Almaniyadakı azərbaycanlı tarixçi: “Turan bəşər sivilizasiyasının beşiyidir

Hazırda Almaniyada yaşayan tarixçi Ələsgər Siyablı «Azerbaijan Post»un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

Almaniyadakı azərbaycanlı tarixçi: “Turan bəşər sivilizasiyasının beşiyidir

-“Turan” anlayışını tarixi və mədəni baxımdan necə izah edərdiniz?

-Turan anlayışı coğrafi, etno-mədəni və mifoloji-tarixi mənaları əhatə edən çoxşaxəli bir termindir. Turan turların ölkəsi deməkdir.Turanlılar adlanan öntürk (prototürk və ya qədim türklər) super etnosunun və onların ana yurdu olan Turanın tarixi bəşər tarixinin ən önəmli və ən qədim dövrünü təşkil edir.

Turanın və turlar adlandrılan ön türklərin tarixi bir çox önəmli qaynaqlarda, ilk öncə Ön Asiyanın mixi yazılı abidələrində, Antik müəlliflərin əsərlərində, Mərkəzi Asiya və Sibirdə aşkar ediləm runi yazılı abidələrdə, sanskrit ədəbiyyatda öz əksini tapıb.

Rəsmi tarixşünaslıqda Turan adının mənşəyi və bu eponimin etimalogiyası yalnız Avestaya, Şahnaməyə və yenə də fars dilli “Xudaynamə”yə əsaslanaraq izah edilir.

Avesta ənənəsinə görə indiki İranın şimal şərqindən yuxarıda yerləşən bölgə Turan adlanırdı. Bu adın Avestadakı “Tuiriyanam Dahyunam” sözündən yarandığı və mənasının köçəri iranlı tayfalarını nəzərdə tutan “turların ölkəsi“ olduğu haqqında fərziyyələr irəli sürülmüşdür. Bu fərziyyələrə görə
Sonrakı dövrlərdə bu söz “tura” və “Turan” forması alaraq turların ölkəsi anlamı daşımışdır.
Turan ölkəsinə öz adını vermiş olan turlar haqqında ən erkən yazılı məlumat e.q. VI əsrə aid edilən Kiçik Avesta mətnləri hesab olunur. Köçəri heyvandarlıq təsərrüfatı ilə məşğul olan Turan tayfaları ilə oturaq həyat sürən İran arasındakı yüzilliklər boyu davam edən qarşıdurma ilk olaraq məhz Avestada təsvir olunub.
Bütün qərəzli münasibətlərə baxmayaraq Turan fars dilli əfsanələrdə bəhs olunan mifik ölkə deyil, bəşər tarixinin ən qədim zamanlardan başlayaraq 
böyük bir dövrünü əhatə edən gerçək tarixi hadisədir.
Öntürklər və ya başqa deyimlə proto-türklər Turan irqinin tarixdə oynadığı rol baxımından ən əzəmətli və qüdrətli etnosunu təşkil edir. Öntürklər Sumer uyqarlığının yaradıcıları olan Turan irqinin başlıca etnosu kimi aparıcı rola malik olmuşlar. Tur, Turan və Turuq (Türk)  anlayışları teonim, etnonim və toponim formasında tarixi qaynaqlarda ilk dəfə Sumer mixi mətnlərində və Ön Asiyanın qədim Turanlı xalqlarına aid tarixi sənədlərdə öz əksini tapmışdır. Əgər bu anlayışların semantikasını Sumer dili əsasında izah etsək,bir çox görkəmli tarixçi və linqvistlər Turan adının kökünü sumer dilindəki “tur” sözünə bağlı olduğu fikrini irəli sürürlər. Turan və Türk leksemlərinin kökünü təşkil edən Tur kəlməsinin etimoloji baxımdan mənası Sumer dilində “oğul” demək olub, həmçinin “öküz” anlamı da daşıyır. Tur sözü sumerlərdə oğul, doğulmaq mənasında olduğu kimi qədim və müasir türk dillərində “doğulmaq”, “törəmək” “nəvə” anlamında Törü/Toru/Torun/Törəmə şəklində mövcuddur. Beləliklə Tur adı həm öküz, həm də oğul və doğulma mənasındadır.
Sumer dilində Tur sözü insan mənasında oğul, uşaq, körpə anlamı daşıdığı kimi kiçik, bala, cavan heyvanları da, o cavan öküzü də ifadə edirdi.
Sumer mifologiyasında Tur tanrıdır. T.Yakobsen Kassilərdə tanrı Mardukun adının əslində Tur-Utu olduğunu və günəş tanrısı Utunun öküzü anlamı daşıdığını yazır. Tur eponimi Sumer dilində eyni zamanda müqəddəs bir yeri adlandırmaq üçün istifadə edilən bir metafordur.
Turan adı iki mənada izah edilir. ”An” Sumerdə göy üzü tanrısı və ata tanrı idi. Tanrı An-ın ideoqrafik mixi işarəsi səkkiz guşəli ulduzdur. Bu səkkiz guşəli ulduz tanrı simvolu kimi bütün önəmli sumer tanrılarının adlarının önündə qoyulur. Səkkiz guşəli ulduz tanrı sözünün genəl simvolu kimi sumerin ümumi tanrı anlayışı olan Dinqir-Tenqri sözü ilə ifadə olunur. An və Dinqir göy üzü tanrısı kimi sumerin baş tanrısını ifadə edən eyni mənalı sözlərdir. Bu izahı doğrulayan əsas dəlil ondan ibarətdir ki, sumerlərin tanrısı Dinqir və türklərin Tenqri-si ekvivalent təşkil edirlər və hər ikisi də göyüzünü –səmanı ifadə edirlər.

Bütün bu deyilənlərdən çıxan nəticə ondan ibarətdir ki, Turan sözünün sumer dilində mənası “Tanrının oğlu”, yəni sumerlərin göyüzü tanrısı An-ın  və Türklərin göyüzü tanrısı Tenqri-nin oğlu deməkdir. Turan eponimi zamanla yer,məkan anlamı qazanmışdır. Daha doğrusu, Turan tanrının oğullarının,övladlarının yaşadıqları məkan anlamı daşımışdır.

Turan adının sumer dilində digər bir izahı A-Tura sözündə ifadə olunur. Tura sumer dilində doğulma yeri, yurd anlamı daşıyır, öndəki “A” isə sumer dilində “ata”, “nəsl” anlamı daşıyan sözdür. Turan adı da A-Tura sözündən yaranıb və anlamı ata yurdu, doğulma və ya əcdad yurdu deməkdir.
Tanrı Anın böyük oğlu hava tanrısı Enlilin titullarından biri Turan idi, yəni tanrı Anın oğlu.Turan adının ikinci izahı “turların ölkəsi” deməkdir (an-mənsubiyyət şəkilçisidir).

Bu günə qədər Türk etnoniminin  etimologiyası müxtəlif şəkildə izah edilmişdir.Türk adının “güclü, qüvvətli” demək olduğu fikrini F.V.Müller, A. Le Coq, V.Thomsen, Qy.Nemeth, L.Bazin, L.Rasonyi, L.Qumilyov və Y.Öztuna kimi bilim adamları dəstəkləmişlər.

Türk adını Tür kökünə dayanaraq “törəmiş, insan, yaradılmış” mənasında izah edənlər isə Z.V.Toğan, A.Vamberi, F.Sümer kimi bilim adamları olmuşlar. Z.Göyalp və V.Bartold Türk adını “törəli, yəni törəyə malik olan” şəklində izah edirlər.
Mahmud Kaşğari “Divanü Lüğat-it Türk” əsərində Türk sözünü “olğunluq çağına, yetişkənlik çağına çatmış” şəklində izah edir.
Türk və ya Turuk sözü iki tərkibdən ibarətdir Tur-qu və ya Turuqu.Öncə də qeyd edildiyi kimi sumer dilində Tur sözünün anlamlarından biri də “oğul” deməkdir, sözün ikinci tərkib hissəsi isə uq/uqu/uku kəliməsindən ibarətdir ki, sumer dili lüğətlərində bu sözün mənası “insan, əhali, xalq, kütlə,, ölkə” kimi izah olunur.

