Zəhra Allahverdiyeva
Filologiya üzrə fəlsəfə doktoru,dosent
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat institutu
zahra.allahverdiyeva@mail.ru
DOI 10.64259/NizamiGanjavi
https://doi.org/10.64259/NizamiGanjavi
ISSN 2819-4047 - ISSN 2819-4055
Bu məqalə Creative Commons Attribution 4.0 International License (CC BY 4.0) şərtləri ilə nəşr olunub.
Müəllifin adı və mənbə göstərildiyi təqdirdə, istənilən mühitdə sərbəst istifadə, yayım və surət çıxarmaq icazəlidir.
Lisenziya linki:
https://creativecommons.org/licenses/by/4.0/
Məlumdur ki, XI-XII əsrlərdə coğrafi baxımdan Qərbdən və Şərqdən bütün istiqamətlərə çıxışı olan və təbii resursları baxımından zəngin sərvətlərə malik olan Azərbaycan dünya iqtisadiyyatı və mədəniyyətinin mühüm regionlarından birinə çevrilmişdi. Nizami Gəncəvi dühasının yetişməsi Azərbaycanın XII əsrdə çiçəklənən siyasi-iqtisadi və mədəni inkişafının bəhrəsidir. Azərbaycan alimi Mikayıl Rəfilinin yazdığı kimi, “Nizaminin yaradıcılığı və dünyagörüşü, arzu və idealları Azərbaycanın tarixi inkişafı ilə ayrılmaz şəkildə bağlıdır”. [12,s.21]
Tarixdən məlumdur ki, bütün Yaxın və Orta Şərq regionlarında olduğu kimi, Azərbaycanda da 300 ilə yaxın hökm sürən ərəb müstəmləkəçilik siyasəti IX əsrin sonlarından başlayaraq zəifləməyə başladı və ərəb xilafəti çökdü. Ərəb hökmranlığının süqutu türklərə yenidən bu regionlarda öz hakimiyyətlərini bərpa etməyə imkan yaratdı. 840-1032-ci illərdə Mərkəzi Asiyada hakimiyyətdə olan türk-islam dövləti Qaraxanilər, IX əsrin sonlarında Mərkəzi Asiyada paytaxtı Buxara olmaqla türk Samanilər sülaləsi (875-999), Azərbaycanda paytaxtı Marağa və Ərdəbil olmaqla - türk Sacilər dövləti (879-914), Xorasan, Mavərəhnəhr və Xarəzm, Əfqanıstan və şimali Hindistanda hökmranlıq edən türk məmlük xanədanı Qəznəvilər (963-1186) sülaləsi xilafətdən qurtuluş mərhələsində yaranaraq, Şərq-müsəlman xalqlarının mədəni-iqtisadi həyatında mühüm iz qoymuşlar.
Tarixdən məlumdur ki, Turan əmiri və Türk Qəznəvilər sülaləsinin hökmdarı, ilk olaraq “Sultan” tituluna layiq görülmüş Mahmud Qəznəvi bin Səbuktəkin 998-ci ildən başlayaraq Şərqi İranda, Orta Asiyada və Xarəzmdə hakimiyyəti ələ alaraq, müstəqil siyasət yeritdi. Hindistana işğalçı yürüşlər edərək Kəşmir, Pəncab, Qucarat vilayətlərini Qəznə dövlətinə birləşdirdi. O, 1001-ci ildə Buxara hakimi Qaraxanilər sülaləsindən olan xaqan Nəsr bin Əli xanın qızına evləndi və Samanilər dövlətinin torpaqları da Qəznə sultanlığına qatıldı. Mahmud Qəznəvi 1008-ci ildə Əfqanıstana yürüş edib Bəlxi ələ keçirdi. [2, s.51-96]
Sultan Mahmud Qəznəvinin ölümündən sonra oğlu Sultan Məsud hakimiyyətə keçdi. 1040-cı ildə cəsur sərkərdə Sultan Toğrulun başçılığı ilə Öğuz tayfalarından olan Səlcuq türkləri Mərv şəhəri yaxınlığında Sultan Məsud üzərində qələbə çalaraq hakimiyyəti ələ aldı. Beləliklə, Böyük Səlcuq dövlətinin əsası qoyuldu. 1055-ci ildə cənubi Azərbaycanda və xilafətin mərkəzi Bağdadda hakimiyyəti ələ aldılar. Suriya, Fələstin, Ərəbistanın şimal şəhərləri, Məkkə, Mədinə, Misir və bütün Kiçik Asiya səlcuqlara tabe oldu.
