Açar sözlər; İranda Milli hərəkat, İran inqilabları, 21 Azər hərəkatı, İranda millətçilik, İranda irançılıq, İranda azadlıq.
XÜLASI:
Güney Azərbaycanda 1945-ci ildən başlayan milli azadlıq hərəkatının bir tarixçısı var. əsrin əvvəllərində konstitusiya ugrunda gedən mübarizə milli hərəkatın başlangıcını qoymuşdu. Lakin 1945-1956-cı illərdə Düney Azərbaycanda baş verən hadisələr barədə müxtəlif təhlilçilərin fərqli yazıları çap olunur və tarixi reallıgın düzgün qiymətləndirməyə ehtiyac var.
İranda Milli azəadlıq hərəkatı və 21 Azər inqilabı haqqında təhlil edərkən, hadisələrin kiçik tarixi mənşəyi, milli ideologiyanın formalaşması və inkişafı, eləcə də parlaq siyasi xadimlərin fədakarlıqları haqqında materiallar xranolojı cəhərdən öyrənilməli və təhlil edilməlidir. Milli hərəkata xarici təsirlərin şişirdilməsi və problemə siyasi vakumda baxmaq cəhdləri yanlışdır. Belə ki, betün inqilablar, ideolojı sıçrayışlar, qiyamlar və hətda muharibələrə müxtəlif daxili və xarici “dinamitlərin” müştərək nəticəsi kimi baxmaq vacibdir.
Bu baxımdan, təqdim olunan məqalə problemi müxtəlif siyasi və milli proseslərin sintezində öyrənir və təhlil edir. Xüsusilə də S.C.Pişəvərinin siyasi və milli kimliyi, 21 Azər hərəkatının iştirakçısı olmus müxtəlif şəxsiyyətlərin oynadıgı mühüm rol qiymətləndirilir.
Giriş:
1945-ci il sentyabr ayının 2-də, Azərbaycanın şərəfli oglu SEYİD CƏFƏR PİŞƏVƏRİ silahdaşları ilə birlikdə, Təbriz şəhərində Azərbaycan Demokrat Firqəsini təsis etdi və xalqın milli arzu, istəkləri yolunda elə bir “azadlıq tufanı” yaratdı ki, dörd ayın tamamında Azərbaycan “Milli hökumətini” qurmağa nail oldu.
Seyid Cəfər Pişəvəri, Azərbaycan Demokrat Firqəsi, Azərbaycanın milli hökuməti - 1945-ci ilin dekabr ayından başlayaraq irançılar, fars təəssübkeşləri, mərkəzçilər, islamçılar, kommunistlər, hətta ingilis və Avropa təmayüllü qüvvələrin sistemli hücumuna məruz qaldılar və bu hücumlar bu gün də davam edir.
Bir qrup siyasilətçilər Pişəvərini və ADF üzvlərini sovetçilikdə, kommunist olmaqda, sovet casusu olmaqda ittiham edirdisə, başqa qruplar da millətçilikdə, fürsətçillikdə, İranın birliyini dağıtmaqda ittiam edirdi. Elə bir informasiya hücumları yaradırdılar ki, “sağ” da hücum edir, “sol” da hücum edirdi. Mərkəzdə də yeri yox idi və hər birinə cavab verə-verə bir də məlum olur ki, bütünlükdə “ittiham” altındadır və məhkumdur. ADF siyasi heyyəti bu hücumlardan bir gün belə qorxmayıb, çəkinməyib, sinəsini qabağa verib, lazım gələndə şəhidlər verib və qalib gəlib. Odur ki, məsələlərə bir-bir müraciət edək və keçən şərəfli tarixin hər bir mərhələsində S.C.Pişəvərinin və Güney Azərbaycan milli hərəkatının fədakar oğullarının xidmətlərini qiymətləndirək.
Siyasi proseslər və ideolojı mühit:
1941-ci ildə Sovet qoşunları İrana daxil olduqda, tələsik bir siyasi partiya təşkil etdilər ki, o da İran “Tudə” partiyası idi. Bu partiyanın yaradılmasında Süleyman İsgəndəri, Rza Radimeniş təşkilatçılıq edirdilər ki, onların heç biri fars deyildi. S.İsgəndəri Qacarlar ailəsindən idi, Rza Radiməniş mazandaranlı idi. Partiyanın siyasi xətti marksist-leninçi olaraq müəyyənləşdirildisə də adının “tudə” olması xalq olaraq ifadə olunmurdu. Fars dilini bilənlər asanlıqla müəyyən edə bilər ki, bu ad daha çox “kütlə” olaraq tərcümə olunur. Beləliklə marksist-leninçi siyasi xətt götürən və adı da “Kütlə” partiyası olaraq fəaliyyətə başlayan bu qrup sovet işğal qoşunlarına söykənərək güclü siyasi xadimləri sıralarına dəvət etməyə başladılar ki, dəvət olunanlardan biri də S.C.Pişəvəri idi.
Pişəvəri bu adamları yaxşı tanıyırdı və onlarla birlikdə zindanda olmuş, onların nə “məzhəbə” xidmət etdiklərini bilirdi. Tudənin rəhbərləri əsasən Əraniçi idi ki, burada Əraninin kimliyini də açıqlamağa ehtiyac var.
Ərani də fars deyildi. Təbrizdə bir məmur ailəsində anadan olmuş Tağı Ərani kiçik yaşlarında ailəsi ilə birlikdə Tehrana köçür. Tehranda təhsil alir və Almaniyada aspirantura oxuyur. Bu illərdə Avropada baş verən hadisələrlə tanış olur və geniş siyasi-ideolojı fəaliyyətə başlayır. Berlində, 1924-cü ildə təsis etdiyi “Firəngistan” adlı qəzetdə “Azərbaycan və ya İran üçün bir ölüm-dirim məsələsi” məqaləsində yazırdı: “Biz burada bütün iranlıların diqqətinə bu mühüm məqama çatdırırıq ki, Azərbaycan məsələsi İranın ən mühüm və ölüm-dirim işi olan məsələlərindən biridir. ... Buna görə də bu məsələdə İranın xeyrini diləyənlər fədakarlıq göstərməli və türk dilinin aradan götürülməsi və fars dilininin Azərbaycanda yayğınlaşdırılması üçün çalışmalıdırlar. Xüsusilə Təhsil Nazirliyi Azərbaycanın müxtəlif nahiyələrinə çox sayda fars dili müəllimləri göndərməli, orada fars dilində pulsuz və ucuz kitablar, jurnallar və qəzetlər nəşr etməlidir və azərbaycanlı gənclərin özləri gərək türk dilində danışa bilməyəcəkləri vaxta qədər canfəşanlıq etməlidirlər. Bu fikirlər təbliğat yoluyla hər bir iranlının beyninə düşəcək”. Bu yazı o zaman yazılmışdı ki, hələ Rza Pəhləvi hakimiyyəti tam əlinə almamış, irançılıq siyasətinə başlamamışdı.
