ISSN 2819-4047 - ISSN 2819-4055
Bu məqalə Creative Commons Attribution 4.0 International License (CC BY 4.0) şərtləri ilə nəşr olunub.
Müəllifin adı və mənbə göstərildiyi təqdirdə, istənilən mühitdə sərbəst istifadə, yayım və surət çıxarmaq icazəlidir.
Lisenziya linki:
https://creativecommons.org/licenses/by/4.0/
Səməd Zülfəli oğlu BAYRAMZADƏ,
AMEA, Şərqşünaslıq İnstitutu, “Cənubi Azərbaycan” şöbəsi
tarix üzrə fəlsəfə doktoru
samad.bayramzadeh@gmail.com
XÜLASƏ
Şərq xalqlarının I qurultayı 1920-ci ilin sentyabr ayının 1-də Bakıda 1891 nəfər nümayəndənin iştirakı ilə təşkil edilmişdir. Onun təşkilində əsas məqsəd Şərq xalqları arasında kommunist ideologiyasını yaymaq, Şərq ölkələrində yerli kommunist partiyaları yaratmaq, xarici imperializmə qarşı yönəlmiş milli-azadlıq hərəkatlarını kommunist hərəkatlarına çevirmək və sonda sovetləşmiş Şərq respublikalarını Sovet Rusiyası ilə birləşdirməkdən ibarət idi. Bununla belə İranda “Cəngəlilər” hərəkatının genişlənməsinə və artıq vətəndaş müharibəsinə gətirən bir şəraitin yaranmasına baxmayaraq, qurultayda bu ölkənin inqilabi problemləri işıqlandırılmamış, Yaxın Şərq ölkələrində, o cümlədən İrandakı mövcud inqilabi vəziyyət təhlil edilməmişdir. Gilan inqilabçıları tərəfindən bu qurultaya göndərilən Seyid Cəfər Pişəvəri oradakı və ondan sonrakı hadisələri izləmək, vətənində baş verən inqilabı prosesləri dəyərləndirmək, gələcəkdə onları düzgün istiqamətləndirmək imkanını qazanmış oldu. Şərq xalqlarının I qurultayında iştirakından və siyasi fəaliyyətinə görə 10 il (1930-1940) məhbus həyatı yaşadıqdan sonra S.C.Pişəvəri kommunist əqidəsindən imtina etmiş, kommunist ideologiyasının ondan sonra 100 il müddətində belə İranda uğur qazana bilməyəcəyi qənaətinə gəlmişdir. Ona görə də tarixə “21 Azər” hərəkatı kimi düşmüş Güney Azərbaycandakı milli-demokratik hərəkata rəhbərlik etmiş S.C.Pişəvəri azərbaycançılıq ideyasını bu hərəkatın əsas ideoloji xətti olaraq müəyyənləşdirmiş və 1945-1946-cı illərdə Güney Azərbaycanda qurulmuş Milli Hökumətin fəaliyyəti bazasında azərbaycançılığı həyata keçirmiş, bu ideologiyanı çoxmillətli İran miqyasında yaşayan digər millət və xalqlar üçün bir nümunəyə çevirmişdir.
1920-ci ilin sentyabr ayında Bakıda “Şərq xalqlarının I qurultayı” adı altında böyük bir toplantı təşkil edilmişdir. Bu qurultayın iclasları “Mayılov” teatrında keçirilmişdi.
Onun təşkilində əsas məqsəd Şərq xalqları arasında kommunist ideologiyasını yaymaq, Şərq ölkələrində yerli kommunist partiyaları yaratmaq, xarici imperializmə qarşı yönəlmiş milli-azadlıq hərəkatlarını kommunist hərəkatlarına çevirmək və sonda sovetləşmiş Şərq respublikalarını Sovet Rusiyası ilə birləşdirməkdən ibarət idi.
1 sentyabr 1920-ci il tarixində Bakıda qurultayın açılışı oldu. Bu qurultayda 1891 nəfər nümayəndə iştirak edirdi.
