Bu il iyulun 7-də Gəncə şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 885 illiyinə həsr olunmuş “Azərbaycan və dünya nizamişünaslığının aktual problemləri” mövzusunda II Beynəlxalq elmi konfrans keçiriləcək.
Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzi, eləcə də Azərbaycanın Türkiyə və Özbəkistandakı mədəniyyət mərkəzlərinin təşkilatçılığı ilə gerçəkləşəcək Beynəlxalq konfransda Nizami Gəncəvinin həyat və yaradıcılığının müxtəlif yönləri üzrə elmi məruzələr dinləniləcək. Müzakirələrdə şairin Türk dünyası ilə əlaqələri, Azərbaycan şifahi xalq ədəbiyyatı ilə bağlılığı, dünya ədəbiyyatına təsiri, yaradıcılığında din və irfan mövzuları, incəsənətlə əlaqələri və bəşərilik ideyaları kimi məsələlər diqqət mərkəzində olacaq.
Konfransda Nizami irsinin sələflər və xələflər kontekstində araşdırılması, onun humanist ideyalarının müasir dünyada əhəmiyyəti barədə fikir mübadiləsi aparılması da nəzərdə tutulur. Beynəlxalq toplantı nizamişünaslığın inkişafına və böyük şairin zəngin irsinin daha geniş təbliğinə töhfə verəcək.
Məsələ ilə bağlı "Azerbaijan Post"un əməkdaşı AMEA Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, Nizami Gəncəvi Mərkəzinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarovla söhbətləşib. Müsahibəni təqdim edirik
"-Nizami Gəncəvinin 885 illiyinə həsr olunan bu beynəlxalq konfransın əsas məqsədi nədir?
-Tarixin bütün bütün dövrlərində Azərbaycan xalqı böyük Azərbaycan şairi Nizami Gəncəvinin adını, şəxsiyyətini, yaradıcılığını, xatirəsini uca tutmuş və hələ yubiley kimi anlayışların olmadığı dövrlərdə Azərbaycanın dahi övladına həsr etdikləri əsərlərilə, türbəsini, məqbərəsini ziyarət edib qorumaqla öz dərin ehtiramlarını bildiriblər.
Nizami Gəncəvinin ilk yubileyi 1941-ci ildə blokadalı Lennqradda keçirilib ki, bu tarixi yubileyə də zəmin hazırlanmasında, formalaşdırılmasında Azərbaycan ziyalılarının böyük rolu olub.
Azərbaycanda Nizami Gəncəvinin həyat və yaradıcılığının genişşaxəli tdqiqi, monoqrafiyaların, kitabların ərsəyə gəlməsi, yubileylərinin fundamental əsaslarla qeyd edilməsi, , məqbərəsinin milli mənəvi dəyər kimi qorunması Azrbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır.
Ümummilli Lider Heydər Əliyevin 1975-ci il sentyabrın 22-də və 1978-ci il yanvarın 4-də “Nizami Gəncəvi məqbərəsinin qorunması”, 1979-cu il yanvarın 6-da isə “Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsini, nəşrini və təbliğini yaxşılaşdırmaq tədbirləri haqqında” imzaladığı qərarlar, eyni zamanda 1981-ci ildə 840 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı tarixi qərar Azərbaycan nizamişünaslığının tarixində yeni və mühüm bir mərhələnin əsası qoydu. Sovet ideologiyasının hökm sürdüyü dövrdə belə bir qərarın arxasında milli ideallara əsaslanan dəmir siyasi iradə, fədakarlıq və qədirşünaslıq dayanırdı.
Görkəmli dövlət xadimi Heydər Əliyev illər sonra Nizami Gəncəvinin anadan olmasının 840 illik yubileyinin keçirilməsinin ibrətamiz tarixçəsini belə xatırlayırdı: “Nizami Gəncəvinin 840 illiyini böyük bir yubiley kimi qeyd edəndə bizə çox yerdə irad tutdular ki, 840 il yuvarlaq tarix deyil. Ancaq biz sübut etdik ki, Nizami Gəncəvi edə bir şəxsiyyətdir ki, tarixdə, dünya mədəniyyətində elə bir iz qoyub getmişdir ki, onun yubileyi hər il keçirilə bilər”.
Ulu Öndər Heydər Əliyevin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi şəxsiyyəti, irisi ilə bağlı müəyyənləşdirdiyi bu strateji yanaşma bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması, yaşadılması və təbliğinə yönələn dəmir siyasi iradəsi ilə müqəddəs Ata Vəsiyyəti kimi həyata keçirilməkdədir.