Odur ki, S.C.Pişəvəri bu dəstəyə qoşulmadı və öz zamanını gözlədi. Sovet qoşunlarının İrandan çıxması məsələsi gündəmə gələndə S.Pişəvəri, 1945-ci ilin sentyabrında Azərbaycan Demokrat Firqəsini təsis edərək onu “Azərbaycan” qəzetində elan etdi. Az bir müddətdə ADF-nin milli demokratik şüarlarından ilham alan azərbaycanlılar - minlərlə insan partiyaya axın etdilər və bu zaman Tudə partiyasına 1941-ci ildən üzv olan azərbaycanlılar da “Tudə”dən çıxaraq ADF-yə üzv olmağa başladılar. Bir müddətdən sonra onların sayı 55 min nəfərə çatdı.
S.Pişəvəri SSRİ-də baş verən proseslərdən xəbərdar idi və bir çox hadisələrin iştirakçısı da olmuşdu. Sovet quruculuğunda da solçuluq, radikallıq və şovinizm meyillərinin olduğunu bilirdi. O, Bakı bolşeviklərinin rəhbəri Nəriman Nərimanovu “Şərqin Lenini”, “Bakı füqərasının böyük müəllimi” adlandırırdı. Pişəvəri Azərbaycanda 1920-ci il aprel çevrilişindən sonra redaktoru olduğu “Hürriyyət” qəzetinin demək olar ki, elə bir nömrəsi yoxdur ki, orada sovet ideologiyasına, yenilikçiliyə, azadlığa dəstək verməsin. Bu cəhətdən S.C.Pişəvəri ilə Nəriman Nərimanovun düşüncə və yanaşma tərzində fərqli cəhət tapmaq mümkün deyildi. Lakin, o zamanlar keçmişdi, SSRİ-də stalinizm bərqərar olmuşdu. 20-ci illərdə təşviq olunan addımlara görə 30-cu illərdə edam hökmü verilirdi.
ADF-nin yaranmasından dörd ay sonra “Azərbaycan Milli Hökumətinin” elan olunması S.Pişəvərinin nə qədər qabaqgörən, xalqın arzu və istəklərini anlayan, milli demokratik hüquqlara sədaqətli olduğunu göstərirdi. Pişəvərinin öndərliyi ilə Güney Azərbaycanda nə kimi işlər görüldu mövzusunda çox sayda yazılar yazılıb, kitablar çap edilib, dissertasiyalar işlənib və hər şeydən qabaq “Azərbaycan” ruznaməsində mütəmadi məlumatlar çap olunub. Azərbaycan Milli Hökuməti 12 ay öz xalqına xidmət etdi və İran hakimiyyətinin yüz ildə etmədiklərini edə bildi. Ən başlıcası isə xalqın yaddaşında, sevgisində, xatirələrində iz qoydu. Bu mövzunun üzərində dayanmayaraq birbaşa mühacirət dövrünə keçmək vacibdir.
1946-cı ilin dekabırında ADF-nin siyasi rəhbərləri və fədailər dəstəsi Sovet İttifaqına mühacirət etdi. Sovet hökuməti belə bir siyasi qüvvənin mövcud olduğunu və onun İran daxilindəki fəaliyyəti haqqında məlumatı olsa də milli demokratik qüvvələri dəstəkləmirdi və SSRİ üçün Tudə partiyası daha çox “məhrəm” hesab edilirdi. Tudə partiyası, ADF-nin mühacirətindən sonra da mərkəzi Tehran şəhərində olmaqla fəaliyyətini davam etdirirdi və SSRİ bütün imkanları ilə onları dəstəkləyirdi. Məhz bu münasibətin nəticəsi olaraq ADF üzvlərini həbs edən Pəhləvi rejimi özünü firqəçi hesab edənləri edam etdi. Lakin “Tudə”rəhbərlərini, üzvlərini Sovet hökumətinin diplomatik kanalları ilə həbsdən azad edərək SSRİ-yə gətirilməsini təmin etdilər.
İş-işdən keçmişdi, çox böyük bir insan kütləsi İran rejimindən qaçaraq Sovet Azərbaycanına gəlmişdi və bu problemi həll etmək lazım idi. İlk addım olaraq sovet hakimiyyəti S.Pişəvərini aradan götürdü. Bakıda dəfn olunmasına icazə verilmədiyi üçün onu Buzovna qəsəbəsindəki vərəm dispanserinin həyətində dəfn etdilər. Diqqəti cəlb edən odur ki, S.Pişəvərinin 1959-cu ildə cənazəsini Bakıda Fəxri Xiyabanda dəfn etmək üçün Moskvadan icazə istənildi. Bəzi mənbələrdən məlum olur ki, “sovet casuslarının” verdiyi məlumatlara görə S.Pişəvərini İran kommunist hətəkatının üzvü olmadığına görə icazə verməkdə tərəddüd edirdilər. Yalnız, 1960-cı il mart ayının 22-də Azərbaycan KP MK bürosunun qərarı ilə onun nəşi I Fəxri Xiyabana köçürüldü.
Azərbaycan KP MK bürosunun belə bir cəsarətli addımı ola bilsin ki, ADF ilə Tudə partiyası arasında gedən uzunmüddətli danışıqların sona çatması idi. Bununla əlaqədar daha geniş şərhə ehtiyac var.
