Əli Təbrizlinin milli kimlik və türkçülük məfkurəsi - Dr. Pərvanə Məmmədli

Ali Tabrizli (1929–1998) holds a prominent position in the history of Turkism in both South Azerbaijan and Iran. Despite severe political pressure and cultural assimilation policies implemented during the Pahlavi era, he devoted his life to preserving the Azerbaijani Turkish language, literature, and national identity in Iran. Through his literary, publishing, and intellectual activities, Tabrizli became one of the leading ideologues of Turkism and national consciousness among Turks in Iran. His seminal work Language and Literature (Dil və Ədəbiyyat), written in the early 1960s and published in 1981, challenged the official discourse that marginalized Turkish language and culture. The book addressed issues such as language rights, national identity, cultural heritage, and the historical role of Turks in Iran, becoming one of the foundational texts of the South Azerbaijani national movement.

Beyond his role as a thinker, Tabrizli contributed significantly to Azerbaijani cultural life through publishing numerous literary works, including folk epics, poetry anthologies, and historical novels. His publishing house served as an important center for the preservation and dissemination of Azerbaijani Turkish literature. Because of his activities, he was repeatedly imprisoned by the Pahlavi regime and subjected to censorship and persecution. Nevertheless, he continued his struggle for linguistic and cultural rights.

The article examines Tabrizli’s life, literary heritage, and ideological contributions, with particular attention to his views on language, nationhood, and Turkic unity. It argues that his writings played a crucial role in shaping modern national consciousness among South Azerbaijani Turks and continue to influence contemporary intellectual and cultural discourse. Tabrizli remains one of the most prominent symbols of resistance against cultural assimilation and a key figure in the history of Azerbaijani national thought.

Əli  Təbrizlinin milli kimlik və türkçülük məfkurəsi - Dr. Pərvanə Məmmədli

ISSN 2819-4047 - ISSN 2819-4055

DOI 10.64259/AliTabrizli

Bu məqalə Creative Commons Attribution 4.0 International License (CC BY 4.0) şərtləri ilə Azerbaijan Post Qəzetəsində nəşr olunub.
Müəllifin adı və mənbə göstərildiyi təqdirdə, istənilən mühitdə sərbəst istifadə, yayım və surət çıxarmaq icazəlidir.

Lisenziya linki:
https://creativecommons.org/licenses/by/4.0/


 

ÖZƏT
Türkçülük məfkurəsinin görkəmli nümayəndələrindən biri olan Əli Təbrizlinin həyat və yaradıcılığı araşdırılır.

  XX əsrin ikinci yarısında İranda azərbaycanlı türklərin milli kimliyinin, ana dilinin və mədəni irsinin qorunması uğrunda mübarizədə mühüm rol oynamış Əli Təbrizli milli oyanış hərəkatının ideoloqlarından biridir. O, Pəhləvi rejiminin assimilyasiya siyasətinə və milli ayrı-seçkiliyinə qarşı çıxaraq Azərbaycan türkcəsinin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində fəaliyyət göstərmişdir.

Əli Təbrizli yalnız şair və yazıçı deyil, həm də naşir, araşdırıcı və publisist kimi tanınıb. Onun yaratdığı “Atropat” nəşriyyatı Azərbaycan türkcəsində kitabların çapı və yayılmasında mühüm rol oynamışdır. “Şah İsmayıl” romanı, “Azərbaycan nəğmələri və bayatıları”, “Koroğlu” dastanı və digər nəşrlər milli-mədəni irsin yaşadılmasına xidmət etmişdir.
Əli Təbrizli “Ədəbiyyat və milliyyət” əsərində ana dili, milli kimlik, türkçülük, milli birlik, tarix və mədəniyyət məsələlərinə toxunmuş, İran türklərinin hüquqlarını müdafiə etmişdir. Əsər Güney Azərbaycanda türkçülüyün formalaşmasına təsir göstərən mühüm ideoloji qaynaqlardan biri hesab olunur.
Əli Təbrizlinin milli şüurun oyanmasında, Azərbaycan türkcəsinin qorunmasında və türkçülük ideyalarının yayılmasında əvəzsiz xidmətləri olmuşdur. Onun irsi bu gün də türklərin milli-mədəni mübarizəsinin mühüm mənəvi qaynaqlarından biri olaraq qalmaqdadır.

Açar sözlər: Əli Təbrizli, Güney Azərbaycan, türkçülük, milli kimlik, ana dili, Azərbaycan türkcəsi, milli şüur, ədəbiyyat, mədəni irs.

