Yanvarın 10-da İsveçdə görkəmli alim və cərrah Cavad Heyətin anadan olmasının 100 illiyinə və “Varlıq” dərgisinin 46 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.
“Azerbaijan Post” xəbər verir ki, İsveçdə fəaliyyət göstərən “Qobustan” Azərbaycan Aydınlar Ocağı təşkilatının sədri Səadət Kəriminin moderatorluğu ilə baş tutan konfransda tarix, türkologiya, fəlsəfə, ədəbiyyat və dilçilik sahələri üzrə alimlər, eləcə də siyasi və sosial-ictimai xadimlər geniş məruzələrlə çıxış ediblər.
Konfransda “Qobustan” cəmiyyətinin üzvləri ilə yanaşı, Dr., dosent Məmmədrza Heyət (Ankara), professor Nəsib Nəsibli (Bakı), professor Toğrul İsmayıl (Ankara), professor Solmaz Rüstəmova Tohidi (Bakı), “Azərbaycan Post” qəzetinin rəhbəri Yaşar Purəli (Kanada), şair və Güney Azərbaycan milli fəalı Şərifə Cəfəri (Almaniya), DR., dosent Gülarə Yenisey (Türkiyə), DR. Bünyəmin Qəmbərli (Bakı), DR., dosent Mayıl İsmayılov (Mingəçevir), İsveçdə Güney Azərbaycan Demokratik Partiyasının sözçüsü Mahmud Bilgin, milli fəallar Əsəd Təbrizli, jurnalist Reza Ağapur, milli fəal Cavad Derəxti, milli fəal Abdulla Amir Haşimi (Cavanşir), Güney Azərbaycan milli fəalı Əli Eşqi, DR., siyasi xadim Zəlimxan Məmmədli (Bakı), Dr. Şahnaz Kamal (Rusiya), İsveç Azərbaycan Federasyonunun sabiq başqanı, milli fəal Səttar Sevigin, Dr. Tünzalə Seyfullayeva (Bakı), DR. Turan İbrahim (Bakı), doktorantlar Məryəm Qaraxani (Türkiyə), Aysel Acalova və Fərqanə Zülfüqarova (Bakı) iştirak ediblər.
Konfransda Cavad Heyətin elmi və ictimai irsi, “Varlıq” dərgisinin Güney Azərbaycan milli-mədəni düşüncəsinin formalaşmasındakı rolu, eləcə də milli ideologiyanın inkişafında bu irsin əhəmiyyəti geniş şəkildə müzakirə olunub.
”Qobustan” Azərbaycan Aydınlar Ocağı” təşkilatının sədri, riyaziyyat və filologiya üzrə elmlər doktoru, İsveçin Gothenburg Universitetitin dosenti Səadət Kərimi keçirilən konfrasla bağlı "Azerbaijan Post"un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik-
-Səadət xanım, öncə rəhbəri olduğunuz dərnəyin fəaliyyəti barədə ətraflı məlumat verməyinizi xahiş edirik. Dərnəyin yaranma məqsədi nədir, bu günə qədər hansı fəaliyyət və layihələr həyata keçirilib? Qarşıdakı dövr üçün hansı yeni layihə və təşəbbüslər nəzərdə tutulur?
-Təşkilatımız 2019-cu ildə yaranıb. Ondan öncə mən və ”Qobustan”ın digər üzvləri İsveçdə fəaliyyət göstərən 23 kültür dərnəyindən ibarət olan Azərbaycan Federasyonunun (AFİ) üzvləri idik. Mən özüm də 2002-ci ildən ”Araz” kültür dərnəyi ilə AFİ-nin üzvü, AFİ-nin İdarə Heyətinin üzvü, sədr müavini idim. 2019-ci ildə biz qərara gəldik ki, yalnız ziyalıları, yaradıcı insanları bir araya gətirəcək bir qurum yaradaq, çünki yaradıcı işlər zaman və yüksək fokuslanma tələb edir.
