Toronto şəhərində Azərbaycan diasporası gənclərinin təşəbbüsü ilə möhtəşəm Novruz bayramı keçirildi.
Bayram tədbiri martın 20-də, saat 18:30-da Nyu-York bölgəsində, 70 Canuck Ave ünvanında çoxsaylı qonaqların, iştirakçıların və Azərbaycan mədəniyyətinə maraq göstərən şəxslərin iştirakı ilə baş tutdu.
Mərasim təşkilatçıların təbrik çıxışı ilə başladı. Çıxışın əvvəlində təşkilatçılar qonaqları və iştirakçıları səmimi şəkildə salamlayaraq, Novruz bayramının qədim və dəyərli irs kimi əhəmiyyətini vurğuladılar. Qeyd olundu ki, Novruz yalnız təbiətin yenilənməsinin simvolu deyil, eyni zamanda ümidin, həmrəyliyin, sülhün və xalqların həyatında yeni bir mərhələnin başlanğıcının göstəricisidir. Həmçinin bildirildi ki, bu köklü ənənə bu gün sərhədləri aşaraq dünyanın müxtəlif bölgələrində milyonlarla insanın qəlbini birləşdirir.
Daha sonra dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan diasporası gənclərinin bu kimi tədbirlər vasitəsilə milli ənənələri qorumaq və gələcək nəsillərə ötürmək istiqamətində göstərdikləri fəallıqdan bəhs olundu. Təşkilatçılar Kanadada, xüsusilə də Toronto şəhərində bu mənalı mədəni hərəkatın bir hissəsi olduqlarını vurğulayaraq, dostluq, birlik və həmrəylik mesajını bölüşməkdən məmnun olduqlarını ifadə etdilər.
Açılış nitqindən sonra Azərbaycan Respublikasının dövlət himni, daha sonra isə Kanadanın dövlət himni səsləndirildi. Ardınca vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirin davamında iştirakçılar tərəfindən milli şeirlər səsləndirildi ki, bu da tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı. Proqramın sonunda Azərbaycan milli musiqiləri və rəqsləri təqdim olundu.
Sonda təşkilatçılar Novruz bayramı münasibətilə bütün iştirakçıları təbrik edərək, hər kəsə sağlamlıq, uğur, xoşbəxtlik və sülh dolu yeni il arzuladılar.