Giriş

XX əsrdə İranda həyata keçirilən mərkəzləşdirmə və assimilyasiya siyasəti ölkədə yaşayan azərbaycanlı türklərin milli-mədəni hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Belə bir tarixi şəraitdə milli kimliyin, ana dilinin və mədəni irsin qorunması uğrunda mübarizə aparan ziyalılar xüsusi əhəmiyyət kəsb etmişdir. Həmin ziyalılar arasında Əli Təbrizli öz fəaliyyəti, yaradıcılığı və milli məfkurəsi ilə seçilmişdir.
Əli Təbrizli türkcəsinin inkişafı, milli şüurun formalaşması və türkçülük ideyalarının yayılması istiqamətində ardıcıl fəaliyyət göstərmişdir. Onun nəşr etdirdiyi kitablar, qələmə aldığı əsərlər və ictimai fəaliyyəti türkçülük ideoloji əsaslarının formalaşmasına mühüm təsir göstərmişdir. Məqalənin məqsədi Əli Təbrizlinin həyat və yaradıcılığını, milli mübarizədəki rolunu və İranda türkçülük düşüncə tarixində tutduğu yeri araşdırmaqdır.
    Əli Təbrizli Pəhləvi rejiminin sərt təzyiqlərinə  baxmayaraq İranda xalqının milli şüurunun oyanması, ana dilinin qorunması və yaşadılması yolunda  cəsarətlə mücadilə aparmış, təhlükələri gözə alaraq əsərlər yazmış və kitablar nəşr etdirmişdi.
  Əli Təbrizlinin ötən əsrin 60-cı illərində qələmə aldığı “Dil və ədəbiyyat” əsəri ilə İranda türkçülüyün əsasını qoyanlardan  biri  olub.Bu  əsər  həm  də o dövrdə yazılan ilk tənqidi əsərlərdən sayıla bilər. Kitabda yazar  kəskin bir dillə Azərbaycan türkcəsinə xor baxanları,  ana dili və tariximizi təhrif edənlərə kəsərli  cavab verib.    
  Əli Təbrizli 1929-cu ilin iyun ayının 25-də Şərqin qədim elm və sənət  mərkəzlərindən biri sayılan Təbriz şəhərinin “Münəccim” məhəlləsində doğulub. İbtidaı və orta təhsilıni Təbrizdə alıb. On üç yaşında olarkən ailəsi ilə birgə Tehrana köçür. Tehranda özünü  qərib hiss edən Əli meylini kitablara salır, böyük səy və həvəslə dərgi və kitablar oxuyur. 1945-ci ildə Azərbaycan  Demokrat Hökuməti dönəmində ona Türkcə təhsil almaq nəsib olur. Ana dilinə sevgisi Əlini  bu dildə yazıb yaratmağa ruhlandırır, ilk sevdasını da  məhz  ana  dilində  yazdığı şeirlə əks etdirir. Əli Təbrizli nizamlı bir təhsil almasa da, çox çalışıb özü  özünü yetişdirə bilmişdi.
Tehranda əvvəlcə bir toxuculuq  fabrikində çalışır və 1948-ci  ildən başlayaraq kitabçılıqla  məşğul olur. Əvvəl “Babək-i Hurrəm”, sonralar “Kitabfüruş-i Atropat” adını verdiyi nəşr yerini açır.  Elə  o  illərdən İranda türk mədəniyyətini yaşatmaq məqsədiylə Azərbaycan Türkcəsində kitablar çap    etməyə başlayır.
 ”Əsli  ilə Kərəm ” dastanını xalqdan, ağızlardan  toplayıb yazıya köçürür və 1951-ci  ildə nəşr etdirir. Daha sonra Şah İsmayılın həyatı və şeirlərini də əhatə edən, iki cilddə “Şah İsmayıl” romanını yazıb 1950-60-cı  illər  arasında nəşr etməyə  nail olur.
 “Şah İsmayıl” romanını tanınmış  türkiyəli alim Y. Akpinar  yüksək  dəyərləndirib onun  yazılma  səbəbi  ilə bağlı çox  gözəl açıqlama  verib yazır: “ Əli Təbrizli xalqın zehnindəki Şah İsmayıl obrazından  öz milli tarix düşüncələrini yazıya  alıb yaymaq amacıyla, “Şah İsmayıl və Gülzar” dastanını və əsərin qəhrəmanını  tarixı şəxsiyyət olan Şah İsmayıl Xətaidə  birləşdirərək  eyni adla manzum- mənsur qarışıq bir bir əsər yazıb nəşr etdirir”.(5, s.42)
   Yavuz  Akpinarın fikrinə görə bu əsər Güney Azərbaycanda roman janrında yazılmış ilk əsər sayıla bilər.
     Yazar 1955-ci ildən sonra Həsən Məcidzadə Savalanla bərabər çalışmağa başlayır. Bu işbirliyinin gözəl nəticəsi olaraq 4 ildən sonra Əliağa Vahidin “ Vahidin külliyatı” kitabı  ərsəyə qəlir. Daha sonra isə 1962-ci  ildə  “Azərbaycan nəğmələri və bayatıları” şeir antologiyası(iki cilddə) kitabı və  ”Koroğlu” dastanı  işıq üzü qörür. 
   ” Azərbaycan klassik ədəbiyyatından şeir məcmuələri”,  “Füzuli divanı”, “Molla  Pənah  Vaqif”, eləcə  də  Salman Mümtazın şeirləri, Azərbaycan türkcəsi, Əziz Nesinin bir neçə hekayəsini və  Savalanla birlikdə daha bir neçə başqa kitabları hazırlayıb çap etdirir. Onların  içində ”Əli Təbrizlinin qəzəlləri” kitabı da  olur. Əli Təbrizli  bir naşir olmaqla bərabər həm də özünü bir şair, araşdırıcı, publisist kimi tanıtdırır.(5, s.26)
   Əli  Təbrizlinin  yaradıcılığını  araşdıran   professor Yavuz  Akpinar yazır:  “Son vaxtlara qədər Azərbaycanın Şimalında və Cənubunda təəssüf ki, nəşr olunan bir çox antologiyalarda onun şeirlərinə  yer ayrılmır və bu üzdən də  tanınmırdı. Amma  vaxtilə  Səməd  Behrəngi  özünün  “Qaranquş”  təxəllüsü  ilə  “Parə-parə “ adlı  antologiya kitabına  onun bir neçə  şeirini  də  salmışdı (2, s.42)   