İştirakçlar arasında Radek, Zinovyev, Heydər Əmoğlu, Xəlil paşa və Ənvər paşa da yer tutmuşdular. Gilan inqilabçıları tərəfindən bu qurultaya göndərilən erməni Yeqikyan (sonralar “İran-e kəbir” və “İran-e konuni” qəzetlərinin müdiri olmuşdur), Mirzə Əhməd və eləcə də Fövqəladə Komissiyanın (“ÇK”-nın) rəisi Bulomkinin müşayiəti ilə Bakıya yola düşən Zaxarov, Kazım Əmirzadə, Çilingəryan və Musəvi kimi digər nümayəndələr sırasında əvvəl “Ədalət”, sonra isə İran kommunist partiyasının üzvü və onun rəhbər vəzifələrində çalışan Seyid Cəfər Pişəvəri də var idi [6, s.274]. Sonralar, 8 may 1946-cı ildə İ.V.Stalin Azərbaycan Demokrat Firqəsinin sədri, 1945-1946-cı illərdə Cənubi Azərbaycandakı milli-demokratik hərəkatın rəhbəri və Azərbaycan Milli Hökumətinin baş naziri S.C.Pişəvəriyə göndərdiyi məktubunda onun Şərq xalqlarının I qurultayına gedərkən yüksək səviyyədə müşayiət olunmasına, daha sonralar kommunist əqidəsini dəyişəcəyinə və buna görə də nələri əldən verməsinə işarə edərək yazırdı: “Bizə məlum olduğuna görə, Siz demisiniz ki, biz əvvəlcə sizi göylərə qaldırmış, sonra isə uçuruma yuvarlamışıq və Sizi rüsvay etmişik... Əslində isə nə baş vermişdir? Biz burada inqilabçıya məlum olan adi bir inqilabi fənd tətbiq etmişik. İrandakı şəraitdə, belə bir vəziyyətdə özümüz üçün hərəkatın məlum minimum tələbini əldə etməyi təmin etməkdən ötrü hərəkatı irəli aparmaq, minimum tələblərdən irəli getmək və hökumət üçün təhlükə yaratmaq, hökumət tərəfindən ediləcək güzəştlər üçün imkan yaratmaq lazımdır... Əgər siz özünüzü ağıllı aparsanız və bizim mənəvi köməyimiz sayəsində əsasən Azərbaycanın indiki faktiki vəziyyətinin leqallaşdırdığı tələblərə nail olsanız, o vaxt Sizə Orta Şərqdə mütərəqqi demokratik hərəkatın pioneri kimi azərbaycanlılar da, İran da xeyir-dua verər” [1, s.146].
S.C.Pişəvəri Şərq xalqlarının I qurultayında iştirakı ilə oradakı və ondan sonrakı hadisələri izləmək, vətənində baş verən, ondan sonra da baş verəcək inqilabı prosesləri dəyərləndirmək, gələcəkdə onları düzgün istiqamətləndirmək imkanını qazanmış oldu.
Partiya mənsubiyyətinə görə bu qurultayda 89 nəfər Azərbaycan və İran kommunistləri və onların təəssübkeşləri (iştirakçı kommunistlərin 7,85%-i) iştirak etdiyi halda, 1 nəfər erməni kommunisti (0,1%) iştirak edirdi [9, s.100-101]. Bununla belə, Komintern qurultay öncəsi qəbul etdiyi 29.06.1920-ci il tarixli “İran, Ermənistan və Türkiyə müstəmləkə xalqlarına” adlı müraciətində İran, erməni və Türkiyə fəhlə və kəndlilərinin qurultayını təşkil etdiyini bildirmiş [9, s.96], bu ərəfədə Güney Azərbaycanda ingilis imperializminin İrandakı müstəmləkə siyasətinə qarşı baş vermiş Xiyabani hərəkatının vüsətinə, nailiyyətlərinə baxmayaraq, sözügedən müraciətdə azərbaycanlılar barədə bir söz belə qeyd edilməmişdir [9, s.121]. Gilan əyalətində “Cəngəlilər” hərəkatının genişlənməsinə və artıq İranda vətəndaş müharibəsinə gətirən bir şəraitin yaranmasına baxmayaraq qurultayda İranın inqilabi problemləri hətta ümumi şəkildə belə işıqlandırılmamış, Yaxın Şərq ölkələrində, o cümlədən İrandakı mövcud inqilabi vəziyyət təhlil edilməmişdir [9, s.121].