Sultan Toğrulun ölümündən sonra onun varisləri – Alp Arslan (1063-1072) və Məlikşah (1072-1092) dövründə bütün Asiya və ətraf regionlar səlcuqların vahid hakimiyyəti altında birləşdirildi. 1063-cü ilin sonunda 30 yaşlı Alp Arslan Böyük Səlcuq dövlətinin sultanı elan olundu və 1064-cü ilin yanvar ayında Reyi və İranın başqa ərazilərini aldı.
1064-cü ilin fevral ayında 180 minlik ordu ilə səlibçilərə qarşı vuruşaraq, Ruma tərəf yönələn Alp Arslan, Naxçıvan və Azərbaycanda öz hakimiyyətini bərqərar etdi.
Səlcuq İmperiyasının yaranması ilə Şərq xalqlarının tarixində yeni bir mərhələ başladı. Bu yeni mərhələ - Yaxın və Orta Şərq ölkələrinin müqəddəratında böyük rol oynamış Səlcuq-türk imperiyasının təşəkkülü və çiçəklənməsi dövründən – bu imperiyanın parçalanaraq, müstəqil Atabəylər dövlətinin yaranmasına qədər uzun bir tarixi mərhələni əhatə edir. Səlcuq-türk imperiyasının sərhədləri - Şərqdə Kaşqardan tutmuş qərbdə Aralıq dənizinə qədər, şimalda Qafqaz dağlarından tutmuş cənubda Yəmənə qədər -nəhəng bir ərazini əhatə edirdi. Ziya Bünyadovun yazdığı kimi, “Səlcuq sülaləsindən olan sərkərdələrin başçılığı altında oğuz və başqa türk tayfalarının işğalçılıq yürüşləri sayəsində bu dövlət birliyinin əsası qoyulmuşdu”. [7, s.4]
Məlumdur ki, Səlcuq imperiyasında ticarət əlaqələrinin inkişafına xüsusi diqqət verilirdi. Ticarət yollarında əmin-amanlıq yaradılır, karvan yollarının təhlükəsizliyi təmin olunur, vahid ölçü, çəki və pul sistemi tətbiq edilirdi. Beynəlxalq ticarəti inkişaf etdirmək üçün I Məlikşah 1087-ci ildə bəzi ticarət rüsumlarını ləğv etdi. [11]
Əksər tarixçilərin qeyd etdikləri kimi, hərbi işğallar ara verdikdən sonra XI əsrdə Səlcuq dövləti zəifləməyə başladı. Səlcuq sultanlarının geniş torpaq sahələri verdiyi sərkərdələr, əyanlar, iqta sahibləri zaman keçdikcə iri hakimlərə çevrilir, mərkəzi hakimiyyətə tabe olmaq istəmirdilər. Sultan Səncərin ölümündən sonra Böyük Səlcuq imperatorluğu dağıldı, onun ərazisində Kirman, Konya, Suriya, Iraq Səlcuq sultanlığı, Azərbaycan Atabəyləri, Kiçik Asiyada bir sıra əmirliklər yarandı. Səlcuq imperiyasının parçalanmasının əsas səbəbi natural təsərrüfatın hökmranlığı, əyalət hakimlərinin güclənməsi, xalqların azadlıq mübarizəsi idi. Səlcuq imperiyası və ondan sonrakı dövrdə türklər Yaxın və Orta Şərqdə əsas etnik-siyasi amilə çevrildi. İslam mədəniyyətinin inkişafında türklərin rolu yüksəlməyə başladı. [7, s.9]
Səlcuqlar zəbt etdikləri ölkələrdə ədalətli, sülhsevər və dinpərvər siyasət yürütdülər. Səlcuq hökmdarları öz ədalətləri ilə Şərq xalqlarının tarixində parlaq bir səhifə açmışlar. Təsadüfi deyildir ki, V.V.Bartold Səlcuqların bu regionlarda “ədalətin hökmranlığını bərqərar etmələrini” vurğulamışdır. [3, s.420]
Azərbaycanda Səlcuqların hakimiyyəti altında türk tayfalarının birliyi daha da möhkəmləndi. Azərbaycanın Arran vilayətinin yerli türk bəyləri Səlcuqlara tabe oldular. 1076-cı ildən etibarən Arran, paytaxtı Gəncə olmaqla, Səlcuq Atabəylərinin idarəçiliyinə keçdi.