  Yavuz  Akpinar  sonra  onun xalqı  qarşısındakı xidmətlərini dəyərləndirib  yazır:” Əli  Təbrizlinin  1957-1964 –cü illər arasında ədəbi-milli dərnəklər quraraq Türkçülük düşüncələrini geniş xalq  kütləsinə  çatdırması, buna  görə təzyiqlərlə qarşılaşıb həbsə məhkum edilməsi, yenə də tutduğu  yoldan çəkinməməsi onun İran Türkləri arasında bir milli qəhrəman kimi tanınmasına səbəb oldu. (2 s.44)
   Əli  Təbrizli haqda  ilk  dəfə  bəhs açıb  türkiyəli  yazar Əhməd Ateş olmuşdur. Təbrizli Əlini  ədəbi  aləmə tanıtdıran və  yaradıcılığını təhlil edən Azərbaycanlı və Türkiyəli     araşdırıcılar arasında  Əhməd Ateşlə  bərabər Abdullah Ağcaköylü, Səməd Behrəngi, Şükrü Elçin, Əhməd Bican Ercilasun ,Yavuz Akpinar, Tofiq  Hacıyev, Ali  Kafkaziyalı,Vidadi Mustafayev, Nəsib  Nəsibli və Pərvanə  Məmmədlinin adlarını  qeyd  etmək  olar
    Yazar dəfələrlə Pəhləvi rejiminin zindanlarında dustaq olur. 1965-ci ildə ona Türkçülük ittihamı ilə həbs cəzası kəsilir, polis dükanına da həbs  qoyur və bütün Türkçə kitabları müsadirə  olunur. Həbsdən çıxdıqdan sonra da şah rejiminin bütün təzyiqlərinə baxmayaraq,  türkçə kitabçılıq  və ətrafndaki gənclərə düşüncələrini təlqin etmə işinə davam edir. 1979-cu il İran İslam inqilabından sonra bir çox yerdə nəşr olunan türkçə qəzet və jurnallarda şeirləri dərc  olunur.
   Əli Təbrizli naşir olmaqla yanaşı, həm də özünü bir şair, araşdırıcı, publisist kimi tanıtdırır. Ən önəmlisi isə  o, milli hərəkatın həm görkəmli nümayəndəsi, həm də ideoloqudur. Onu Güneydə türkçülüyün banisi kimi tanıtdıran əsas əsəri “Ədəbiyyat və milliyyət”dir.
   Xatırlatmaq yerinə düşər ki,İranda türklərin yaşadığını,qədimdən bu yerin köklü sakinləri olduğunu, farslardan fərqli mədəniyyət, kültür dil və ədəbiyyata sahib olduqlarını ilk dəfə Məhəmmədəmin Rəsulzadə  yazdığı “İran türkləri” adlı əsərində elmi şəkildə  bildirmişdi(8) . Bununla M. Rəsulzadə ” İran türkəri” terminini  bir növ dünya leksikonuna salıb jurnalist-araşdırıcı Mayis Əlizadənin təbirincə desək, dünyanın siyasət və ədəbiyyat müntaxabatına daxil edə bilmişdi. Əli Təbrizli isə yazdığı əsərləri, göstərdiyi çabaları ilə belə demək mümkünsə, İranda türkçülüyün ideoloqu kimi tanınmışdır.
   Bu məsələyə aydınlıq gətirmək üçün tarixə nəzər salaq .Ötən əsrin 60-cı illərində İranda yaşayan azərbaycan türkləri arasında  milli məsələyə maraq artmışdı.Yeni ziyalı  nəslin nümayəndələri milli kimlik axtarışında bulunurdular. Dövrün tanınmış gənc ziyalılarından ikisinin əsərini Əli Təbrizlinin “Ədəbiyyat və milliyyət” və Əlirza Nabdilin(Oxtay)  “Azərbaycan və milli məsələ” əsərlərini təhlilə cəlb edən  professor Nəsib Nəsiblinin  çox maraqlı bir fikri var. O belə qənaətə gəlir ki, 60-70-ci illərdə Güney Azərbacanın milli ideologiyasında iki fərqli təmayül – milli nihilizm və türkçülük meydana çıxmşdı. (7, s.21 )
  Əlirza Nabdilin(Oxtay)ın əsərini təhlilə cəlb etmək başqa bir konuya aid olduğundan onun  üzərində dayanmayacağıq. Əsas məqsəd  Əli Təbrizlinin yaradıcılığındakı milli məfkurə, türkçülük, türk birliyi ilə bağlı məsələləri üzə çıxarmaqdır. Lirik şeirlər  yazan  şair  Əli Təbrizli yaşadığı ölkədə hakim rejimin apardığı  assimilyasiya siyasətinə, eləcə də millətinə qarşı edilən ayrıseşkilik və haqsızlıqlara dözə bilmirdi. Əli Təbrizli əvvəlki nəsillərdən fərqli düşünən, milli məsələlərdə  daha cəsarətli olan və milli  kimlik axtarışlarında bulunan yeni nəslin nümayəndəsi idi. Bu yaradıcı  və düşünən nəslə mənsub olan Əli Təbrizli Pəhləvi rejiminin heç bir elmi əsası olmayan  ölkədə etnik təmizləmə konsepsiyası ilə barışa bilmirdi.
    Bildiyimiz kimi, 1880-ci illərdə Ismayıl bəy Qaspiralı”Işdə, fikirdə, dildə birlik" şüarını  irəli sürmüşdü. Həmin o şüarı inkişaf etdirən bilavasitə Ziya Göyalp və Əli bəy Hüseynzadə olub. 1890-cı illərdə Türkiyədən Ziya Göyalp, Uraldan Yusuf Akçura, Qafqazdan Əli bəy Hüseynzadə,  Orta Asiyadan, Türküstandan müxtəlif  böyük təşkilatçılar, ziyalılar Türkiyədə bir araya gəlirlər. “Ittihadi Türk Cəmiyyət”ini yaradırlar ki, sonralar  bu “Ittihad və Tərəqqi” adlı böyük bir siyasi təşkilata çevrilir. Həmin şəxslər türk dövlətlərinə dağılışırlar ki, Türk Dünyası üçün vacib olan ideyanı həyata keçirsinlər. Həmin vaxt da Əli bəy Hüseynzadə Azərbaycana gəlir.Aradan 50 il keçdikdən sonra bu məfkurəni İranda ilk dəfə yaymaq Təbrizli Əliyə nəsib olur.