1947-ci ildə lidersiz qalan ADF yenidən təşkilatlanmalı və siyasi qüvvələrini bərpa etməli idi. 1947-1953-cü illər arasında ADF-nin strukturlaşması işi həyata keçirildi və bu illər çox ağır keçdi. ADF-nin mühacirətdə olan qüvvələri, Güney Azərbaycanda olan gizli təşkilatları, digər xarici ölkələrə mühacirət etmiş firqə mənsublarının əlaqələndirilməsi problemlərlə qarşılaşırdı.
50-ci illərin ikinci yarısında Moskvanın siyasi-ideolojı funksionerləri tələb edirdi ki, İranı təmsil edən ADF və Tudə partiyası birlik təşkil etsin. Bu birliyin təşkili üçün heç bir ideolojı zəmin yox idi və ADF-nin milli demokratik partiya olması, Tudənin də marksist-leninçi partiya ideologiyasına mənsubiyyəti ziddiyyət təşkil edirdi. Tudə ADF-ni millətçilikdə ittiham edir, ADF-də Tudəni heç bir elektoratı olmayan ideoloji elita olmaqda ittiham edirdi. Danışıqlar dörd il çəkdi və bu danışıqlarda ADF rəhbərləri Qulamyahya Daneşian, Mirqasım Çeşmazər, Mirrəhim Vilayi, Əmirəli Lahrudi çıxışlar edir və Azərbaycan Demikrat Firqəsinin milli-demokratik mövqeyini müdafiə edirdi. Tudə funksionerləri müzakirələrdə “proletariatın” haqları və diktaturası çərçivəsindən kənara çıxa bilmir, millətlərin hüquqlarını nəzəri olaraq qəbul etsə də yeni bir dövlət modeli irəli sürə bilmirdilər. Əlbəttə ki, sovet hökuməti funksionetlərinin dəstəyinə də arxayın idilər. Bu təşkilatların birliyi üçün vahid konsepsiya mövcud deyildi ki, nəhayət Moskva ideoloqları tərəfindən “İranda şahlıq rejiminin devrilməsi” ideyası uğrunda birliyin təşkil olunması təklifi irəli sürüldü.
Bu illər ərzində keçirilən görüş və müzakirələr protokollaşdırılır, stenoqramması yazılır və arxivləşirdi. Odur ki, müzakirələrin sonunda təşkil olunan vəhdət konfransı vahid məram yolunda birlikdə fəaliyyət göstərmək məqsədlərini qeyd etməklə bərabər, Qulamyəhya Daneşyanın qətiyyətli tələbi ilə ADF-nin tam müxtariyyatını da konfrans protokolunda qeydə aldı. Bu yolla ADF mühacirət illərində siyasi strukturunu qoruyur, təşkilat iclaslarını müstəqil keçirir, müstəqil olaraq gündəmi qiymətləndirir və konkret fəaliyyəti ilə milli azadlıq şüarlarını irəli sürürdi.
1979-cu ildə İranda baş verən fevral inqilabı zamanı da ADF ən düzgün addımları ata bildi. Tudə partiyası Sovet hakimiyyətinin himayəsinə güvəndiyi üçün bir qrup tudəçi ölkəyə gedib leqal fəaliyyət etməyi tələb edirdi, bir qrup isə mollalara etimad etmədiklərini irəli sürürdü ki, partiya ikiyə bölündü və birincilər qalib gəldilər.
ADF isə öz strukturunu yeni dövrə uygunlaşdıraraq artıq yaşlaşmış, lakin çox nüfuzlu lider olan general Qulamyəhya Daneşianı ADF-nin sədri olaraq saxladı, Əmirəli Lahurudi ADF-nin birinci katibi olaraq mühacirət təşkilatının rəhbəri oldu, Milli Hökumətin Baş Prokuroru olmuş Firudin İbrahiminin qardaşı Ənuşirəvan İbrahimi ADF-nin ikinci katibi olaraq Güney Azərbaycanda leqal fəaliyyətə rəhbərlik edir, ADF-nin gizli fəaliyyət edən strukturları isə fəaliyyətini həmin şəkildə davam etdilər. O, illərdə mərhum Q.Daneşian firqəçilərə deyirdi ki, “o şəxs ki, Azərbaycan dilinin təbliği ilə məşğuldur, maarifimizi, milli musiqimizi, mədəniyyətimizi təbliğ edir onun yaxasına ADF üzvü markasını taxmaq lazım deyil. Qoyun öz işini görsün”.
İranda 1983-cü il repressiyaları bir daha göstərdi ki, İran İslam Respublikası da Azərbaycanın milli qüvvələrindən daha çox qorxur, nəinki Tudənin marksist-leninçi təbliğatından. Həbs olunan Tudə rəhbərləri İran mollaları tərəfindən əfv edildilər, tamamilə səbəbsiz tutulan ADF-nin məsul şəxsləri isə edam edildi. Yenə də Sovet hakimiyyəti diplomatik xidməti Tudəçilərin mühacirətini təşkil etdi. ADF-rəhbərlərinin isə edamqabağı məktubları ailələrinə təqdim olundu.
Azərbaycanda milli azadlıq hərəkatının keçən 80 ili müddətində həyata keçirilən məqsədəyönlü ideolojı, kulturolojı və milli siyasət öz bəhrələrini verməsi ilə yanaşı milli şuurun formalaşması və inkişafımda bir sıra görkəmli siyasi xadimlərin şəxsi fəaliyyəti də müstəsna rol oynadı. Bu sıraya ADF-nin siyasi heyyətinin bir çox üzvləri ilə yanaşı şimali Azərbaycandan ezam edilmiş görkəmli şəxsiyyətlərin də adını çəkmək lazımdır. Bu sırada akademik Mirzə İbrahimov, professor Zülfəli İbrahimov, professor Cəfər Xəndan və başqalarını göstərmək olar. Bu məqalədə professor Zülfəli İbrahimovun və akademik Mirzə İbrahimovun keçmiş olduqları həyat yolundan bəzi epizodları diqqətə cəlb etmək istəyirik.