Belə ki, qurultayın ilk iclasını açan Qafqaz Sovet Respublikasının sədri N.Nərimanov dünya kapitalistləri tərəfindən Şərq xalqlarına edilmiş və edilən ağır zülmlərdən danışaraq “Dünya kapitalistləri tərəfindən Şərq xalqlarının zəif bədənlərinə vurulan yaralar təsviredilməzdir. Biz burada toplaşmışıq ki, bu məzlum millətlərə edilmiş və edilən bədbəxtliklər və məşəqqətlərin aradan qaldırılması üçün fikir mübadiləsi edərək bir çarə fikirləşək, birlik və vəhdət yolu ilə kapitalistlərin zülm zəncirindən xilas olaq” [6, s.274-276] çağrışını etdiyi halda, “Milli və müstəmləkə məsələsi” mövzusunda məruzə edən M.Pavloviç-Veltman isə kapitalist quruluşu çərçivəsində milli-azadlıq inqilabının hər hansı nailiyyətlərini kökündən rədd etdi, hətta müstəmləkə sistemi dağılandan sonra meydana gələn müstəqil dövlətləri burjuaziyanın “istibdad və istismar silahı”, “müharibə və təcavüz faktorları” adlandırdı [9, s.133].
Qurultay təşkilatçılarının, eləcə də onun ideya istiqamətini müəyyənləşdirən Kominternin əsas məqsədi “Şərq xalqları arasında kommunist ideologiyasını yaymaq, xarici imperializmə qarşı yönəlmiş milli-azadlıq hərəkatlarını kommunist hərəkatlarına çevirmək” olduğundan “Cəngəlilər” və “Xiyabani” hərəkatlarında əsas aparıcı rola və yerli kütlənin maraqlarına uyğun məzmuna malik ideyalar və baxışlar kommunistlər üçün burjuaziyanın “istibdad və istismar silahı” kimi görünürdü.
6 iyun 1920-ci il tarixində İranda “Cəngəlilər inqilab komitəsinin” və “İran Sosialist Sovet Respublikası” hökumətinin qurulduğunu elan edən, özü də bu hökumətin rəhbəri olan Mirzə Kuçek xan 1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının ideoloji banisi və yeni Sovet dövlətinin rəhbəri V.İ.Leninə yazdığı məktubunda cəngəlilərin həqiqi liberal baxışları ilə buraya yeni gəlmiş kommunistlərin baxışları arasında nəzərəçarpacaq fərqlərin olduğunu çox aydın bir şəkildə bildirdi və dedi: "Mən o zaman sizin nümayəndələrinizə dedim ki, İran xalqı bolşevizm proqramını və metodunu qəbul etməyə hazır deyil, çünki bu iş əməli deyil və milləti düşmənə doğru sövq edir... " [6, s.279-283; 2]
Mirzə Kuçek xan Budu Midivaniyə göndərdiyi 31 iyul 1920-ci il tarixli məktubunda da cəngəlilər və kommunistlərin mövqelərini qarşılaşdırır, onları müqayisə etməklə tərəflərin əsas məqsəd və hədəflərini ortaya qoyur, son nəticədə tərəflər arasında qarşılıqlı “mehriban” münasibətlərin və “dostluq” əlaqələrinin ola bilməyəcəyini vurğulayaraq yazır: “Bizim bütün gözləntilərimiz bu idi ki, dünyanın azadlıqsevər qüvvələri bizə kömək edəcəklər. Buna görə də sizin İrana gəlişinizi çox böyük bir diqqət və açıq qucaqla qarşıladıq, ingilislərin və İran müstəbidlərinin caynağından xilasımızı da sizinlə əməkdaşlıqda gördük. Təəssüflər olsun ki, nəticə təsəvvürlərimizin əksinə oldu. Gilan hələ də İranın şahpərəst və müstəbid qoşununun əhatəsindədir, hələ də ingilislərin qoşunları Gilan hüdudlarından kənara çıxmamışdır, bizim sizinlə aramızda olan həyati məsələlər həll edilməmiş olaraq qalır. Belə bir vəziyyətdə Rəşt və Ənzəlidə düşməndən belə gözləmədiyimiz bir qarşıdurmaya, mübahisəyə başlamısınız, hələ qaldı sizin dostluğunuza. ...Əgər sizin bu tədbirlər davam etdirilərsə, o zaman bütün dünyanın azadlıqsevər qüvvələrinə və sosialistlərinə sizin vədlərinizin puç, sədaqət və etibardan uzaq bir şey olduğunu elan etmək məcburiyyətində qalacağıq. Siz sosializm adı altında elə işlər görürsünüz ki, Nikolayın müstəbid qoşunlarının, ingilis kapitalistlərinin əməllərinin eynisidir... Bu danılmaz həqiqət rəva idimi ki, Nikolayın ordusunun terror davranışlarını yeniləməklə və öz düşmənçilik hərəkətlərinizlə zəhmətkeş insanları qorxudasınız?” [6, s.290-291]
Qurultayda ingilislərin İrandakı işğalçılıq və müstəmləkəçilik siyasətinə qarşı yönəlmuş Xiyabani hərəkatına işarə edilməməsinin də səbəblərindən biri onun ideya istiqaməti və milli məzmununun kommunistlərin baxışlarına uyğun olmaması idi.
