“Əgər bu sənət Avropada olsaydı…” Məzahir Təhmasiblə sensasion MÜSAHİBƏ

Əslən Təbrizdən olan tanınmış araşdırmaçı, şair və yazıçı Məzahir Təhmasibin bu yaxınlarda beşcildlik kitablar toplusu işıq üzü görüb. Türk ədəbiyyatı, aşıq yaradıcılığı, folklor və milli-mədəni irsin araşdırılması sahəsində uzun illər fəaliyyət göstərən  müəllifin yeni nəşrləri ədəbi mühitdə maraqla qarşılanıb.

Bununla əlaqədar “Azerbaijan Post”un əməkdaşı Məzahir Təhmasiblə həmsöhbət olub. Müsahibə zamanı müəllif yeni çap olunmuş kitabları, aşıq sənətinin bugünkü vəziyyəti, Azərbaycan türk ədəbiyyatının keçmişi və gələcəyi, eləcə də müasir dövrdə milli-mədəni dəyərlərin qorunması ilə bağlı fikirlərini bölüşüb.

Müsahibəni təqdim edirik:
 

“Əgər bu sənət Avropada olsaydı…”  Məzahir Təhmasiblə sensasion MÜSAHİBƏ

-Məzahir bəy, ilk növbədə yeni nəşr olunan beş kitabınız münasibətilə sizi təbrik edirik. Bu kitablar haqqında oxucularımıza ümumi məlumat verərdiniz. Eyni vaxtda beş kitabın işıq üzü görməsi sizin üçün nə ifadə edir? 

-İsfənd ayında, yəni Novruz bayramı ərəfəsində mənim yeni çapdan çıxmış 5 cildlik kitabım işıq üzü gördü. Bu kitabların bir qisminin müəllifi özüməm, bir qismini isə müxtəlif şairlərin əsərlərindən toplayaraq və köçürərək tərtib etmişəm.
Kitabların təqdimat və açılış mərasimi Təbriz Bələdiyyəsinin təşəbbüsü və təşkilatçılığı ilə keçirildi. Tədbirdə çox dəyərli ziyalılar, alimlər, ədəbiyyatşünaslar, eləcə də türk, fars və ərəb dillərində yaradan ustadlarımız iştirak etdilər.
Məclisdə ozanlarımız və aşıqlarımız saz götürərək gözəl ifalar nümayiş etdirdilər, müxtəlif havalar səsləndirdilər. Şairlərimiz öz şeirlərini oxudular. Səslənən şeirlərin bir qismi mənim yaradıcılığıma həsr olunmuş, bir qismi isə vətən, yurd və bölgə ilə bağlı mövzuları əhatə edirdi. Bəzi şairlər öz çıxış və şeirlərində mənim haqqımda tərif və təqdir dolu fikirlər də səsləndirdilər.
Bu açılış mərasiminin təşkilati işlərində Təbriz Bələdiyyəsində çalışan dostlarımız, fəaliyyət göstərən yoldaşlarımız, həmçinin Mədəniyyət Nazirliyinin yerli qurumu olan və burada İrşad İdarəsi adlandırdığımız idarənin əməkdaşları yaxından iştirak etmişdilər. Bu təşəbbüs də məhz onların tərəfindən irəli sürülmüşdü. Onlar mənə bildirdilər ki, kitabların nəşr olunmasından xəbər tutan dostlar bu xəbəri başqalarına da çatdırıblar və nəticədə belə bir tədbirin keçirilməsi təklif olunub. Bu təşəbbüsə görə onların hər birinə təşəkkür edirəm.
Düzünü desəm, mənim özümün belə bir tədbir keçirmək, dostları və yoldaşları bu qədər zəhmətə salmaq üçün o qədər də həvəsim yox idi. Lakin onlar sağ olsunlar, böyük zəhmət çəkərək çox dəyərli və yaddaqalan bir məclis təşkil etdilər.
Məclisdə iştirak edən şairlər və ziyalılar mənim fəaliyyətim, yaradıcılığım, xüsusilə də ustad Ələsgərin yaradıcılığı ilə bağlı apardığım araşdırmalar və bu mövzuda hazırladığım kitab haqqında çox gözəl, dəyərli və səmimi fikirlər səsləndirdilər.

