əsas siyasət və fikir adamlarının baxışları, həmçinin I və II Dünya müharibələri dövrlərində bu ideyanın necə dəyişdiyi geniş şəkildə araşdırılmışdır. Fəsil Avropa İttifaqının yaranma prosesini, onun müsbət və çatışmayan tərəflərini obyektiv şəkildə dəyərləndirərək, gələcək modelləşmə üçün əsas baza yaradır.
İkinci fəsil – İntegrasiya Nəzəriyyələri və Elmi Çərçivə
İkinci fəsil əsərin nəzəri təməllərini təşkil edir. Burada inteqrasiya nəzəriyyələri müqayisəli şəkildə təhlil olunur, Avropa İttifaqının formalaşmasında bu nəzəriyyələrin hansı dərəcədə rol oynadığı və müəllifin öz təkliflərinin hansı elmi yanaşmaya söykəndiyi izah edilir. Bu fəsil, elmi arqumentasiyanın metodoloji əsaslarını müəyyənləşdirərək, kitabın sonrakı hissələri üçün nəzəri zəmin hazırlayır.
Üçüncü fəsil – Türk Dünyası, Geosiyasi Əhəmiyyəti və Regional Bütünləşmə
Üçüncü fəsildə Türk Dünyasının sərhədlərinin Türk Dövlətləri Təşkilatının coğrafi çərçivəsindən daha geniş olduğu vurğulanır. Türk Dünyasının mədəni, tarixi və ideoloji sərhədləri, Türk Dünyası məfkurəsi və Türk Birliyi ideyasının sosiyoloji-siyasi kökləri elmi əsaslarla təhlil edilir.
Bölümdə Türk Dünyası fikir adamlarının rolu, onların birlik ideyasına verdiyi töhfələr və bu ideyanın çağdaş dövrdəki formaları araşdırılır.
Əlavə olaraq, Türk Dövlətləri Təşkilatının yaranma prosesi, onun institusional və hüquqi əsasları, hazırkı strukturu və fəaliyyət istiqamətləri ətraflı şəkildə təqdim edilir. Təşkilatın qərarvermə orqanları, icraedici strukturları və əməkdaşlıq sahələri elmi metodla təhlil olunur.
Həmçinin Türk Dövlətləri arasında əməkdaşlıq potensialının daha yüksək olduğu sahələr – iqtisadiyyat, enerji, nəqliyyat-kommunikasiya, elm, təhsil və mədəniyyət kimi sektorlar üzrə konkret nümunələrlə göstərilmişdir.
Fəsildə Türkiyə–Azərbaycan münasibətlərini müttəfiqlik səviyyəsinə qaldıran Şuşa Bəyannaməsi, Türk Dünyası Şərti və Türk Dünyası 2040 Vizyon Sənədi geniş şəkildə analiz olunur. Bu sənədlərin Türk Dünyasının gələcəyi, regional inteqrasiyanın dərinləşməsi və beynəlxalq təsir gücünün artması baxımından rolu elmi əsaslarla qiymətləndirilir.
Ümumilikdə bu fəsil Türk Dünyasının həm ideoloji, həm tarixi, həm də praktik potensialını elmi baxımdan əsaslandırır.
Dördüncü fəsil – Avropa İttifaqı və Türk Dövlətləri Təşkilatının Müqayisəli Təhlili
Dördüncü fəsil kitabın yekun və nəticə xarakterli bölməsidir. Burada Avropa İttifaqı ilə Türk Dövlətləri Təşkilatı müqayisəli şəkildə təhlil olunur. İki model arasındakı bənzərliklər və fərqlər, hər birinin güclü və zəif tərəfləri elmi baxımdan müəyyənləşdirilir.
Bu fəsildə aşağıdakı suallara cavab axtarılır:
– Türk Dövlətləri Təşkilatı hansı istiqamətlərdə Avropa İttifaqı ilə oxşardır və hansı sahələrdə fərqlənir?
– Türk Dünyası potensial baxımından hansı yönlərdə daha güclüdür?
– Avropa İttifaqı təcrübəsindən hansı sahələrdə öyrənmək və inkişaf etdirmək mümkündür?
Fəsildə həmçinin Avropa İttifaqının iqtisadi inteqrasiyadan siyasi və institusional mərhələyə necə keçdiyi elmi şəkildə izah olunur. Bununla yanaşı, Türk Dövlətləri Təşkilatında hansı sektorların əməkdaşlıq üçün daha əlverişli olduğu, bu potensialın gələcəkdə hansı istiqamətlərdə dərinləşdirilə biləcəyi təhlil edilmişdir.
Sonda Avropa İttifaqının parlament, məhkəmə və institusional modelləri müqayisə edilərək, Türk Dövlətləri Təşkilatının gələcəkdə kurumsallaşma prosesi üçün hansı təcrübələrdən faydalana biləcəyi elmi əsaslarla izah edilmişdir.