 Əli Təbrizli də öz  məfkurə  arxadaşları  kimi  ömrünü İranda  Türkçülük düşüncəsini  yaymaq və  gücləndirməyə  həsr  edir.1961-ci  ildən  yazmağa  başladığı  və  ancaq  1981-  ci  ildə  çap  etdirə  bildiyi “Dil  və  ədəbiyyat”  adlı kitabında (əsərin  adı  içindəki ilk  səhifədə “Milliyyət   və  ədəbiyyat” kimi  yazılıb) bütün  fikirlərini  açıq bir  şəkildə ortaya  qoyur, gerçəkdən də öz sakit, təvazökar halı ilə düşüncələrdə çevriliş yaradır.Onlarla insana sirayət edə bilir.
    Əli Təbrizli İranda ö dövrdə  20 milyona yaxın türkün yaşadığını qeyd edib yazır ki,” onlar  hətta gözdən uzaq səhralarda belə məskunlaşmışlar. 30 neçə milyon  İran əhalisi içərisində, neçə milyon da başqa dini və milli mənsubiyyətə malik xalqlar yaşayır və bu 30 milyondan türkü və başqalarını  çıxanda “əcəm”dən(farsları nəzərdə tutur-P.M.) elə bir miqdar  və say qalmaz. Bu az və neçə  əcəm bütün bunlara (yəni türklərə) ağalıq və hakimiyyət edir.Hər şeydən əvvəl hətta türkün məhv olmağına bütün dünya üzündən silinib getməyinə planlar cızır, onu köksüz və dilsiz göstərir,bunlar çox mühüm deyil,yalnız təəccüb bundadır ki,türk özü də ona bu yolda kömək və yardım edir”.( 10, s .17)
   Əli Təbrizli əsərini belə başlayır; “Gözəl türk dilimizdə indiyə kimi belə bir yazı və kitab yazılmayıb və nədənsə milyonlarla fateh və əsir türkün qafasından bu mahiyyət və məziyyət üçün heç bir düsüncə keçməyib. Ola bilər ki, bu gün bu kitabı çox da alqışlamasınlar, çünki bu kitabda olan sözlər və mövzular nə soldan asılıdır, nə də sağdan, halbuki hələlik bu gün türk ya sola vurğundur, ya sağa məftun.”(1 0, s.12)
    Dövrə xas olan heç bir siyasi meyllərin təsirinə düşmədiyini vurğulayandan sonra müəllif türklərdə milli təəssübkeşliyin zəif olmasına təssüflənib yazır: “...hər oyuna baş vurub, tarix və coğrafiya oxuyub-yazıb, hər cür özgə dillər öyrənib və öyrədib, hakim və məhkum olub, varlı-varsız olub, dünya millətlərini və dillərini tanıyıb və hər cür boyağa bulaşıb. Ancaq öz milləti kim imiş, kimdir və kim olacaq? - Bunu bilməyib,  hələ də bilmir və bilmək də istəmir( 10, s.14)
    Əli Təbrizli fars şovinistindən daha çox türk manqurdunun əlindən qəzəblidir: “ Gah behişt nemətləri və huri-qılman üçün dinçi olub, gah dünyanın maddi ləzzətləri və məqamları üçün solçuluq yolunda candan çalışıb və keçib. Ancaq milli mənəviyyatı, milli izzəti-nəfsi və milli vicdan və şərəfi üçün zərrə qədər də çalısmayıbdır.
Bu baxımdan tutduqları yollar və məramlar köksüz və rişəsiz olduğuna görə boşa çıxıb və bu gün dünya millətləri arasında əllərində milli bir mahiyyət və milli bir ərdəm sənədi yoxdur”.   (5,s. 34)
Kitabda  qoyulan  məsələlərə  nəzər  salaq: "Təqlid və Təkrar", "Türk dili niyə hünərdir?", "Özgə Dillər", "Özgə dillərdə fəxr satanlar", "Təcrübə və ibrət", "Türk kimdir?", "Türk dili", "Milliyyət və məram" , "Milliyyət və qövmiyətin fərqi", "Sağçılar və solçular", "Keçmişdəkilər və biz", "Rusiyada dil məsələsi", "Dilsiz baş" və s. Bu mövzuların baş qəhrəmanı dildir. Çox vaxt həzin görünən bu obraz bütün məqamlarda kamilliyi və cəlbediciliyi ilə səciyyələnir. 
    Akademik  Tofiq Hacıyev Ə.Təbrizlini  “öz ana dili uğrunda vuruşan bir ər oğlu ər”adlandırıb yazırdı: “Bu uzunluqda iqtibas üçün oxucu məni qınamasın. Əli  Təbrizlinin fikirləri o qədər ürəyimcədir ki, "Türk dili niyə hünərdir?" məqaləsini söz-söz köçürər və altında öz imzamı qoyardım.
    Müəllif öz türkcəsini "Dərin və dolu dilimiz",  "Ağız və dodaq büzmək ehtiyacı ol- mayan dilimiz", "Şəxsiyətli və ərdəmli dilimiz" deyə sevgiylə təhlil edir, onun möhkəm quruluşunu göstərir,  xislətindəki şeiriyəti konkret misallarla əyaniləşdirir. Özgələrin dediyi "Türk hünərdir, bacarıqdır" ifadəsinin məzmunu açır və aydınlaşır ki, onun bu hünər dilinin mayası  həm də ahəngdarlıqla, musiqi ilə yoğrulub: Elə hünər də budur, şəkər də budur. Eyni zamanda  Ə. Təbrizli "məhküm və tapdalanmış dilimiz" kimi həzin, kədərli sözlərlə bu qədim və zəngin dilin öz vətənindəki siyası taleyini bildirir.”(4, s.47)
   Əli Təbrizli dili və onda danışan xalqı yaşatmaq üçün yol göstərir. Yazır ki, "bu dili və onun dünyalıq olduğunu tanımaq üçün Azərbaycan adlı qəfəsdən başımızı eşiyə çıxarıb İranın hər tərəfindəki Türkləri tanıyaq, sonra olursa, gözlərimizi silək, şərqdən qərbə, quzeydən güneyə və bir birinin yanında və qonşuluğunda yaşayan, ancaq bir birlərini tanımayan böyük Türk millətlərini dərin-dərin tanıyaq, çünki bunları tanımaq, özümüzü tanımaqdır və özümüzü tanımaq qardaşı tanımaqdır. (10, s.99)