-Kitablarınızdan biri şeirlər toplusudur. Bu şeirlər hansı dövrdə qələmə alınıb və əsas mövzuları nələrdir?

-Bəli, bu beş kitab üzərində uzun müddət çalışmışdıq. Birinci kitabdan, yəni Aşıq Ələsgərlə bağlı olan əsərdən başlayaq. Bu, A5 formatında, təxminən 900 səhifəlik çox dəyərli və sanballı bir kitabdır. Mənim Aşıq Ələsgərin şeirlərinə xüsusi bağlılığım və sevgim olduğuna görə onun misraları mənə hər zaman başqa bir dad, başqa bir ruh verib.
Bu kitabın hazırlanmasında müxtəlif alim və tədqiqatçıların da əməyi olub. Onun bir hissəsi Bakıda Hacı Loğman Göyçəli tərəfindən işlənmişdi. Həmçinin professor Buludxan Xəlilov və rəhmətlik Zəlimxan Yaqub bu əsərə ön söz yazmışdılar. Burada isə professor, doktor Əli Daşqın və Əlyas Təhmasib tərəfindən kitaba yeni ön sözlər yazıldı.
Kitabın adı “Ələsgər və İrfan”dır. Bu əsərdə Aşıq Ələsgərin şeirlərində yer alan dini işarələr, təlmihlər, Qurani-Kərimdəki hadisələr və mənəvi məqamlar araşdırılıb. Məsələn, onun bir dodaqdəyməz şeiri var:
“Sarsaqla seyrə çıxsan səhraya, Gətirər sərinə saqalı tez-tez. Tərlan qıya qalxar ərşi-əlaya, Sardan şikarını sağalı tez-tez”.
Bu misraların izahına geniş şəkildə girişsək, söhbət çox uzanar. Lakin araşdırdıqda görürük ki, Aşıq Ələsgər burada Qurani-Kərimdə yer alan Həzrət Yusif peyğəmbərin dastanına işarə edir və bunu dodaqdəyməz cinas formasında ifadə edir. Bu isə son dərəcə qüdrətli bir təfəkkürün, böyük bir söz ustalığının göstəricisidir. Ələsgərin şeirlərinin daxilində çox dərin fəlsəfi qatlar, mənəvi məna çalarları və irfani düşüncələr yatır.
İkinci kitab Dədə Qurbaniyə həsr olunub. Dədə Qurbaninin yaradıcılığına uşaqlıq illərindən vurğunuq və onun əsərləri ilə böyümüşük. Bu kitab haqqında daha ətraflı məlumatı növbəti söhbətdə verəcəyəm.

Üçüncü kitabın adı “Caygahi Peyəmbəri İslam dər Ədəbiyyati Azərbaycan”dır. Kitab həm fars, həm də türk dillərində hazırlanıb. Şeirlər türk dilində, izah və şərhlər isə fars dilində verilib. Əsərin adı da mahiyyətini ifadə edir: Azərbaycan ədəbiyyatında İslam Peyğəmbərinin məqamı və yeri.
Bu kitabda Yunus Əmrənin, Aşıq Alının, Aşıq Ələsgərin, Xəstə Qasımın, Abbas Tufarqanlının, Molla Cumanın, Hüseyn 
Bozalqanlının, Molla Pənah Vaqifin, Bəhmən Vətənoğlunun və digər söz ustalarının Həzrət Peyğəmbərin şəninə söylədikləri qiymətli misralar və poetik nümunələr toplanıb. Bu bir həqiqətdir ki, Azərbaycan ədəbiyyatında Əhli-Beytə, xüsusilə də Həzrət Peyğəmbərə böyük sevgi, ehtiram və diqqət göstərilmişdir. Kitabda da bu məhəbbətin və mənəvi bağlılığın ədəbi 
nümunələri təqdim olunur.

Dördüncü kitab “Azərbaycan mənzuməsi” (“Azərbaycan poeması”) adlanır. Bu, mənim öz şeirlərimdən ibarət topludur. Təqdimat mərasimində aşıqların və ifaçıların oxuduqları şeirlərin əksəriyyəti məhz bu kitabdan seçilmişdi.