Ölkə Rəhbərinin tapşırıq və tövsiyələri ilə Nizami Gəncəvinin məqbərəsi tamailə yenidən təmir edildiməsi, onu əhatə edən 40 hektar ərazidə Nizami şəhərciyinin, Nizami Memorial Kompleksinin YUNESKO və İSESKO-nun maddi-mədəni irsinə daxil edilməsi üçün həyata keçirilən tədbirlər, dahi mütəfəkkirin şəcərəsinin davamçıları olan Şeyxzamanlıların adına qəsəbənin salınması, Nizami Gəncəvi parkının, Nizami Gəncəvi prospektinin yaradılması, prospektdə dahi şairin əsələərinin ruhuna və ideyalarına uyğunabadlıq işlərinin aparılması qədirbilən xalqımız tərəfindən dahi söz ustadının yubileyinə edilən ən böyük hədiyyə kimi qiymətləndirilməlidir.
Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondunun rəhbəri, Azərbaycan Respublikasının Birinci vitse-prezideni Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2014-cü ilin 21 yanvar tarixində Nizami Gəncəvi məqbərəsinin qarşısında müasir tələblərə cavab verən Nizami Gəncəvi Muzeyi inşa edilərək dahi mütəfəkkirin dünya kitabxanalarından, muzeylərindən gətirilən əlyazmaları ilə zənginləşdirilərək Azərbaycan Prezidentinin açılış mərasimindəki iştirakı ilə ziyarətçilərin istifadəsinə verilməsi də Nizami Gəncəvinin əziz xatirəsi ilə bağlı həyata keçirilən böyük tarixi xidmətlərin tərkib hissəsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2004-cü ildə “Xəmsə” latın qrafikası ilə nəfis şəkildə yenidən nəşr edilmiş, Nizami poeziya günləri, Sankt-Peterburq, Kiyev kimi dünya şəhərlərində Nizami Gəncəvinin heykəllərinin təntənəli açılış mərasimi keçirilmiş, 2005-ci ildə isə Nizami Gəncəvi adına Ədəbiyyan Muzeyinin təmir və bərpasına xüsusi vəsait ayrılmış və 2011-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin və 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında müvafiq Sərəncamlar imzalamışdır.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubieyi ilə bağlı imzaladığı Sərənamın tələblərindən irəli gələn tədbirlər çərçivəsində 2012-ci ildə Nizami Gəncəvinin vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi təsis olunması, Prezidentimizin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən etibarən Qlobal Bakı Forumlarının keçirilməsi, “Xəmsə”nin yeni tərcümə əsasında, nəfis şəkildə “Heydər Əliyev Fondu” tərəfindən nəşr edilməsi, “Heydər Əliyev Fondu”nun təşəbbüsü ilə dahi söz ustadının məqbərəsinin tarixi, musiqi dünyası, sələfləri və xələfləri haqqında geniş tədqiqat işlərinin aparılması və monoqrafiyaların nəşri, 2013-cü ildə akademik Nərgiz Paşayevanın təşəbbüsü və dəstəyi ilə Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Mərkəzinin yaradılması, “Azərbaycan Respubliksının Nizami Gəncəvi adına Qızıl Medalı”nın təsis edilməsi, Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı ölkəmizdə və ölkəmizdən kənarda yüzlərlə fundamental monoqrafiyaların, məqalələrin nəşr olunması, dahi şairin doğma vətənində AMEA Gəncə Bölməsində “Nizami Gəncəvi Mərkəzi”nin, “Nizamişünaslıq” elmi əsərlər jurnalıın fəaliyyətə, nəşrə başlamaları Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Nizamişünaslığı tarixində həyata keçirilən ən böyük tarixi xidmətlərdəndir.
Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, Azərbaycan Respublikasında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi ilə bağlı həyata keçirilən hər simpozium, konfrans, tədbir, dəyirmi masalar yuxrıda sadaladığım amallara xidmət edir. Nizami Gəncəvini, onun müdrik irsini, yaradıcılığını, əsərlərində ehtiva edilən milli və bəşəri ideyaları, tolerantlığı, multikultural həyat tərzini Azərbaycan hadisəsi kimi dünyaya təqdim etmək.
-II Beynəlxalq konfransın əvvəlkilərdən fərqləndirici xüsusiyyətləri nələr olacaq?
-“Azərbaycam və dünya nizamişünaslığının aktual problemləri” adlı birinci beynəlxalq elmi konfrans ilk dəfə 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsində professor, “Şöhrət ordenli” nizamişünas alim Xəlil Yusiflinin 90 illik yubileyinə həsr edildi. Və bu konfransda Azərbaycanla yanaşı, Türkiyə, Özbəkistan və digər ölkələrdən olan alimlərin məqalələri nəşr edildi, böyük təntənə ilə qeyd edildi.
