Société Azerbaïdjanaise du Canada à Montréal (Azerbaijani Society of Canada in Montreal) bu il də Monrealda keçirilən Orientalys Festivalında iştirak edərək Azərbaycanı böyük qürur və sevgi ilə təmsil edib.Monrealın ən böyük multikultural tədbirlərindən biri olan Orientalys Festivalında dünyanın müxtəlif ölkələrinin və xalqlarının mədəniyyəti, musiqisi, rəqsləri, milli geyimləri, mətbəxi və adət-ənənələri nümayiş etdirilir. Hər il şəhərin məşhur Old Port (Vieux-Port) ərazisində keçirilən festival müxtəlif mədəniyyətləri bir araya gətirərək minlərlə insanın diqqətini cəlb edir.Azərbaycan Cəmiyyəti də festival çərçivəsində ölkəmizin tarixini, coğrafiyasını, şəhərlərini, bölgələrini və zəngin mədəni irsini Kanada ictimaiyyətinə tanıtmaq məqsədilə geniş təqdimat keçirib.Azərbaycanın festivaldakı stendində ölkənin xəritələri, şəhərləri, tarixi və turistik məkanları haqqında məlumatlar nümayiş etdirilib. Ziyarətçilərə Azərbaycanla bağlı kitablar və fotoşəkillər təqdim olunub, onların ölkəmizlə bağlı sualları cavablandırılıb.
Xüsusilə Azərbaycanın xəritələri festival iştirakçılarının böyük marağına səbəb olub. Ziyarətçilərə Azərbaycanın coğrafi mövqeyi, bölgələri və tarixi barədə məlumat verilib. Bu cür təqdimatlar Azərbaycanı ilk dəfə eşidən və ölkəmizin dünya xəritəsindəki mövqeyindən xəbərsiz olan insanlar üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın milli geyimləri və milli baş örtükləri olan kəlağayı və araqçın da festival iştirakçılarının diqqətini çəkib. Bir çox ziyarətçi milli geyimlərimizlə foto çəkdirərək Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı əldə edib.
Festival zamanı Azərbaycana olan turizm marağının da artdığı müşahidə olunub. Bəzi ziyarətçilər Bakıya Formula 1 yarışlarını izləmək üçün səfər etdiklərini, digərləri isə gələcəkdə Azərbaycana səyahət etmək istədiklərini bildiriblər. Bəzi iştirakçılar isə Azərbaycan haqqında sosial şəbəkələrdə və YouTube-da yayımlanan videolar vasitəsilə məlumat əldə etdiklərini qeyd ediblər.
Azərbaycanın belə böyük beynəlxalq və multikultural tədbirdə təmsil olunması ölkəmizin dünyada tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. Müxtəlif ölkələrdən və mədəniyyətlərdən insanların bir araya gəldiyi festival Azərbaycan üçün öz tarixini, mədəniyyətini, adət-ənənələrini və turizm imkanlarını daha geniş auditoriyaya təqdim etmək baxımından mühüm platformadır.
Société Azerbaïdjanaise du Canada à Montréal-ın Orientalys Festivalında mütəmadi iştirakı da Azərbaycan mədəniyyətinin Kanadada tanıdılmasına mühüm töhfə verir. Cəmiyyətin fəaliyyəti sayəsində festival iştirakçıları Azərbaycanın tarixi, coğrafiyası, milli-mədəni irsi və turizm imkanları barədə daha ətraflı məlumat əldə edirlər.
Azərbaycanı tanıtmaq, ölkəmizin tarixi və mədəniyyəti barədə məlumatlılığı artırmaq və Azərbaycana olan marağı təşviq etmək bu iştirakın əsas məqsədlərindəndir.
Azərbaycan Cəmiyyəti bu il də Monrealın mərkəzində ölkəmizi sevgi, qürur və milli dəyərlərimizə bağlılıqla təmsil edibş “2016-cı ildən etibarən Orientalys Festivalında Azərbaycanı təmsil edirik. Bu il festivalda yeddinci iştirakımız idi”, – deyə Rəna Müslümova Azerbaijan Post-a bildirib.
O, həmçinin Azərbaycan Cəmiyyətinin yaranması və rəsmi qeydiyyata alınması barədə məlumat verərək qeyd edib ki, təşkilat 2019-cu ilin may ayında rəsmi qeydiyyatdan keçib.
“2019-cu ilin may ayında rəsmi qeydiyyatdan keçib. O vaxta qədər elə Rəna Müslümova olaraq fəaliyyət göstərirdim. Sonra rəsmi təşkilat yaratmaq zərurəti yarandı”, – deyə Rəna Müslümova bildirib. O vurğulayıb ki, Orientalys Festivalında hər il iştirak etməkdə əsas məqsəd Azərbaycanı, onun tarixini, mədəniyyətini, milli dəyərlərini və zəngin irsini Kanada ictimaiyyətinə tanıtmaqdır.
Rəna Müslümovanın sözlərinə görə, festival Azərbaycanın müxtəlif mədəniyyətlərin nümayəndələri ilə bir araya gəlməsi və ölkəmiz haqqında daha geniş auditoriyaya məlumat verməsi üçün mühüm platformadır.