Bu əsərin 46 bəndi müxəmməs qəlibində yazılmış bir şeir-poemadan ibarətdir. Bundan əlavə, kitabda başqa şeirlər də yer alıb. Amma onların hamısını birləşdirən əsas xətt Azərbaycandır. Hətta sevgi mövzusunda yazdığım şeirlərdə belə vətən sevgisi öz əksini tapıb.
Məsələn, belə bir bənd  yazmışam:
“Səlcuqlar, Atabəylər, Oğuz xanın nişanəsi, 
Meydan açıb Malazgirddə Alp Arslan zəmanəsi. 
Rum şahını əsir almış, belə olmuş dövranəsi, 
Fəxr edirik bu varlığa, tariximin dürdanəsi, 
Göstəribdir xoş mərhəmət Şah Xaqan Azərbaycan”.

Bu bənddə Alp Arslanın, 
Səlcuqların və Malazgird savaşının tarixi əhəmiyyətindən bəhs edilir. Burada Alp Arslanın Rum ordusuna qalib gəlməsi, Rum şahını əsir alması, lakin sonradan ona mərhəmət göstərərək azad etməsi kimi mühüm bir tarixi hadisə yada salınır. Bu, türk dövlətçilik ənənəsində güclə yanaşı mərhəmətin də mövcud olduğunu göstərən nümunələrdən biridir.
Eləcə də Nadir şah haqqında yazdığım bəndlərdən biri belədir:
“Nadir şahım qoşun çəkib 
topların qırov səsindən, 
Qarabəgir öndə gedir Almasınur həvəsindən. 
Qafqaziyada rusu salmış öz gücündən, nəfəsindən, 
Qaradağın bir anası təlim demiş bərəsindən, 
Fəth edibən Hindistanı ol Nadir xan Azərbaycan”.

Burada qeyd edim ki, Qarabəgir Nadir şahın atının adı idi. Bu bəndin arxasında maraqlı bir tarixi rəvayət dayanır. Belə nəql olunur ki, Qafqaz uğrunda gedən döyüşlərin birində Əfşar qoşunu rus çar ordusu qarşısında çətin vəziyyətə düşür. Nadir şah bir neçə silahdaşı ilə birlikdə əsas qüvvələrdən ayrılır. Xudafərinin bu tərəfində, Qaradağ bölgəsində yerləşən Həsənov mahalına gəlib çıxırlar. Onlar bir neçə gün ac qaldıqlarından olduqca taqətdən düşmüş 
vəziyyətdə olurlar.
Orada bir elat qadınının 
ayranaşı, yəni doğva bişirdiyini görürlər. Ac olduqları üçün tələsik piyalaları qazana salıb içmək istəyirlər və ağızlarını yandırırlar. Həmin qadın onlara deyir:
“Ay bala, ay bala, niyə belə edirsiniz? Siz lap Nadir şahın ruslara qoşun çəkməsi kimi etdiniz”.
Qadın bilmirmiş ki, qarşısındakı elə Nadir şahın özü və onun sipəhsalarıdır.
Nadir şah qadından soruşur:

–Ana, Nadir nə edib ki?
Qadın cavab verir:

–Nadir qəfil gedib rus əsgərlərinin mərkəzinə girdi və qoşununu qırğına verdi. Bu doğvanı necə içmək lazımdırsa, döyüş də elə aparılmalıdır. Əvvəl qıraqlardan üfləyə-üfləyə içərsən, soyudar, sonra ortasına keçərsən. Birbaşa mərkəzdən başlasan, ağzını yandırar. Siz də elə etdiniz”.