1152-ci ildən isə Arranda hakimiyyətə Atabəy Şəmsəddin Eldəniz gəldi. Beləliklə, Nizaminin yaşadığı dövrdə Gəncə Azərbaycan Atabəylərinin paytaxt şəhərlərindən idi. Bütün bunlar - Gəncənin sürətlə inkişafına əsaslı təsir göstərmişdi. Hələ IX əsrdən başlayaraq, Azərbaycan hökmdarları Gəncənin möhkəmlənməsinə xüsusi diqqət yetirirdilər; Gəncədə, avropalıların Şərqin universitetləri adlandırdıqları mədrəsə və zəngin kitabxanalar fəaliyyət göstərirdi. Belə bir zəngin ədəbi-ictimai mühit - Ömər Gənci, Əbülüla Gəncəvi, Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Qivami Mütərrizi, Əbubəkr ibn Xosrov əl-Ustad Gəncəvi, Zəhirəddin Şəmkuri kimi dünyaşöhrətli alim və şairləri yetirdi.
Xatırlatmaq lazımdır ki, XII əsrdə Azərbaycan artıq iki qüdrətli Türk dövləti - Azərbaycan Atabəylər və Şirvanşahlar dövləti tərəfindən idarə olunurdu və bu böyük dövlətlər ölkənin siyasi-iqtisadi və mədəni inkişafında mühüm rol oynamışlar.
Azərbaycanın Şirvan vilayətində də Şirvanşahlar hakimiyyətin müstəqilliyini qoruyub saxlamaqda idilər. Azərbaycan poeziya məktəbinin ən nəhəng simaları Şirvanşahlar sarayının himayəsilə Şamaxıda yetişərək, yazıb-yaradırdılar. Şirvan tarixini araşdıran bir sıra alimlər, o cümlədən H. Z. Şirvani, Dorn, V.F.Minorski, Y.E.Bertels, S.Aşurbəyli, Z. Bünyadov və başqaları Şirvanşah Məniçöhrün dövründə Şamaxı sarayında Əbülüla Gəncəvi, Xaqani Şirvani, Fələki Şirvani, İzzəddin Şirvani, Əsirəddin Əsxikəti, Mücirəddin Beyləqani kimi görkəmli şairlərin toplaşdığını, bu dövrdə yaranan poeziya nümunələrinin Şərq regionunda mühüm təsirə malik olduğunu qeyd etmişlər.
Y.E.Bertels yazırdı: “Şirvanşahlar sarayında Şamaxıda, fəaliyyətini qısaca nəzərdən keçirəcəyimiz olduqca görkəmli şairlərdən ibarət parlaq poeziya kəhkəşanı ucalır. Bu şairləri xarakterizə etməyə başlamazdan əvvəl,onu qeyd edək ki, tarixi şərait Arran və Şirvan da daxil olmaqla bütün Azərbaycanın ərazisində ədəbi fars dilinin tam hökmranlığına səbəb olmuşdursa da, folklor isə, əlbəttə, əvvəllər olduğu kimi, hələ də yerli dildə yaranırdı".[5, s.35]
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin tərcümeyi-halına dair araşdırmalar sırasında - şairin milli mənsubiyyəti, adı, titulu, təxəllüsü, babaları, atası, anası, qardaşı, övladları, dayısı və məmduhları (hamiləri) haqqında dürüst məlumatların üzə çıxarılması dünya şərqşünaslığında son dərəcə mühüm əhəmiyyət kəsb edən problemlərdən biridir.
Nizami Gəncəvinin adı, künyəsi və təxəllüsü Şərqin mötəbər təzkirə məxəzlərində - Şeyx Əbu Məhəmməd İlyas ibn Yusif ibn Zəki Müəyyəd-fid-din Nizami Gəncəvi kimi qeyd olunmuşdur. Nizaminin Şeyx titulu haqqında onu demək mümkündür ki, filosof-şair və alim olaraq qazandığı izzət və şöhrətin sayəsində ona şamil edilən fəxri addır. Görkəmli şərqşünas-alim Yevgeni Eduardoviç Bertels də qeyd edirdi ki, Nizaminin adı heç bir sufi ordenində qeydə alınmamışdır. Bununla belə, Nizami Gəncəvi öz əsərlərində Allaha sidq ilə qulluq etdiyini, zöhd və təqva ilə “Qüdsül-ruha” yaxınlaşdığını söyləmişdir. İslami sufizmin mərhələləri (şəriət,təriqət,mərifət, həqiqət) haqqında fəlsəfi biliklərə yiyələnərək, seyr-süluk (səfər), salik (yolçu,) tövbə, halal-haram tanımaq, zöhd, fəqr, səbr, təvəkkül, qürb (Allaha yaxınlıq), məhəbbət, xouf (qorxu), rəca (ümid), şövq, fəna-bəqa pillələrinə ucalmış şair dahi bir filosof olaraq kamil Şeyx məqamına yüksəlmişdir.
