2026-cı ilin iyun ayında Bakı yenidən Türk dünyasının elm, mədəniyyət və fikir mərkəzinə çevriləcək. Belə ki, Türk xalqlarının elmi-mədəni birliyinə misilsiz töhfə vermiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan Türk dünyası həftəsi Azərbaycanda keçiriləcək.
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı bu mühüm hadisəyə toxunaraq bildirmişdi ki, Bakıda keçiriləcək tədbir xalqların mədəni həyatında əlamətdar hadisəyə çevriləcək. Bu fikir təsadüfi deyil. Çünki düz bir əsr əvvəl də Bakı Türk dünyasının gələcəyini müəyyənləşdirən ən mühüm intellektual platformalardan birinə çevrilmişdi.
Xatırladaq ki, Birinci Türkoloji Qurultay 1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda keçirilib. Bu qurultay XX əsrdə Türk xalqlarının taleyində dönüş nöqtələrindən biri olub. Həmin dövrdə siyasi sərhədlərlə parçalanmış, müxtəlif imperiyaların təzyiqi altında yaşayan Türk xalqları ilk dəfə olaraq, genişmiqyaslı elmi platformada bir araya gəlmişdilər.
Qurultay Bakının mərkəzində yerləşən möhtəşəm İsmailiyyə Sarayı binasında keçirilib. Burada SSRİ məkanında yaşayan türk xalqlarının nümayəndələri ilə yanaşı Türkiyə, Avropa və digər bölgələrdən gəlmiş alimlər iştirak edirdi. Ümumilikdə 131 nümayəndənin iştirak etdiyi qurultayda 17 iclas keçirilib, dil, tarix, etnoqrafiya, ədəbiyyat, mədəniyyət, etnogenez və əlifba məsələləri ilə bağlı 38 mühüm məruzə dinlənilib.
Qurultayın mərkəzində duran əsas məsələ əlifba islahatı idi. Birinci Türkoloji Qurultayın ən mühüm nəticələrindən biri latın qrafikalı yeni türk əlifbasına keçid ideyasının
sistemli şəkildə hazırlanması oldu. Əslində bu prosesin kökləri daha qədimə gedib çıxırdı. Hələ XIX əsrdə böyük Azərbaycan maarifçisi Mirzə Fətəli Axundzadə ərəb
əlifbasının türk dillərinin fonetikasına uyğun olmadığını bildirərək əlifba islahatını gündəmə gətirmişdi. O, bir neçə layihə hazırlamış, Osmanlı dövlətinə müraciətlər etmiş, yeni yazı sistemi təklif etmişdi. Lakin həmin dövrdə nə Rusiya imperiyası, nə də Osmanlı hakimiyyəti bu təşəbbüsə dəstək verdi.
Sonrakı illərdə Firidun bəy Köçərli, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Üzeyir bəy Hacıbəyli, İsmayıl bəy Qaspıralı və digər ziyalılar bu ideyanı davam
etdirdilər.
“Molla Nəsrəddin” jurnalının redaktoru Cəlil Məmmədquluzadənin “Bu heroqlifləri latın əlifbası ilə əvəzləmək vacibdir” fikri həmin dövrün maarifçi düşüncəsinin ən parlaq ifadələrindən biri olmuşdu.
Azərbaycan Sovet hakimiyyətinin tərkibinə keçdikdən sonra isə əlifba məsələsi daha da aktuallaşdı. 1922-ci ildə Nəriman Nərimanovın sədrliyi ilə “latın əlifbasına keçid” komitəsi yaradıldı. Həmin ilin sentyabrında isə “Yeni türk əlifbası” komitəsinə Səməd ağa Ağamalıoğlu rəhbərlik etməyə başladı.
Beləliklə, 1926-cı ildə Bakıda keçirilən Qurultay bu ideyanı ümumtürk səviyyəsinə qaldırdı. Qurultayda qəbul olunan qərarlar əsasında 1929-cu ildən etibarən ərəb əlifbasının istifadəsinə qadağa qoyuldu və SSRİ-də yaşayan türk xalqları yeni latın qrafikalı əlifbaya keçməyə başladılar.
Birinci Türkoloji Qurultay öz iştirakçı heyəti baxımından da misilsiz hadisə idi. Qurultayın Rəyasət Heyətində və iştirakçıları arasında dövrünün ən nüfuzlu alimləri, türkoloqları və ictimai xadimləri yer alırdı.
Qurultaya Səməd ağa Ağamalıoğlu sədrlik edirdi. Rəyasət Heyətində Bəkir Çobanzadə, Əhməd Baytursunov, Mehmed Fuad Köprülü, Vasili Bartold,
Aleksandr Samoyloviç, Qəlimcan İbrahimov kimi məşhur isimlər təmsil olunurdu.Fəxri üzvlər arasında isə Əli bəy Hüseynzadə, Anatoli Lunaçarski, Nikolay Marr və digər tanınmış şəxslər vardı.
Lakin Birinci Türkoloji Qurultayın taleyi onun iştirakçılarının taleyi kimi faciəli oldu. Qurultayda iştirak edən yüzdən artıq alim və ziyalı sonrakı illərdə “pantürkizm” ittihamı ilə repressiyaya məruz qaldı. Onların əksəriyyəti həbs edildi, sürgün olundu və ya fiziki məhv edildi.
Ən ağrılı məqamlardan biri isə odur ki, Türk xalqlarının ortaq mədəni yaxınlaşması ideyası sovet totalitar sistemini narahat etməyə başlamışdı. Buna görə də 1939-cu ildən etibarən latın qrafikalı əlifba ləğv edildi və türk xalqları məcburi şəkildə kiril əlifbasına keçirildi.
Beləliklə, Bakıda qurulan böyük elmi-mədəni körpü siyasi qərarlarla dağıdıldı. Amma ideya yaşayırdı.Yüz ildən sonra yenidən tarix Bakıda təkrarlanır. Türk Dövlətləri Təşkilatının güclənməsi, ortaq mədəni və humanitar layihələrin artması, Türk dünyasının siyasi və iqtisadi inteqrasiyası Birinci Türkoloji Qurultayın ideyalarının yenidən aktuallaşdığını göstərir.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması barədə qərar qəbul edib. AMEA və Türk Dil Qurumu tərəfindən Bakıda keçirilən elmi konfranslarda Qurultayın Türk xalqlarının milli-mədəni oyanışındakı rolu geniş şəkildə müzakirə olunub. İndi isə 2026-cı ilin iyun ayında keçiriləcək Türk dünyası həftəsi həmin böyük irsin davamı olacaq.
“Azerbaijan Post”