Qədim türk dilində uq sözünün bir mənası da “xalq”, “qəbilə”, “nəsl” deməkdir.Tur-qu sözünün sumer dilində digər mənası da “kutsal, müqəddəs doğum yeri” anlamı daşıyır. Yəni varlığın, kainatın yarandığı məkan. Bir çox qohum dillərdə olduğu kimi Turqu sözü kassi dilinə də keçmişdir.
Amerikan assuroloqu H.Hilprext Nippur məbədinin kassi arxiv sənədlərinin linqvistik təhlilini verərkən belə nəticəyə gəlir ki, Kassilərin Turqu tanrı adı iki tərkibdən ibarət olub Tur “ər” Uqu isə “arvad”dır və kainatın vəhdətini, ilkin başlanğıcını təşkil edən qadınlığı və erkəkliyi təcəssüm edirlər. Tur sumerlərin tanrısı Anı, Qu isə Ki tanrısını təmsil edir. Onun şərhinə görə kassilərin Turqu tanrısı sumerin yerin və göyün vəhdətini təcəssüm edən Anki tanrısının ekvivalentidir.

An və Ki-nin, yəni göyün və yerin birləşməsi nəticəsində kainat yaranmışdır. Hilprextin də şərhindən aydın görünür ki, Tur və Qu paralel olaraq sumer tanrılar panteonunda iki ilkin başlanğıcı, göyü təcəssüm etdirən An tanrısını və yeri təcəssüm etdirən Ki tanrısının ekvivalentləridirlər. Turqu kassi mifologiyasında teonim olaraq həyatın ilkin başlanğıcını, göyün və yerin vəhdətini özündə təcəssüm etdirir.
Sumerlərin An-Ki və onun kassi ekvivalenti olan Tur-Qu Türklərin dini inanclarında da, öz əksini tapmışdır. Türklərin yaradılış əfsanəsinə görə kainat yerlə göyün birləşməsi nəticəsində yaranmışdır. Göy Türk dövlətinin hökmdarı Bilgə Xaqan kitabəsində yazılmışdır: “Üze Gök Tenqri Asra yaqız yer kılındukta ekin ara kişi oqlu kılınmış. (Yukarıda mavi göy, aşağıda qara yer yaradıldığında ikisi arasında insanoğlu yaradılmışdır)” Sumerlərin Turqu eponimi sonrakı dövrlərdə kassilərdə tanrı Turqu,Hititlərdə Tarku, Etrusklarda Tarxon və Turan, İbranilərdə Turax şəklində ifadə edilmişdir.
Çinşünas Klaprotun yazdığına görə çin dilində r hərfi olmadığı üçün Tür-ük adı Tu-kyu şəklində yazılırdı. Türk etnoniminin ən qədim deyiliş forması kimi qəbul olunan “Tür-ük” və ya “Tör-ök” etnonimləri “Tür”, “Tör” və “ük”, “ök” olmaqla iki hecadan ibarətdir. Burdakı “ük” və “ök” kəlimələri türk dilində “ok-oq” qəbilə mənasında izah edilir. Türük adındakı qəbilə anlamı verilən ük sonluğu sumer dilində insanlar, əhali, çoxluq, insan qrupu anlamı daşıyan uq sözünün dəyişik fonetik şəklidir. Türk dillərindəki uqul/oğul sözü də kök etibarı ilə sumerlərin uq-lu sözünə bağlı olub uq sözünün cəm şəklidir, çoxlu insan, çoxlu kişi deməkdir. Hər halda Türk sözünün ən doğru izahı sumerlərin Turqu sözünə daha uyğundur və semantik baxımdan Türk/Turuk sözünün kökünün Turqu sözünə  
dayandığı daha inandrıcıdır.
Alman assuroloqu F.Hommel Zaqros dağlarının şərqində Urmiyə gölü hövzəsində yerləşən hurri-subar mənşəli xalqa mənsub Turukku etnonimini Türk adının ən qədim forması olduğu fikrini irəli sürərək yazırdı ki, Turukiləri Xəzər dənizi tərəfdən gələrək Midiya dağlarında yerləşən köçəri türk tayfaları kimi qəbul etmək olar. Beləliklə, Türk adının qədim forması Turukdur. Bizans müəllifləri də bunu Turkxoi şəklində yazırlar. Türk tayfaları ilə çox yaxın qohum olan sumerlər də Midiya dağları üzərindən İkiçayarasına, Babilə gəlmişlər.
Türklərin və ya proto-türklərin bir etnos kimi təşəkkül tapdığı ilkin vətənin hansı ərazidə yerləşdiyi məsələsinə gəldikdə insan toplumunun və bəşər mədəniyyətinin gəlişmiş olduğu mərkəz ilk öncə Asiyanın doğusunda meydana çıxmışdır. Öz başlanğıclarını əzəmətli dağ silsilələri olan Altay, Tanrı dağları (Tyanşan), Pamir və Himalay dağlarından götürən Amudərya və Sırdərya və ya əsgi adlarıyla Oksus və Yaksart, İrtış, Tarım,Hind, Qanq və Xuanxe çayları öz suları ilə vadilərdəki torpaqları münbitləşdirərək əkinçiliyin inkişafına, insan toplumunun gəlişməsinə səbəb olmuş və Aralıq dənizi hövzəsinə paralel şəkildə Mərkəzi Asiya timsalında ilkin bəşər mədəniyyətinin formalaşdığı mədəniyyət mərkəzinin yaranmasına təkan vermişdir. Qədim Turanın Anau (Türkmənistan) şəhərində qazıntı aparmış İtalyan mənşəli amerikalı arxeoloq R. Pumpelli bu mədəniyyəti “oazis” və ya səhra/çöl mədəniyyəti adlandrır.

Bəşər uyqarlığının gəlişmiş olduğu ikinci mərkəz Zaqros dağları və Mesopotamiya adlanan ərazi təşkil edir.Ön Asiyada öz mənbəyini Zaqros dağlarından götürən Fərat və Dəclə, Böyük və Kiçik Zab kimi böyük çaylarının suları Mesopotamiya adlanan İkiçayarası vadilərində torpağı münbitləşdirərək əkinçiliyin inkişafında, qədim insan toplumlarının və ilkin bəşər mədəniyyətinin formalaşmasında və gəlişməsində misilsiz rol oynamışlar.
Avropasentrizm ideologiyasını rəhbər tutan müasir bilim dünyası turanlı öntürklərin bir etnos kimi təşəkkül tapdığı ərazilərində ciddi cəhdlə iranlı və hind-avropalı izləri axtarmaqda davam edirlər.
Lakin Turan və Türk adları kök etibarı ilə Sumerə bağlıdır. Tur və Turan adlarının sami və iran dilləri əsasında izahı uğursuz cəhdlərdir.