Nizaminin hələ sağlığında yüksək irfan sahibi olaraq Şeyx həzrətləri kimi tanınması, cisminin torpağa qovuşduğu yerdə – məzarının əsrlərlə Gəncə əhalisinin inanc yerinə, səyyah və zəvvarların ziyarətgahına çevrilməsi buna parlaq sübutdur.
Nəsil şəcərəsi. Nizami Gəncəvinin nəsil şəcərəsi haqqında məxəzlərdə məlumatlar çox azdır, şairin özü haqqında yazdıqları isə, təəssüf ki, güclü təhriflərə məruz qalmışdır. Bununla belə, tədqiqatçını həqiqətə aparan faktlar da az deyildir.
Qədim Azərbaycanın mərkəz şəhərlərindən olan Gəncə əhalisinin türklərdən ibarət olduğunu bir çox mənbələr və tədqiqatçılar təsdiq etmişlər. Y.E. Bertels yazırdı ki, VII əsrdə ərəblər işğaldan sonra Qafqaz ərazisində öz hərbi döyüşçülərini məskunlaşdırdılar, lakin ərazilərdə idarəçilik aparatını islamı qəbul edən yerli bəylər idarə edirdi. [5, s.27]
Beləliklə, islamı qəbul etdikdən sonra, ad və soy adlarına ərəb künyələri əlavə etsələr də, yerli əhali türklərdən ibarət idi. Orta əsr mənbələrində Gəncənin əhalisi haqqında - “Mərdoməş torki-zəban” - əhalisi türkdillidir” ifadələrinə rast gəlirik.
XI-XII əsrlərdə də Azərbaycan Atabəylər Dövlətinin mərkəz şəhəri olan Gəncə əhalisinin türklərdən ibarət olduğunu bir çox şərqşünas-alimlər mənbələr əsasında təsdiq etmişlər. İran alimi Barat Zəncani də yazırdı: “Bir halda ki, Gəncə əhalisinin dili türk dili idi və Nizami də türkcə şeirlər yazmışdır - burada şəkk-şübhə ola bilməz”.[8]
Bu dövrdə Səlcuq Sultanı I Məlikşah öz oğlu Məhəmməd Təpəri Gəncə hakimi təyin edərkən, dövlət idarəçiliyində mədrəsə təhsili görmüş yerli türk əhalinin savad və qüvvəsindən yetərincə faydalanmağa çalışdılar. Din xadimi, xətib, şahın məsləhətçiləri, münşilər (katiblər), saray mühafizəçiləri və başqa qulluqçular yerli əhali arasından etibarlı zəmanət əsasında seçilərək işə cəlb olunurdu.
Onu da qeyd edim ki, Nizami Gəncəvinin yaşadığı dövrdə də Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslanın hakimiyyəti illərində Atabəylərin istər Gəncə, istərsə də Naxçıvan saraylarında fəaliyyət göstərən əyanların əksəriyyəti xalqa daha yaxın olan türk əsilli savadlı şəxslərdən seçilirdi. Təzkirələrdə Azərbaycanın müxtəlif şəhərlərindən olan adlı-sanlı vəzir, dəbir, həkim, müəllim və sair adamların sarayda xidmət etmələri haqqında zəngin məlumatlar vardır.
Nizami Gəncəvinin babası Zəki Müəyyəd-din əslən Oğuz türklərinin Boz ox qolundan çıxmış adlı-sanlı türk bəyzadələr nəslindən idi. O, Gəncədə din xadimi və Səlcuqlar sarayına yaxın bir şəxs idi və “Müəyyəd-din”- (Dində Allah tərəfindən qüvvət verilən, saxlanılan) tituluna layiq görülmüşdü. Məşhur şərqşünas - alim Rüstəm Əliyev “Müəyyəd-din”- adını islami adlar və titullar əsasında araşdırarkən yazırdı ki, “Əd-din” və “fid-din”, yaxud “billah” komponenti ilə bitən ləqəblər yalnız din xadimlərinə xas ola bilərdi. Lakin bəzən şeirdə bu komponentlər atılırdı. Məlumdur ki, Nizami özü “Leyli və Məcnun” əsərində - atasından danışarkən, babasının adını “Zəki Müəyyəd” adı ilə yad etmişdir. Şairin babası Zəki Müəyyəd-din Gəncə əhalisinin əsil-nəsəbli təbəqəsindən olmaqla, sürətlə inkişaf edərək sənaye şəhərinə çevrilən Gəncə mühitində ailə iqtisadiyyatını da inkişaf etdirmişdi. Ailə üzvlərinin Gəncə şəhərində çörək bişirmə sexi və müzəhhəblik (parça üzərinə qızıl saplarla naxış salma) sənəti üzrə məşğuliyyətləri var idi. Nizami Gəncəvinin atası - Zəki Müəyyədin-dinin oğlu Yusif də Gəncədə hörmət və izzət sahibi idi. İran alimi Səid Nəfisi yazırdı ki, “Bir çox təzkirəçilər təsdiq etmişlər ki, Nizaminin atası da Gəncə sakini olmuş və Gəncədə doğulmuşdur”. [14, s.8] Nizami Gəncəvinin atası Yusifin sənaye şəhəri olan Gəncədə çörək istehsalı ilə məşğul olmasını Həmid Araslı, Məmməd Cəfər və başqa bir çox alimlər dəfələrlə qeyd etmişlər. Nizami Gəncəvinin boya-başa çatmasında və mükəmməl tərbiyə və təhsil almasında atasının mühüm rolu olmuşdur.