Milli hərəkatın xidmətində olan maarifçilər:
1941-ci ilin sentyabrında Sovet qoşunları İran sərhədlərini keçərək ölkənin daxilinə dogru irəlilədikcə müxtəlif layihələr həyata keçirir, siyasi təşkilatlar qurur və ölkənin gələcəyini dizayn edilməsi məqsədi ilə addımlar atırdılar. Zaqafqaziya cəbhəsi 15-ci Qafqaz korpusinin 23-cü diviziyasının Urmiyə şəhərində çap olunan “Qızıl əsgər” qəzetinin baş redaktoru, o zaman yenicə tarix elmləri namizədi dissertasiyasını müdafiə etmiş, gənc alim Zülfəli İbrahimov idi.
1941-ci il avqustun 25-də SSRİ ordusu Cənubi Azərbaycana daxil olduqda, oktyabr ayının 11-dən etibarən Təbrizdə “Vətən yolunda” qəzeti nəşr olunmağa başlayır ki, onun da baş redaktoru gənc yazıçı Mirzə İbrahimov idi. Bu qəzetlərin gündəlik tirajı 15.000 nüsxəyə çatırdı.
Bu dövrdə, Urmiyə və Təbrizdəki qəzetlər Azərbaycan dilində çap olundugu halda Rəştdə fars dilində “Sərbaz-e sorx” (qızıl əsgər) qəzeti Xasay Vəzirovun redoktorlugu ilə çap olunurdu. 1942-ci il aprelin 13-də qəzetlərin nəşri dayandırıldıqda artıq ümumilikdə 89 sayı işıq üzü görmüşdü.
Bu illərdə Sovet xüsusi xidmətləri İran ərazisində geniş cəsus şəbəkələri də yaradırdı və bu işdə ermənilərin xidmətlərindən geniş istifadə olunurdu. Azərbaycan ziyalıları haqqında yazılan “danosların” nəticəsində qəzetlərin fəaliyyəti dayandırıldı. “Tehran konfransından” sonra qəzetlərin yenidən çap olunmasına başladılar. 1944-cü il aprel ayının 10-undan başlayaraq qəzetlər yenidən çap olunurlar. Ümumilikdə 1941-ci ildən 1946-cı ilin mayın 1-ə qədər qəzetlərin 406 sayı işıq üzü gördü. Bu dövrdə Azərbaycanın şəhərlərində çox sayda qəzetlər çap olunsa da, baş redaktorları olmuş Mirzə İbrahimov, Zülfəli İbrahimov, Həsən Şahgəldiyev və Rza Quliyev Güney Azərbaycanın milli-mədəni oyanışında mühüm rol oynadılar. Bu görkəmli şəxsiyyətlərin güney Azərbaycanda “səpdikləri” milli oyanış toxumları uzun müddət cücərdi, bəhrə verdi və məqsədlərinə çatdı.
Bu Qəzetlərin səhifələrində Məhəmməd Biriya, Mir Mehdi Etimad, Əli Fitrət, Aşıq Hüseyn Cavan, Balaş Azəroğlu, Əli Tudə, Yəhya Şeyda, Məhəmmədbağır Niknam, Məhəmmədəli Fəxrəddini (Məhzun), Hökumə Billuri, Əli Nişani, Həbib Sahir, Qulu xan Borçalı, Tağı Milani, Hilal Nasiri, Mədinə Gülgün və bir çox başqalarının şerləri, Məhəmmədlu Əbbasi, Ə.Sefvət, Abdulla Fərivər, Səməd Səbahi, Mir Rəhim Vilayi, Məhəmmədəli Fərzanə (Qövsi) və bir çox başqalarının əsərləri çap olunurdu. Öz ədəbi dilini öyrənən, ana dilində yazmagı və oxumagı öyrənən güney azərbaycanlılar üçün “Vətən yolunda” və “Qızıl əsgər” qəzetlərində çap olunmaq qürur mənbəyi idi.
Qazetlərin redaksiyasında Azərbaycan şairlərindən Süleyman Rüstəm, Osman Sarıvəlli, Məmməd Rahim, yazıçılardan Süleyman Rəhimov, Əvəz Sadıq, Ənvər Məmmədxanlı, Qılman İlkin (Musayev), Seyfəddin Dağlı (Abbasov), Cabbar Məcnunzadə, jurnalist, elm və mədəniyyət xadimlərindən İsrafil Nəzərov (məsul katib), Qulam Məmmədli, Həmid Yolçiyev, Cəfər Xəndan (baş redaktorun müavunu), Mehdixan Vəkilov, Mirzəağa Quluzadə, Rəhim Sultanov, Məmmədağa Sultanov, rəssamlardan İsmayıl Axundov, Kazım Kazımzadə, Salam Salamzadə və bir çox başqaları işləyirdi. Adları çəkilən bu tarixi şəxsiyyətlər güneyli-quzeyli Azərbaycanın “milli pasportunu” təsis edənlərdir.
Bu qəzetlərin səhifələrində 50-yə yaxın yerli şair öz şerlərini çap etdirirdi. Elə onlar da “Şairlər məclisinin” yaranmasının təşəbbüsçüsü oldular. “Şairlər məclisi”nin ilk iclası 1945-ci il yanvarın 7-də keçirildi və Mir Mehdi Etimad onun sədri seçildi. Azərbaycan Milli Hökuməti qurulduqdan sonra isə Maarif nazirliyinin nəzdində “Şairlər və Yazıçılar cəmiyyəti” quruldu.
Göründüyü kimi Azərbaycan ziyalıları tarixin ən mürəkkəb dövründə Güney Azərbaycanda “marksizm-leninizm” təbligatı deyil, milli-mədəni dəyərlərin təbligi ilə məşgul olurdular. Azərbaycan ziyalılarının belə bir davranışı Moskva hakimiyyətinə elə bir dərs verdi ki, sonrakı illərdə Azərbaycan ictimai xadimlərinin iran ərazisində hərəkətləri bütünlükdə məhdudlaşdırılmaga başlandı. Professor Nəzib Nəzibzadənin xatirələrində də qeyd olunur ki, Sovet İttifaqının İrandakı səfirliyinə işləməyə təyinat almış mütəxəssisləri nə sovet dövləti Azərbaycan ərazilərinə göndərirrdi, nə də İran dövləti onlara etibar edirdi.
