Pərvanə Məmmədli: “Unudulmuş ədəbiyyat unudulmuş tarix deməkdir”

Pərvanə Məmmədli: “Unudulmuş ədəbiyyat unudulmuş tarix deməkdir”

Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi və Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dosenti, Güney Azərbaycanda ədəbiyyat və mətbuat tarixi üzrə araşdırmaçı Pərvanə Məmmədli “Azerbaijan Post”un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

-Adətən Şimali və Cənubi Azərbaycan ədəbiyyatı ayrı-ayrılıqda öyrənilir. Niyə Azərbaycan ədəbiyyatını bütöv şəkildə görmürük?
-Ümumiyyətlə, biz ədəbiyyatımızı bütöv götürməkdən tez-tez danışırıq, bu fikir çox hallanır. Bilirsiniz, bu bütövün bir hissəsi də Güney Azərbaycandır. Əgər ədəbiyyatımızı iri bir kitaba bənzətsək, onun Güneyə aid səhifələrinin çoxu hələ yazılmayıb, ağ və boş qalıb. Bunun da müəyyən səbəbləri var. Güneydə ana dilli məktəbin olmaması, dilin qadağan edilməsi, ümumiyyətlə, mədəniyyətin daim nəzarət altında saxlanılması başlıca səbəbdir. Yalnız hakim dilin və mədəniyyətin öyrənilməsinə üstünlük verilib, digər xalqların mədəniyyətinə isə kölgədə qalmaq düşüb. İranda yaşayan başqa xalqların ədəbiyyatı kimi, Azərbaycan ədəbiyyatı da bu vəziyyətlə üzləşib, bir növ inkişafdan qalıb.
Amma bu barədə az danışılır. Güneydə yaradılan ədəbiyyatın əsas hissəsini “sandıq ədəbiyyatı” təşkil edib. Yəni əsərlər açıq şəkildə yayılmayıb, gizli şəkildə qorunub.
Tarixi və siyasi taleyin ədəbiyyata təsiri Güney Azərbaycan nümunəsində necə özünü göstərir?
Tarix sübut edir ki, xalqların siyasi taleyi onların ədəbiyyatına birbaşa təsir göstərir. Bölünmüş talelər bölünmüş yaddaş yaradır, bu yaddaş isə ən dolğun şəkildə ədəbiyyatda ifadə olunur. Güney Azərbaycan ədəbiyyatı da məhz belə bir tarixi şəraitin məhsulu kimi formalaşmışdır.
Azərbaycan ədəbiyyatı əsrlər boyu eyni mədəni qaynaqlardan bəhrələnmiş, lakin müxtəlif siyasi sistemlərin təsiri altında fərqli istiqamətlərdə inkişaf etmişdir. Çar Rusiyası ilə Qacar dövrünün sərhəd bölgüləri, Pəhləvi hakimiyyətinin assimilyasiya siyasəti, daha sonra isə ideoloji məhdudiyyətlər bu ədəbiyyatın inkişafını çətinləşdirmişdir. Buna baxmayaraq, Güney ziyalıları və sənətkarları milli ruhu, ana dilini və azadlıq ideallarını qorumağı bacarmış, ədəbiyyatı milli varlığın əsas dayaqlarından birinə çevirmişlər. Onların əsərləri yalnız ədəbi nümunə deyil, həm də bir xalqın susdurulmaq istənilən səsinin ifadəsidir.
 
-Sizcə, Güney Azərbaycan ədəbiyyatının öyrənilməsi sahəsində mövcud boşluqlar və onların nəticələri nələrdir?
-Bu irsin öyrənilməsi sahəsində ciddi boşluqların mövcudluğu isə danılmaz faktdır. Bir çox yazıçıların yaradıcılığı, mətbuat nümunələri və folklor materialları hələ də sistemli şəkildə araşdırılmamış qalır. Halbuki öyrənilməyən ədəbiyyat unudulmuş tarix deməkdir, unudulmuş tarix isə milli kimliyin zəifləməsinə gətirib çıxarır. Buna görə də Güney Azərbaycan ədəbiyyatının tədqiqi yalnız elmi maraq məsələsi deyil, həm də milli-mədəni məsuliyyətdir.
 