Nizami Gəncəvinin anası Azərbaycanda əsil-nəcabətili, zadəgan nəslindən olan bir Türk qızı idi. Gəncədə dünyaya göz açmışdı. Təəssüf ki, bəzi tədqiqatçılar onun türk milli mənşəyini kobud şəkildə təhrif etmişlər. Məlumdur ki, Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərinin “Dünyadan köçənlərin bəzisinin zikri haqqında” hissəsinə şairin anası haqqında “Rəiseyi-qord” sözü sonradan artırılmış və bu söz “kürd Rəisə” kimi süni şəkildə dolaşıqlıq yaratmışdır. Hər şeydən öncə, onu deyim ki, türk-müsəlman etikasına görə, qədim dövrlərdən bəri “ana” o qədər müqəddəs hesab olunmuşdur ki, övladın onun adını, ismini dilə gətirməsi böyük qəbahət hesab olunmuşdur. Nizami Gəncəvi yüksək islam mədəniyyətinin təmsilçisi olaraq, heç zaman belə bir qəbahətə yol verib, anasına “Kürd Rəisə” deməzdi. Görkəmli şərqşünas alim Rüstəm Əliyevin fikrincə, “ümumiyyətlə, orta əsrlərin klassik onomastika sistemində “Rəisə” şəxsi ad deyil, yalnız ləqəb və titul kimi işlənmişdir”. [10,s.83]
XX əsrin 80-ci illərində bir sıra şərqşünaslar bu sözün “qord” - yəni “igid” mənasında olduğunu söyləmişlər. Görkəmli Azərbaycan nizamişünası Xəlil Yusifli yazır: “Nizami dövründə, ondan bir neçə əsr sonra da kord və qord sözləri eyni şəkildə, kafi-ərəbi ilə “kord” şəklində yazılırdı. Daha sonra gələn katiblər isə bu sözün Nizami tərəfindən kord, yaxud qord anlamında yazıldığı üzərində düşünməmiş, onu kord, yəni kürd tərzində yazmışlar. Biz isə hesab edirik ki, bu sözü kafi-farsi ilə qord şəklində oxumaq daha düzdür. Bu şəkildə beytin mənası daha məntiqi və poetikdir. Əks halda “anam kürd idi, qarşımda ana kimi öldü” deyimi məntiqsizdir”.[16,s.58]
Son dövrlərdə problemin çözülməsində meydana çıxan yeni fakt məsələyə yanaşmanı kökündən dəyişmişdir. Belə ki, Azərbaycan nizamişünaslığının yeni nəslini təmsil edən tədqiqatçı Hürnisə Bəşirova Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərinin Türkiyədə Topqapı sarayında saxlanılan qədim əlyazması üzərində araşdırma aparmış və bu mötəbər nüsxədə “Mənim anam kürd Rəisə qarşımda ana kimi öldü” beytlərinin olmadığı faktını aşkar etmişdir. [6,s.57-63]
Deməli, bu qondarma beytlər Nizami əsərinə sonrakı dövrlərdə ilhaq olunmuş və şairin anasının türk mənşəyinin təhrif olunmasına yol açmışdır.
