Azərbaycan gəncləri dünyanın 500-dən çox lideri ilə Cenevrədə bir araya gəldi

Azərbaycan gəncləri dünyanın 500-dən çox lideri ilə Cenevrədə bir araya gəldi

Azərbaycan Diaspor Gəncləri (ADG) avqustun 12-dən 14-dək İsveçrənin Cenevrə şəhərində keçirilən 31-ci Beynəlxalq Gənclər Assambleyasında Azərbaycanı layiqincə təmsil edib.

Beynəlxalq Gənclər Günündə işinə başlayan assambleya dünyanın 100-dən çox ölkəsindən 500-dən artıq gənc lideri bir araya gətirib. Tədbirin əsas məqsədi iştirakçılar arasında bilik və təcrübə mübadiləsini təşviq etmək, beynəlxalq əməkdaşlığı genişləndirmək, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində dialoq və tərəfdaşlıqları gücləndirmək, eləcə də qlobal çağırışların həllinə yönəlmiş innovativ təşəbbüsləri dəstəkləməkdən ibarətdir.

Qeyd edək ki, Assambleyada ADG-nin 5 gənc üzvü Azərbaycanı təmsil edib. Nümayəndə heyətinə Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı ilə yanaşı Azərbaycan Diaspor Gənclərinin Macarıstan, Estoniya, Kanada, Finlandiya və Litvadakı üzvləri daxil olub. Açılış mərasimi və tanışlıq sessiyalarında Azərbaycan nümayəndələri müxtəlif ölkələrdən olan gənc liderlərlə görüşərək yeni əlaqələr qurublar.

Tədbirdə ADG-nin icraçı direktorunun müavini və Estoniya üzrə koordinatoru Nəzrin Cəfərova çıxış edərək Azərbaycan diaspor gənclərinin fəaliyyəti, qazanılan nəticələr və gələcək təşəbbüslər barədə məlumat verib.

Assambleyanın növbəti mərhələsində keçirilən panel müzakirələrində və tematik sessiyalarda qlobal çağırışlar, gənclərin qərarvermə proseslərindəki rolu, Dayanıqlı İnkişaf Məqsədləri və beynəlxalq işbirliyi məsələləri diqqət mərkəzində olub.

Tədbirin təşkilatçısı olan AFS (Intercultural Programs) bir əsrdən artıq tarixə malikdir. Mədəniyyətlərarası mübadilə və qlobal vətəndaşlıq təhsili sahəsində dünyanın en nüfuzlu qeyri-hökumət təşkilatlarından biri sayılan AFS-in keçirdiyi bu assambleya gənc liderləri, BMT rəsmilərini və beynəlxalq ekspertləri bir araya gətirərək qlobal problemlərin həllində gənclərin səsini birbaşa dünya səviyyəsinə çatdıran unikal platformadır.

Azərbaycan gənclərinin bu mötəbər assambleyada fəal təmsil olunması strateji baxımdan böyük əhəmiyyət kəsb edir. Belə ki, müxtəlif ölkələrdə yaşayan diaspor gənclərinin vahid heyət kimi çıxış etməsi Azərbaycanın milli maraqlarının, zəngin mədəni irsinin və həqiqətlərinin beynəlxalq ictimaiyyətə daha effektiv çatdırılmasına xidmət edir, birbaşa dialoq və dostluq əlaqələri gələcəkdə birgə beynəlxalq layihələrin həyata keçirilməsi, Azərbaycan gəncliyinin qlobal platformalara inteqrasiyası üçün möhkəm zəmin yaradır.

Həmçinin, bu cür qlobal platformalar Azərbaycan gəncliyinin qərarların qəbul edilməsi mexanizmlərində təcrübə qazanmasına, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılmasında aparıcı rol oynamasına və Azərbaycanın beynəlxalq gənclər şəbəkəsində mövqeyinin daha da möhkəmlənməsinə birbaşa töhfə verir.

Xatırladaq ki, 31-ci AFS Gənclər Assambleyası gənclərin qlobal problemlərin həllində rolunun artırılması, liderlik bacarıqlarının inkişaf etdirilməsi, Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində dünyanın aparıcı gənclər platformalarından biri hesab olunur.

"Azerbaijan Post"

Azərbaycan gəncləri dünyanın 500-dən çox lideri ilə Cenevrədə bir araya gəldi


Leave a Comment