-Sizin Güney Azərbaycanla bağlı elmi fəaliyyətiniz və bu sahədə yazdığınız əsərlər hansı məqsədə xidmət edir?
-Mənim yaradıcı fəaliyyətim əsasən Cənubi Azərbaycan ədəbiyyatının, mədəniyyətinin və mətbuat tarixinin araşdırılması, tanıdılması ilə bağlıdır. Və mən bütün həyatımı artıq bu mövzu ilə bağladım. Çünki məni bir sual daim düşündürürdü: Bizim mədəniyyətimizin beşiyi Təbriz olub, ona şəhərlərimizin anası deyilib. Biz isə onu az qala unutmuşuq. Halbuki orada son iki yüz ildə elə bir mədəniyyət yaranıb ki, içində ədəbiyyat da var, tarix də, incəsənət də, musiqi də. Amma bu mədəniyyət sanki rəsmi şəkildə tanınmayıb, ara-sıra xəbərlər, parçalanmış məlumatlar şəklində bizə yetişib.
Mən öz qarşıma məqsəd qoydum ki, bu boşluqları doldurmaq lazımdır. Çünki Qüzey Azərbaycan ədəbiyyatını, tarixini, mədəniyyətini sistemli öyrənsək də, Güney tərəfi hələ də sanki duman içində qalıb. Orada böyük bir alan var – ağ səhifələr, toxunulmamış, yazılmamış. Sanki Təbrizin başı kimi dumanlı, küçələri kimi dolanbac, tarixi kimi zəngin, nağılları kimi sirli, əsrarəngiz…
Mən istəyirdim ki, yetərincə öyrənilməyən, bilinməyən belə nəsnələri araşdırıb tanıdam.
Uzun illər bu sahədə apardığım tədqiqatlar nəticəsində bir sıra elmi əsərlər və kitablar nəşr etdirmişəm. İlk geniş tədqiqat işlərimdən biri “Varlıq” jurnalının materialları əsasında hazırlanmış və sonradan monoqrafiya kimi çap olunan “Varlıq jurnalında ədəbiyyat məsələləri” (2000) olmuşdur. Bu əsərdə folklor, klassik-divan ədəbiyyatı, nəsr, poeziya və çağdaş ədəbiyyat məsələlərini sistemli şəkildə araşdırmışam.
Elmi və pedaqoji fəaliyyətimin davamı olaraq “Cənubi Azərbaycan mətbuatı” (2009) adlı kitabımı nəşr etdirmişəm. Bu kitab hazırda Azərbaycanın bir çox universitetlərində dərslik kimi istifadə olunur.
Sonrakı illərdə araşdırmalarımı daha da genişləndirərək bir neçə kitab üzərində çalışdım və onları nəşr etdirdim
Sonrakı illərdə araşdırmalarımı daha da genişləndirərək “Cənubi Azərbaycan ədəbi şəxsiyyətlər, portretlər” (2015), “Cənubi Azərbaycan ədəbiyyatı məsələləri” (2015), “Qulamhüseyn Saidi. Sonsuz səfər” (2015), Güney Azərbaycan ədəbiyyatı antologiyası (çağdaş dövr), eləcə də “Rza Bərahənidən seçmələr” (2019) kitablarını hazırlayıb nəşr etdirmişəm. Elmi araşdırmalarımın davamı kimi “Cənubi Azərbaycanda ədəbi-bədii prosesin inkişaf mərhələləri” (2021) adlı monoqrafiyamda Cənubi Azərbaycanda ədəbi prosesin müxtəlif istiqamətlərini – poeziya, nəsr, mətbuat, folklor və klassik irs kontekstində təhlil etmişəm.
Mənim illərlə qəlbimdə saxladığım bir arzum vardı və mən ona da  çatdım. İstəyirdim ki, bizim ədəbiyyatımız xaricdə tanınsın. Çünki çox zaman xarici müəlliflərin Azərbaycan haqqında yazdıqlarını araşdıranda görürdük ki, çox az kitab var və yerli müəlliflərin əsərlərinə çox az istinad olunur.
Bu səbəbdən Cənubi Azərbaycan mətbuat tarixi və mədəniyyəti haqqında hazırladığım elmi  tədqiqatımı ingilis dilinə çevirtdirib Avropada, İsveçdə (The Press History of South (Iranian) Azerbaijan XIX-XXI centuries-(Stokholm, Diktonius,2023) nəşr etdirdim.
Eyni zamanda Türkiyədən çox nüfuzlu “Ötüken” nəşriyyatı mənimlə müqavilə bağladı. Güney Azərbaycan ədəbiyyatı ilə bağlı “XX. Yüzyıl Güney Azerbaycan Edebiyatının Öncüleri 1” -(İstanbul, Ötüken, 2023) adlı kitabımın birinci cildi Türkiyə türkcəsində nəşr olundu.
2025-ci ildə mənəvi ata bildiyim doktor Cavad Heyətin 100 illiyi tamam oldu. Həmin ərəfədə  “Doktor Cavad Heyət “VARLIQ”I (Bakı, Füyuzat)monoqrafiyasını nəşr etdirdim. Kitab türkologiya və tibb sahəsində ilk cərrahi yeniliklərə imza atmış tanınmış həkim, ictimai xadim, araşdırıcı, publisist və “Varlıq” jurnalının yaradıcısı Cavad Heyətin çoxşaxəli həyat və fəaliyyətinə həsr olunmuş ilk elmi monoqrafiyadır.Daha başqa nəşr olunmuş kitablarım da var.