Nizami Gəncəvinin dayısı, yəni anasının qardaşı Xacə Ömər Gəncə sarayına yaxın, yüksək nüfuza malik bir şəxs idi. O dövrdə “Xacə” titulu şah sarayının mühafizəçilərinin başçısına verilərdi. Məşhur Dehxoda lüğətinə görə, “sarayın rəisinə – Xacə deyilirdi.” Onu da qeyd etmək vacibdir ki, Türk sultan saraylarının qaydalarına əsasən, saray rəisi- Xacə vəzifəsinə cəsurluqda və sədaqətdə ad çıxarmış türk bəyzadələri seçilirdi. Elə bu faktın özü onu təsdiq edir ki, Nizaminin anası əsil-nəcabətli türk qızı olmuşdur. Gənc İlyasın yüksək təhsil almasında, Gəncə sarayında toplanan məşhur ustadlar, elm adamları və dövlət xadimləri ilə tanış olmasında, o cümlədən saray kitabxanasından faydalanmasında dayısı Xacə Ömərin mühüm rolu olmuşdur. Nizami özü “Leyli və Məcnun” əsərində dayısı Xacə Öməri məhəbbətlə yad edir, onun ölümündən sarsıldığını bildirir:
Xacə Ömər ki, mənim dayım idi,
Dayım olmağı ilə mənim qanadım idi.
Acı ağılarla nalə edirəm,
Boğazımın telləri nalədən tutulub.
Görünür, elə saray mühitindən başlayaraq, Yusifin atasının Xacə Ömərin ailəsi ilə yaxın dostluğu olmuş və hər iki ailənin qohumluq telləri yaranmışdır. Yusifin ailəsində - İlyas və Əhməd adında iki oğul övladı böyümüşdür. Şeir yaradıcılığında İlyas özünə - Nizami, Əhməd isə - Qivami təxəllüsünü götürmüşdür.
Nizaminin qardaşı Qivami Mütərrizi Gəncəvi haqqında məlumat verən məxəzlər onun Azərbaycanın Gəncə bölgəsində doğulduğunu, Nizami Gəncəvinin qardaşı, ya əmisi oğlu olduğunu göstərmişlər. Mənbələrdə əsil adı Məhəmməd, yaxud Əhməd kimi qeyd olunur – Əhməd Xəbbaz (çörəkçi) - Gənceyi – nisbəsi və Qivami Mütərrizi təxəllüsü ilə şeirlər yazıb-yaratmışdır. Dövlət şah Səmərqəndi “Təzkirətüş-şüəra”nın Şeyx Nizami Gəncəvinin zikrinə həsr etdiyi hissədə “Mütərrizi” təxəllüsünü (qızıl haşiyələr, naxışlar ustası) Nizaminin də künyəsinə aid edərək, Nizami Gəncəvi və onun qardaşı Qivami Mütərrizi haqqında belə yazmışdır: “Onun mövludi-şərifi Gəncədir və ölkələrin xəritəsində bu vilayəti Cənzə yazırlar. Şeyxin böyüklüyünü və fəzilət və kamalını dəyərləndirməkdə dil acizdir. Onun sözünün tövrü məlahətli və anidir ki, kamal sahiblərinin ona Şeyx Nizaməddin təxəllüsü verməsi onunla bağlıdır və künyəsi – Əbu Məhəmməd bin Yusif bin Müəyyəddir, Mütərrizi kimi şöhrət tapmışdır və Şeyxin qardaşı Qivami Mütərrizidir ki, ustad şairlərdən olmuş, elə bir qəsidə söyləmişdir ki, tamam şeir sənətinə həsr olunmuşdur və onun zikrində həmin qəsidədən bəzi qeydlər ediləcəkdir.” [9,s.128]
Nizaminin qardaşı Qivami Mütərrizinin həyatı və yaradıcılığı haqqında Ziya Paşa, Məhəmmədəli Tərbiyət, E.G.Braun, A.Y.Krımski, Həmid Araslı, Yevgeni Bertels, Əli Əkbər Şəhabi, Şibli Nemani, Əli Əkbər Dehxoda, Zəbihulla Səfa, S.İ.Dibaçi, Xəlil Yusifli, O.F.Akimuşkin və başqaları qiymətli məlumatlar vermişlər.
XIX əsrin görkəmli hind alimi Şibli Nemani özünün məşhur “Əcəm şeiri” əsərinin Qivami Gəncəvi hissəsində Nizami Gəncəvinin ailəsindən bəhs edərək belə yazırdı: “Nizaminin ailəsində hamı fəzl və hünər əhli idi. Qardaşı Qivami Mütərrizi əsrinin məşhur şairi olmuşdur”. [15, s.21]
Görkəmli Azərbaycan alimi Məhəmmədəli Tərbiyət XX əsrin əvvəllərində yazdığı “Danişməndani - Azərbaycan” təzkirəsində - XII əsrin ən görkəmli söz ustadlarından biri, fəsahətli və bilikli şair olan Qivami Mütərrizi Qivaməddin Əhmədin Nizami Gəncəvinin doğma qardaşı, ya da onun əmisi oğlu olduğunu xüsusi qeyd etmiş və onların ikisinin də arif Əxi Fərəcin müridi olduqlarını, həmçinin Qivami Mütərrizinin yeddi min beytdən ibarət şeir “Divanı”nın olduğunu yazmışdır.