  Əli Təbrizli bu əsərin bir neçə bölümünü tarixə həsr edib.”Dilsiz baş” bölümündə  müəllifin məqsədi fars şovinizminin və onun ortaya atdığı Ariya irqçiliyinin tarixlə, kültürlə bağlı qondarma tezislərini  ifşa edib soydaşlarına dürüst bilgi və şüur verməkdir. O, bu günümüz üçün də  həlli vacib bir mətləblərə toxunub, həqiqətləri göstərib;” Keçmişdə “İran” kəlməsi yerinə “Məmaliki-Məhrusə” deyirdilər. Bu Məmaliki-Məhrusədən mənzur, İranda olan əyalətləri məmləkət kimi tanımaq idi. O halda hər məmləkət üçün bir milli və qövmi hüquq tanımaqda idi və türk hökumətləri bütün bu məmləkətlərdə olan qövm və ellərin dini, ədəbiyyatı, ədəb və rüsumu və dili üçün bir hərasət, bir ehtiram və birlik duyğusunda idilər. (10, s.135)
Əli Təbrizli bütün dövrlərdə türklərə xas bir bir məqamı da vurğulayıb qeyd edir ki, tarix boyu türkün başqa millətlərə hüquq və ehtiramı, olduğu kimi, bunu bir  vəzifə bilib həmişə basqa qövmlərə və ellərə insani nəzər ilə baxardı.
Məmaliki-Məhrusə ilə bağlı açıqlamasını davam edərək sonra yazır ki, Məmaliki-Məhrusə demək hərasət olunan məmləkətlər demək idi ki, türkcəsi “qorunan ölkələr” mənasını verirdi və hüquq və əxlaq baxımından birinin o birindən üstün və yuxarı tutulması yox idi. O halda bu Məmaliki-Məhrusədə olanlar milli giley və rejim təbizləri eşitmədən bütün Məmaliki-Məhrusə vətəndaşları ilə səmimi və qardaş olaraq, vətən düşmənlərinin qarşısında tamamilə birlik göstərdilər.
Əli Təbrizli onu da qeyd edirdi ki, hakimiyyətdə olan türk sülalərinin fars şair, yazar və ədiblərini himayə və təşviq edib bəslənmələri türk qövmünün vətəni və milli əxlaqından irəli gəlirdi ki, əli altında olan millətlər də türk millətləri ilə birlikdə hüququ baxımdan eyni idilər.
“Son zamanlarda bu Məmaliki-Məhrusəyə başdan-başa “İran” adı verildi və məmləkət yerinə əyalət və ya ostan adı qoyuldu. Əlbəttə, bu adlar nə milli, nə də hüquqi deyil, bəlkə, idarə olunmaq baxımından seçilmişdi…
İranlı olmağı, fəqət fars olmaqla məhdudlaşdıranlar, bu qövmi əvvəl milliyyətçi, sonra şovinist ruhiyyəsinə itələdilər və ona yalançı və hiyləgər tarixlər, mahiyyətlər və tarixi əsərlər qurasdırdılar və beləliklə, basqa qövm və ellər üçün faşistlərin əsasları kimi bir rayis ortaya çıxardılar.
Keçmişdə və dünənə kimi, süfrəmizin başında olan, onunla qardaşca yaşadığımız, türk kəlməsini şeir divanlarında (gözəllik və igidlik) təcəssümü göstərən farsdan, bu gün bizim üçün bir barışmaz düşmən və milliyyət müfəttişi adətdən nejad sevənlər həm bizə, həm başqa vətən qardaşlarımıza, həm də vətənimiz üçün ən birinci nakişi və qırıcı düşmənlərdir”.( 10,s.56)
Əli Təbrizli kimliyini axtaran hər bir türkünü düşündürən “bir millət olaraq nədə yanıldıq və bu günə düşdük?” sualına cavab verir, həm də onun həlli yollarını göstərir. “Azərbaycan  İranın başı, sözünü eşidən türk və azərbaycanlı, bu tərif və təhrikdən şişir və məğrur olar. Özünü belə də unudulmuş və yaddan çıxmış görməz. Həmişə “sipəri bəla” olmağı bir növ qəhrəmanlıq və tamamiyyət ərzi  üçün özünün artımın bilər. Dəyənək və çomaq yerinə hislənilən və zaman-zaman əllərdə qolçaq və oyun olan basetlah azərbaycanlı heç özündən soruşmaz ki, əgər Azərbaycan  İranın başıdırsa, bəs bu başın dili hanı? Yoxsa bu baş, bir daş kələm və ya qəmbərdi
Dilsiz baş, ruhsuz bədən, mahiyyətsiz türk, özünü tanımaz bir insan ölüdür.
Əli Təbrizli  yazının sonunda üzünü soydaşlarına tutub bu suallı verir;”Dilsiz baş bir daş kələm, bir qəmbər, bir qabaq və tənbəl pişik deyil, bəs nədir?
Bunu özümüzdən soruşmalı, buna dərinləşməliyik. Və bu gün daha dəyənək və çomaq olunca, iradəli, düşünən və qəhrəman bir insan olmalı və qəmbər və daş kələm olunca gözəl bir dil və fərhəng qorucusu olmalıyıq.
Burada gözəl bir dil və fərhəng qurucusu deməkdən mənzur o deyil ki, təzədən və yenidən bir dil və fərhəng yaratmalı və törətməliyik. Bəlkə, mənzur budur ki, pozulmuş və dağılmış milli dil və milli miraslarımızı təzədən toplamalı və yenidən qurmalıyıq. Yoxsa bu milli dil və mirasımızın təzədən və yenidən yaranmasına və törənməsinə ehtiyac yoxdur. Çünki bu dil və miraslar min illərdən bu yana, bütün dünya üzərində əzilmədən və çürümədən yaşamaqdadır. Və indiyə kimi yüzlərlə zərbələrdən  sağlam və ruhlu qaldığının səbəbi tək öz əsil və möhkəm olduğundadır, nəinki bizim yaxşı və himmətli varis olduğumuzdan.