-Son dövrlərdə fəaliyyətiniz əsasən hansı istiqamətləri əhatə edir?
 -Son dövrlərdə fəaliyyətim həmişə olduğu kimi Güney Azərbaycan ədəbiyyatının araşdırılması, sistemləşdirilməsi və geniş oxucu auditoriyasına çatdırılması istiqamətində qurulub. 2026 cı ilin  “Ulduz” jurnalında Güney Azərbaycana həsr olunmuş, özəl mart sayında dərc olunan silsilə yazılarımda bu ədəbiyyatın tarixini mərhələlər üzrə təqdim etməyə çalışmışam. 
Bu yazılarda yalnız ayrı-ayrı müəlliflərin yaradıcılığı deyil, bütövlükdə ədəbi mühit, dövrlərin xüsusiyyətləri və ədəbi prosesin daxili inkişaf dinamikası da izah edilir. Eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasında uzun illərdir keçirilən elmi müşavirələrdə iştirakım mənə ümumi Azərbaycan ədəbi prosesini müqayisəli şəkildə izləmək imkanı verib. Məqsədim yalnız məlumat vermək deyil, həm də bu ədəbiyyatı ümum Azərbaycan kontekstində dəyərləndirərək onun layiq olduğu yeri göstərməkdir.
 
Güney Azərbaycan yazarlarının bir çoxunun kifayət qədər tanınmamasının səbəbi nədir?
-Bu problemin kökündə bir neçə mühüm amil dayanır. Ən başlıcası, mənbələrə çıxışın məhdud olmasıdır. Uzun illər ərzində Güneydə yaranan ədəbi nümunələri tanışlıq çətin olub və bu əsərlər əsasən fərdi əlaqələr vasitəsilə əldə olunub. Bu isə onların geniş elmi dövriyyəyə daxil olmasını çətinləşdirib. Digər tərəfdən, siyasi və mədəni baryerlər də bu ədəbiyyatın tanıdılmasına mane olub. Nəticədə, yalnız Məhəmmədhüseyn Şəhriyar kimi bəzi tanınmış simalar ön plana çıxıb. Amma Bulud Qaraçurlu Səhənd, M.T Zehtabi, Həbib Sahir, Əlirza Nabdil, Əli Təbrizli kimi digər dəyərli ədiblər lazımi səviyyədə tanıdılmayıb. Son illərdə internet bu boşluğu qismən doldursa da, hələ də sistemli və genişmiqyaslı tanıtım ehtiyacı qalır.
   