Xiyabani hərəkatı bütün Azərbaycan və İran ərazisinin tamamilə ingilislərin nəzarəti altına keçməsinə şərait yaradan 1919-cu il avqustun 9-da İranla İngiltərə arasında imzalanmış alçaldıcı sazişə qarşı ayağa qalxan xalqın etiraz dalğasından doğan milli-azadlıq hərəkatı idi.
1920-ci il aprelin 7-də Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə Təbrizdə başlayan silahlı üsyan qalib gəldiyi [10, s.65] ilk günlərdə İranın demokratikləşməsi və demokratik İranın tərkibində Azərbaycana muxtariyyət verilməsi şüarı ilə çıxış edən üsyançılar 1920-ci il iyunun 23-də Təbrizdə Milli Hökumət qurduqdan sonra artıq diqqəti İranda şahlığın ləğvi və respublika yaradılması ehtimallarına yönəldirdilər [8]. Həmin tarixdə yaradılmış Milli Hökumətin kənd təsərrüfatı, maarif, maliyyə, səhiyyə, ədliyyə, vəqf, hərbi işlər və s. sahələrdə həyata keçirdikləri demokratik islahatlar, bu sahələr üzrə müvafiq idarə və nazirliklərin yaradılması və bunlara bənzər bir sıra başqa tədbirlərin icrası İranda ağalıq edən İngiltərəni və yerli mürtəceləri güclü şəkildə narahat etməyə başladı [10, s.108]. İngiltərənin Tehrandakı nümayəndəliyi ilə məşvərətdən və müəyyən hazırlıqdan sonra sentyabr ayının 11-də İran mərkəzi hökuməti Təbriz üzərinə hücum təşkil etdi. Demokratik hüquq və azadlıqların əldə edilməsi uğrunda baş vermiş üsyan yatırıldı, sentyabrın 14-də Xiyabani şəhid oldu.
Eyni tarixi dövrdə Gilanda Sovet hökuməti qurmuş kommunistlər nəinki Xiyabani hərəkatını müdafiə etməyə cəhd göstərmədilər, heç mənəvi dəstək də vermədilər. Çünki kommunistlər ingilislərə qarşı yönəlmiş milli-demokratik məzmunlu Xiyabani hərəkatına burjuaziyanın “istibdad və istismar silahı” kimi baxırdılar. Digər tərəfdən də kommunistlər Osmanlı imperiyası ilə qonşuluqda yeni bir türk dövlətinin yaranmasına əslən tərəfdar deyildilər, əslində qarşı idilər və bu mənada onların mövqeləri ingilislərin mövqeləri ilə üst-üstə düşürdü. Ö üzdən də Polşada general Vrangelin başçılığı altında təşkil edilmiş və möhkəmlənmiş “ağ”lar ordusunun yeni qurulmuş sovet hokumətinə qarşı təhlükəsini aradan qaldırmaq öhdəliyi müqabilində ruslar tərəfindən Gilanda qurulmuş Sovet Respublikası ingilislərin mənafeyinə qurban verildi [12; 13], Xiyabani hərəkatı da heç bir vəchlə müdafiə olunmadı, dəstəklənmədi, inqilabçılara amansız divan tutuldu, evləri yandırıldı, yüzlərlə insan həbs edildi və sürgünlərə göndərildi.