Beləliklə, ”Qobustan”a İsveçdə yaşayan soydaşlarımızdan alim, yazar, jurnalist, sosioloq, rəssam, mühəndislər, müəllimlər, dilçi, həkim, rejissor, musiqiçi, teatr xadimləri və digər sənətşünaslar cəlb olundular. Birlikdə biz Azərbaycanın bədii ədəbiyyatını, poeziyasını, mədəniyyətini, elmini, tarixini və incəsənətini Türk, İsveç və İngilis dilində təqdim etmək üçün çalışırıq, tərcümələr edirik, müxtəlif məqalələr yazırıq, beynalxalq qurumlara bəyanatlar göndəririk, maarifləndirmə xarakterli konfranslar və seminarlar təşkil edirik, kitab təqdimatları və mədəniyyət axşamları təşkil edirik.
Bu tədbirlər bəzən ədəbiyyat və mədəniyyətimizi başqa xalqlara təbliğ etmək məqsədilə İsveç cəmiyyətinə açıq formatda, Stokholm, Yöteborg (Gothenburg) və digər şəhərlərin mərkəzi salonlarında təşkil olunur.
Məsələn, 2019-cu ildə mən, İsveçdə fəaliyyət göstərən diplomatların və alimlərin qatıldığı İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş konfransda öz elmi təhlilimdən ibarət məruzəmlə və tərcümə etdiyim poeziya parçaları ilə Nəsiminin yaradıcılığını təqdim etdim.
Bu illər ərzində Qarabağın tarixi və işğalı, həmçinin Güney Azərbaycanın əsarəti və milli mücadiləsi barədə İsveç mətbuatında məqalələr çap etdirmişik. 2020-ci ildə mənim redaktorluğumda İsveç dilində ”Əks-sədalar: Şahidlər Təbriz, Qarabağ və İrəvandan danışır” adlı kitab nəşr etdirdik. Bu kitaba Eluca Atalının Güney Azərbaycan xalqının dərdlərini, ölkəmizin bu hissəsində bərqərar olmuş sosial mənzərəni gözəl təsvir edən hekayələri, Vahid Qazinin Qarabağı və Xocalı soyqırımını təsvir edən esseləri, elmi araşdırmalarım əsasında yazdığım ”Sarı Gəlin”, ”Ermənilər və Qarabağ”, ”İrəvan- Açıq hava altında vandalizm muzeyi” və ”Filip Yohan Strahlenberq – İsveçdə və digər Avropanın ölkələrində türkologiyanın atası” adlı elmi-publisistik əsərlərim və tərcümə etdiyim Nigar Rəfibəyli, Ramiz Rövşən, Aydın Əfəndi, Rəfiq Zəka Xəndan, Zivər Ağayeva və Adil Rəsulun şeirləri salınmışdır. Bu kitab sayəsində Avropa oxucusu Türk dilləri terminini meydana gətirən, Türk dili qrupu haqqında ilk yazan İsveç əsilli türkoloq Filip Johan Strahlenbergin yaradıcılığını öyrənmiş olur, Avroasiyada türk xalqlarının yaşadığı əraziləri xəritəyə salan ilk etnoqraf və xəritəçi vasitəsilə həm türk xalqları haqqında məlumat almış olur. Bu kitab həm də İsveç və Türk xalqları arasında bir inteqrasiya vasitəsi rolunu daşıyır.
2022-ci və 2023-cü illərdə İsveç ictimaiyyətinə şəhər salonlarında Azərbaycanın qadın yazarları və şairlərindən Məhsəti Gəncəvi, Xurşud Banu Natəvan, Mədinə Gülgün, Əzizə Cəfərzadə və Hökümə Billurinin həyat və yaradıcılığını və social-ictimai fəaliyyətini nümayiş etdirən ədəbi-bədii proqram təqdim etmişik. Mən bu proqramlarda məruzələr etmişəm, dərnəyimizin üzvləri isə həmin ədiblərin əsərlərindən parçaları Türk, İngilis və İsveç dillərində bədii tərzdə səsləndirmişlərdir.
2020-2022 illərdə İsveç Televiziyasında dərnəyimizin üzvü, vaxtilə AZTV-də işləmiş təcrübəli rejissor Rahim Sadıqbəylinin layihəsi olan həftəlik ”Azərbaycan saatı” proqramını efirdə yayınladıq. Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə qurulmuş Azərbaycan Cümhuriyyəti (1918-1920), 1918- ci ildə daşnakların Azərbaycanda törətdiyi soyqırımı, Türkmənçay müqaviləsi ilə ikiyə bölünmüş coğrafiyamız, 20 yanvar 1990 Bakı qətliamı, və s. mövzulara həsr olunmuş bu proqramların senari müəllifi mən Səadət Kərimi, rejissoru Rahim Sadıqbəyli, səsləndirəni isə mən və dərnəyimizin üzvü Səidə Kərimova olmuşdur.