Beləliklə, dördüncü fəsil Türk Dünyasının gələcək inteqrasiya modelinin nəzəri əsaslarını formalaşdırır və praktik istiqamətlər təklif edir.
Müsahibə
Məhza Mehdizadədən böyük elmi addım: “Türk birliyi üçün yeni model təklif edirəm!”
Hazırda Türkiyədə yaşayan və fəaliyyət göstərən Güney Azərbaycandan olan milli-mədəni fəal, beynəlxalq münasibətlər üzrə tədqiqatçı, doktor Məhsa Mehdili (Mehdizadə)nin yeni elmi əsəri işıq üzü görüb. “Avropa İttifaqının Təcrübələri İşığında Türk Dövlətləri Təşkilatının Bütünləşmə Prosesi” adlı kitab Ankarada fəaliyyət göstərən “Atayurt” nəşriyyatı tərəfindən çap edilib.
370 səhifədən ibarət olan əsər, Türk Dövlətləri Təşkilatında inteqrasiya və yaxınlaşma proseslərinin həm nəzəri, həm də praktiki aspektlərini əhatə edən dərin elmi-analitik tədqiqatdır. Müəllif, Avropa İttifaqının tarixi təcrübəsini və institusional modelini nümunə kimi götürərək, Türk dünyasında oxşar bir bütünləşmə mexanizminin formalaşmasının imkanlarını, çətinliklərini və perspektivlərini sistemli şəkildə təhlil edib.
Kitabda, Avropa İttifaqının keçdiyi mərhələlər, iqtisadi əməkdaşlıqdan siyasi və mədəni inteqrasiyaya qədər ətraflı şəkildə araşdırılır, bu təcrübənin Türk Dövlətləri Təşkilatının gələcək inkişafına hansı şəkildə tətbiq oluna biləcəyi elmi arqumentlərlə əsaslandırılır.
Qeyd edək ki, doktor Məhsa Mehdizadə, uzun illərdir regional siyasət, beynəlxalq inteqrasiya və türk dünyası tədqiqatları sahəsində elmi araşdırmalar aparır. O, ali təhsilini Türkiyədə tamamlayıb və hazırda Ankara akademik dairələrində türk inteqrasiyası, diaspor siyasəti və beynəlxalq təşkilatlar mövzusunda fəal fəaliyyət göstərir.
Məhsa Mehdizadə yeni işıq üzü görən kitabı ilə bağlı "Azerbaijan Post"a danışıb.
Müsahibəni təqdim edirik:
-Güneyli fəal kimi, Türkiyədə bu kitabı yazmağa sizi nə həvəsləndirdi və ilham verdi?
-Mənim akademik həyatım əsasən Türkiyədə, beynəlxalq münasibətlər və siyasi ünsiyyət sahəsində formalaşıb. Artıq təxminən on ildir ki, bu istiqamətdə təhsil alıram və doktorantura mərhələsini də uğurla başa vurmuşam. Akademik fəaliyyətim boyunca apardığım bütün elmi tədqiqatlarımda - istər məqalələrimdə, istərsə də dissertasiya işimdə Güney Azərbaycan mövzusu və Qarabağ müharibəsi ilə bağlı məsələlərə toxunmuşam.
Bu kitab mənim ilk elmi işim deyil. Daha öncə də Qarabağ müharibəsi və Güney Azərbaycanda baş verən hadisələrin sosioloji və siyasi aspektlərini təhlil edən bir kitabım Türkiyədə nəşr olunmuşdu və bu da akademik bir əsər idi. İndi təqdim etdiyim bu yeni kitab isə mənim ikinci elmi çalışmamdır və eyni zamanda doktorluq dissertasiyamla da sıx bağlıdır. Doktorluq işimdə Türk Dövlətləri Təşkilatının regional bir qurum kimi Avropa Birliyini hansı şəkildə model kimi qəbul edə biləcəyini araşdırmışam.
Bütün bu çalışmalarımda bir qadın, bir Güney azərbaycanlı və bir akademik olaraq öz kimliyimi və dəyərlərimi qorumağa, eyni zamanda elmi sahəyə mənalı bir töhfə verməyə çalışıram. Mənim üçün həm kimliyimi ifadə etmək, həm də müdafiə etdiyim fikirləri elmi səviyyədə əsaslandırmaq çox böyük bir məsuliyyət və qürur qaynağıdır.
-Türkiyədə kitabınızın çap olunması və təqdimatı necə qarşılandı? Oxucuların və ekspertlərin reaksiyası sizin gözləntilərinizlə uyğun gəldimi?