“Cəngəlilər” hərəkatının iştirakçısı, Ehsanulla xanın çeviriliş hökumətində iki ay yarım daxili işlər naziri olmuş S.C.Pişəvəri Şərq xalqlarının I qurultayında kommunistlərin Şərqdə gedən milli-azadlıq və milli-demokratik hərəkatlara münasibətdə tutduqları mövqelərini gördükdən və kommunist olaraq göstərdiyi siyasi fəaliyyətinə görə 10 il (1930-1940) məhbus həyatı yaşadıqdan sonra kommunist əqidəsindən imtina etmiş, kommunist ideologiyasının ondan sonra 100 il müddətində belə İranda uğur qazana bilməyəcəyi qənaətinə gəlmişdir. 1940-cı ilin mart ayının 5-də “Qəsri-Qacar” zindanında aparılan istintaq zamanı S.C.Pişəvəri ona verilən “Siz kommunist əqidəsində varmısınız,” sualına cavabında deyir: “Daha mən bu əqidədə deyiləm. Əvvəllər kommunistlər və onların əqidələri haqda mən yetərincə məlumata malik deyildim. Bu haqda 7-8 il mütaliə etdim və mənə sübut oldu ki, bu əqidənin İranda ayaq tutması çox tezdir. Kommunistlər fəhlə sinfinə arxalanırlar, onların dayağı bu sinifdir, bu sinif isə İranda yox dərəcəsindədir. Təsəvvür etmirəm ki, 100 il bundan sonra da fəhlələr bir sinif kimi ortaya çıxsın və millətimizin əksəriyyətini təşkil edə bilsin” [5, s.72-74; 7, s.12-13; 3, s.101].
1944-cü ildə isə Azərbaycan nümayəndəsi olaraq İranın XIV çağırış parlamentinə seçkilərdə qələbə qazanan, lakin kommunistlərin əsaslı dəstəyi olmadığına görə deputat mandatından məhrum edilən Pişəvərinin siyasi baxışlarında əsaslı bir dönüş yaranır. Belə ki, İranda 14-cü Məclisə seçkilər zamanı (seçkilər 1943-cü ilin iyun ayında başlamış və 1944-cü ilin 26 fevral günü Məclisin ilk açılış iclası olmuşdur) 15786 seçici səsi qazanan [3, s.59] Azərbaycan nümayəndəsi S.C.Pişəvəri deputat kürsüsündə yer tutmasına baxmayaraq, onun mandatı Məclisin 13 iyul 1944-cü il tarixli iclasında onunla seçkilərdə deputat kürsüsü uğrunda mübarizə aparmış deputatların heç bir qanuni və hüquqi əsası olmayan səsverməsi yolu ləğv edilmişdir (iclasda iştirak edən 99 deputatdan 48 nəfəri Pişəvərinin deputat mandatının ləğvinin lehinə, 48 nəfər əleyhinə səs verir və 3 nəfər isə bitərəf qalır) [11, s.50-51]. Qəbul edilmiş bu qərar heç bir qanuni və məntiqi izahını tapmamışdır. Belə ki, “əksəriyyət Məclisdə iştirak edənlərin yarısından çoxunun səs verdiyi zaman əldə edilir” mövqeyini təsdiqləyən İran Konstitusiyasının 7-ci maddəsinə görə, Pişəvərinin mandatı ləğv edilmiş sayılmamalı idi. Bununla belə üstünlük irtica nümayəndələri tərəfində olduğundan birincilərin mandatları əməldə ləğv edildi. Əslində nə baş vermişdi? Tudə partiyasının Məclisdəki nümayəndələri (əslində kommunistlər) öz qəti mövqelərini ortaya qoymamışdılar və hətta ola bilsin ki, gizli səsvermədə tərkibində erməni və farsların da olduğu “Tudə” farksiyasının nümayəndələri Pişəvərinin mandatının müdafiəsi üçün səslərini əsirgəmişlər. Çünki artıq kommunist əqidəsində olmayan Pişəvərinin mövqeyi Tudə partiyasının proqram və məramnaməsinə uyğun gəlmirdi. Tudənin Pişəvəriyə qarşı məlum mövqeyi onun mandatının ləğv edilməsindən sonra yaydıqları və rəsmi orqanlarında da dərc etdikləri bəyanatlarından açıq-aydın görünürdü. Həmin mövqe belə idi: “Əgər S.C.Pişəvəri “Tudə” fraksiyasına qoşulsaydı, irticanın İran Xalq Partiyasına (Tudəyə) qarşı düşmən münasibətinə baxmayaraq, onun üzvlərinin mandatlarını ləğv edə bilmədiyi kimi, onlarla eyni şəraitə malik Pişəvərinin də deputat mandatını ləğv edə bilməzdi” [11, s.53].