Tur və turanlı adlarının iran dili əsasında izahı məsələyə qərəzli yanaşmadır.
Sumerləri heç bir şübhəyə yer qoymadan turanlı hesab edən assuroloq Y.Oppert elmi linqvistik dəllilərə istinad edərək yazırdı: “Sumer dili nə sami, nə də ari dillərinə aid deyil. Bu dil Turan dil qrupuna aiddir. Turan anlayışı geniş məna daşıyır.
Anarian (ari olmayan) yazısını kəşf edən xalqın dili tam haqlı olaraq Turan dili adlanmalıdır. Turan dilində “Tur” adam, oğul deməkdir və bu sözdən kasta, tayfa mənası daşıyan mürəkkəb sözlər də yarana bilir. “Tur“ sözündən Turtan, Turqal,Turquman kəlimələri yaranıb. Sumerlərin Tur sözü Zənd Avestaya keçərək orda “tuirya” şəklində ifadə olunur ki, bu ad Əfrasiyabın hökmranlıq etdiyi Turan adının ekvivalentidir. Turan Firudinin oğlanları Səlm, Tur və İrəç üçlüyünün əfsanəsində Asiya yaylalarını təcəssüm etdirir. Turlar Turun millətinə mənsub olub Aryaya və Sayrama (samilərə) qarşı mübarizə aparan insanlardır. Sonradan o Sem/Selm ilə yaxınlaşmışdır. Sumer dili əsas etibarı ilə Turan dilidir. “Oppert yazırdı ki, əslində, Zənd Avestada adı çəkilən və Əfrasiyabın dövləti Turanın prototipi olan “Turya” ölkəsi elə Sumerdir. (Oppert J. 1875, V-5, səh. 464)
Türklərin törəyiş yeri və ya ilkin vətəni haqqında elmdə ən çox rəğbət görən və ən çox tərəfdara malik nəzəriyyə ayrıca götürülmüş Altay nəzəriyyəsi deyil, Ural-Altay nəzəriyyəsidir. Bu nəzəriyyəyə görə Ön türklərin və bütövlükdə turanlı xalqlarının ilkin vətəni Güney Sibirin Ural və Altay dağları arasındakı ərazidir.
Müasir dövrün genetik araşdırmaları və arxeoloji qazıntılar nəticəsində aşkar edilən dəlillər Türklərin ana yurdu olaraq Ural-Altay nəzəriyyəsinin elmi gerçəkliyə daha uyğun olduğunu sübut edir.
Turan irqini Avropa irqinin bir qolu hesab edən Alman Antropoloqu Eqon Aykştatd Cənubu Sibiri əski Turan, Türkmənistandan başlayaraq Kazaxıstanı da əhatə edən Orta Asiyanı isə Yeni Turan adlandrır. O Sibiri Avropa irqinin, o cümlədən Turan və Nordik irqlərin ilkin vətəni və sonradan bəşər mədəniyyətinin mərkəzi olduğunu yazır. O, Turanı, yəni Sibirin güneyini bəşəriyyətin dinamik inkişafının əsas hərəkətverici qüvvəsi hesab edir. Turan irqi Sibirin qərbindən durmadan çöllər boyunca hərəkət edirdilər. Çaylarda suyun azalması əkinçiliyin, çöllərdə rütubətin azalması və otlaqların quruması isə heyvandarlığın inkişafına böyük zərbə vururdu. Bir neçə yüz ildən bir təkrar olunaraq dövri xarakter daşıyan bu iqlim dəyişikliyi hadisəsi Mərkəzi Asiyanın turanlı öntürk  superetnosunun zaman-zaman öz yurdlarını tərk edərək daha əlverişli həyat məkanı axtarışına sövq edən köçlərinə səbəb olmuşdur.
Beləliklə, istər müasir dövrün genetik və arxeoloji araşdırmaları istərsə də XVIII-XIX əsr və daha sonrakı dövrün assuroloqlarının və tarixçilərinin qədim mixi yazı mətnlərinə əsaslanaraq gəldikləri elmi araşdırmaların nəticəsinə görə onların özlərinin də ifadə etdikləri kimi Cənubi Sibirdə ilkin və Orta Asiyada isə yeni olmaqla bəşər mədəniyyətin təşəkkül tapdığı Turan adlı iki areal mövcud olmuşdur. Ön Türklər istər iqlim şəraiti, istərsə də digər səbəblər üzündən öz ilkin ana yurdları olan Turanı tərk edərək tarixin müxtəlif dövrlərində dəfələrlə təkrarlanan köçlərə məruz qalmış, Yer üzünün müxtəlif ərazilərinə yayılaraq məskunlaşmışlar. Lakin tarixi qaynaqlarda Mərkəzi Asiyadakı bu iki Turan arealından ayrılaraq qərbə doğru hərəkət edən insanlar Ön Asiyada və Avropada yeni mədəniyyət mərkəzlərinin əsasını qoydular. Bu ərazilərdə Turan adlı ölkələrin və hətta dövlətlərin meydana çıxdığı haqqında tarixi dəlillər də mövcuddur.
Turan super etnosuna mənsub olan və ön türklərlə qardaşlıq əlaqələrinə malik macarlar, uqor-finlər, monqollar,yaponlar və koreyalılar tarixin sonrakı inkişaf prosesində ümumi kökdən ayrılaraq Turan irqinin müstəqil qollarını təşkil etmişlər.

 

-Bu kitabı yazmağa sizi təşviq edən əsas səbəb nə oldu?

-Sovetlər İttifaqının dağılması və beş türk respublikasının müstəqillik əldə edərək öz dövlətlərini yaratması Türk birliyi-Turan mövzusunu həm siyasi arenada,həm də, elmi dairələrdə yenidən gündəmə gətirdi. Sovet dövlətində ən çox milli zülmə və tarixlərinin saxtalaşdrılmasına məruz qalan etnos türklərdi. Rəsmi sovet tarixşünaslığında türklərin Azərbaycana və Anadoluya gəlişləri Xİ əsrdə Səlçukların bu ərazilərdə məskunlaşması ilə əlaqələndrilir və qədim türk tarixinin öyrənilməsi üzərində bir yasaq mövcud idi.Hətta “Dədə Qorqud” ,”Alpamış” , “Manas” ,kimi türk eposlarının, Mahmud Kaşğarlının ”Divanü Lüğat-it-Türk” əsərinin araşdrılması üzərində yasaq vardı. Nəinki Turan tarixinin araşdrılması, hətta türk xalqlarına müxtəlif suni adlar verilərək onların özlərini türk  adlandırması belə cinayət hesab olunaraq pantürkizmlə ittiham olunurdu. Türklərin qədim tarixi başdan-başa saxtalaşdırmaya məruz qalmışdı.
Müstəqillik əldə edildikdən sonra türk xalqlarının öz qədim tarixlərini, mifologiyasını,etnik köklərinin araşdrılması yolunda bütün əngəllər aradan qalxdı. Türklərin ulu vətəni Turanın tarixi aktual bir mövzuya çevrildı və son 30 il ərzində Ön Türklərin və Turanın tarixinin müxtəlif aspektlərini özündə əks etdirən bir çox əsərlətr yazıldı.

Qarabağın və onun ətrafındakı 5 rayonun rus-erməni hərbi alyansı tərəfindən işğal olunması Türk Dövlətlər birliyinin yaradılması qarşısında qərəzli şəkildə yaradılan suni bir əngəl idi. Azərbaycan ərazilərinin qəhrəman əsgərlərimiz tərəfindən işğaldan azad olunması yeni yaranmış geosiyasi situasiyada məni də bir tarixçi kimi Turan tarixini araşdırmağa sövq etdi.

-Turan və Ön Türklər mövzusunda bu günə qədər kifayət qədər akademik araşdı rma aparıldığını düşünürsünüzmü?

Turan tarixini ilk araşdıran XVIII-XIX əsr Avropa tarixçilərindən başqa mənşəcə fransız yəhudisi olan Leon Kahunun (Tekinalp) «Asya Tarihine Giriş, Türkler ve Moğollar›» (1896) əsəri və görkəmli türk-başkurt tarixçi Zəki Vəlidi Toğanın “Ümumtürk Tarihine Giriş” (1946) əsəri Turan tarixini əhatə edən önəmli əsərlərdir.
Türkiyədə,Qazaxıstan və Özbəkistanda Turan tarixinin müxtəlif aspektlərini əks etdirən əsərlər yazılsa da, bu haqda akedemik çalışmaları kifayət hesab etmədiyimdən turan tarixi haqqında iki akademik çalışmaları ehtiva edən “Dünya Tarixinin Turan Dövrü” və “Turan-türk tarixində Əfrasiyab və Oğuz xaqan” adlı iki əsər yazmağı vacib hesab etdim.2022-ci ildə yazdığım və sonrakı illərdə ,rus dilində və anadolu türkcəsində nəşr olunmuş“Dünya Tarixinin Turan Dövrü” kitabının müxtəlif bölümlərində Turan anlayışını,onun  tarixini, qədim ön türk turan tayfalarının ilk olaraq məskunlaşdıqları ölkələrin gerçək tarixini keçən yüzilliklərdəki Avropa tarixçilərinin elmi faktlarla zəngin, lakin bilərəkdən unudulmuş əsərlərindəki tarixi, linqvistik, arxeoloji və etnoqrafik dəlillərə istinad edərək araşdırmışam.
 
-Sizcə Turan tarixinin dünya sivilizasiyasının formalaşmasında hansı rolu olub?