Yenə Rahim Sadıqbəylinin layihəsi olan Şuşaya aid ”Xarı Bülbül” (The khari Bulbul legend) adlı bədii-sənədli filmini İsveçli jurnalist Mikael Silkeberq ilə birlikdə Şuşada çəkib mənim tərcüməmdə Stokholm və dünyanın bir çox paytaxt şəhərlərinin mərkəzi kinoteatrlarında 2022 ildə nümayiş etdirdik. Bu filmdə çoxlu sayda incəsənət xadimlərimiz muğamdan və Şuşanın əzəldən Qafqazın mədəniyyət mərkəzi olmasından bəhs edirlər. ”Oden kodu” (The Odin Coden) adlı digər belə bir filmi isə 2024 -cü ildə təqdim etdik. Bu film Əlincə Qalası və bütövlükdə Naxçıvan haqqındadır. 2020-ci ildə Rahim bəyin rəhbərliyi ilə İsveçli jurnalist-fotoqraf Mikael Silkeberqin ermənilərin viran qoyduğu Ağdamda çəkdiyi fotolardan ibarət ermənilərin müharibə cinayətlərini nümayiş etdirən fotosərgisini Stokholmun İçəri Şəhərində yerləşən milyonlarla izləyicisi olan qaleriyada təşkil etdik və müharibə cinayətlərini nümayiş etdirdik.
2022-ci ildə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş diplomatik nümayəndələrin və geniş ictimaiyyətin iştirak etdiyi konsertdə Nizami haqqında çıxış etdim. Belə layihələrimizin sayı uzundur.
2017-ci ildə İsveç Parlamentində tarixçi Xaqani İsmayılın müəllifi olduğu İngilis dilində yazılmış ”Genocide Against Muslims, Christians and Jews” adlı kitabı Xaqanı bəyin iştirakı ilə mənim sinxron tərcüməmdə təqdim etdik. 2018-ci ildə ADR-nin 100-illiyi ərəfəsində professor Ədalət Tahirzadə və doktor Dilqəm Əhmədin dərnəyimizin təşəbbüsü ilə yazdığı “Azərbaycan Cümhuriyyəti 1918-1920” adlı kitabı mənim tərcüməmdə İsveçin “Sivart” nəşriyyatında ayrı-ayrı iki dildə, İsveç və İngilis dillərində nəşr etdirdik və diplomatların iştirakı ilə böyük konfrans keçirib təqdim etdik. Tədbirdə kitabın müəllifləri və tarixçi Nəsiman Yaqublu da bizim dəvətimizlə iştirak etdilər.
Tərcümə etdiyim Vahid Qazinin “Çöl Qala” romanını 2019-cu ildə və Almaiyada yaşayan soydaşımız Əzimə Ağalarovanın “Bakıdan Qahirəyə və Stokholma uzanan yol” romanını 2020-ci ildə İsveçin Diktonius nəşriyyatında nəşr etdirdim və dərnəyimiz bu əsərlərin təqdimatını müəlliflərin iştirakı ilə cəmiyyətə təqdimatını həyata keçirdi.
Eldar Qaradağlının redaktoru olduğum “Güney Azərbaycan Üçün İstiqlal Manifesti” kitabı 2022-ci ildə Türkiyədə nəşr olundu və dərnəyimiz bu kitaba da həsr olunmuş seminar təşkil etdi.
2022-ci ildə Pərvanə Məmmədlinin “Güney Azərbaycan mətbuat tarixi” kitabı mənim tərcüməm və redaktorluğumda İsveçdə nəşr olundu.
2024-cü il mayın 20-də Stokholmda Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinə həsr olunmuş konfrans keçiridik. Konfransda Bakıdan dəvət etdiyimiz tarixçimiz professor Solmaz xanım Tohidi Rüstəmova, professor Qulu Məhərrəmli və Məhəmməd Əmin Rəsulzadənin ailə üzvü doktor Nazim Rəhimov çıxış etdilər. Konfransda milli fəallarımızdan başqa İsveçdə yaşayan bir çox türk xalqlarının nümayəndələri iştirak etdilər.