-Müasir dövrdə Güney Azərbaycanda ədəbi mühitin vəziyyəti necədir?
 -Müasir dövrdə Güney Azərbaycanda ədəbi mühitin kifayət qədər canlı və inkişafda olduğunu müşahidə edirik. Orada yeni nəsil şairlər, yazıçılar, tənqidçilər və tərcüməçilər yetişir. Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, məhdud təhsil və nəşr imkanlarına baxmayaraq, güclü ədəbi mühit formalaşa bilib. Müxtəlif şəhərlərdə fəaliyyət göstərən ədəbi dərnəklər bu prosesdə mühüm rol oynayır. Bu dərnəklərdə gənclər bir araya gələrək öz əsərlərini müzakirə edir, fikir mübadiləsi aparır və yaradıcı inkişaflarını təmin edirlər. Eyni zamanda, tənqid sahəsində də müəyyən canlanma müşahidə olunur, yeni tənqidçilər ortaya çıxır və ədəbi prosesə obyektiv yanaşma formalaşdırmağa çalışırlar. Bütün bunlar göstərir ki, Güney Azərbaycan ədəbiyyatı artıq formalaşmış və inkişaf edən bir sistemə malikdir.  
Müasir dövrdə Güney Azərbaycanda ədəbi prosesin inkişafı həm daxili dinamika, həm də xarici təsirlərlə şərtlənir. Xüsusilə Avropada formalaşan müxtəlif ədəbi cərəyanların izlənilməsi və onların prinsiplərinin mənimsənilməsi bölgə ədəbiyyatında yeni üslub və ifadə vasitələrinin yaranmasına səbəb olmuşdur. Bununla yanaşı, Türkiyə ədəbiyyatı ilə qarşılıqlı əlaqələr, eləcə də Azərbaycanda fəaliyyət göstərən tanınmış şair və yazıçıların yaradıcılığı ilə ideya-estetik yaxınlaşmalar Güney Azərbaycan ədəbiyyatının zənginləşməsinə mühüm təsir göstərir. Bu qarşılıqlı təsir nəticəsində dəyərli əsərlər meydana çıxır və ədəbi mühitin keyfiyyət göstəriciləri yüksəlir.
Son illərdə Güney Azərbaycanda yeni nəsil şairlərin, yazıçıların, ədəbiyyatşünasların və tərcüməçilərin yetişməsi xüsusi diqqətə layiq bir inkişaf mərhələsi kimi qiymətləndirilməlidir. Ədəbi mühitin genişlənməsi və yaradıcı potensialın artması, təbii olaraq, ədəbi tənqid sahəsinə olan ehtiyacı da aktuallaşdırır. Məlumdur ki, ədəbi prosesdə yaradıcı şəxslərin çoxluğu ilə müqayisədə tənqidçilərin sayı adətən məhdud olur. Halbuki, tənqid ədəbi inkişafın istiqamətini müəyyənləşdirən, bədii dəyərlərin qiymətləndirilməsində obyektiv meyarlar formalaşdıran əsas institutlardan biridir.
 Tarixi baxımdan Güney Azərbaycanda ədəbi tənqid sahəsində Məmməd Rza Bağçaban, Alov və Həsən Riyazi kimi simalar mühüm rol oynamışdır. Müasir mərhələdə isə gənc nəsil arasında formalaşan tənqidçilərdən Hümmət Şahbazı xüsusi olaraq qeyd edilməlidir. Onun “Azərbaycan ədəbiyyatı tənqidi” adlı iki cildlik fundamental əsəri elmi-nəzəri baxımdan sanballı bir tədqiqat kimi qiymətləndirilə bilər. Bu cür əsərlər yalnız fərdi yaradıcılığın məhsulu deyil, həm də bütövlükdə ədəbi düşüncənin inkişafına xidmət edən mühüm elmi hadisədir.
Bununla yanaşı, bölgədə istedadlı şair və yazıçıların yetişməsi də diqqətəlayiqdir. Maraqlı cəhət ondan ibarətdir ki, mövcud təhsil və nəşr imkanlarının məhdudluğuna baxmayaraq, müəyyən mənada müstəqil və davamlı ədəbi mühit formalaşa bilmişdir. Bu mühitin əsas dayaqlarından biri ədəbi dərnəklərdir. Tarixi təcrübəyə nəzər saldıqda, bu cür dərnəklərin xüsusilə Sovet dövründə geniş yayıldığı və gənc istedadların üzə çıxmasında mühüm rol oynadığı məlumdur.
Hazırda Güney Azərbaycanda müxtəlif şəhərlərdə fəaliyyət göstərən ədəbi dərnəklər bu ənənəni davam etdirir. Bu dərnəklər adətən təcrübəli ədiblər tərəfindən idarə olunur. Bu kontekstdə Məhəmməd Sübhdil, Heydər Bayat və Məhəmməd Çalğın kimi şəxslərin fəaliyyəti xüsusi qeyd olunmalıdır. Onların ətrafında formalaşan yaradıcı mühit yeni istedadların üzə çıxmasına və inkişafına şərait yaradır.
Gənc nəsil arasında artıq müəyyən tanınma qazanmış ədəbi imzalar da mövcuddur. 
Ümumilikdə, Güney Azərbaycanda ədəbi proses dinamik inkişaf mərhələsindədir. Lakin bu inkişafın qarşısında müəyyən obyektiv çətinliklər də mövcuddur. Əsas problemlərdən biri nəşr və yayım imkanlarının məhdudluğu, maliyyə resurslarının çatışmazlığıdır. Əksər hallarda müəlliflər öz əsərlərini şəxsi vəsaitləri hesabına çap etdirmək məcburiyyətində qalırlar. Bununla yanaşı, ədəbi məhsulların geniş oxucu auditoriyasına çatdırılması məsələsi də hələlik sistemli şəkildə həll olunmamışdır.
 Beləliklə, mövcud potensialın daha səmərəli reallaşdırılması üçün institusional dəstəyin artırılması, ədəbi tənqidin inkişaf etdirilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi zəruri görünür. Bu istiqamətdə atılacaq addımlar Güney Azərbaycan ədəbiyyatının gələcək inkişaf perspektivlərini daha da möhkəmləndirə bilər”.

Xalidə Gəray
“Azerbaijan Post”

Pərvanə Məmmədli: “Unudulmuş ədəbiyyat unudulmuş tarix deməkdir”


Leave a Comment