Qədim dünya tarixinin Turan dövrü fikri Qədim Şərq və eləcə də qədim dünyanın erkən tarixinin və mədəniyyətinin araşdırılmasına çox saylı əsərlər həsr etmiş Avropanın XVIII-XIX əsr tarixçi, arxeoloq, antropoloq və linqvist böyük bilim adamlarına məxsusdur. Onlar qədim mixi və heroqlif yazı mətnlərinə,arxeoloji, linqvistik və etnoloji elmi dəlillərə əsaslanaraq ari və sami irqlərinin tarix səhnəsinə qədəm qoymasından öncə min illər ərzində dünyanın Turan tayfaları yəni ön türk turlar tərəfindən məskunlaşdırılmış olduğunu və dünya mədəniyyətinin ilk bünövrəsinin dünyanın ilk mədəni sakinləri olan turanlılar tərəfindən qoyulduğu fikrini irəli sürmüşlər. Mixi və heroqlif yazı sisteminin kəşf edilməsinin, metal emalı və dəmirin kəşfinin, ilk arxitektura abidələri və şəhərsalma ənənəsinin, meqalit və tumulların, heyvanların və o cümlədən atın əhliləşdrilməsi və bəslənməsinin əsasının dünyanın ən qədim irqi olan turanlılar tərəfindən qoyulması haqqında XVIII-XIX əsr Avropa tarixçilərinin,linqvist və etnoloqlarının görüşləri onların irəli sürdükləri Turanizm nəzəriyyəsində öz əksini tapmışdır.
Sumer və subirlərin varisləri olan Oğuzlar və digər türk etnosların da məskunlaşdıqları ərazilər Mərkəzi Asiyanın Amudərya və Sırdərya, İrtış, Yenisey, Orxun, Uzboy, Azərbaycanda Kür, Araz, Qızılüzen, Qərbi Asiyada Ural, İtil, Kama kimi böyük çayların sahil və vadiləri olmuşdur. Bu baxımdan dünya çaylarının böyük əksəriyyəti türk dilində çay anlamında olan İd, Okuz, Uz, Qus, Quzan, Balik, Araz kimi adlar daşımaqdadırlar.
Bu tarixi ənənyə uyğun olaraq görkəmli alman assuroloqu Albrext Virth Mesopotamiyadakı çaylardan və onun ətrafında məskunlaşmış turanlı xalqlardan bəhs edərkən “çayların adlandırma ənənəsi türkcədir” deyir. A.Vithin bu fikrinə tarixən dağların da adlandrılması ənənəsinin türkcə olduğunu əlavə etmək olar.
Tur, Bars,Kaphaz, Alp,Qafqaz,Ural,Ağrı kimi dağı ifadə edən oronimlər tarixən türkcədir.
 
-XIX–XX əsr Avropalı tarixçi və araşdırmaçılarının Turan mövzusundakı çalışmalarını necə qiymətləndirirsiniz?

-XVIII-XIX əsr Avropasının görkəmli tarixçiləri, arxeoloq və linqvistləri Henry C. Raulinson, K. Norris, Edvard Hincks, Jules Oppert, Francois C.Lenorman, Arçibald H. Sayce, Edouard Sayous, Yrjo Sakari, Yrjo-Koskinen, K. A.Hermann, Otto Donner, H. Gelzer, Friedrich Delitç, F. Eberhard Şrader, H. H.
Houorth, Baron Bunsen, Fritz Hommel,dünyanın qədim tarixinin dərindən araşdırılması nəticəsində Turan adlandırılan yeni bir elmi nəzəriyyə irəli sürmüşlər. Bu nəzəriyyəyə görə hələ sami və ari irqi tarix səhnəsinə qədəm qoymadan min illər öncə tarixin ilk dönəmlərində bilim adamlarının turanlılar adlandırılan Öntürklər doğu ərazilərində yerləşən öz ilkin vətənlərindən batıya doğru hərəkət edərək yer üzərinə yayılmış və ilkin bəşər mədəniyyətinin əsasını qoymuşlar.
Bu nəzəriyyə hansısa tək bir bilim adamının subyektiv emosiaonal düşüncəsinin məhsulu deyil, yüzlərlə müxtəlif peşə sahibi bilim adamlarının uzun illər ərzindəki kollektiv fədakar elmi fəalliyətinin nəticəsi idi.

XVIII-XIX əsr Avropa tarixçilərinin qədim şərqin Sumer, Elam, Babil, Assuruya, Misir, İran, Hindistan, Hitit tarixinə həsr olunmuş çoxsaylı əsərlərində Turan və turanlıların, daha doğrusu Öntürklərin ən qədim tarixinin müxtəlif yönlərini özündə əks etdirən olduca zəngin, dəyərli və əhatəli bilgilər mövcuddur. Öntürklərin bəşər tarixində oynadıqları önəmli rolu dəyərləndirən R. Qrosset yazır: “Bu köçərilər istər türk olsunlar, istər monqol, ağıllı, müvazinətli və praktik düşüncəli bir irqin övladlarıdırlar. Bu irq mühitin gerçəklikləri şəraitində yetişmişdir və təbiətən əmr vermək üçün yaranmışlar. Əksəriyyət etibarı ilə iflasa uğrayaraq soysuzlaşmış oturaq cəmiyyətlər böhranın təsiri ilə çökdükləri an köçərilər şəhərə daxil olur və tərəddüd etmədən ilk mübarizədə qalib gəldikləri hökmdarların taxtına əyləşirlər. Bu zaman biz onları Böyük Çin imperatoru, İran şahı və Hindistan hökmdarı timsalında görürük. Dərhal da mühitə uyğunlaşaraq Pekində yarı çinli, Reydə və ya İsfahanda yarı fars olurlar. Avropa tarixinin gedişini üç-dörd dəfə qəfləti gəlişləri ilə dəyişdirən böyük Asiya köçərilərini biz yalnız öz bilgisizliyimiz səbəbi ilə qeyri adi bir hal kimi dəyərləndiririk”. (Grosset.R. 1938. Səh. 50, 49)
Grossete görə Orta Asiya çöllərinin köçəriləri dünya tarixində mühüm rol 
oynamışlar. Onlar tarix ərzində 20 dəfə Turan yaylasından hərəkət edərək Hind və Qanq vadilərini, Dəclə-Fərat vadilərini işğal edərək ucqarların durğunlaşmış mədəniyyət mərkəzlərinə yeni insan axını əlavə etməklə canlılıq gətirmişlər. Xalqların bu köçləri böyük tənzimləyici gücə malik idi. Bu insan axını çayların dağlardan vadilərə axması kimi coğrafi qanunun bənzəri idi. Qədim mədəniyyətə malik müxtəlif xalqları vahid hakimiyyət altında birləşdirən türk və tatarlar mədəniyyətlərin çulğalaşmasına səbəb olurdular. Beləliklə H. Rauilson qədim mixi yazı mətnlərinin yazıldığı dili Turan dili,Baron Bunzen isə bu dildə danışan xalqları Turan xalqları adlandıraraq Turanizm nəzəriyyəsini əsaslandırmışlar.
Çox təəssüflər olsun ki, bu dəyərli əsərlər müasir dövrdə bilim adamlarının diqqətindən kənarda qalaraq unudulmuş, tarixin arxivinə gömülmüşdür.
Avropasentrizm ideologiyasını rəhbər tutan müasir bilim dünyası keçən əsrlərin böyük bilim adamlarının irəli sürdükləri Turanizm nəzəriyyəsinə skeptik yanaşma nümayiş etdirərək turanlı öntürklərin bir etnos kimi təşəkkül tapdığı ərazilərində ciddi cəhdlə iranlı və hind-avropalı izləri axtarmaqda davam edirlər.
 
-İran və Turan anlayışlarını tarixi baxımdan necə dəyərləndirirsiniz?
 Bu iki anlayış arasında necə bir əlaqə görürsünüz?

-Turları arilərin bir qolu və iran dilli tayfalar kimi qələmə verən rəsmi avropasentrist görüşün əksinə olaraq İran və Turan iki rəqib etnosu ifadə edən,bir-birinə əks anlayışlar- antonimlərdir.