Bu il, 2026-ı ilin iyulunda eyni adla dahi Azərbaycan şairi vəmütəfəkkiri Nizami Gəncəvinin 885 illiyinə həsr ediləcək bynəlxalq konfrans uzunmüddətli əməkdaşlıqlarımızn nəticəsi olaraq Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və Özbəkistan Respublikasındakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılıqları ilə təşkil ediləcəkdir. Və bu işbirliyindən, əməkdaşlıqdan doğan nəticəyə əsaslanaraq deyə bilərik ki, builki konfrans daha geniş beynəlxalq miqyası əhatə edəcəkdir.
Bu il eyni zamanda Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə qardaş ölkə universitetləri arasında dahi Azərbaycan şairi, Türk dünyasının mütəfəkkiri Nizami Gəncəvinin 885 illik yubileyinə həsr olunmuş “Nizami Gəncəviyə 100 məktub” adlı müsabiqə elan olunmuşur ki, bu layihəyə də AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzi və Türkiyədəki Yunus Əmrə İnstitutu müvafiq dəstək göstərərək təşkilatçı qurumlar sırasında yer almışdır.
-Müasir dövrdə nizamişünaslığın qarşısında duran əsas problemlər hansılardır?
-“Nizamişünaslıq” bir dünya elmi olsa da, onun mərkəzi Azərbaycandır. AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin təbirincə desək, dünyada Nizami Gəncəvi irsi ilə bağlı aparılan tədqiqatları tərəzinin bir gözünə, Azərbaycanda aparılan araşdırmaları isə tərəzinin digər gözünə qoysaq, Azərbaycandakı tədqiqatlar daha ağır gələr.
Bu baxımdan deyə bilərik ki, Azərbaycan alimləri müstəqillik işığında Nizami Gəncəvi yaradıcılığını sovet dövründən fərqli olaraq ümumtürk təfəkkürü kontekstində, dahi şairin yaradıcılığında öz əksini tapan bəşəriliyi, nəsil şəcərəsini, birgəyaşaış konsepsiyasını mənsub olduğu Azərbaycan xalqının həyat tərzi fonunda Azərbaycançılıq məfkurəsi ilə yenidən tədqiq edir. Məhz bu baxımdan deyə bilərik ki, müasir nizamişünaslıqda əsas elmi istiqamətlər, problemlər bu mövzuları əhatə etməlidir.
-Nizami irsi kifayət qədər öyrənilibmi, yoxsa hələ də açılmamış tərəflər mövcuddur?
-Bu sualaa poetik üslubda, obrazlı nitqlə cavab verərək demək istəyirəm ki, “Bu gün qocalan, yaşlaşan kainatda, dünyada Nizami Gəncəvi irsi, yaradıcılığı günü-gündən gəncləşir.” Nizami Gəncəvinin XII əsrdə doğma Gəncəsində qələmə aldığı əsərlər, bəyan etdiyi ideyalar hər zaman aktualdır, yeni-yeni rakurslardan tədqiq edilməyi tələb edir.
-Gənc nəsil arasında Nizami irsinə marağın artırılması üçün hansı addımlar atılmalıdır?
-Nizami Gəncəvinin həyatı və yaradıcılığını öyrənmək, təbliğ etmək sahib olduğu təbəqədən aslı olmayaraq hər bir Azərbaycan vətəndaşının borcudur. Çünki dahi şairin həyatı, yaradıcılığı Azərbaycan xalqının milli-mənəvi dəyərlər sisteminə daxildir, Azərbaycan-türk hadisəsidir. Bu gün texnologiyanın, süni intellektin inkişaf etdiyi, geniş yayıdığı bir dövrdə nəinki Nizami Gəncəvinin, xalqımızn digər böyük mütəfəkkirlərinin ideyaları, irsi dünyanın yeni çağırışları sisteminə uyğunlaşdırılmalı və bu istiqamətdə elmi-təşkilati əsaslar, istiqamətlər yaradılmalı, formalaşdırılmalıdır.
Yeri gəlmişkən onu da diqqətinizə çatdırım ki, builki konfransın elmi istiqamətlərindən biri məhz bu mövzuya həsr edilib. “Müasir rəqəmsal elmi mühitdə nizamişünaslığın yeni tədqiqat istiqamətləri”".
Xalidə Gəray
"Azerbaijan Post"