Azərbsycanın Göygöl şəhərinin Yeni Zod kəndi ərazisində yerləşən “Xan Yurdu” etnoqəsəbəsində V Milli Yaylaq Festivalı keçirilib. İyulun 24–26-da üç gün ərzində davam edən festival xalqın yaddaşında yaşayan elat həyatını, milli oyunları, sənətkarlıq, folklor və qonaqpərvərlik ənənələrini bir araya gətirib.
Festivalın ilk günündən “Xan Yurdu”na güclü turist axını müşahidə olunub. Ölkənin müxtəlif bölgələrindən gələn insanlarla yanaşı, xarici qonaqlar da yaylaq ab-havasını yaşamaq üçün Göygölə üz tutublar. Festivalın ikinci günü ərazidəki izdiham xüsusilə diqqət çəkib. Ziyarətçilər Azərbaycan mədəniyyətini, qədim el sənətlərini, ənənəvi kənd həyatını və milli mətbəxin nümunələrini yaxından görmək imkanı əldə ediblər. Burada xalçaçılıq sənətinin nümunələri, sənətkarların əl işləri, milli geyimlər, folklor elementlər və müxtəlif tematik guşələr təqdim olunub. Məsələn, “Xan Çadırı”nda xalçaçılıq sərgisi təşkil olunub, sənətkarlıq guşəsində ənənəvi sənət nümunələri nümayiş etdirilib. Həmçinin, ərazidə uşaqlar üçün ayrıca məkan yaradılıb.
Burada ən maraqlı məqamlardan biri isə “Yaylaq süfrəsi” olub. Milli mətbəx nümunələrinin təqdim edildiyi bu guşə Azərbaycan kənd və yaylaq həyatının ən vacib elementlərindən birini – süfrə ətrafında qonaqpərvərliyi festivalın əsas hissəsinə çevirib.
Yaylaq festivalını adi mədəni tədbirdən fərqləndirən əsas cəhətlərdən biri milli idman növlərinə geniş yer verilməsi olub. Oxatma, atçılıq, zorxana və digər ənənəvi yarışlar festival iştirakçılarının diqqət mərkəzində olub. Etnospor üzrə oxatma məşqləri də təşkil edilib.
Yorğa atlarının nümayişi isə xüsusilə maraqlı görüntülər yaradıb. Kəndirbazların və alov püskürənlərin çıxışları da festival proqramına rəng qatıb.
Festivalda Alpagut idmançılarının iştirakı da diqqət çəkib. Azərbaycan Alpagut Federasiyasının 60-dan çox idmançısı müxtəlif texniki elementləri və nümunəvi çıxışları nümayiş etdirib, ənənəvi türk oxçuluğu da festival iştirakçılarına təqdim olunub.
Festivalın açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov tədbirin əsas məqsədlərindən birinin milli-mənəvi dəyərlərin gənc nəslə aşılanması olduğunu vurğulayıb. Qeyd edib ki, əslində, festivalın bütün proqramı bu məqsədin üzərində qurulub: "Çünki burada milli mədəniyyət kitab səhifələrində və muzey vitrinlərində deyil, canlı şəkildə təqdim olunur. Uşaq oxatma məşqinə baxır, atçılıq ənənəsini görür, aşıq musiqisini dinləyir, xalça toxuculuğu ilə tanış olur, milli yeməkləri dadır və bütün bunları bir festival məkanında yaşayır.
Bu, xüsusilə gənc nəsil üçün vacibdir. Çünki yaylaq mədəniyyəti Azərbaycan xalqının məişətini, sosial münasibətlərini, musiqisini, sənətini və həyat tərzini formalaşdıran böyük bir mədəni irsdir".
Milli Yaylaq Festivalının layihə rəhbəri Müzadil Həsənov isə vurğulayıb ki, festival ilbəil miqyasını genişləndirərək təkcə yerli qonaqların deyil, xarici turistlərin də böyük maraq göstərdiyi beynəlxalq platformaya çevrilib. O, etnoqəsəbədə yaradılan şəraitdən söz açaraq tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını ifadə edib.
V Milli Yaylaq Festivalında maraqlı məqamlardan biri də “Öz Yurdunu Qur” zonası olub. Festival təşkilatçıları bu zonaya marağın yüksək olduğunu bildirərək qeydiyyatı yenidən açmışdılar. Xüsusilə kampinq həvəskarlarının böyük marağı diqqət çəkib.
Bu layihə festivalın başqa bir istiqamətini – ekoturizm və etnoturizmi ön plana çıxarır. Yəni insan yalnız festivalı izləmək üçün yaylağa gəlmir, təbiətin qoynunda qalır, yaylaq həyatını daha yaxından hiss edir və bir neçə günlük istirahəti milli-mədəni təcrübə ilə birləşdirir.
Festival boyu yerli musiqi qruplarının çıxışları, milli rəqslər, xalq mahnıları, aşıq musiqisi, folklor proqramları və müxtəlif səhnə kompozisiyaları təqdim olunub.
Festivalın üç gün ərzində problemsiz keçirilməsi üçün əvvəl ərazidə geniş hazırlıq işləri aparılıb. Göygöl Rayon İcra Hakimiyyətinin məlumatına görə, festival məkanında yaradılan infrastruktur, sərgi sahələri, qonaqların rahatlığı, təhlükəsizlik, nəqliyyatın tənzimlənməsi və sanitariya-gigiyena məsələləri ayrıca nəzərdən keçirilib.
Festivalın təşkilində Göygöl Rayon İcra Hakimiyyəti ilə yanaşı, Gənclər və İdman Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Dünya Etnoidman Konfederasiyası və digər tərəfdaş qurumlar iştirak edib. Təşəbbüs “Cavad Xan” Tarix və Mədəniyyət Fondu və “KAP.AZ” MMC tərəfindən həyata keçirilib.
Tədbirin könüllülük proqramına da əvvəlcədən böyük maraq olub. Festivalın rəsmi platformasında könüllülük proqramına qeydiyyatın başa çatdığı barədə məlumat yayılıb.
Xatırladaq ki, Milli Yaylaq Festivalı ilk dəfə 2019-cu ildə Gədəbəydə keçirilib. Sonrakı festivallar Göygölün Xan Yaylağında təşkil olunub və layihə tədricən ənənəvi el şənliyinə çevrilib.
"Azerbaijan Post"