Kanadada qışın ən təhlükəli həftələri başlayır: Qəza risklərini azaltmaq üçün nə etməli?

Kanadada qışın ən təhlükəli həftələri başlayır: Qəza risklərini azaltmaq üçün nə etməli?

Kanadada qış mövsümünün ən sərt dövrünə daxil olduğumuz bu günlərdə nəqliyyat qurumları və polis xidmətləri xüsusilə yeni gələn sürücülərə qarlı, buzlu və şaxtalı hava şəraitinə hazır olmağı xatırladır. Transport Canada-nın məlumatına görə, hər il baş verən yol qəzasının təxminən 30 faizi yaş, qarlı və ya buzlu yollar üzərində meydana gəlir. Bir çox əyalətdə qışın ilk böyük qar yağışı zamanı qəza saylarında ciddi artım müşahidə olunur ki, bunun əsas səbəbləri sürücülərin qış yol hərəkət qaydalarına bələd olmaması, azalan görünürlük və sürüşkən yollardır.

Transport Canada qeyd edir ki, qış təkərləri adi “all-season” təkərlərlə müqayisədə qar və buz üzərində dayanma məsafəsini 25 faizə qədər azalda bilər. Kvebek əyalətində qış təkərlərinin məcburi tətbiqindən sonra hər il yol qəzası statistikası təxminən 5 faiz aşağı düşüb. Ontario, Manitoba və Britaniya Kolumbiyası payızın sonundan yazın əvvəlinə qədər qış təkərlərindən istifadəsini tövsiyə edir, Britaniya Kolumbiyasında isə bir çox magistral və dağ yollarında qış təkəri məcburidir.

Ontario Provincial Police sürücülərə qarlı havalarda sürəti azaltmağı və öndəki nəqliyyat vasitəsilə məsafəni artırmağı məsləhət görür ki, sürüşkən yol şəraitində reaksiya vermək üçün daha çox vaxt olsun. Kəskin əyləc, qəfil dönmə və zolaq dəyişmə hərəkətləri sürüşməyə səbəb ola bilər. RCMP sürücülərə bildirir ki, qara buz çox zaman görünməz olur və körpü üstü, yolayrıcılar və kölgəli hissələrdə daha çox rast gəlinir.

Ontario və digər bir çox əyalətlərdə avtomobilin şüşə və güzgülərindəki qar və buzu təmizləmədən hərəkət etmək qayda pozuntusu sayılır və cərimə ilə nəticələnə bilər. Ontario Nəqliyyat Nazirliyi sürücülərə yalnız şüşə və güzgüləri yox, həmçinin kapot, tavan, işıq sistemləri və nömrə nişanlarını da təmizləməyi tövsiyə edir, çünki bunlar görünürlüğü azalda, yaxud qarın yol boyunca başqa avtomobillərin üzərinə uçmasına səbəb ola bilər.
Public Safety Canada qışda hər bir avtomobildə qış fövqəladə yardım çantasının olmasını tövsiyə edir. Rəsmi tövsiyələrə görə, belə bir çantada isti geyim və ya yorğan, su və qida, kiçik bel, fənər, start kabelləri, telefon şarj cihazı, tutuş üçün qum və ya pişik qumu, eləcə də ilkin yardım vasitələri yer almalıdır. Xüsusilə kənd yollarından və uzun məsafələrdən istifadə edən sürücülərə toqquşma və fırtına zamanı yardımın gecikə biləcəyini nəzərə alaraq daha hazırlıqlı olmaq tövsiyə olunur.

Environment Canada qar fırtınası, şiddətli qar, buzlanma və tipi ilə bağlı xəbərdarlıqları müntəzəm olaraq The Weather Network, mobil tətbiqlər, radio və federal Alert Ready sistemi vasitəsilə yayımlayır. Sürücülər yol və hava məlumatlarını Ontario 511, Quebec 511, Drive BC və Alberta 511 kimi rəsmi xidmətlər vasitəsilə real vaxtda təqib edə bilərlər.

Qış sürücülüyünə yeni öyrəşənlər üçün sertifikatlı sürücülük məktəbləri skid nəzarəti, buz üzərində əyləc və təhlükəsiz idarəetmə texnikasını öyrədən xüsusi kurslar təklif edir. Təhlükəsizlik təşkilatları qış təcrübəsi olmayan yeni gələnlərə real trafikə girmədən əvvəl boş parkinqlərdə və ya təhlükəsiz məkanlarda məşq etməyi tövsiyə edirlər.

Kanadada qar yağışlarının davam etdiyi bu günlərdə nəqliyyat qurumları hazırlıq, diqqətli sürücülük, düzgün təkər seçimi və hava xəbərdarlıqlarına əməl etməyin qəza riskini xeyli azaltdığını bildirir. Düzgün hazırlıq və təhlükəsiz sürüş vərdişləri ilə yeni gələnlər Kanadanın çətin qış yol şəraitinə daha rahat uyğunlaşa bilərlər.

Jafar Khosravani Manesh 
( LJI Reporter)

Kanadada qışın ən təhlükəli həftələri başlayır: Qəza risklərini azaltmaq üçün nə etməli?


Leave a Comment