Rəvayətə görə, bu sözlər Nadir şahın yaddaşında dərin iz buraxır. Sonradan Təbrizə qayıdıb qoşununu yenidən toplayır, Muğanda qüvvələrini tamamlayır və yeni taktika ilə yürüşə başlayır. Əvvəl düşmənin cinahlarını zəiflətmək, sonra isə mərkəzə zərbə vurmaq prinsipi ilə hərəkət edir. Hilal taktikası adlanan bu üsulla Qafqazda rus qüvvələrinə qalib gəlir. Daha sonra eyni hərbi düşüncə və strateji yanaşma ilə Hindistana qədər yürüş edərək böyük qələbələr qazanır. Şeirdəki:

“Qaradağın bir anası təlim demiş bərəsindən, Fəth edibən 
Hindistanı ol Nadir xan 
Azərbaycan”
misraları da məhz bu rəvayətə və Qaradağlı bir ananın verdiyi hikmətli məsləhətin Nadir şahın sonrakı hərbi uğurlarında rəmzi rol oynamasına işarə edir.

Beşinci kitab isə “Şeirə 
dönmüş təbiət” adlanır. 

-Yeni nəşr olunan kitablarınızdan biri Aşıq Qurbaniyə həsr olunub. Məhz Aşıq Qurbanini araşdırmaq qərarına necə gəldiniz? 
Aşıq Qurbaninin yaradıcılığında sizi ən çox cəlb edən məqam nədir?
Araşdırmalarınız zamanı Aşıq Qurbani ilə bağlı hansı maraqlı faktlarla 
qarşılaşmısınız?

-Dədə Qurbani XVI əsrin böyük şairlərindən biridir. O, Şah İsmayıl Xətainin dövründə yaşamış, onun sarayı ilə əlaqəli olmuş, sufi-dərviş düşüncəsini, ələviliyi və irfani dünyagörüşünü yayan, xalqın hörmətini qazanan, eyni zamanda hökmdarlar, dövlət adamları və padişahlar 
tərəfindən də böyük ehtiramla qarşılanan bir sənətkar idi.
Lakin biz Dədə Qurbanini daha çox lirik və bəzm şairi kimi tanımışıq. Adətən onun haqqında danışanda “Qurbani Gəncədən getdi, Pərini sevdi” kimi rəvayətlər yada düşür. Yəni, onun yaradıcılığı əsasən 
məhəbbət və aşiqanə duyğular çərçivəsində təqdim olunub. Amma şeirlərinə diqqətlə 
baxdıqda görürük ki, Dədə Qurbaninin yaradıcılığı təkcə bu mövzularla məhdudlaşmır.
Məsələn, onun belə bir şeiri var:

“Mürşidi-kamilim, Şeyxoğlu Şahım, 
Bir ərzim var qulluğuna, Şah mənim. Əziz başın üçün, oxu yazımı, 
Agah ol halımdan gahbəgah mənim.
Şair olan dərsini alar pirindən, 
Baş açmadım seyrü-sülukun sirrindən. 

Gözü bağlı keçdim Xudafərindən, 
Üzüm gülməz, heç açılmaz ah mənim.
Qurban deyər, ötər bahar, gələr yaz, Göllərdə üzüşər ördəyilə qaz.
Sərim təvəllidir, üzüm payəndaz, Bundan artıq yoxdur mətahım mənim”.

Bu şeirə diqqətlə baxdıqda görürük ki, burada yalnız aşiqanə hisslərdən deyil, həm də 
mürşid-mürid münasibətlərindən, təsəvvüfi dünyagörüşündən, dövrün ictimai və siyasi 
hadisələrindən bəhs edilir. Araşdırmalar dərinləşdikcə məlum olur ki, bu kimi nümunələr bizi Şeyx Heydər və Şah 
İsmayılın mənəvi-siyasi xətti ilə bağlı məsələlərə aparıb çıxarır.
Yəni burada çox mühüm bir məqam ortaya çıxır: Dədə Qurbanini yalnız məhəbbət və bəzm şairi kimi təqdim etmək onun yaradıcılığını dar çərçivədə qiymətləndirmək deməkdir. Əslində isə o, yaşadığı dövrün ictimai, siyasi və mənəvi 
hadisələrinin də iştirakçısı və 
ifadəçisidir. Buna görə də Dədə Qurbanini təkcə saz məclislərində deyil, həm də XVI əsrin siyasi tarixində, ideoloji mübarizələrində və dövlətçilik proseslərində araşdırmaq lazımdır.