O illərdə gənc alim olan Zülfəli İmaməli oğlu İbrahimovun şəxsiyyəti, güney Azərbaycanın milli-mədəni oyanışında əhəmiyyətli rolu xüsusilə diqqəti cəlb edir. Sonralar, o- Azərbaycanın görkəmli alimi, tarix elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü və eyni zamanda SSRİ Jurnalistlər İttifaqının üzvü və bir çox məsul vəzifələrdə oldu.
Zülfəli İmaməli oğlu İbrahimov 1910-cu il dekabrın 25-də Cənubi Azərbaycanın Sərab şəhərində anadan olmuşdur. İlk fürsətdə, onun yenidən güneyə getməsi və xalqına xidmət etmək istəyi doguldugu torpaga, ana vətəninə baglılıgı ilə də anlaşılardı.
O, 1920-ci ildə ailəsi ilə birlikdə Bakıya köçmüş və burada təhsil almışdır. 1932-ci ildə Zülfəli İbrahimov Ümumittifaq Jurnalistlər İnstitutunda oxumaq üçün Moskvaya göndərilmiş və 1935-də İnstitutu bitirdikdən sonra Bakıya qayıdaraq, «Kommunist», «Nuxa fəhləsi», «Yeni yol», «Gənc işçi» və b. qəzet redaksiyalarında məsul vəzifələrdə çalışmışdır.
1936-1937-ci tədris ilindən isə ömrünün sonuna kimi Z. İbrahimov Azərbaycan Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olur. Azərbaycan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının təşkili də onun adı ilə bağlıdır. Sovet dövründə milli respublikaların tarixinin öyrənilməsi və tədrisinə çoxsaylı əngəllərin olduğu bir şəraitdə o, Universitetdə “Azərbaycan tarixi” kafedrasının açılmasına nail oldu. Zülfəli İbrahimov həmin kafedranın müdiri, Universitetin tarix fakültəsinin dekanı, 1960-1967-ci illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının A. Bakıxanov adına Tarix İnstitutunun direktoru vəzifələrində işlədi. AMEA-nın A.Bakıxanov adına tarix institutuna rəhbərliyi ayrıca bir tədqiqatın obyektidir.
12 noyabr 1960-cı ildə Z.İbrahimovu AMEA-nın A.Bakıxanov adına tarix institutuna direktor təyin edilən zaman yenicə Akademiyanın müxbir üzvü olmuşdu. 1936-cı ildən başlayaraq institutda 14 direktor çalışmışdı. Onlardan altısı qeyri millətlərdən olmuş və milli kadrlarında bəziləri repressiyalara məruz qalmışdı.
1936-cı ildə Zülfəli İbrahimov bakı Dövlət Universitetində “Azərbaycan terixi” kafedrasını formalaşdırdıgı zaman AMEA nəzdində də “Tarix institutu” yaradılırdı. Onun birinci direktoru İvan İvanoviç Meşaninov təyin edildi və bir il fəaliyyət göstərdi(1936–1937). İkinci direktor Artur Rudolfoviç Zifeld-Simumyagi təyin olundu və cəmisi iki ay fəaliyyət göstərə bildi. Ondan sonra Əhməd Əli oğlu Əhmədov təyin edildi və cəmi bir ay fəaliyyət göstərdi. Dördüncü direktor İdris Məşədi Zaman oğlu Həsənov oldu və yeddi ay fəaliyyət göstərə bildi. Beşinci direktor Aleksey Alekseyeviç Klimov oldu və 11 ay fəaliyyət göstərdi. 1940-cı ilin fevralında altıncı direktor Yakov Dmitriyeviç Kozin oldu və doqquz ay fəaliyyət göstərə bildi. Yenidən Aleksey Alekseyeviç Klimov təyin olundu və bu dəfə altı ay fəaliyyət göstərə bildi. Beləliklə Tarix institutunun inkişafında ciddi problemlər yaranır və təbii ki, yeni, fundamental əsərlər meydana gəlmirdi.
Professor Zülfəli İbrahimov elmi fəaliyyətinin ilk dövrünü Azərbaycan xalqının mühüm tarixi problemlərinin tədqiqinə həsr etmişdir. O, 1930-1940-cı illərdə «Qədim Azərbaycan cəmiyyəti», «Babək üsyanı», «X-XII əsrlərdə Azərbaycanın sosial-siyasi vəziyyəti», «Zaqafqaziya xalqlarının sasanilərə qarşı mübarizəsi», «Sasanilər dövründə Azərbaycanın sosial-iqtisadi həyatı» adlı elmi məqalələr yazmışdır. Həmin əsərlərdə Zülfəli müəllim Azərbaycanda ictimai-iqtisadi münasibətlərdən, Azərbaycan xalqının azadlıq mübarizəsini dərinliyi ilə araşdırmışdı.
1941-ci ildə Zülfəli İbrahimov Azərbaycan Dövlət Universitetində öz xalqının qəhrəmanlıq tarixinə - «Ərəb işğalçılarına qarşı Azərbaycan xalqının mübarizəsi»nə həsr etdiyi namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir və tarix elmləri namizədi alimlik dərəcəsini alır. Z.İbrahimov tarix elmləri sahəsində belə bir dərəcəni alan ilk azərbaycanlılardan biri olur. O, həmçinin «Döyüşkən Azərbaycan xalqı», «Azərbaycan qadınlarının qəhrəman keçmişindən» (1943), «Yazıçılar və tarixçilər azərbaycanlıların mərdliyi və şücaəti haqqında» və s. kimi elmi kütləvi kitabçalar da yazıb çap etdirmişdi.
Babəkin rəhbərliyi altında azadlıq mübarizəsi ilk dəfə Azərbaycan tarixşünaslığında Zülfəli İbrahimovun 1942-ci ildə yazdığı «Azərbaycan xalqının ərəb işğalçılarına qarşı mübarizəsi» və 1944-cü ildə qələmə aldığı «Babək» əsərlərində Hərəkatın Xilafətə qarşı mübarizəsi hərtərəfli şərh və təhlil edilir.
