Bakıda Türk Dünyası Qadın Şairlər Birliyinin təşəbbüsü ilə keçirilən Türk dünyası qadın şairlərinin görüşündə Almaniyada yaşayan güneyli milli fəal, yazar və naşir Şərifə Cəfəri də iştirak edib. “Azerbaijan Post” qəzetinin əməkdaşı tədbirlə bağlı Şərifə Cəfəri ilə söhbətləşib.
Müsahibəni təqdim edirik:
"-Bakıda Türk dünyasının müxtəlif ölkələrindən olan qadın şairlərin bir araya gəlməsini necə qiymətləndirirsiniz? Bununla hansı mesaj verildi?
-İlk növbədə qeyd etməliyəm ki, Bakıda təşkil olunan bu möhtəşəm tədbir yüksək səviyyədə, böyük nizam-intizam və peşəkarlıqla həyata keçirildi. Türk dünyasının dörd bir yanından gələn qadın şairlərin bir araya gəlməsi sadəcə bir ədəbi görüş deyildi. Eyni zamanda bu, böyük həmrəyliyin, qardaşlığın və daxili birliyin təzahürü idi. Biz orada eyni ruhu, eyni dərdi, eyni sevinci, eyni dili paylaşdıq.
Mən də Güney azərbaycanlı qadın şairi olaraq bu tədbirdə iştirak etməyi özüm üçün ikiqat əhəmiyyətli hesab edirəm. Bu tədbirin dünyaya və Türk dünyasına verdiyi ən böyük mesaj ondan ibarət idi ki, sərhədlər nə qədər olsa da, ruhumuz, dilimiz və ədəbiyyatımız birdir. Qadın şairlərin zərif, lakin güclü səsi bu birliyin ən sarsılmaz təməllərindən biridir. Bakı isə mənim üçün tamam başqa bir ruh, başqa bir dünya idi və bu baxımdan burada olmaq mənim üçün çox əhəmiyyətli idi.
Əlbəttə, düşünürəm ki, bu birlik gələcəkdə Türk Dövlətləri Təşkilatının rəsmi bir qolu kimi də fəaliyyət göstərə bilər. Bu, ədəbiyyat və şeir qanadı üçün çox uğurlu və möhkəm bir təməl ola bilər. Çünki tarix boyu şeir və söz sənəti türk milləti üçün hər zaman müqəddəs və xüsusi bir mənəvi ucalığa sahib olub. Biz tariximizi, mədəniyyətimizi və milli kimliyimizi şeirlərlə qorumuşuq.
-Avropada yaşayan Azərbaycanlı və bütövlükdə Türk dünyası ilə ədəbi-mədəni əlaqələrini necə qiymətləndirirsiniz?
-Nəzərə alsaq ki, bizim çoxlu ziyalılarımız, şairlərimiz və ədəbiyyatçılarımız məcburən dünyanın müxtəlif tərəflərinə yayılıblar, hərəsi bir ölkədə yaşayır, buna görə də bir araya gəlmək və vahid bir ədəbi cəmiyyət formalaşdırmaq o qədər də asan deyil. Ancaq Almaniyanın müxtəlif şəhərlərində də yazarlar, şairlər və ədəbiyyatçılar var. Onlar əllərindən gəldiyi qədər fədakarlıq edir, yazır, çalışırlar. Bəlkə də əsas məqsədləri gələcək nəsillərə, bizim millətimizə öz hüviyyətimizi, kimliyimizi və mədəniyyətimizi çatdırmaqdır. Eyni zamanda çalışırlar ki, bütün dünyada bizim kimliyimizi, ədəbiyyatımızı və dəyərlərimizi tanıtsınlar.
-Almaniyada yaşayan Güney azərbaycanlıların milli-mədəni kimliklərini qoruması və gələcək nəsillərə ötürməsi baxımından ədəbiyyatın, xüsusilə də ana dilində yazılan əsərlərin hansı rolu var?
-Bizim ən böyük qayəmiz, ən böyük dərdimiz bu gün ana dilimizin qadağan olunmasıdır. İndi mədrəsələr açılıb, amma yenə də bizim uşaqlar məcburdurlar ki, yalnız fars dilində təhsil alsınlar və öz ana dillərindən məhrum qalsınlar. Buna görə də Almaniyada, Almaniyanın müxtəlif şəhərlərində yaşayan aktivistlər və ədəbiyyatçılar bu məsələ ilə bağlı yazırlar, həqiqətləri dünyaya çatdırır, etirazlarını bildirirlər. Eyni zamanda Almaniyada yaşayan, öz ana dilindən uzaq düşən və ikiqat şəkildə ölkəsindən uzaqda olan nəsillərə ana dillərini çatdırmaq üçün çalışırlar.
-Budəfəki Bakı səfəriniz sizdə hansı təəssüratları yaratdı? Bu səfəri əvvəlki səfərlərinizlə müqayisə etsəniz, hansı fərqləri qeyd edərdiniz?
-Mənim bu, Azərbaycana ikinci səfərim idi. Əlbəttə, ilk dəfə 2022-ci ildə, Şuşanın azad olunmasından sonra Azərbaycan diasporu tərəfindən dəvət olunduq və Şuşaya getdim. O, bambaşqa bir şey idi, bambaşqa bir hiss idi. Azad olunmuş torpaqlarımıza getməyin yaratdığı qürur hissini, o xoşbəxtliyi sözlərlə, təbii ki, ifadə edə bilmərəm.
Ancaq həmin vaxt elə bir şərait yaranmadı ki, Bakıda qalım, Bakının ruhunu və hissini yaşayım. Bu ikinci səfər isə başqa cür idi. Bu da çox önəmli bir səfər idi. Türk dünyasının qadın şairləri ilə birlikdə olmaq, onlarla eyni məkanda görüşmək mənim üçün çox böyük əhəmiyyət daşıyırdı.
Bəlkə də bəzi dillərdə bir-birimizi tam başa düşmürdük. Məsələn, Qırğızıstanlı şairlə mən bir-birimizin dilini çox da yaxşı başa düşmürdük. Amma ruhumuz eyni sazı çalırdı, gözlərimiz eyni havanı oxuyurdu. Ona görə də biz bir-birimizi sözlərdən daha çox ruhumuzla anlayırdıq.
Türk Dünyası Qadın Şairlər Birliyinin tədbirində, Bakıda olmaq bambaşqa bir gözəllik idi. Mən orada vətənimi hiss etdim. Orada vətənimin bir hissəsini, həmin havanı, həmin suyu, həmin dünyanı hiss etdim. Bu səfər mənə həqiqətən böyük mənəvi güc verdi. Sanki canıma bir can qataraq yenidən Almaniyaya qayıtdım".
Xalidə Gəray
"Azerbaijan Post"