Məsələn, bəzi mətnlərdə və şeirlərdə görürük ki, Dədə Qurbani Şirvan üzərinə yürüşlərdən, Fərrux Yasarla bağlı hadisələrdən və həmin dövrün siyasi qarşıdurmalarından da bəhs edir. 
Ona görə də Dədə Qurbaninin irsi araşdırıldıqca yeni qatlar üzə çıxır və məlum olur ki, o, sadəcə bir məhəbbət şairi deyil, həm də öz dövrünün ictimai-siyasi hadisələrinə münasibət bildirən, tarixi prosesləri şeir dili ilə ifadə edən böyük bir sənətkardır.
İndi baxaq görək, Dədə Qurbani burada nə deyib:

“Xalqı sitəmkardan xilas etməyə, Ümidlər sənədir, xilaskar şahım. Zalımdan bu xalqın haqqın almağa, Bəlkə sən olasan səbəbkar, şahım”.

Burada Dədə Qurbani Şah İsmayıla tapşırır ki, 
Azərbaycandakı, Şirvanda yaşayan qardaşlarımızı zülm etmə, onlara diqqətlə yanaş.

“Qoşunun boranda qalmasın çəndə, Arandan keçəndə, dağdan keçəndə, Qəzəbin tutanda kəsib-biçəndə, Günahsızı gözlə, a şahlar şahım.
Yazıq şirvanlılar tora düşüblər, Atəşə düşüblər, qora düşüblər, Qəddarlar əlindən gora düşüblər, Qəm yemə, Qurbani, qurtarar şahım”.

Yəni Dədə Qurbani Şah İsmayıla tapşırır ki, qəzəbin tutanda milləti gözlə, kəsib-biçmə. Onlar bizim qardaşlarımızdır. Onları yalnız zülmkarların əlindən qurtarmağa çalış. Şair burada Şirvan əhalisinin ağır vəziyyətə düşdüyünü, qəddarların zülmü altında əzildiyini bildirir və Şah İsmayıldan onların xilası üçün addım atmasını istəyir.
Burada da onun əsas qayəsi müharibə yox, xalqın qorunması, günahsız insanların zərər görməməsi və ədalətin bərqərar olmasıdır.

-İranda aşıq sənətinin 
vəziyyətini necə qiymətləndirirsiniz?

-İranda türk aşıq mühitinə 
gəldikdə, burada mütəmadi olaraq aşıq festivalları keçirilir. Ərakdan Şahsevən türkləri, Qaşqay türkləri, Xorasan türkləri, Qurqan türkləri, Qum türkləri, İsfahan türkləri, Kirman türkləri – bunların hamısının öz aşıqları var. Həmçinin Urmiya türkləri, yəni Qərbi Azərbaycan türkləri, Zəncan türkləri, Həmədan türkləri də bu mühitin mühüm hissəsidir. Doğrudur, Zəncan və Həmədan Azərbaycan türklərinin yaşadığı bölgələrdir, Həmədanın müəyyən özünəməxsus fərqləri də var.

Burada, necə ki, XX əsrdə, Aşıq Əmrahdan sonra Aşıq 
Kamandar, Aşıq Əkbər, 
İsfəndiyar və başqa ustadlar yetişdi, necə ki, Aşıq Şakir Şirvandan gəldi, necə ki, həmin dövrdə təkcə aşıq musiqisində deyil, muğamda da, ədəbiyyatda da böyük bir dirçəliş yaşandı; Səməd Vurğundan sonra 
Məmməd Araz, Bəxtiyar
 Vahabzadə və daha neçə-neçə şair yetişdi, ta ki, Zəlimxan Yaquba qədər – eləcə də aşıq ədəbiyyatında və musiqisində böyük bir canlanma və yüksəliş müşahidə olunurdu.

Bu dirçəliş, xüsusilə son iyirmi il ərzində, bu günə qədər həm İranda yaşayan türklər
 arasında, həm də ələlxüsus Azərbaycan türkləri arasında çox gözəl şəkildə davam edib. Bu gün ansambl səviyyəsində çox gözəl musiqilər ifa olunur. Saz sənəti yüksək peşəkarlıqla təqdim edilir. Hətta demək olar ki, bəzi ifalar akademik 
səviyyədədir. Güclü aşıqları, savadlı aşıqları, sənətə dərindən bələd olan ustadları var. Bu, həqiqətən də şükür ediləsi bir haldır.