Bəli, Türkiyə bu gün Türk Dövlətləri Təşkilatının lokomotiv ölkələrindən biridir. Xüsusilə bu dövrdə təşkilatın elmi müstəvidə araşdırılması həm çox önəmlidir, həm də yüksək qiymətləndirilir. Mənim təxminən 350 səhifəlik doktorluq dissertasiyamda da bu məsələ geniş şəkildə işlənmişdir. Orada Avropa Birliyinin inteqrasiya təcrübəsi nümunə götürülərək, Türk Dövlətləri Təşkilatının elmi metodlarla necə daha güclü və effektiv regional quruma çevrilə biləcəyi araşdırılıb.
Bu kitabda əsas məqsədim həmin elmi metodları ortaya qoymaq və bu istiqamətdə praktik yanaşmalar təklif etmək olub. Fikrimcə, bu mövzu həm milli maraqlar baxımından, həm də bölgənin strateji gələcəyi baxımından son dərəcə önəmlidir.
Eyni zamanda, əsərdə Azərbaycan-Türkiyə ittifaqına da xüsusi yer ayrılmışdır. Mən bu əməkdaşlığın Türk dünyasının gələcəyi üçün nə qədər dəyərli olduğunu vurğulamağı vacib hesab edirəm.
-Sizcə, bu kitab beynəlxalq münasibətlər sahəsində hansı yeni elmi töhfəni və ya perspektivi təqdim edir?
-Bu kitabın özünəməxsusluğu ondan ibarətdir ki, beynəlxalq elmlər sahəsində Türk Dövlətləri Təşkilatını sistemli və elmi əsaslarla təhlil edən nadir tədqiqatlardan biridir. Bilirsiniz ki, Türk Dövlətləri Təşkilatı hələ yeni qurumsallaşma mərhələsindədir. Əlbəttə, bu istiqamətdə ilk zirvələr Sovet İttifaqının dağılmasından sonra, türkdilli ölkələrin əməkdaşlıq cəhdləri ilə başlamışdı. Lakin xüsusilə son illərdə Azərbaycan və Türkiyənin daha da yaxınlaşması, birgə güc mərkəzi formalaşdırması nəticəsində təşkilatın təsir dairəsi genişlənməyə başladı.
Bu mövzuda müəyyən dəyərli araşdırmalar olsa da, təşkilatın bölgəsəl qurum kimi tam mənada qurumsallaşması və gələcək inkişaf modeli elmi baxımdan hələ yetərincə işlənməyib. Bu baxımdan, mənim kitabım elmi tədqiqat kimi bu sahədəki ilkin addımlardan biri sayılır.
Mən burada Avropa Birliyinin təcrübəsini nəzərdən keçirərək göstərməyə çalışdım ki, Türk Dövlətləri Təşkilatı hansı sahələrdə daha səmərəli əməkdaşlıq qura bilər və bu əməkdaşlıq bölgədə necə davamlı sabitliyə və inteqrasiyaya töhfə verə bilər. Əslində, bu kitab elmi metodlarla qurulmuş bir yol xəritəsi təqdim edir.
Düzünü desəm, bu, məsuliyyətli və ağır bir iş idi, amma mən bu araşdırmanı böyük bir həvəs və həyəcanla yazdım. Və düşünürəm ki, bu kitabın həm mövzusu, həm də elmi yanaşması ilə çox dəyərli bir yeri var.
-Kitab kimlər üçün daha faydalıdır: alimlər, siyasətçilər, bölgə tədqiqatçıları, yoxsa ümumi maraqlanan oxucular?
-Bu kitab, regional təşkilatlar, beynəlxalq münasibətlər və xüsusilə Türk dünyası ilə Türk Dövlətləri Təşkilatına maraq göstərən bütün ziyalılar, siyasətçilər, tədqiqatçılar və tələbələr üçün yazılmışdır. Türk dünyasının coğrafi və mədəni sərhədləri çox genişdir, Türk Dövlətləri Təşkilatı isə bu geniş məkanın inteqrasiya potensialını daşıyan mühüm bir platformadır.
Məncə, bu kitab Türk dünyasının güclərini birləşdirərək qlobal sistemdə yeni bir mərkəzə çevrilməsi ideyasını önə çıxarır. Bu, təkcə siyasi və strateji baxımdan deyil, həm də elmi və düşüncə səviyyəsində mühüm bir məsələdir.
Dediyim kimi, mən bu işi sırf emosional yanaşma ilə deyil, elmi metodlara əsaslanaraq, faktlara və analitik dəyərləndirmələrə söykənərək hazırlamışam. Çünki ideallar nə qədər vacib olsa da, onları elmi əsaslarla dəstəkləmək və elmi sahəyə yeni bir baxış qazandırmaq mənim üçün çox önəmlidir".
"Azerbaijan Post"