Kanadanın Ontario əyalətinin Vaughan şəhərində “Turkuaz Türk Multikultural Festivalı” (Turkic ULTRAFEST) keçirilib.
"Azerbaijan Post" bildirir ki, tədbir
Toronto şəhərində fəaliyyət göstərən Turkuaz Türk İncəsənət və Mədəniyyəti Fondunun (Turkuaz Turkic Art & Culture Foundation) təşkilatçılığı ilə baş tutub.
Multikulturalizm Gününə (La Journée Canadienne du Multiculturalisme) həsr olunan festival 27 iyun 2026-cı il tarixində, şənbə günü saat 12:00-dan 21:00-dək “North Thornhill Community Centre” (300 Pleasant Ridge Ave, Vaughan, ON L4J 9B3) ünvanında keçirilib. Qeyd edək ki, tədbirə giriş sərbəst olub.
Tədbirdə türk dünyasının zəngin mədəni irsi bir araya gətirilib, minlərlə ziyarətçiyə rəngarəng və geniş proqram təqdim olunub.
Tədbirin keçirilməsinə Kanada İrs Nazirliyi (Canadian Heritage / Patrimoine canadien), Kanada və Ontario hökumətləri, Azərbaycan Diasporuna Dəstək Fondu (ADDF), “Eventtop” və “Tabriz” təşkilatları dəstək verib.
Festival çərçivəsində türk xalqlarının mədəniyyətini təmsil edən 40-dan çox stend fəaliyyət göstərib. Stendlərdə zəngin milli mətbəx nümunələri, əl işləri sərgiləri, mədəni təqdimatlar, keramika üzrə ustad dərsləri, ebru sənəti, türk qəhvəsinin hazırlanması və təqdimatı, eləcə də uşaqlar üçün xüsusi əyləncə proqramları böyük maraqla qarşılanıb.
Azərbaycan, Türkiyə, Özbəkistan, Gürcüstan, Krım tatarları, uyğur, tatar, başqırd və digər icmaları təmsil edən
25-dən artıq peşəkar musiqi və rəqs kollektivi canlı ifaları ilə türk dünyasının zəngin mədəni müxtəlifliyini və ortaq irsini nümayiş etdirib.
Tədbirdə qurulan Azərbaycan stendi ziyarətçilərin xüsusi marağına səbəb olub. Burada qonaqlara Azərbaycanın tarixi abidələri, milli rəqsləri, mədəni dəyərləri və zəngin irsi haqqında geniş məlumat verilib.
Ümumilikdə mindən artıq iştirakçının qatıldığı festivalda Kanadadakı Azərbaycan Evi, Təbriz Azərbaycan Musiqi və Rəqs Ansamblı, Hamilton Azərbaycan İcması və Azərbaycanlı Qadınlara Dəstək Mərkəzi ölkəmizin zəngin mədəni irsini ləyaqətlə təqdim ediblər.
Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdlərinin çıxışları izləyicilərə xoş və yaddaqalan anlar yaşadıb. Təbriz Azərbaycan Musiqi və Rəqs Ansamblının milli və rəngarəng geyimli solistlərinin, rəqqaslarının, eləcə də musiqiçilərinin nümayiş etdirdikləri peşəkar performans tamaşaçıları valeh edib.
Turkuaz Fondunun rəhbərləri Nəsrin Attari və Şervin Şadpur fondun Kanadada türk mədəni irsinin təşviqi istiqamətindəki fəaliyyətindən danışıblar. Onlar mədəniyyətlərarası dialoqun gücləndirilməsinin, ortaq irsin qorunmasının və müxtəlif icmalar arasında qarşılıqlı anlaşmanın önəmini xüsusi vurğulayıblar.
Festivalın sonunda bütün ifaçılar mükafatlandırılıb, tədbirin uğurla keçirilməsində əməyi olan könüllülərə, sponsorlara, tərəfdaşlara və təşkilat komandasının üzvlərinə xüsusi təşəkkür ifadə olunub.