Amma yenə də baxırıq ki, dünya necə dəyişir, zaman necə irəliləyir. Biz də dünya ilə ayaqlaşmalıyıq. İranda 
50 milyona yaxın türk, 
Azərbaycan Respublikasında isə 10 milyon azərbaycanlı yaşasa da, bizim gözümüz həmişə 
Azərbaycan Respublikasına 
baxır. Çünki dilimizi, sazımızı, aşıq sənətimizi dünyaya tanıdan əsas mərkəz oradır.
Təəssüf ki, bu gün Azərbaycan televiziyalarında əvvəlki kimi sanballı aşıq verilişləri o qədər də görünmür. Elə aşıqlar da azdır ki, geniş auditoriyada çox güclü təsir yarada bilsinlər. Mən bəzən öz-özümə düşünürəm və deyirəm: “İlahi, bu aşıq musiqisi, bu tarix, bu irs – Dədə Qorqud, Dədə Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım və başqa ustad aşıqların yaratdığı bu böyük xəzinə İspaniyanın, İtaliyanın, Britaniyanın və ya Almaniyanın olsaydı, onlar bununla dünyaya nələri tanıtmazdılar? 
Necə böyük işlər görməzdilər?”

Halbuki bizim əlimizdə son dərəcə zəngin bir mədəniyyət var. Bu gözəl musiqi, bu fəxarət dolu musiqi, bu əxlaqi musiqi; sevgi, rəzm, bəzm, həmasə, qəhrəmanlıq, vətən, məhəbbət, din, elm, irfan kimi mövzuları əhatə edir. Yaylaqdan, çətəndən, kümədən, arandan, obadan, qışlaqdan, şəhərdən, dağdan, çeşmədən, bülbüldən, güldən, nərgizdən, reyhandan danışır.
 Ey İlahi, bu ədəbiyyatda və musiqidə nə qədər mövzu, nə qədər zənginlik var!

Gözəllikdən, geyimdən, adət-ənənədən, əxlaqdan, mərifətdən bəhs edir. Saymaqla qurtaran deyil. Aşıq musiqisi və aşıq ədəbiyyatı çox böyük bir məktəbdir.

Bizim bir şairimiz var, Məhərrəm Qaradağlı. O deyir:

“Şair, ağrın alım, götür qələmin,
Gördüyün əməli sənətkarda yaz.
Ümman dalğalıdır sənət dünyamız,
Sənət çox dərindir, sənətkar dayaz.”

Bəzən sənətkarın dayazlığı bizi yanıltmasın ki, guya sənət dünyası dayazdır. Xeyr, sənət dünyası dayaz deyil. Sənət çox dərindir, şeir çox dərindir. Aşıqlığın, aşıq musiqisinin və onun fəlsəfəsinin dərinliyi ölçüyəgəlməzdir. Ola bilər ki, hansısa sənətkar onu lazımi səviyyədə ifadə edə bilməsin, amma bu, sənətin özünün dayaz olması demək deyil. Əslində sənət son dərəcə dərin və ilahi bir mərtəbəyə yüksələ bilir.

Sənət böyük ürəkləri fəth etməyə qadirdir. Biz bunu həm aşıq dastanlarında görmüşük, həm də müasir dövrdə şahidi olmuşuq. Böyük ustadların necə təsirli ifalar təqdim etdiyini görmüşük. Mən həmişə heyranlıqla Aşıq Kamandara qulaq asardım. Görürdüm ki, danışığında söz ustadıdır, saz çalanda saz ustadıdır, oxuyanda musiqi ustadıdır.

Burada da bir çoxları həmin ustadlardan təsirləniblər. Xüsusilə XX əsrin sonlarında onların təsiri çox güclü olub. Bu gün isə, şükür olsun ki, vəziyyət çox yaxşıdır. Əgər desək ki, aşıq mühiti zəifdir, bu, insafsızlıq olar. Əksinə, aşıq mühiti çox güclüdür, çox canlıdır və çox yaxşı vəziyyətdədir.