İran coğrafi anlayış olub, bəşər uyqarlığının təməlini qoyan turanlı Ön Türklərdən sonra Balkanlardan gələrək tarix səhnəsinə qədəm qoyan ariyan tayfalarının ekspansiyası nəticəsində qədim Turan torpaqlarında məskunlaşdıqları əraziyə XX əsrdə verilən uydurma addır. Turan tayfaları Qafqaz dağları üzərindən bölgəyə daxil olan hind-arilərin qarşısını Qorqanda, indiki Məzandaranda kəsmiş və burda iki etnos arasında kəskin qarşıdurma baş vermişdir. Onların bir qolu tədricən irəliləyərək Mərkəzi Asyada və Hindistana məskunlaşmış,digər qolu isə qərbə doğru irəliləyərək Zaqros dağları yaylalarında turanlı Barsların ərazisində yerləşmiş və sonrakı tarixi dövrlərdə turanlı Midiyada hakimiyyəti xaincəsinə ələ keçirmişlər.

Beləliklə Samilərin və hind-avropalı arilərin sonrakı dövrlərdə tarix səhnəsinə qədəm qoymaları ilə dünyanın böyük hissəsində məskunlaşaraq ilkin bəşər mədəniyyətinin əsasını qoymuş turanlılara qarşı təcavüzkar hərəkətləri başlamış oldu. Öncə Ön Asiyada Ərəbistan yarımadasından hərəkət edərək Mesopotamiya ərazisində yayılan vəhşi sami tayfalarının davamlı basqınları və təzyiqləri nəticəsində turanlı sumerlilər öz yurdlarını tərk edərək böyük köçlərə məruz qaldılar.
Tarix səhnəsinə daha gec qədəm qoyan hind-avropalı arilər iki qola ayrılaraq yayılmaları iki istiqamətdə baş verdi, onların bir qolu ilkin vətənləri olan Şərqi Avropadan hərəkət edərək Balkan üzərindən Anadoluya keçdilər. Hind-iranlılar adlanan digər qolu isə şərqə doğru hərəkət edərək Mərkəzi Asiyada iki hissəyə bölündülər, bir hissəsi şərqə doğru Hind çayı hövzəsinə, digəri isə qərb yönündə istiqamət götürüb Zaqros dağları və Mesopotamiyaya doğru hərəkət edərək burda məskunlaşmış turanlı Öntürk xalqlarının öz yurdlarını tərk edərək müxtəlif istiqamətlərdə köçlərinə səbəb olmuşdular. Beləliklə bəşər tarixinin ilkin irqi olan və dünyanın dörd tərəfinə yayılmış Turan irqi arilərlə yüzillərlə davam edən mübarizədə malik olduqları əraziləri çox zaman güzəştə getməyə məcbur olurdular. Ari irqinə mənsub iranlılarla turanlı öntürklər arasında Mərkəzi Asiya və Ön Asiyada baş verən və yüzillərlə davam edən qarşıdurma dünya tarixində İran-Turan müharibələri adı ilə öz əksini tapmışdır. Mərkəzi Asiyada turanlı türklərlə iranlı arilər qarşı qarşıya gəldikləri halda Ön Asiyada Aralıq dənizi hövzəsi və Mesopotamiyada arilərin meydana çıxması ilə bəşəriyyətin üç böyük irqi olan turanlılar, arilər və samilər bölgədə ağalıq uğrunda yüz illərlə davam edən qanlı qarşıdurmalar prosesinə cəlb olunaraq tarixdə yüz illərlə davam edən İran-Turan müharibələrinə səbəb olmuşdur.
 
-İranda Türk tarixini hansı əsrlərə və ya dövrlərə bağlayırsınız?

-İran adlandrılan  ölkənin qədim tarixini “Dünya tarixinin Turan dövrü” kitabının “Turan ərazisində Arilərin uydurma İran dövləti” adlı bölümündə şərh etmişəm.
İndi İran adlanan ərazi hind-arilər və ya hind-avropalılar bura gəlmədən öncə min illər ərzində bəşər uyqarlığının təməlini qoymuş turların və ya Ön Türklərin məskunlaşdığı bölgə olmuşdur.
Alman tarixçisi Huqo Kuçera XX əsrin başlarında yazır ki türk,tatar və fin tayfalarından ibarət Turanlılar samilər və arilər tarix səhnəsinə qədəm qoymadan öncə yer üzərinə ilk yayılmış qədim xalq idi..Avropada və Asiya ərazilərində geniş yayılmış turanlılar Hind çayından Dəclə çayları arasındakı ərazidə hakim idilər. Sonradan tarix səhnəsinə qədəm qoymuş iranlılar bu əraziləri işğal etdilər. Hətta Hind çayının arxasında Hindistanın uzaq bölgələrində turanlıların izlərinə rast gəlmək olar. Sonradan samilər və arilərin miqrasiyası nəticəsində bu ərazilər onlar tərəfindən məskunlaşdrılsa da Turan əhalisi Bəsrə körfəzinə qədər uzanan həmin bölgələrdə yaşamaqda davam edirdilər.”

Alman tarixçi A.Virth yazır ki “Arilər batı və güney istiqamətinə doğru hərəkər etdikləri zaman burda daha öncə məskunlaşmış turanlılarla qarşılaşdılar.”
Öz ilkin vətənləri Şərqi Avropadan istər Balkanlar üzərindən Anadoluya, istərsə də şərqə doğru hərəkət edib Türkistanda, Hindistanda və Midiya ərazisində məskunlaşan hind-avropalılar və ya hind-arilər getdikləri hər yerdə onlardan min illər öncə bu ərazilərdə məskunlaşmış turanlılıların müqaviməti ilə qarşılaşmış və iki irqin arasında yüz illərlə davam edən qanlı toqquşmalar xalqların böyük köçlərinə səbəb olmuşdur. 
İran və arya sözlərinin mənası müxtəlif şəkildə izah olunur. Sanskritdəki Arya sözü sifət halında sadiq, müti anlamında izah edilir. Zənd dilində də bu söz “erya” şəklində ifadə olunur və anlamı yenə də sadiq, müti, qanuna riayət edən şəklində mənalandırılır. Bu sözlərin türk dilində ifadəsi er/ər şəklindədir. Türk dilindəki Er/ərən sözü Ariyan şəklində iran dillərinə keçmişdir. Türk dilində Er/ər/ ərən sözünün mənası erkək, hörmətə layiq, mərt mənasındadır. Türklərin hərbi sistemində su və çeri hərbi təbəqəsindən sonra ərənlər gəlir. Əhəmənilər anzanit türkləri idilər. Onlarda türkcə olan Okus, Kodaman adları vardı. Kserksin 