1948-ci ildə «1917-1918-ci illərdə Azərbaycanda Sovet hakimiyyətinin qurulması uğrunda mübarizə» mövzusunda doktorluq dissertasiyasını müdafiə edir. Alim, 25 fevral 1950-ci il qərarı ilə tarix elmləri doktoru elmi dərəcəsini və 17 iyun qərarı ilə professor adını alır. 1959-cu ildə isə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilir.
Zülfəli İbrahimov 80-ə qədər namizədlik və doktorluq dissertasiyalarına rəhbərlik etmiş və rəhbəri oldugu gənc alimlər sonralar professor dərəcəsinə çatmış və müəllimlərinin “estafetini” davam etdirmişdilər. Bu tədqiqatı edən alimlər 1950-ci illərdə Zülfəli İbrahimovun rəhbərliyi ilə müdafiə etmiş və sonralar professor olmuş Abuzər Xələfovun tələbələridirlər və alimin yüksək pedoqojı, elmi ugurları haqqında ilk məlumatı müəllimlərinin xatirələrindən eşidiblər. Z.İbrahimovun milli alimlər yaradıcılıgı artıq beşinci nəslin formalaşmasına xidmət edir.
Alim, 400-ə qədər elmi məqalə və əsərin müəllifidir. Dövlət və xalq onun əməyinə yüksək qiymət vermiş və Oktyabr inqilabı, Şərəf nişanı ordeni, bir çox medallar və fəxri fərmanlarla təltif olunmuş, Azərbaycan SSR dövlət mükafatı laureatı adına layiq görülmüşdür.
Zülfəli İbrahimov 1972-ci il sentyabrın 21-də vəfat edəndə 62 yaşı var idi. Bu il (2025-ci il) onun115-illiyi qeyd olunur. Azərbaycanın görkəmli alimi, pedaqoqu və ictimai xadimi Zülfəli İbrahimovun 120 illiyinə onun biblioqrafiyası və Azərbaycan tarixinin öyrənilməsində oynadıgı əhəmiyyətli rol ilə əlaqədar fundamental tədqiqatlar aparılmalıdır. Mirzə İbrahimovun Azərbaycan dili uğrunda mübarizədə keçən ömrü
Ana dili ugrunda mübarizə:
SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə SSRİ Elmlər Akademiyasının filialı Azərbaycan Elmlər Akademiyasına çevrildiyi zaman 15 təsisçi akademiklər seçilmişdi. Onların hər biri Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olmuş şəxsiyyətlər idi. Aralarında 34 yaşı hələ tamam olmamış gənc Mirzə İbrahimov da var idi. O, 1935-1937-ci illərdə SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alır və görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin həyatı və fəaliyyətindən bəhs edən namizədlik dissertasiyasını müdafiə edir. 1942-ci ildə isə 31 yaşında Azərbaycan Xalq Maarif Komissarı vəzifəsinə təyin olunur və 1942–1946-cı illər ərzində Azərbaycanın Maarif Naziri vəzifəsində fəaliyyət göstərir.
Mirzə İbrahimov Azərbaycan Elmlər Akademiyasının təsisçi akademiklərindən biri olaraq seçilən zaman gənc olmasına baxmayaraq artıq formalaşmış elmi, ədəbi və siyasi kimliyi formalaşmış bir ictimai xadim idi.
1 avqust 1941-ci ildə Zaqafqaziya Hərbi Dairəsi Komandanının 26 iyul 1941-ci il tarixli əmri əsasında, SSRİ-nin İranla sərhədini əhatə etmək məqsədilə 28-ci Mexanikləşdirilmiş Korpusa əsaslanan Zaqafqaziya Hərbi Dairəsinin bir hissəsi olaraq 47-ci Ordu yaradılmışdır. Cənubi Azərbaycanda ideolojı işi yaymaq məqsədilə 1941-ci il sentyabrın 21-də İran dövlətinin Azərbaycan ərazisində Azərbaycan SSR-dən səfərbər edilmiş partiya, sovet, hüquqmühafizə, təsərrüfat və mədəniyyət işçilərindən ibarət qrup Azərbaycan Kommunist Partiyası MK-nın üçüncü katibi, Təbrizdəki 47-ci ordunun Hərbi Şurasının üzvü Əziz Əliyevin rəhbərliyi ilə fəaliyyətə başladı.
Bu qrupa Süleyman Rəhimov, Mirzə İbrahimov, Mustafa Quliyev və b. daxil idi. Mətbuat, redaksiya qrupu 1941-ci il oktyabrın 11-dən ərəb əlifbası ilə Azərbaycan dilində, Təbriz şəhərində “Vətən yolunda” qəzetinin nəşrinə başladılar. Eyni zamanda, Urmiyada Azərbaycan dilində “Qızıl əsgər” (redaktoru Zülfəli İbrahimov) və Rəştdə fars dilində “Qızıl əsgər” (redaktoru Xasay Vəzirov) ordu qəzetləri buraxılırdı.
1945-ci ilin noyabrında Mirzə İbrahimovun “Azərbaycan dili” məqaləsi çap olunur. Bu ona görə önəmlidir ki, məqalə Təbrizdə yazılır. Bu zaman Təbrizdə cərəyan edən hadisələr kontekstində Azərbaycan dili probleminin qaldırılması çox önəmli idi. Belə ki, M.İbrahimov Cənubi Azərbaycanda azadlıq hərəkatının və milli mücadilənin başında duranlardan biri idi. Hətta onun burada “Əjdəroğlu” adı ilə əfsanəvi şəxsiyyət olaraq tanınması ilə bağlı xatirələr də vardır. Yazıçı Qılman İlkin M.İbrahimovun Təbrizdəki fəaliyyətindən bəhs edərkən burada daşnakların faşistlərlə birləşərək Cənubi Azərbaycanı Ermənistanın tərkibinə qatmaq istəklərinin üzərindən xətt çəkməsini xatırlayır: “Onlar (daşnaklar-B.Ə.) Cənubi Azərbaycana daxil olmuş ordunun tərkibindəki azərbaycanlı döyüşçülərə qarşı gizli təbliğat aparırlar. Hətta əhali içərisində şayiə yayırlar ki, Cənubi Azərbaycan tezliklə Ermənistana qatılacaqdır. Bununla əlaqədar Mirzə (İbrahimov-B.Ə.) məni çağıraraq bu mövzuda qəzetdə (“Vətən yolu” qəzeti nəzərdə tutulur) çıxış etməyi tapşırdı. Mən yayılan xəbərləri daha dərindən araşdırıb öyrəndikdən sonra qəzetin növbəti sayında “Daşnaklar faşist agentləridir” adlı məqalə ilə çıxış etdim”.