-Müasir dövrdə şeirə marağın azalması barədə fikirlərlə razısınızmı?

-Bəli, indiki dövrümüzə baxanda görürük ki, dünya daim dəyişiklik halındadır. Hər tərəfdə keşməkeşlər yaşanır, fikirlər dəyişir, baxışlar yenilənir, yeni məsələlər ortaya çıxır. Bu gün sosial media həyatımızın ayrılmaz hissəsinə çevrilib. Məsələn, Instagram, Facebook, TikTok, Telegram, WhatsApp və başqa platformalar. Saysaq, bunların sayı çoxdur.

Bu vasitələr bir tərəfdən insanların ünsiyyət imkanlarını artırsa da, digər tərəfdən insanların diqqətini müxtəlif istiqamətlərə yönəldib, başlarını qatıb. Buna görə də bu gün şeirə qulaq asanların sayı əvvəlki dövrlərlə müqayisədə azalıb. İnsanlar daha çox sürətli və qısa məzmunlara üstünlük verirlər.

Amma buna baxmayaraq, şeir öz dəyərini heç vaxt itirməyib. Xüsusilə klassik şeir həmişə öz içində əxlaqı, mənəviyyatı, hikməti və irfanı daşıyıb. Bu əxlaqı və mənəvi dəyərləri şeir öz vəzni ilə, öz ahəngi ilə, öz melodiyası ilə insan ruhuna tərənnüm edir. Şeirin ritmi, qafiyəsi və daxili musiqisi təkcə qulağa deyil, insanın qəlbinə və ruhuna da təsir göstərir.

Ona görə də şeir sadəcə söz deyil. Şeir həm duyğudur, həm düşüncədir, həm də bir tərbiyə məktəbidir. 

-Gənc yazarlara hansı tövsiyələri vermək istərdiniz?

-Gənclərə demək istərdim ki, şeir dünyasına qədəm qoyanda qorxmasınlar, çəkinməsinlər. Müxtəlif fikirlərlə qarşılaşacaqlar, müxtəlif yanaşmalar görəcəklər, amma bəzi azğın və ifrat düşüncələrin təsiri altına düşməsinlər. Bu gün biri çıxıb deyir ki, mən postmodern şeir yazıram, biri deyir sərbəst şeir yazıram, biri ağ şeir yazıram.

Məsələn, yazırlar:

“Küçə-küçə ürəyim calandı,
Nə bilim, dəniz-dəniz gözlərimdə...”

Bunlar da öz yerində gözəldir, mən onları pisləmirəm. Hər dövrün, hər üslubun öz yeri var. Amma mənim arzum budur ki, gənclər qoşma da yazsınlar, gəraylı da yaratsınlar, müasir şeir də yazsınlar. Yeddilikdə, səkkizlikdə, heca vəznində də qələmlərini sınasınlar. Vəznli şeir yazsınlar. Çünki vəznli şeir millətin ürəyindən gələn sözlərdir. O, xalqın yaddaşında yaşayan, nəsildən-nəslə ötürülən bir mənəvi sərvətdir.

Necə ki, ustad Aşıq Kamandar deyirdi:

“Qoşma elin qoşmasıdır,
Babaların coşmasıdır,
Qarlı dağlar aşmasıdır.

Laylasını duymayan kəs,
Qanı yada qaynayan kəs,
Coşub-caza oynayan kəs,
Oyunda da mahir deyil,
O bədbəxtlər şair deyil.”

Bu sözlərdə böyük bir həqiqət var. Qoşma xalqın ruhundan gəlir, onun tarixini, sevincini, kədərini, həyat tərzini yaşadır. Ona görə də gənclər həm müasir ədəbi cərəyanları öyrənsinlər, həm də klassik irsimizə, aşıq ədəbiyyatına, heca vəzninə və qoşma ənənəsinə sahib çıxsınlar”.

Xalidə Gəray
“Azerbaijan Post”

“Əgər bu sənət Avropada olsaydı…” Məzahir Təhmasiblə sensasion MÜSAHİBƏ


Leave a Comment