sərkərdələrindən birinin adı Aryaman idi. (Yusif Hikmət Bayur. 1930, Səh. 333)
F.Köniq Ariya sözünün tez-tez təkrarlanan bir subar adı olduğunu və iranla heç bir əlaqəsi olmadığını yazır.
“Ariana” adı Eran (İran) şəkli alaraq tezliklə Asiyanın bu bölgədəki arilərini əhatə etdi. Dyakonov “Ari-jana” sözünün hurri dilində “Allah qardaş verdi” mənasında olduğunu yazır. (Дьяконов И, T I, 2012. Səh. 67)
Qədim Oğuzlar farsları “Soqaq” adlandırırdılar, bu sözün mənası acgöz, gözüdoymaz, paxıl, xəbis deməkdir. (ДТС, 1969, Səh. 508, 514)
Zamanla Ural dağları üzərindən hərəkət edən hind-arilər Türkistana yenmiş,burda iki qola ayrılmışlar. İrəli sürülən “Ari istilası nəzəriyyəsi”nə görə onların bir qolu şərqə doğru hərəkət edib Hindistana soxularaq burda turanlılara məxsus Mohenco-Daro və Harappa mədəniyyətlərini amansızlıqla məhv etmişlər.
Hind-arilərin ikinci qolu isə Türkistanda turanlıların təzyiqi ilə qərbə doğru Xəzər dənizinin güneyi üzərindən hərəkət edərək Zaqros dağları tərəfdə Midiyada və Barsuada yerləşmişlər. Digər bir versiyaya görə Avropadakı Balkan ərazisindən hərəkət edən hind-iran tayfaları Qafqaz dağları üzərindən güneyə doğru hərəkət edərək Xəzərin güneyindəki Mazandaran-Hirkaniya üzərindən şərqə doğru irəliləmişlər.
İran bir coğrafi anlayışdır və İran yaylasını əhatə edən ərazi kimi qəbul edilir.Lakin bir çox qərb və rus müəllifləri bu ərazidə qədim və orta əsrlər dövründə mövcud olmuş Aratta, Midiya, Əhəməni, Parfiya, Səfəvi, Əfşar və Qacar kimi dövlətləri İran dövlətləri kimi qələmə verirlər.
Görkəmli tarixçi və iranşünas alim İ.Dyakonov iranlıların Ön Asiyada mövcudluğunu e.q. VII əsrin əvvəllərində ilk fars hakimiyyət sülaləsi hesab olunan Əhəmənilərin gəlişi ilə başladığını yazır. Lakin Əhəməni dövlətinin iran dövləti kimi təqdim olunması tarixi saxtakarlıqdan başqa bir şey deyil. Tarxi hadisələrin təhlili nəticəsində istər Əhəməni sülaləsinin etnik mənşəyi, istərsə də, onların yaratmış olduqları dövlətin iranlı/ari xarakterə malik olması görkəmli bilim adamları tərəfindən şübhə ilə qarşılanmaqdadır.
Avropasentrizm nəzəriyyəsinin tarix elmində hakim ideologiyaya çevrilməsi nəticəsində qərbdə qədim Yunan, şərqdə isə Əhəməni dövləti əsasını hindavropalıların qoymuş olduqları bəşər mədəniyyətinin iki mərkəzi kimi təqdim olunmaqdadır. Lakin tarixdə İran adı ilə süni şəkildə yaradılan ilk dövlət 1920-ci illərin ortalarında ingilis və rusların Qacar türk dövlətinə qarşı xəyanətləri nəticəsində ingilislərin təlqini ilə özünə Pəhləvi ləqəbi götürmüş Rza Savadkuhinin yaratdığı İran adlı dövlətdir.
İran tarixinin Əhəmənilərə qədərki Pişdadilər və Kəyanilər dövrü tamamilə əfsanə xarakteri daşıyır. Farslar məskunlaşmış olduqları müxtəlif ərazilərdə özlərindən əvvəl orda yaşayan xalqlara aid əfsanə və miflərdən əxz etdikləri hadisə və qəhrəmanları özləşdirərək özlərinə uydurma tarix icad etmişlər.

İrandilli tayfaların Fars-Parsua adları da tarixi saxtakarlıqdan başqa bir şey deyil.Alman assuroloqu F.Hommel Barsua-Pars məsələsinə aydınlıq gətirərək yazır: “Midiyanın Urmiyadan aşağı vilayəti olan Parsua adı Assur mətnlərində Barsuakimi yazılmışdır. Əhəmənilərin ilkin olaraq hakimiyyəti ələ keçirdikləri Midiyanın Barsua əyalətində yerli əhali alaroid, yəni turanlı idilər. Əhəmənilər bu adı Elamdan aşağı ərazini işğal edəndən sonra ora daşıdılar. Bu iran xalqının Baktriyadan Midiyaya və ordan da Parsuaya köçləri haqqındakı tarixi bəlgələrə də uyğundur. Bu Zənd Avesta ənənəsindən də aydın göründüyü kimi Parsua ilə Persianın bir-biri ilə heç bir əlaqəsi mövcud deyil, bu sadəcə sözlərin təsadüfi bənzərliyindən ibarətdir. Əhəmənilər Elamın cənubunda ələ keçirdikləri mərkəzdən kənar təhlükəsiz ərazidə Parse şəhərini salmışdılar. İran yaylasındakı Midiya dövlətin özləşdirərək böyük bir imperiyaya çevirən Dara bu şəhəri əzəmətli bina və saraylarla zənginləşdirdi. Bu əyalət şəhərin adına uyğun olaraq Persiya adlandırılmışdır”. (F. Hommel, 1889, Səh. 89, 95)
Barsuadan Güneyə doğru hərəkət edən Ari tayfası olan perslər indiki Şiraz vilayəti və Niris dağlarını əhatə edən Fars əyalətində məskunlaşmışdılar və tədricən öz torpaqlarını Belucistana qədər genişləndirmişdilər. Onların qonşuluğundakı Azərbaycan və Ardilanda qədimlərdən etibarən kassilər məkunlaşmışdılar. Perslərin Əhəməni ailəsinə mənsub knyazları Çispis idi. O Midiya kralı Kiyaksarın Nineviyaya yürüşünə qatılaraq ona dəstək vermişdi. O Anşan knyazının varis qızı ilə evlənmişdi və bu səbəbdən də önəmli bir ərazi olan Anşanı ələ keçirərək öz oğlu Kirin idarəsinə vermişdi. Onu isə hakimiyyətdə oğlu Kambiz əvəz etmişdi. Kambizdən sonra Pers dövlətinin qurucusu olan oğlu Böyük Kir Anşan kralı olmuşdu. (Billerbeck A. 1893, Səh. 50)
Bir çox tarixçilər Urmiya gölünün güneyində mövcud olan Barsua ölkəsi 
əhalisinin turanlı, midiyalı və ya sak olduğunu yazırlar. Şərqdən gələn iranlı tayfalar yalnız Barsuada məskunlaşandan və ordan cənuba doğru hərəkət edib Kirmanda Parsaqrdad şəhərinin əsasını qoyub özlərinə paytaxt edəndən sonra bu şəhərin adından ümumi adla Parsumaş adlanmışlar. Həmin dövrə qədər onlar müxtəlif adlara malik tayfalar birliyindən ibarət idilər və bu tayfaların yalnız üçünün iran mənşəli olduqları ehtimal olunur.
Bu gün də İran adlı coğrafiyada Xuzistandan başlayaraq Xorasana qədərki ərazidə ən qədim dövürlərdən etibarən çoxsaylı türk tayfaları məskunlaşmışdır.Qeyri rəsmi məlumata görə türklər İran əhalisinin əksəriyyətini təşkil edir.

Bu gün “türklərin İranı” ifadəsi işlədilməkdədir. Türklər İran adlı coğrafiyada müxtəlif dövlətlər quraraq ən azından 1500 il hökm sürdülər.
Lakin İrandakı xalqları tam şəkildə türkləşdirib malik olduqları yüksək mədəniyyəti onlara qəbul etdirə bilmədilər. Əksinə yüz illər ərzində hakimiyyət elitasını təşkil etmələrinə rəğmən özləri iranlılaşmaya məruz qaldılar. Farslar tərəfindən assimliyasiyaya məhkum oldular, dillərini önəmli dərəcədə qeyb etdilər,hakim etnos statusuna malik olmalarına baxmayaraq hər zaman aşağılandılar və təhqirlərə məruz qaldılar.
Türklərin irançılıq faciəsinin təməli Səlçuqlular dövründə qoyulmuş və son Qacar hökmdarlarına qədər 1500 il davam etmişdir. Sultan Tuğrul bəy xarəzmli,uyqur türk əsilzadə əyanlarını deyil Əli bin Abdullah Salar-ı Buzcani və Əmidül-Mülk Əl-Kunduri kimi iranlıları özünə vəzir təyin etdi. Böyük Səlcuq vəziri Nizamülmülkün səyləri nəticəsində Türk hərbi qolu, İran bürokratik qolu və sünni İslamın hüquq sistemi olan bir dövlət sistemi quruldu.Dövlətin Bürokratiya sistemi əvvəllər Qəznəvi dövlət idarəçiliyində xidmət etmiş nüfuzlu İran katibləri sinfinə həvalə edildi. Nizam əl-Mülk dövründən etibarən fars dili rəsmi yazışmalarda və bürokratiyada istifadə olunurdu.Bu gün də Molla rejimi tərəfindən uğurla davam etdrilən Şiə ekstremizmi və yayılmaçılığının təməli fars Həsən Səbbah tərəfindən Səlçuqlular dönəmində qoyuldu.
Min illərdir İran coğrafiyasında türklərin assimliyasiyasına doğru yönəlmiş irançı-şiəçilik ideologiyasının zülmündən qurtulmağın yeganə yolu Güney Azərbaycan türklərinin öz azadlığına qovuşmasıdır Keçmişdə böyüklərimiz Turanın qurulmasını arzu edirdilər. Bu gün Türk 

Dövlətləri Təşkilatının yaranmasını və inkişafını necə dəyərləndirirsiniz?

