Kanadanın Ontario əyalətinin Toronto şəhərində yerləşən Azərbaycan Evində 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunan anım tədbiri keçirilib. Vətəndən uzaqda yaşayan soydaşlarımızın iştirakı ilə baş tutan bu mərasim 20 Yanvar faciəsinin Azərbaycan xalqının yaddaşında tutduğu dərin yeri bir daha nümayiş etdirib.
“Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkil etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Sovet imperializminə qarşı azadlıq və müstəqillik uğrunda mübarizədə canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib. Tədbir iştirakçıları şəhidlərin xatirəsi önündə baş əyərək onların fədakarlığını minnətdarlıq hissi ilə anıblar.
Anım mərasimində 1990-cı il yanvarın 19-dan 20-nə keçən faciəli gecədə baş verən hadisələr bir daha xatırlanıb, həmin gecə Bakıda və ölkənin müxtəlif bölgələrində sovet ordusu tərəfindən törədilən qanlı hadisələr diqqətə çatdırılıb. İştirakçılar 20 Yanvar faciəsinin şahidi olduqları anları, o gecənin yaratdığı sarsıntını və xalqın iradəsinin necə sarsılmaz olduğunu öz çıxışlarında bölüşüblər.
Azərbaycan Respublikasının Kanadadakı müvəqqəti işlər vəkili Vüsal Süleymanov və Kanada Azərbaycan Evinin rəhbəri Lalin Həsənova çıxış edərək 20 Yanvar hadisələrinin tarixi əhəmiyyətindən danışıblar. Onlar bildiriblər ki, bu faciə təkcə hüzn günü deyil, eyni zamanda milli qürur, ləyaqət və Azərbaycan xalqının azadlığa gedən yolunun başlanğıcıdır. Qeyd olunub ki, 20 Yanvar xalqın öz haqqını müdafiə etmək əzmini bütün dünyaya nümayiş etdirib.
Tədbirdə Torontoda yaşayan Azərbaycan icmasının üzvləri Solmaz Kazımova və Qardaşxan Əzizov vətənpərvərlik ruhunda şeirlər səsləndirərək şəhidlərin xatirəsini yad ediblər. Onların duyğulu çıxışları mərasimə xüsusi təsir bağışlayıb, iştirakçılarda dərin emosional hisslər yaradıb.
Kanada Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdləri isə xüsusi çıxışları ilə 20 Yanvar gecəsində şəhid olanların əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.
Torontoda 20 Yanvar şəhidlərinin xatirəsi dərin ehtiramla anıldı