Bunun üçün gərək bu gün ayıldığımızı və yaxşı varis olduğumuzu göstərək və doğrusu budur ki, özümüzü toplamalı,  qorumalıyıq. Yenə də bunu düsünmək lazımdır ki, dilsiz baş olduğumuz üçün bu gün bizə bitki ilə insan ortasında verilən yer və yükləmə olan  edif  hankı bir mövcudun yeridir”(10, s.79). 
Əli Təbrizli ərəb və türkləri “zalım, yırtıcı və dilbilməz” kimi təqdim edənlərin irqçiliyinə etiraz edir. O yazır: “Bəs Firdovsi ərəb əlifbası ilə nə üçün türk şahı Mahmud Qəznəviyə “Şahnamə”sin yazıb? Bu uzun çağlar boyu Həkim Fərruxi Sistani, Ünsüri, Ənvəri, Qəani Şirazi, Hafiz Şirazi, Vüsal Şirazi, Sədi Şirazi, Kəmaləddin İsmayıl İsfəhani, məliküşşüəra Bahar Xorasani və yüzlərcə və minlərcə şairlər və məddahlar hünərlərin və bacarıqların ərəb, məxsusən türk üçün nəsar [qurban, hədiyyə] və təqdim ediblər” O, türk hökmdarlarının fars dili və ədəbiyyatına qəyyumluğunu görməyən və bu hökmdarları yeri gəldi-gəlmədi aşağılayan, türk dilinə ikrahla yanaşan irqçi müəllifləri insaflı olmağa çağırır.(6, s. 131)
Əli Təbrizli irqçi müəlliflərə qızdığı kimi, türk hökmdarlarının milli dil və ədəbiyyata biganəliyinə də içdən yanır. “Şimaldan-cənuba, şərqdən-qərbə kimi böyük-böyük imperator[luq]lar quran”, “özgə millətlərə dil və milliyyət təhmil etməyən” türk sülalərinin siyasətinin bədəlini (“cəriməsini”) çağdaş soydaşları ödəməkdədir. Əli Təbrizli həmin türk sülalələrini qınayır: “Qulluqlarında yüzlərcə balaca şahlar, hökumətlər, tarix yazanlar, ədiblər və şairlər, memarlar və təbiblər olan ata və babalarımız gələcək nəsil üçün, yəni bizlər üçün heç bir gözəl milli miras, milli dil və ədəbiyyat, milli tarix qoymayıblar. Fəqət günün nəğd olan qüdrət və gücünə qane olub, zamanı və dünyanı kiçik və qısa düşünüblər.”(10, s.101)
 Əli Təbrizliyə görə, məhz milli şüurun olmaması üzündən inqilablar və qiyamlar dövründə millət olaraq çox səhvlərimiz oldu. “Məşrutə dövründə öz əlimizlə türk törəsi olan Qacarı yıxdıq, habelə firqədə milli adla üzərimizə rus qiyafəsində kommunistlər çıxdı və sonra ruslar bizim üstümüzdə amerikalılar ilə müamilə edib, bizi köhnə düşmənimizin əlinə tapşırdılar”(10, s.104)
    Misallardan  göründüyü  kimi, Təbrizli Əlinin “Ədəbiyyat və milliyyət” əsərinnin dili son dərəcə oxunaqlıdır,  sadədir,eyni zamanda düşündürücüdür. Təbrizli Əli şeirlərində də özəlliklə qəzəllərində çox sadə və axarlı bir bir dildə, siyasi və milli mövzulara toxunur və bütün millət düşmənlərini tənqid atəşinə tutur. O, gəncləri, sağçılar və solçuların tələlərindən çəkindirir və elə ona görə də dəfələrlə Şah quldurlarının işgəncəsinə məruz qalır. O, ötən çağın sıxıntı və boğuntusu  içində, Atropat”  kitab evində Azərbaycan dil və ədəbiyyatına ömrünün sonuna kimi bacardığı qədər qulluq etmişdir. (“Atropat” yayın evi Tehranda, şəhər parkının qabağında, S.C. Pişəvərinin vaxtilə çıxardığı “Ajir” qəzeti mətbəəsinin qonşuluğunda yerləşir. ( 6, s.426)
    Əli Təbrizlinin xalqa milli ruh aşılayan fikirlərinə, yazılarına və kitab evindəki fəaliyyətlərinə görə şahın qizli polis təşkilatı SAVAK  onu 6 illik həbsə məhkum edib əsərlərinə qadağa qoydurlar.
    Həbsdən çıxandan sonra az müddət  ərzində "Qud Amuz" adında türkcə-Farsca bir lüğət hazırlayıb çap etdirir. . Bir çox soydaşları kimi o da məktəb üzü görmədən oxuma yazmağı öyrənmiş; küçə satıcılığından nəşriyyat rəhbərliyinə qədər yüksəlmişdir. Bundan  öncə  də qeyd  etdiyimiz  kimi, Yavuz Akpınar Əli Təbrizlinin şifahi xalq ənənələrindən faydalanaraq qələmə aldığı iki cildlik "Şah İsmayıl" adlı əsərini Güneydə  roman növünün  ilk türkcə nümunəsi olduğunu yazır.  
       "Ğöz yasları" və  geniş  bəhs  açdığımız "Dil və ədəbiyyat " adlı kitablarıı da həmin dövrün məhsuludur.” Dil və ədəbiyyat” adlı kitabı 1978-1979- cu illər İran İnqilabı ərəfəsində nəşr olunur. Bu kitabında müəllif özünü artıq Əli Təbrizi yox, Təbrizli Əli kimi təqdim edib.
       Ancaq “Ğöz yasları" adlı əsəri hələ də əlyazma halındadır.
    Əli Təbrizli bilir ki, xalqın dərdləri az  deyil. Dərdi çatdırmaq üçün dil xalqın ən böyük köməkçisidir. Xalqın ən böyük dərdi də dil  dərdidir. Onun həlli xalqın bütün mənəvi narahatlıqlarının həllidir.Buna görə  Əli  Təbrizli dildən yazmaqdan usanmır:
Özün itirənlər qulam olanlar, 
Millətin atıb, dilin dananlar!
Tülkü kölgəsində ay daldalananlar
 Utanın özüzi çox da satmayın. ..