-Türk xalqlarının böyük mütəfəkkiri Mahmud Kaşğari türklərin vətəni olan Turanın bir cahan dövləti olduğunu dilə gətirərək yazırdı: “Tanrının inayəti ilə günəş Türk bürclərində doğdu və göylərin bütün dairələri onların mülkləri üzərində döndü. Tanrı onlara Türk adını verdi və onları yer üzünə hakim qıldı.Dövrümüzün xaqanlarını onlardan çixardı, dünya millətlərinin idarə cilovunu onların əlinə tapşırdı, onları hamıdan üstün elədi, onları haqq üzrə qüvvətləndirdi”.
Turan dövlətinin ərazisi Doğu Türkistan da daxil olmaqla, Xotandan başlamış, Azərbaycan da daxil olmaqla, Dəclə çayına qədər olan ərazini əhatə edirdi. Tarixi hadisələrdən də göründüyü kimi Turanın ulu hökmdarı Əfrasiyab – Alp Ər Tonqanın da fəaliyyəti başlıca olaraq Azərbaycanla bağlı idi. O Sakların başbuğu Madi və Midiya hökmdarı Astiaqla da eyniləşdrilir.
Bir çox ərəb müəllifləri və o cümlədən Balami Azərbaycanı da Turan ölkəsinin sərhədləri içərisinə daxil edir. Bugünkü Bakı şəhəri ilə Quba arasında yerləşən Şabran şəhəri Əfrasiyabın Azərbaycan ərazisindəki mərkəzi şəhəri idi. Sonrada Şabran Əfrasiyabın qardaşı Aruz Qocanın paytaxtı olmuşdur.
Qədim mənbələrdə Cənubi Azərbaycandakı Qanzaq şəhərinin Turan padşahı Əfrasiyab – Alp Ər Tonqa tərəfindən inşa edildiyi yazılır. Bir sıra mənbələrdə Qanzakın Midiyanın ilk pytaxtı olduğunu, Strabon isə Qanzakı Atropatenanın yay paytaxtı olduğunu yazır. Key Xosrov Çayçast (Urmiyə) gölü yaxınlığında Əfrasiyabı öldürdükdən sonra gölün yaxınlığındakı Turan tanrılarının məbədini də dağıdır və yerində atəşpərəstlərin Azərquşnəsp məbədi tikilir.
Minillər ərzində baş verən tarixi proseslər, savaşlar, təbii kataklizmlər nəticəsində Turanda böhranlar baş vermiş, türk dövlətləri iflasa uğramışdır.
Böyük Turanın öz varlıqlarını tarixin Yeni dövrünə qədər davam etdirən ən son əzəmətli dövlətləri Səfəvi-Qacar türk dövlətləri və Osmanlı türk imperatorluğudur.
Böyük Turan dövləti süquta uğradıqdan sonra tarixin çeşidli dövrlərində onun əhatə etdiyi ərazilərdə bu dövlətin varisləri olan və müxtəlif adlarla adlanan dövlətlər təşəkkül tapmışdır.
Həmin qədim türk dövlət təşkilatlarından biri də Xarəzm dövləti idi.
Biruninin yazdığına görə Xarəzmlilər öz tarixlərini Makedoniyalı İsgəndərin gəlməsindən 980 il öncədən, yəni e.ə. 1292-ci ildən, Keykavusun oğlu 
Siyavuşun Xarəzmə gəlməsi ilə başlayırlar.Turan anlayışı bir çox Türk hökümdarlarının idealına çevrilmişdir.
Tarixi ənənəyə uyğun olaraq öz sülalələrinin mənşəyini Əfrasiyaba bağlayanlar Qaraxanlılar, uyğur və səlçuqlularla məhdudlaşmamışdır. Əmir Teymur da öz dövlətini Turan dövləti adlandırırdı. Teymurilər sülaləsinin tarixçisi Şərəfəddin Əli Yəzdi Əmir Teymur dövlətinin də Turan dövləti adlandığını yazır,bu məlumat Kazaxıstanın Karsakpay mədənində tapılan və 1391-ci ildə cağatay dilində yazılmış olan bir kitabədə də Teymurun özünü Turanın sultanı adlandırması ilə də təsdiq olunur.
Tarixi Turan ərazisində mövcud olan və bu adın çoxsaylı toponimlərdə əks olunduğu digər bir ərazi türklərin ana yurdu olan Sibirdə yerləşirdi.Sibirdəki Turan dövlətinin əsası Çingiz xanın oğlu Cuçi xanın 5-ci oğlu Şeybanı xana savaşdakı qələbələrinə görə kiçik qardaşı Batı xan tərəfindən verilmiş ərazilərdə Şeybaninin varisləri tərəfindən qoyulmuşdu. Əbülqazi Bahadur xan da “Türklərin şəcərəsi” əsərində əsası Çingiz xanın nəvəsi Şeyban xan tərəfindən Sibirdə qoyulmuş dövləti Turan dövləti adlandırır. Şeyban xanın varisləri tərəfindən idarə edilən Turan dövləti Taybuqa xanın dövründə güclü bir dövlətə çevrilərək Qızıl Orda xaricində müstəqil bir xanlıq olmuşdur.
Qacar xanədanının əcdadı - Ağa Məhəmməd xan Qacarın Buxara əmiri Şah Murada (1795) məktubuna diqqət yetirin. Burada Ağa Məhəmməd özünün turanlı, yəni türk mənşəli olduğunu göstərir və tayfasının Qacar-noyon soyundan olduğunu qeyd edir. “Bütün dünya Adəm və Həvvadan gəlir və əgər Turan hökmdarlarının ailəsinə şan-şöhrətlə öyünməyə meyl etmək yaraşarsa, axı bizim budaq da eyni kökdəndir:
Qacar-Noyon ailəsi Manqıtdən aşağı deyil, - şanlı və ləyaqətli tayfamız Səldus, Cəlair və Özbəkdən daha da ucadır.Allaha həmd olsun ki, O, Turan və İran, Bizans və Rusiya, Çin və Maçin, Hatay, Xotan və Hindustanın mülklərini, böyük türk nəsillərinə bəxş etmişdi.”
Ənvər paşa Osmanlı dövlətinin süqut etməsi nəticəsində Türk xalqlarının birləşməsi ilə yaranacaq yeni dövləti „Böyük Turan İmperatorluğu“  adlandrırdı.Bu haqda o qardaşı Nuri paşaya və əmisi Xəlil Kut paşaya yazdığı məktublarda da dəfələrlə bəhs etmişdir.
Birinci Dünya müharibəsində Osmanlı dövlətinin məğlub olaraq Ərəb ölkələri və Avropadakı ərazilərinin itirilməsi Türkün Böyük komutanı Ənvər paşanın öz nəzərlərini tarixi türk torpaqlarına yönəltməyə vadar etdi.Ənvər paşa Rusiyanın Avropa hissəsindəki türk xalqlarını öz azadlıqları uğrunda mübarizəyə qaldırmaq məqsədi ilə hələ savaşdan öncə müəyyən hazırlıqlar görmüşdü.Bu məqsədlə pağa öz yaxın silahdaşlarından biri „Turan yolu“ Türkçülük hərəkatının rəhbəri Quşçubaşı Salim bəyi öz dəstəsi ilə Rusiyanın Sibir və Türküstan bölgələrində türkləri Çar Rusiyasına qarşı üsyana qaldırmaq üçün Türküstana göndərmişdi və Çar Rusiyası rəhbərləri həmin ərazilərdə baş qaldıran üsyanları yatırtmaq üçün ordunun cəbhədəki bölmələrinin önəmli bir qismini üsyanı yatırmaq üçün döyüş bölgəsindən ayırmağa məcbur olmuşdu. Ənvər paşanın Turan dövləti yaratmaq yolundaki fəaliyyətində Quzey və Güney Azərbaycan önəmli yer tuturdu.O Azərbaycanı rus-erməni işğalından xilas etmək üçün İslam Qafqaz ordusunu qardaşı Nuri paşanın rəhbərliyi altında  Gəncəyə göndərmişdir.Əli İhsan Sabis paşanın rəhbərlik etdiyi türk ordusunu isə Gvüney Azərbaycanı aysor-erməni işğalından xilas etmək üçün Urmiyə və Təbrizə göndərmişdir.Türk ordusu Azərbaycanın hər iki hissəsində tarixi xilaskarlıq missiyasını yerinə yetirmişdir.
Minillər ərzində baş verən tarixi proseslər, savaşlar, təbii kataklizmlər nəticəsində Turanda böhranlar baş vermiş, türk dövlətləri iflasa uğramışdır.
Böyük Turanın öz varlıqlarını tarixin Yeni dövrünə qədər davam etdirən ən son əzəmətli dövlətləri Səfəvi-Qacar türk dövlətləri və Osmanlı türk imperatorluğudur.Rus-sovet imperiyasının dağılması nəticəsində beş yeni türk dövlətinin yaranması Turanı yenidən dünya siyasətinin gündəminə gətirmişdir.Yenidən müstəqillik qazanmış Türk dövlətlərinin yeni birliyinin əsası 1992-ci ildə qoyulmuşdur.Bu birliyin yaranmasının əsas təsəbbüskarları Türkiyə Cümhuriyyəti və Azərbaycan respublikası olmuşdur.Türk dövlətlərinin müxtəlif adlar altında birləşib öz vahid təşkilatlarını yaratmaq yolundakı fəaliyyətləri nəhayət 2021-ci il noyabrın 12-də İstanbul zirvə toplantısında Türk Dövlətləri Təşkilatı adı ilə son 

