AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru, türkoloq-alim Faiq Ələkbərlinin (Qəzənfəroğlu) “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” adlı kitabı çapdan çıxıb.
“Elm və təhsil” nəşriyyatında işıq üzü görən əsər AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi Şurasının qərarı ilə nəşrə tövsiyə olunub. Kitabın elmi redaktoru fəlsəfə elmləri doktoru, professor Rafail Əhmədli, rəyçiləri isə fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmov, fəlsəfə elmləri doktoru, dosent Lalə Mövsümova və fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zaur Rəşidovdur.
Əsərdə qədim dövrdən bizim eranın VII əsrinədək, yəni İslamın yayılmasından əvvəlki mərhələdə Türk xalqlarının fəlsəfi fikir tarixi araşdırılır. Tədqiqat çərçivəsində Tanrıçılıq, Oğuzluq, Türklük, Qorqudçuluq, Qamlıq, Mağların təlimi, Xızırçılıq, Manilik və digər dünyagörüşü və fəlsəfi təlimlər, eləcə də Oğuz Ata, Türk Ata, Qorqud Ata, Qam Ata, Xızır Ata, Mani Ata və digər müdriklərin irsi tədqiqata cəlb olunur.
Kitabın əsas məqsədi Türk xalqları fəlsəfi fikrinin İslamaqədərki mərhələlərini ardıcıl və sistemli şəkildə araşdırmaq, bu irsi elmi obyektivlik prinsipləri əsasında yenidən nəzərdən keçirmək və Türk dünyasının fəlsəfi-intellektual yaddaşının öyrənilməsinə töhfə verməkdir.
Kitabın müəllifi Faiq Ələkbərli “Azerbaijan Post”a açıqlamasında bildirib ki, əsərdə əsas diqqət Türk fəlsəfi fikrinin mahiyyətinin, inkişaf mərhələlərinin və qədim Türk sivilizasiyasının fəlsəfi əsaslarının araşdırılmasına yönəldilib:
"Kitabın birinci fəslində Türk xalqları fəlsəfəsinin mahiyyəti və əsas xüsusiyyətləri, həmçinin qədim Türk sivilizasiyasının formalaşması və inkişafı araşdırılır. Burada “Türk fəlsəfəsi” anlayışının dünya fəlsəfi fikir tarixində yeri məsələsinə diqqət yetirilir, Türk fəlsəfəsinin Yunan, Roma, Hind, Çin, İran və digər fəlsəfi-mədəni ənənələrlə oxşar və fərqli cəhətləri müqayisəli şəkildə nəzərdən keçirilir.
Tədqiqatın əsas istiqamətlərindən biri də qədim Türk sivilizasiyasının tarixi və elmi baxımdan qiymətləndirilməsidir. Məqsəd yeni bir sivilizasiya konsepsiyası “kəşf etmək” deyil, tarixdə mövcud olmuş Türk və ya Turan sivilizasiyasının uzun müddət hansı səbəblərdən yetərincə diqqətə alınmamasını araşdırmaqdır. İslamaqədərki dövrdə, xüsusilə miladdan əvvəlki əsrlərdə Türk xalqları mühüm mədəni və sivilizasiya nümunələri yaradıb. Bu irsin dünya tarixşünaslığında daha geniş və obyektiv şəkildə araşdırılması vacibdir".
Alim qeyd edib ki, kitabın ikinci fəslində isə qədim dövrdən bizim eranın VII əsrinədək Türk xalqları fəlsəfəsinin əsas təlimləri və bu təlimlərlə bağlı müdriklərin dünyagörüşü araşdırılır:
"Burada Tanrıçılıq – Oğuz Ata, Qorqudçuluq – Qorqud Ata, Mağların təlimi – Qam Ata, Xızırçılıq – Xızır Ata, Türkçülük – Türk Ata, Kamlıq/Şamanizm – Şaman Ata, Atəşpərəstlik/Zərdüştlük – Zərdüşt və Manilik – Mani Ata kontekstində təhlil aparılır.
Bu mövzuların ayrı-ayrı aspektləri müxtəlif tədqiqatlarda araşdırılsa da, Türk xalqlarının qədim fəlsəfi fikir tarixinin bütöv və sistemli şəkildə təqdim edilməsi əsərin əsas yeniliklərindən biridir.
Tədqiqat zamanı Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Türkmənistan, Tatarıstan, Başqırdıstan, Yakutiya, Çuvaşiya və digər Türk ölkələrində aparılmış araşdırmalardan istifadə olunub. Bununla yanaşı, Fransa, Almaniya, İngiltərə, ABŞ, Rusiya, Çin və digər ölkələrin alimlərinin Türk xalqlarının fəlsəfəsi, dini dünyagörüşü və qədim mədəniyyəti ilə bağlı tədqiqatlarına da müraciət edilib.
Kitab Türk fəlsəfəsinin dünya fəlsəfi fikir tarixindəki yerinin daha geniş şəkildə öyrənilməsinə, Türk xalqlarının mədəni özünüdərkinə və bu istiqamətdə yeni elmi araşdırmaların aparılmasına stimul verə bilər".
Faiq Ələkbərli vurğulayıb ki, əsərin hazırlanmasında əsas məqsədlərdən biri yalnız qədim Türk fəlsəfəsinin sistemləşdirilməsi deyil, həm də Türk xalqları arasında ortaq fəlsəfi-mədəni dəyərlərin və intellektual bağların üzə çıxarılmasıdır:
"Türk fəlsəfəsini – Türk xalqları fəlsəfəsini yazmaqda əsas məqsədimiz bir tərəfdən Türk fəlsəfəsini dünya fəlsəfəsində daha sistemli şəkildə təqdim etmək, digər tərəfdən isə Türk birliyinin fəlsəfi əsaslarını ortaya qoymaqdır”.
"Azerbaijan Post"