Tehranda itirib bəzilər özün 
Bilmir Türkçə desin, ya Farsça sözün, 
Farslar qorxudublar onların gözün,
 Onları siz Allah, bizə qatmayın!  (1, s. 48)

Onun türkiyəli türklərə  həsr etdiyi   “Türkiyə milləti”  şeiri  böyük sevgi  ilə yazılıb. Şeirdə Mustafa Kamal Atatürk yad olunur,onun xidmətləri qeyd olunur;

Ucaltdı  türkləri Kamal Atatürk,
Qoymadı qəflətdə daha yata Türk,
Yeridir ucaya yenə çata türk,
Yarana birliklə gözəl səadət,
Ey Türkiyə milləti, ey qəhrəman millət!  (3,32)

Şair eyni soykökdən,azacıq fərqlə eyni dilə,kültürə malik iki  qardaş xalqı birliyə,ülfətə səsləyir;

Ürəyimiz birdir, birdir sözümüz,
Yaxından görüsmək istər gözümüz,
Bir fikir étməliyik indi özümüz,
Çoxalsın ortada günbəgün ülfət,
Ey Türkiyə milləti, ey qəhrəman millət! (3,32)

Çox  diqqətçəkicidir ki, Əli Təbrizli  o dövrdə bizdə bir çoxlarının bilmədiyi,gizlin  mətləblərə də toxunur.Uzun illər Bakının yenidən qurtulmasını,o cümlədən qəhrəman Türk Ordusunun Bakını  bolşevik və daşnaqlardan azad etməsini xatırladır;

Təkcə yollamırı salam Təbrizi,
Bəlkə bütün ellər yad edir sizi,
Bakıda siz idiz qurtaran bizi,
Ölümdən, zillətdən göstərən qeyrət,
Ey Türkiyə milləti, ey qəhrəman millət! (3, s.33)

Əli Təbrili “Ərdəbil”  şeirində Səfəvilər dövründə dövlətin paytaxtı olmuş,İranı dünyaya tanıtdırmış,Azərbaycanın fəxri şəhəri Ərdəbili anır. Şah İsmayıl, 
Şeyx Səfiəddin,Babək  Xürrəmi, Mahmud Dəstəpiş, Zikri Ərdəbili, Ziyai Ərd əbili kimi  söz  sənət,din siyasət adamlarını yetişdirən şəhəri  vəsf  edib,
onun indi gözdən iraq salınmasına kədərlənir;

 Ey olan tarixlərə zinət, gülüstan, Ərdəbil,
İftixar olsun ol canım da qurban, Ərdəbil.
Tarixi tutmus ayaqdan başa, şanü- söhrətin,
Sən ilə məşhur idi dünyada  İran, Ərdəbil.

