Toronto şəhər rəhbərliyi, Kanada hökuməti və «KingSett Capital» sentyabrın 10-da «Etobicoke»-də 217 yeni münasib qiymətli kirayə evinin istifadəyə verildiyini açıqlayıb. Yeni evlər «15 Gibbs Road» ünvanında yerləşir və «West Square» adlı böyük yaşayış layihəsinin bir hissəsidir.
Qeyd edək ki, «West Square» layihəsi tam başa çatdıqdan sonra burada ümumilikdə 1,135 kirayə evi olacaq. Bunlardan 788-i bazar qiyməti ilə kirayəyə veriləcək, 347-si isə münasib qiymətli kirayə evi olacaq. İndi istifadəyə verilən 217 ev də bu 347 mənzilin bir hissəsidir.
Məlumata görə yeni evlər müxtəlif ailələrin ehtiyacları nəzərə alınaraq hazırlanıb. Burada studio, bir yataq otaqlı, iki yataq otaqlı və üç yataq otaqlı mənzillər var. Evlərin kirayə qiymətləri ən azı 40 il münasib səviyyədə saxlanacaq. Məqsəd aşağı və orta gəlirli ailələrin uzun müddət daha əlçatan qiymətlərlə ev kirayə edə bilməsinə şərait yaratmaqdır.
Layihədə yalnız yaşayış evləri deyil, ictimai park, sakinlərin istifadə edə biləcəyi qapalı sahələr və gələcəkdə toplum təşkilatları üçün nəzərdə tutulan yerlər də olacaq. Yaşayış kompleksi ictimai nəqliyyata yaxın ərazidə yerləşir.
Toronto şəhəri layihənin ilk mərhələsinə təxminən 11,9 milyon dollar dəyərində maliyyə dəstəyi verib. Bu dəstəyə bəzi tikinti və inkişaf ödənişlərindən, eləcə də əmlak vergisindən azadolmalar daxildir. Layihə şəhərin «Rental Housing Supply Program» və «HousingTO 2020–2030» planı çərçivəsində həyata keçirilir.
Həmçinin məlumata görə, hazırda Toronto üzrə 50 münasib mənzil layihəsinin tikintisi davam edir. Bu layihələr tamamlandıqda 14 mindən çox yeni ev istifadəyə veriləcək. Onların 4,200-dən çoxu münasib qiymətli kirayə evləri olacaq.
Fakhriddin Khudaykulov
( LJI Reporter)