Ona görə də tarixə “21 Azər” hərəkatı kimi düşmüş Güney Azərbaycandakı milli-demokratik hərəkata rəhbərlik etmiş S.C.Pişəvəri azərbaycançılıq ideyasını bu hərəkatın əsas ideoloji xətti olaraq müəyyənləşdirmiş və 1945-1946-cı illərdə Güney Azərbaycanda qurulmuş Milli Hökumətin fəaliyyəti bazasında azərbaycançılığı həyata keçirmiş, bu ideologiyanı çoxmillətli İran miqyasında yaşayan digər millət və xalqlar üçün bir nümunəyə çevirmişdir.
Ədəbiyyat
- “21 Azər-70”. Fotoalbom. Bakı, “Araz” nəşriyyatı, 2015, 186 s.
- Nehzət-e cəngəl: əz bəhar be paiz (Cəngəlilər hərəkatı: yazdan payıza) // URL: https://www.mashreghnews.ir/news/660459/ (30.08.2020-ci il tarixində müraciət olunmuşdur).
- Çeşmazər M.M. Azərbaycan Demokrat Partiyasının yaranması və fəaliyyəti, Bakı, “Elm”, 1986, 160 s.
- Əkrəm Rəhimli (Bije). Mübarizə burulğanında keçən ömür. Seyid Cəfər Pişəvəri, Bakı, “Nurlar” Nəşriyyat Poliqrafiya Mərkəzi, 2009, 400 s.
- Əkrəm Rəhimli (Bije). “Cənubi Azərbaycan: düşüncələr, problemlər”, Bakı, “Nurlar” Nəşriyyat Poliqrafiya Mərkəzi, 2017, 400 s.+8 s.
- İbrahim Fəxrai. Sərdar-e cəngəl Mirzə Kuçek xan (Cəngəl sərdarı Mirzə Kuçek xan), sazman-e enteşarat-e “Cavidan”, Tehran, 1978, 562 s.
- Seyid Cəfər Pişəvəri. “Zindan xatirələri” (tərtibçi və elmi redaktor:Əkrəm Rəhimli), Bakı, 2014, 232 s.
- Səməd Bayramzadə. İran dövlətinin Cənubi Azərbaycana qarşı ayrı-seçkilik siyasəti, “21 Azər” soyqırımı və nəticələri barədə//URL: http://davam.az/32174-ran-dvltinin-cnubi-azrbaycana-qar-ayr-sekilik-siyasti21-azr-soyqrm-v-nticlri-bard.html (24.10.2020-ci il tarixində müraciət olunmuşdur).
- Solmaz Rüstəmova-Tohidi. Kominternin Şərq siyasəti və İran. 1919-1943, Xəzər Universitetinin nəşri, Bakı, 507 s.
- Tağıyeva Ş.Ə. 1920-ci il Təbriz üsyanı, Bakı, “Elm”, 1990, 148 s.
- А.К.Ибрагими. Борьба Народной Партии Ирана (Тудэ) против реакции 1944-1946 гг. (На примере деятельности НПИ (Т) в Меджлисе и в составе правительства), Диссертация на соискание ученой степени кандидата исторических наук, Москва, 1965, 288 с. (плюс к тому «Приложеня» 2 с. и «Библиография» 12 с.)
- Русские белогвардейцы в Польше. 1920 (Дневник коменданта Чевенгурского уезда) // URL:https://voencomuezd.livejournal.com/591967.html (30.08.2020-ci il tarixində müraciət olunmuşdur)
- Татьяна Симонова. Поход генерала Бредова.// URL: https://rg.ru/2016/11/24/rodina-belaia-armiia.html (30.08.2020-ci il tarixində müraciət olunmuşdur).