təşkilatı formasını aldı.
Bu birliyə qarşı çıxan İran, Ermənistan,Rusiya və Çin kimi dövlətlər türk dövlətlərinin vahid təşkilat formasında birləşməsini yeni Turanın yaranması kimi dəyərləndrirlər.Gerçəklikdə də Türk Dövlətləri Təşkilatı tarixən mövcud olmuş Turan birliyinin müasir siyasi təşkilat formasıdır.Əfrasiyab-Alp Ər Tonqanın Böyük Turan dövləti öz tərkibində müxtəlif türk dövlətlərini öz tərkibində birləşdirən konfederativ qruluşa malik idi.
Öz tərkibində Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan,Şimali Kipr Türk Respublikası,Türkmənistan kimi dövlətləri birləşdirən Türk Dövlətləri Təşkilatına turan mənşəli dövlət olan Macarıstan da gözləmçi statusu ilə daxildir.Ukrayna və Yaponiya da Türk Dövlətləri Təşkilatına üzvlük maraqlarını dilə gətirmişlər.
 
-Sizcə Türk Dövlətləri Təşkilatı gələcəkdə Türk dünyasının ortaq mədəni və tarixi birliyinə nə dərəcədə təsir göstərə bilər?

-Eyni etnik mənşəli xalqların birləşdiyi Ərəb Dövlətlər Birliyi, Amerika Dövlətlər Birliyi, Avropa Dövlətlər Birliyinin yaranması nə qədər tarixi zərurətdirsə Türk Dövlətləri Təşkilatı da türk dövlətləri arasında inteqrasiyanın möhkəmlənməsi, onlar arasında siyasi, iqtisadi və hərbi əməkdaşlığın genişlənməsi baxımından bir o qədər tarixi zərurətdən irəli gəlir.Türk dövlət başçıları siyasi,hərbi və iqtisadi qütbləşmənin getdikcə daha aktual şəkil aldığı müasir dünyada rəhbərlik etdikləri qardaş ölkələr arasında əməkdaşlığın daha da möhkəmləndrilməsinin zərurətini dərk edir və bu yöndə böyük çaba sərf edirlər. Bu gün siyasi və iqtisadi birlik formasında mövcud olan Türk Dövlətlər Təşkilatı qardaş dövlətlərin öz aralarında iki tərəfli qaydada hərbi müttəfiqlik haqqında müqavilələr bağlaması bu birliyin gələcəkdə hərbi alyansa çevrilməsinin əsasını qoyur.Türk Dövlətlər Təşkilatı müasir Turan birliyi kimi türk xalqlarının siyasi,iqrtisadi və mədəni inteqrasiyası üçün geniş prespektivlər açır və gələcəkdə Avropa Birliyində olduğu kimi beynəlxalq münasibətlər sistemində önəmli rol oynayacaq yeni və güclü geo-siyasi məkana və siyasi güc mərkəsinə çevrilmək üçün bütün imkanlara malikdir.
Türk Dövlətlər Təşkilatı Türk dünyasını yəni tarixi Turan coğrafiyasını hələ 
tam şəkildə əhatə etmir.Digər dövlətlərin tərkibində federasiya şəklində mövcud olan çoxsaylı böyüklü-kiçikli türk dövlətləri və dövlət təşkilatına malik olmayan xeyli türk xalqları Türk Dövlətləri Təşkilatının əhatəsi xaricindədir.

Bütöv Azərbaycan türk xalaqları birliyini ifadə edən Turanın qızıl körpüsüdür.Bu körpü təkcə Xəzər dənizi üzərindən deyil, Güney Azərbaycan üzərindən Xəzərin cənubu və Xorasan üzərindən Türkiyə dövlətini,İraq və Suriya türkməınlərini qədim Turan yurdu-Türküstana bağlayan əzəmətli Turan yolunu birləşdirir.
Türk Dövlətləri Təşkilatının sərhədləri xaricində qalan ən önəmli ərazilərdən biri tarixən Turanın əsas mərkəzlərindən biri olan və taleyin hökmü ilə indı İran adlı dövlətin tərkibində mövcud olan Güney Azərbaycan və ordakı digər türk əraziləridir.İrandakı çoxmilyonlu türk xalqları nəinki öz dövlət təşkilatlarına malik deyillər, hətta ana dilində təhsil almaq və bir çox mədəni-milli hüquqlardan da məhrumdurlar.
Özünün milli dövlət təşkilatına malik olmayan və milli-mədəni hüquqlardan məhrum olan böyük tarixi keçmişə malik çoxmilyonlu türk xalqlarından biri də Çin dövlətinin tərkibindəki tarixi Uyqurustan ölkəsi və uyqur xalqıdır.Uyqur türkləri şovinist Çin hakimiyyətinin milli zülmünə məruz qalmışlar.
Anadolunun tarixi Turan ərazisində mövcud olan Türkiyə Cumhuriyyəti malik olduğu 80 milyonluq xalqı, öz siyasi,iqtisadi və hərbi qüdrətilə Türk dünyasının lokomotivi rolunu oynayır.Türkiyənin rəhbərliyi ilə Türk Dövlətlər Təşkilatı getdikcə inkişaf edərək beynəlxalq miqyasda önəmli siyasi güc mərkəzinəgeopolotik oyunçuya çevrilməkdədir. Müasir Turan birliyi kimi dəyərləndrilən Türk Dövlətləri Təşkilatı özünün sərhədləri xaricində qalan qardaş türk xalqları ilə həmrəylik nümayiş etdirib onların milli-mədəni hüquqlarını qorumaqla, assimliyasiyaya məruz qalmalarına imkan verməməklə, onları himayə edib qayğı
göstərməklə onların öz mövcudluqlarını qoruyub saxlamalarına imkan yaradır və bununla öz tarixi görəvini yerinə yetirmiş olur.
Türk Dövlətlər Təşkilatının siyasi və hərbi gücə çevrilməsi əsarət altında qalan və öz milli dövlətinə malik olmayan türklərin öz azadlıqlarını əldə 

etmələrinə və türk dövlətlərinin vahid ailəsinə daxil olmalarına şərait yaradacaq».

Yaşar Pourəli
«Azerbaijan Post»

 
 

Almaniyadakı azərbaycanlı tarixçi: “Turan bəşər sivilizasiyasının beşiyidir


Leave a Comment