XX əsrin 40-cı illərində “Nizami Gəncəvinin həyat və yaradıcılığı” mövzusu üzrə silsilə araşdırmalar aparan görkəmli şərqşünas Yevgeni Bertels şairin ailəsindən bəhs edərkən yazırdı: “Ailənin, şübhəsiz, müəyyən gəliri varmış, yoxsa oğulları gözəl təhsil ala bilməzdi. Nizaminin qardaşı da şair idi və Qivami Mütərrizi ləqəbi ilə yazırdı. Lakin mürəkkəb şeir texnikasını məharətlə mənimsəmiş olan bu adam başqa bir yolla getmiş və saray şairi şöhrətini intixab etmişdi.” [4, s.27]
Hər iki qardaş – Nizami Gəncəvi və Qivami Gəncəvi Azərbaycan Atabəyi Qızıl Arslanı özlərinin yaxın hamisi hesab etmişlər. Nizami Gəncəvi “Xosrov və Şirin” və “İqbalnamə” əsərlərində Atabəy Qızıl Arslanın ona qayğısını hörmətlə yad etmişdir. Qardaşı Qivami Mütərrizi Gəncəvi də “Bədaye`əl-əshar fi sənaye`əl-əş`ar” (“Şeir sənətində ən gözəl (bədii) sehrlər”) - məşhur qəsidəsini öz hamisi Atabəy Qızıl Arslana ithaf etmişdir.
Nizami Gəncəvi 1169-cu ildə Dərbənd hakiminin ona töhfə göndərdiyi qıpçaq-türk gözəli Afaqı sevmiş və onunla ailə qurmuşdur. Afaqla olan bu izdivacdan Nizaminin iki oğlu dünyaya gəlmişdir. Oğlunun biri dünyadan çox erkən köçmüşdür. Bir oğlunun adının Məhəmməd olduğu şairin əsərlərindən bəllidir. Nizaminin oğlu Məhəmməd ağıllı, fərasətli, atasına dayaq olan bir övlad, həm də öz dövrünün ziyalı bir şəxsiyyəti olmuşdur.
Nizami Gəncəvinin sevimli arvadı türk-qıpçaq gözəli Afaq və övladı Məhəmməd haqqında söylədikləri də mühüm faktlardır. Şair özünün “Xosrov və Şirin” əsərində çox gənc ölən sevimli Afaqın ölümünə ağı söyləmiş, ona “Türküm” və oğlu Məhəmmədə - "Türkzadəm"(Türk balam)deyərək öz Türk nəcabəti ilə fəxr etmişdir:
Türklər kimi köçməyə möhtac olanda,
Türklüyündən evimi talana verdi.
Türküm çadırımdan köçüb getdisə,
İlahi, Türk balamı sən özün qoru!
Nizaminin müasiri olduğu sultanlar haqqında olan məlumatlar da şairin həyatına dair mühüm faktlardır. Bizim marağımızda olan bir məsələ üzərində dayanmaq vacibdir. “Leyli və Məcnun” əsərində Şirvanşah Əxsitanın Nizamiyə ünvanladığı məktubda əsərin türk dilində deyil, ərəb-fars bəzəyi ilə yazılmasını tələb etməsi, özünün də yazdığı kimi, Nizamiyə son dərəcə ağır təsir etmişdi. Əvvəl ruhdan düşdüyünü bildirir, məlum olduğu kimi, oğlunun təkidi ilə işə başlayır. Amma öz qürurunu sındırmayan şair əsər boyu Şirvanşaha yaxşı dərs verir. Əsərin “Məlik Əxsitan bin Məniçöhrün mədhi” hissəsinin sonunda Nizami öz adını Üveys adlandırır:
یارب تو مرا کاویس نامم
در عشق محمدی تمامم
زان شه که محمدی جمالست
روزیم کن آنچه در خیالست
[13, s.60]
Yarəb, mənim adım ki, Üveysdir,
Məhəmməd eşqində bütövəm.
Məhəmməd camallı o şahdan,
Mənim üçün xəyal olanı - ruzim eylə!