Biz dayanmadan mədəniyyətimizi təbliğ edirik. 2025 -ci ilin Aprel ayında isə İsveçdə ilk dəfə Azərbaycan klassik musiqisindən ibarət konsert ictimayyətə təqdim olundu. Dərnəyimizin üzvü professional pianoçu Aynur Məlikova Uzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Səid Rüstəmov, Tofiq Quliyev və digər bəstakarların əsərlərini ifa etdi, dərnəyimizin üzvü tarzən Hüseyn Nəsirli tarda ifa etdi, Türkiyəli soprano sənətçi Burcu Kuru isə ariya və mahnılarımızı oxudu.
Biz həmçinin öz toplumumuzun maariflənməsinə yönəlik tədbirlər təşkil edirik. Ana dili mövzusuna həsr olunmuş, Güney Azərbaycan milli hərəkatına və ümumiyyətlə miili düşüncənin inkişafına xidmət edən konfrans və seminarlar təşkil edirik. Bu tədbirlər həmçinin mütəmadi olaraq "Zoom" proqramı vasitəsi ilə həyata keçirilir. ”21 Azər”, ”28 May 1918”, ”27 Aprel 1920”, ”20 yanvar”, Xocalı Soyqırımı, Bəxtiyar Vahabzadə, ustad Şəhriyar, Huseyn Sadiq Düzgün və digər Güney Azərbaycan aydınlarına həsr olunmuş çoxlu sayda konfranslar təşkil etmişik. 2023-cü ildə xaricdə mühacirətdə yaşayan və yaşadığı ölkənin dilində əsərləri çap olunmuş Azərbaycan yazarlarını dəvət etməklə ”Müasir Azərbaycan mühacir ədəbiyyatı” mövzusunda konfrans keçirdik. Bu konfranslara dünyanın müxtəlif ölkərində yaşayan soydaşlaırmızı dəvət etməklə biz xalqın bir araya gəlməsini və maariflənmə işində birgə fikir mübadiləsi aparmaq üçün şərait yaradırıq.
Biz həmçinin Avropada diasporamızın məqsədyönlü fəaliyyətinə müsbət təsir edirik, icmamıza məlumatlar və materiallar veririk. Milli fəaliyyətimizin məlumatlar üzərində aparılması məqsədi ilə, 2017-ci ildə müəllifi olduğum ”Azərbaycanın milli və siyasi ideologiyası haqqında” kitabım Bakıda 700 tirajla nəşr olundu, və soydaşlarımız arasında paylandı.
-Son keçirilən tədbirin əhəmiyyəti barədə nə deyərdiniz?
-Bu tədbirin ictimai və mədəni əhəmiyyəti çox böyükdür, çünki bu məruzələr və müzakilərər vasitəsilə geniş ictimaiyyət milli ideologiyamızın formalaşmasında və inkişafında, Türk varlığının yaşanmasında müstəsna rolu olan böyük mütəfəkkir, türkoloq Doktor Cavad Heyətin həyat və yaradıcılığı ilə yaxından tanış oldular.
Yaxın aylarda da fəaliyyətimiz eyni tərzdə davam edəcəkdir. 2026-cı ilin 1 mart tarixində Stokholmda İsveç cəmiyyəti üçün kitab təqdimatı keçirəcəyik. Mən Şah İsmayıl Xətainin həyatı və yaradıcılığından bəhs edən, onun Səfəvi dövlətinin başçısı, hökmdar, sərkərdə və şair kimi təsvir olunduğu və Bakının alınmasından bəhs edən Əzizə Cəfərzadənin ”Bakı 1501” tarixi romanını İngilis dilinə tərcümə etmişəm və İsveçin ”Lava” nəşriyyatında nəşr etdirmişəm. İndi biz bu kitabın geniş təqdimatı vasitəsilə İsveçin çox-millətli cəmiyyətinə bütöv Azərbaycanın tarixi və mədəniyyəti haqqında məlumat verməyi planlaşdırırıq".
"Azerbaijan Post"