1950-ci illərdə Mirzə İbrahimov Azərbaycanın geniş dairələrində tanınır və sevilirdi. Yazıçı Nahid Hacızadə öz xatirələrində yazır: “O zaman Mirzə İbrahimov sözün əsl mənasında xalqın sevimlisinə, ümid yerinə çevrilmişdi. Böyük ədib Azərbaycan SSR Ali Sovetinin sədri kimi çox böyük işlər apardığına görə ümumxalq sevgisi qazanmışdı. Həmin illər yaddaşlarda özünəqayıdış və milli oyanış illəri kimi qaldı.
N.Hacızadənin yazdığına görə, Nazim Hikmət universitetdəki tələbələrlə görüşünə də Mirzə İbrahimovla gəlir. Məhz bu görüşün Azərbaycan ədəbi mühitinə təsiri ilə bağlı çoxlu fikirlər vardır. Universitetdə divarlara vurulmuş lövhələrin heç birində rus dilində yazılmış elanlara rast gəlmək mümkün deyildi. Bununla onlar Nazim Hikmət və Mirzə İbrahimova “Biz sizin yolunuzu tutmuşuq”, - mesajını verirdilər. Görüş ərəfəsində bir tələbənin Nazim Hikmətə “Əgər bir azərbaycanlı özgə dildə oxuyub, özgə dildə düşünüb, özgə dildə yazarsa, onu azərbaycanlı adlandırmaq olarmı?”, - sualına Nazim Hikmət “Əgər bir adam Çin dilində təhsil alırsa, fikri, düşüncəsi çinli kimi qurulubsa, onu Çin mütəxəssisi hesab etmək olar. Öz ölkəsinə, xalqına onun o qədər də dəxli yoxdur”, - cavabını verir. Lakin Mirzə İbrahimovun cavabı çox kəskin olur: “Gözlənilməz halda Mirzə İbrahimov ayağa qalxıb: “Belələri əclafdır!”, - deyə qışqırdı.
1959-cu ilin fevralında Moskva nümayəndələrinin iştirakı ilə Azərbaycan KP MK-da keçirilən plenum, əslində Mirzə İbrahimova qurulmuş məhkəmədən başqa bir şey deyildi. Buna baxmayaraq, M.İbrahimov əvvəlki mövqeyindən bir addım da olsun geri çəkilmir. Plenumdakı çıxışında Ali Sovetə işə gələndə hər həftə onlarca adamın şikayətini aldığı və yerli dilə göstərilən etinasızlığın dil uğrunda mübarizəyə başlamağın zəruriliyini bir daha təsdiq edərək “Biz belə işlərə qarışmalı, ona qarşı çıxış eləməli idik”, - deyir. M.İbrahimov fikrini yenə də müqayisə ilə əsaslandırır: “Əgər mən Hindistanı görməsəydim, İranda, Finlandiyada və başa ölkələrdə olmasaydım, görməzdim ki, orada nələr baş verir, kiçik xalqlar necə əzilir, onların dilləri necə sıxışdırılır”. Yarım saatlıq çıxışında natiq dil uğrunda mübarizəsində doğru yolda olduğunu bir daha təsdiqləyir. Onun bu nitqini Xeyrulla Əliyev Xosrov Ruzbehin (iranda edam edilmiş Azərbaycanlı inqilabçı) müdafiə nitqi ilə müqayisə edərək yazır: “O vaxtlar heç yerdə işləməyən, öz taleyi ilə yenə də üz-üzə tək qalmış Mirzə İbrahimovun pleniumda çıxışı lap Xosrov Ruzbehin “müdafiə nitqi” kimi bağlı salonları yararaq bütün ölkədə əks-səda doğurmuşdu”.
Mirzə İbrahimovun Azərbaycan dili uğrunda mübarizəsi uğurla nəticələndi; Azərbaycan dili Konstitusiyada dövlət dili statusu aldı. Baxmayaraq ki, bu işdə müəyyən ləngimələr, qarşısına çəkilən sədlər də oldu. Bütövlükdə, Azərbaycan dili uğrunda mübarizə xalqın milli mücadilə əzmini bərpa etdi. Bunun qarşılığında isə Mirzə İbrahimovun şəxsi həyatında ağır günlər başladı. Azərbaycan Ali Sovetinin sədri vəzifəsindən çıxarıldı, “millətçi” damğası vuruldu, bir müddət işsiz qaldı və gələcək fəaliyyətində əngəllərlə qarşılaşdı. Onun Azərbaycan dili ilə bağlı yazdığı nəzəri məqalələri, Ali Sovetdə işlədiyi vaxt qaldırdığı dil məsələsi - Azərbaycan dilini dövlət dili elan etməsi həyatının ən mənalı anları, fəaliyyətinin vacib mərhələsi və göstərdiyi vətəndaşlıq zirvəsi idi. Buna görə ona nə qədər ittihamlar edilsə də, işdən çıxarılsa da, vəzifələt tapşırılmasada, onu sındırmaq, əzmək istəyənlər olsa da, yazıçı heç zaman sınmadı. Yazıçı bütün varlığıyla xalqına, onun tarixinə, dilinə bağlıydı və hər zaman da xalqı onu ən çətin vəziyyətdən belə çıxarırdı. Yazıçı özü isə həyatının bu günlərini “Böyük dayaq” romanında belə ifadə edirdi: “Alçaq əllər, məni uçuruma itələyəndə dadıma sən çatmısan, amansız qorxu başımın üstünü alaraq məni ağır fikirlərə saldığı zaman, xoş günün dönük dostları, zəif və qorxaq yoldaşlar məndən üz döndərdiyi zaman yeganə dayanacağım sən olmusan”.