Burada, doğrudur, şərhçilər Niziminin Üveys Qəraniyə işarə etdiyini yazmışlar. Lakin Üveys sözünün sətraltı mənaları da mövcuddur. Çünki Nizaminin əsas məqsədi yalnız özünü Məhəmməd eşqində Üveys Qəraniyə bənzətmək olsaydı, bunu elə peyğmbərə həsr olunmuş hissədə yazardı. Şirvanşahın mədhi hissəsində Nizami bu adı təsadüfi olaraq çəkməmişdir. “Üveys” adında- türklərin totemlə bağlı kökü və tamğa işarəsi vardır. Qədim ərəblər Oğuza - “Üveys, yəni “Qurd balası” adını vermişlər. Qədim ərəb və fars lüğətlərində “Üveys” qurd adıdır.
Başqa bir tərəfdən, Üveys, yəni “qurd balası” ifadəsi qədim türklərdə müqəddəs şamanlara aid edilən titullardan biri idi. Bu haqda əhəmiyyətli bir fakt da vardır ki, Nizaminin Misirin Xədiviyyə kitabxanasında tapılan, adı Nizaminin - özü isə talan olunan nüsxədə Nizaminin adı, künyəsi “ Divan-e Nizami. Talif: əl-Mövla Nizaməddin Əbu Məhəmməd Cəmaləddin Yusif bin Müəyyəd əl- Gəncəvi- əl -Üveysi” kimi təqdim olunması da fikrimizi təsdiq edir.
Bu faktlardan göründüyü kimi, böyük Azərbaycan şairi Nizami Gəncəvinin həm ata tərəfdən, həm də ana xətti ilə milli mənsubiyyəti türkdür. Şairin öz əsərlərində verdiyi məlumatlar buna parlaq sübutdur.
Ədəbiyyat
1.Агафангель Ефимович Крымский А.Е. Низами и его современники. Баку, 1981.
2.Александр Юрьевич Якубовский. Махмуд Газневи. К вопросу о происхождении и характере Газневидского государства. В книге: Фирдовси. Издательство АН ССР, Ленинград, 1934, с. 51-96.
3. Бартольд В.В. Культура мусульманства. Сочинения в 9 томах. Том VI. Изд. "Наука". Главная редакция восточной литературы. М., 1966, стр.420.
4.Bertels Y.E. Böyük Azərbaycan şairi Nizami. Epoxası, həyatı, yaradıcılığı, Bakı, “Maarif” nəşriyyatı,1940. 150 s.
5.Бертельс Е.Э. Низами и Фузули. Избранные труды, Москва, Издательство Восточной литературы, Mосква, 1962.
6.Bəşirova H. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin tərcümeyi-halından. Azərbaycan ədəbiyyatşünaslığı. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Əsərləri. Bakı: Elm və təhsil.- 2019.- №1.- s. 57-63.
7.Bünyadov Ziya. Azərbaycan Atabəyləri dövləti Bakı: “Şərq-Qərb”.- 2007.
8. Doktor Barat Zəncani. Pişgoftar. Divan-e Nezami Gəncəvi, Enteşarat-e Daneşqah-e Tehran, 1391, s.د
9.Dövlətşah Səmərqəndi. Təzkirətüş-şüəra. Be ehtemam o təshih: Edvard Braun, Tehran, çap-e əvvəl, 1382.
10.Əliyev R. Nizami poemalarında qıpçaq-oğuz gözəli, “Azərbaycan”,1980, №4, s.83.
11.https://melumatlar.az/blog/11150/selcuqlar-selcuq-imperiyasi
12.Микаэль Рафили.Творчество Низами. Низами. IV kitab, Исследования и статьи, Bakı, Azərnəşr,1947.
13.Nezami Gəncəvi. “Leyli vo Məcnun”, Mətn-e elmi vo enteqadi be səy-e vo ehtemam Əjdər Əli oğlu Əliəsğərzade və F.Babayev.-Mosku: “Edare-ye Enteşarat-e Daneş”.-1965.-588s.
14.Səid Nəfisi. Nezami Gəncəvi. Divan-e qəsaid o ğəzəliyyat. Ostad Səid Nefisi, Enteşarat-e Foruği,1365.
15.Şibli Nemani. Şerül- əcəm. Qivami Gəncəvi, s.21.
16.Xəlil Yusifli. Amerikan alimi Maykl Barinin “Nizaminin “Yeddi gözəl”inə şərh” kitabı haqqında bəzi mülahizələr. “Nizami Gəncəvi almanaxı” I, -Bakı: “Zərdabi Nəşr” MMC.-2019.-272 s.