 İndi bilməm nə oldu ki, gözdən, nəzərdən düsmüsən
Olmusan itgin bu  İran içrə, viran Ərdəbil.
Sən idin çesmi çırağı ölkənin éy şəhrimiz,
Fəxr édərdi sən ilə Azərbaycan, Ərdəbil.(1, s.123)

Türkçü şair “Ərdəbil”  şeirində eyni soykökə,azacıq fərqləri olan dilə,ortaq abidələrə  malik olan  türk xalqlarını birliyə,və birləşməyə səsləyir; 

Birləşə Türkiyə və dünyada hər nə türk var
Qırğızistan u bu Türk ü Özbəkistan Ərdəbil!
Ölmərəm qörsəm ki, olmuş cümlə bu millətləri,
Bir-birinə méhriban u can u canan Ərdəbil! (1, s.123)

Güney Azərbaycanın istedadlı şairi, təqib və təzyiqlərə baxmayaraq əsərlərini ancaq ana dilində yazan Səhəndin ölümündən bərk təsirlənərək ona “Səhənd üçün” şeirini ithaf edir.

Bir yas boyunca gördü Səhənd öz dilin əsir,
Qéyrətdən öldü, ölməmiş ancaq, inan bizə.
Zülmətdə sürdü gün, günəşə qaldı nisgili,
Ancaq, günəs doğunca o, batdı, fəqan bizə.
Varlığı boyunca çəkdi acı-ağrılı şaxtasın qışın,
Öldü bahar olunca özü, bir xəzan bizə.(9, s.27)

    Əli Təbrizli ayrı-ayrı vaxtlarda üç dəfə həbs olunub, işqəncələrə məruz qalsa da,əqidəsindən dönmədi, bütün çətinliklərə mərdliklə sinə qərdi.    
      Görkəmli fikir və əməl adamı olan Təbrizli Əli, türkçülüyün simvollardan biri olmuşdur. Özəlliklə onun “Ədəbiyyat və milliyyət” kitabı mürtəce-irqçi suçlamalara İran türklüyünün ilk ümumiləşdirici cavabı idi. İlk təşəbbüs olmasına baxmayaraq, həmin kitab bu gün də Güneydə Türk millətçiliyinin möhtəşəm abidəsi sayılmaqdadır. 
       Əli Təbrizli 1998-ci ilin yanvar ayının 18-dəTehranda əbədiyyətə qovuşmudur və öz vəsiyyətinə əsasən doğma yurdu Təbriz şəhərinin “Vadi-yi Rəhmət” qəbristanlığının ailəvi məzarlarında torpağa tapşırılmışdır.          
Nəticə
Əli Təbrizli İran türkçülüyünün ən görkəmli simalarından biri olmuşdurO, həyatını türk varlığının, milli kimliyin və mədəni dəyərlərin qorunmasına həsr etmiş, bu yolda təqiblərə, həbslərə və müxtəlif təzyiqlərə məruz qalsa da, əqidəsindən dönməmişdir. Xüsusilə “Ədəbiyyat və milliyyət” əsəri İranda türkçülük məfkurəsinin formalaşmasına mühüm təsir göstərmiş, milli özünüdərk prosesinin inkişafında əhəmiyyətli rol oynamışdır.
Əli Təbrizlinin ədəbi və ictimai fəaliyyəti göstərir ki, milli şüurun inkişafı və ana dilinin qorunması xalqın mənəvi varlığının əsas şərtlərindəndir. Onun irsi bu gün də öz aktuallığını qoruyur və türkçülüyün mühüm ideoloji qaynaqlarından biri kimi dəyərləndirilir.                          
Qaynaqça:
1  Ağcaköylü, A. (1962). Tebrizli Aliden seçme şiirler. Türk Kültürü, 1(2).
2. Akpinar, Y. (1998). Güney Azerbaycan'ın büyük kaybı: Tebrizli Ali. Kardeş Edebiyatlar, (42).
3.  Behrəngi, S. (1963). Parə-parə. Təbriz.
4. Hacıyev, T. (1998). Əli Təbrizli (Təbrizli Əli) xalqına eşqinin fəryadı (N. Muradov, Nəşrə haz.). Kardeş Edebiyatlar, (42).
5. Məmmədli, P. (2012). İranda türkçülüyün ideoloqu – Əli Təbrizli. Güneyin Səsi, (6), ss. 24-27.
6. Məmmədli, P., Nəsibzadə, N. (2014). Əli Təbrizli. Böyüklərimiz içində (ss. 425-436). Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi.
7. Nəsibzadə, N. (1988). Ə. Nabdil və Ə. Təbrizli: İranda Azərbaycan milli azadlıq hərəkatı ideologiyasında iki təmayül. Azərbaycan Elmlər Akademiyasının Xəbərləri, (2).
8. Rəsulzadə, M. Ə. (2013). İran türkləri. Təknur.
9. Təbrizli, Ə. (1979). Səhənd üçün. Varlıq, (3).
10. Təbrizli, Ə. (1981). Ədəbiyyat və milliyyət (Cild 1). Kitabfüruş-i Atropat

 


 

Əli Təbrizlinin milli kimlik və türkçülük məfkurəsi - Dr. Pərvanə Məmmədli


Leave a Comment