Mirzə İbrahimov 1911-ci ilin oktyabr ayında cənubi Azərbaycanın Sərəb şəhərində anadan olub. O, Azərbaycanın tanınmış yazıçısıdır, dramaturqdır və ictimai xadim olaraq ömrü boyu xalqına xidmət etmişdi. O, 1945-ci ildən Azərbaycan SSR Elmlər Akademiyasının akademiki olub, 1981-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı alıb, 1961-ci ildən Azərbaycan SSR xalq yazıçısı olub, 1951-ci ildə “Stalin” mükafatı laureatı olub, 1965-ci ildə Mirzə Fətəli Axundov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı olub, 1979-cu ildə Beynəlxalq Nehru mükafatı laureatı olub. 1954-1958-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri olub, 1942-1947-ci illərdə Azərbaycan SSR maarif komissarı və maarif naziri olub, 1948-1954-cü illərdə Azərbaycan Yazışılar İttifaqının İdarə Heyətinin sədri olub, 1937–1991-ci illərdə SSRİ Ali Sovetinin fasilələrlə deputatı olub, uzun müddət Azərbaycan SSR Ali Sovetinin deputatı olub və ən başlıvası həyatını ugrunda həsr etdiyi xalqının milli azadlıgını, müstəqilliyini görmək ona nəsib olub. Öz həyatının əsas ideyasını Mirzə İbrahimov əsərlərində belə müəyyənləşdirmişdi: “Ey mənim xalqım, ey mənim ümidim və pənahım. Ürəyimin istiliyi səndəndir. Fikrim işığını səndən alır. Həyatımın hər yolunun sürüşkən döngələrində qolumdan tutan, məni yıxılmağa qoymayan sən olmusan. Gözəl binalar üçün mənə daş yonduran sənin eşqindir. Yolların kənarında ağac əkdirən, səhralara su gətirdən, yerin altını eşib sərvət tapdıran, çöllərdə məhsul yetirmək həvəsini alovlandıran, qolumdan tutub “Yaz!” deyən sənsən”.
Ömrünün axırınadək Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı Şöbəsinin müdiri olmuş və xalqının müstəqil dövlət quruculugunu gördükdən sonra, 1993-cü ildə dünyasını dəyişdirmişdi. Bu illərdə də xalqına, mədəniyyətinə və ana dilinin inkişafına xidmət etmişdir.
NƏTICƏ
Müasir iranda gənclər müxtəlif məhdudiyyətlərə baxmayaraq “internet əsrinə” sürətli inteqrasiya olunur və qlobal informasiya proseslərinin aktiv iştirakçılarıdırlar. Onları informasiya məhdudiyyətində saxlayaraq dini və feodal münasibətlər sisteminin əsiri olaraq saxlamaq ildən-ilə çətinləşir. Bu günlərdə, terrorist kimi öldürülən Qasım Süleymaninin “Cənnətdə həzrəti Fatimənin şəxsi köməkçisi vəzifəsinə təyin olunması” haqqında İran din xadimlərinin bəyanı artıq gənclərdə eroniya yaradır və XX əsrin 70-ci illərində müşaidə olunan kütləvi asketizmdən əsər-əlamət qalmayıb.
Odur ki, ölkə iqtisadiyyatını müasir tələblər səviyyəsinə uygunlaşdırılması, ölkənin gənc nəslinin ümüdlü və geleceyi olan ölkədə yaşamaq perspektivi post islam respublikası dövlət quruculugunda əhəmiyyətli rol oynayacaq. İranın dövlət quruculugunda ənənəvi mühafizəkarlıqdan fərqli olaraq post islam respublikası mərhələsində gənclərin dominant olması gözlənilir.
Bu günlər, Azərbaycan Demokrat Firqəsi yaranmasının və şərəfli fəaliyyətinin 80 illiyini qeyd erdi. Təqiblərə, hücumlara, edamlara baxmayaraq ADF(Azərbaycan Demokrat Firqəsi) bu gün də fəaliyyətini davam etdirir, İran İslam Respublikasının qorxulu röyası olaraq ayaqdadır və “Azadlıq, Ədalət, Milli hökumət” şüarı ilə Güney Azərbaycanin milli azadliq hərəkatinin önündədir.
REFERENCE
Azerbaijani book. Bibliography. in ten volumes, volumes III, IV and V - book 1-2 (1951-1960)(1961-1970), Baku, 2014. http://anl.az/down/Azerb.kitabVcild.kitab1.pdf http://anl.az/down/azerbaycan_kitabi.pdf
Kazimi, P. F. O. (2023). Why do books burn? (a little history of the genocide of books). Scientific and theoretical almanac Grani, 26(1), 57-61.
Biobibliographic Data Repository of Documentary Cultural Heritage. Kunanets, N., Filippova, N., Dobrovolska, V., Kazimi, P. International Scientific and Technical Conference on Computer Sciences and Information Technologies, 2020, 2, страницы 221–225, 9321944
Project and innovation activity of libraries. Bilovus, H., Mudrokha, V., Pavliuk, K., Kazimi, P. CEUR Workshop Proceedings Эта ссылка отключена., 2020, 2565, страницы 58–70.
Həsənov Rahim Rafiq oğlu. AZƏRBAYCAN XALQ CUMHURİYYƏTİ SİYASİ XADİMLƏRİNİN DÖVLƏTÇİLİK FƏALİYYƏTİ (1917-ci il fevral-1918-ci il may) fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın Avtoreferati BAKI – 2023. https://aak.gov.az/upload/dissertasion/tarix/1.pdf
Güney Azərbaycan Milli Hərəkatının şanlı – 80 İli. https://crossmedia.az/az/article/57092
Mirzə İbrahimovun Azərbaycan dili uğrunda mübarizədə keçən ömrü https://crossmedia.az/az/article/64282
Tariximizə iz qoymuş alim. https://crossmedia.az/az/article/59310