Türkiyədə Qenire Pashayevanin heykəli qoyulacaq

Bu dünyadan bir Qənirə Paşayeva keçdi...
Azərbaycanın millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva sentyabrın 28-də 48 yaşında vəfat edib. Mərhum sentyabrın 29-da ll Fəxri Xiyabanda dəfn olunub. 

Türkiyədə Qenire Pashayevanin heykəli qoyulacaq

Bu dünyadan bir Qənirə Paşayeva keçdi...
Azərbaycanın millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva sentyabrın 28-də 48 yaşında vəfat edib. Mərhum sentyabrın 29-da ll Fəxri Xiyabanda dəfn olunub. 

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın vəfatı ilə bağlı nekroloq imzalayıblar.

“Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim və jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Ələsgər qızı Paşayeva 2023-cü il sentyabrın 28-də ömrünün 48-ci ilində vəfat etmişdir.

Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadanolmuşdur. O, orta məktəbi bitirərək 1991–1998-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsində oxumuş, daha sonralar Bakı Dövlət Universitetində beynəlxalq hüquq ixtisası üzrə təhsil almış, 2010-cu ildə isə dissertasiya müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

Əmək fəaliyyətinə 1998-ci ildən “ANS” televiziya şirkətinin Xəbərlər xidmətində başlayan Qənirə Paşayeva həmin şirkətdə 2005-ci ilədək müxtəlif vəzifələrdə çalışmış, 2005–2012-ci illərdə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olmuşdur.

Qənirə Paşayeva üçüncü, dördüncü, beşinci və altıncı çağırışlar Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. O, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin və Azərbaycan–Pakistan parlamentlərarası əlaqələri üzrə işçi qrupun rəhbəri, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, eləcə də Avstraliya və Yeni Zelandiya, Bosniya və Herseqovina, Fransa, Gürcüstan, İndoneziya, İraq, İspaniya, İtaliya, Koreya, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Malayziya, Mərakeş, Misir, Moldova, Özbəkistan, Rumıniya, Şimali Makedoniya, Tailand, Türkiyə, Türkmənistan, Vyetnam və Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qrupların üzvü olmuşdur. Qənirə Paşayeva həmçinin Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü və Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri idi.
Qənirə Paşayeva zəngin ictimai-siyasi fəaliyyəti dövründə çalışdığı bütün sahələrdə dərin məsuliyyəti və insanlara münasibətdə yüksək həssaslığı ilə böyük hörmət və rəğbət qazanmışdır. Milli dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində nailiyyətlərin əldə olunmasında onun təqdirəlayiq xidmətləri vardır.
 O, Milli Məclisin Mədəniyyət komitəsinin sədri kimi ölkədə mədəniyyət sahəsində dövlət siyasətinin uğurla gerçəkləşdirilməsində yaxından iştirak etmişdir.

Vətənpərvərliyi, milli dövlətçiliyə sədaqəti və xalqımızın mədəni-mənəvi dəyərlərinə xüsusi ehtiramı Qənirə Paşayevaya Azərbaycan cəmiyyətində həqiqi nüfuz qazandırmışdır. Maarifçilik və xeyriyyəçilik fəaliyyəti onun ali insani keyfiyyətlərini xarakterizə edən başlıca cəhətlər idi.Qənirə Paşayevanın aktual mövzularda qələmə aldığı çoxsaylı elmi-kütləvi və publisistik məqalələr, müəllifi olduğu ssenarilər diqqət və maraqla qarşılanmışdır. Qənirə Paşayeva Azərbaycanın haqq səsinin, Qarabağ həqiqətlərinin yüksək kürsülərdən dünyaya çatdırılması üçün var qüvvəsini səfərbər etmiş, türk xalqları arasında birlik və qardaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi işinə dəyərli töhfələr vermişdir.

Tanınmış ictimai xadim, xeyirxah və səmimi insan Qənirə Ələsgər qızı Paşayevanın əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!”, deyə nekroloqda bildirilir. Qənirə Paşayevanın vəfatı təkcə Azərbaycan üçün deyil, Türkiyə üçün də üzücü oldu. “Asena” kimi bilinən və gördüyü işlərlə hər zaman sevilən Qənirə xanımın dəfn mərasimində Prezident Administrasiyasının, Milli Məclisin, hökumətin, ictimaiyyətin və medianın ayrı-ayrı təmsilçiləri ilə yanaşı, qardaş Türkiyənin də tanınmış şəxsləri iştirak edib.

Qənirə Paşayevanın vəfatı ilə bağlı türk dünyasının bir çox tanınmış siması sosial media hesablarında paylaşım ediblər.

Türkiyədə ATA İttifaqından prezidentliyə keçmiş namizəd Sinan Oğan Qənirə Paşayevanın ölümündən kədərləndiyini ifadə edib: 
“Təəssüf ki, azərbaycanlı millət vəkili Qənirə Paşayeva müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Allah rəhmət eləsin, yaxınlarına başsağlığı verirəm. Onun türk dünyasına xidmətləri heç vaxt unudulmayacaq”.

Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş millət vəkilinin ölümü ilə bağlı təəssüfləndiyini qeyd edib:“Azərbaycanlı millət vəkili Qənirə Paşayevaya Allah rəhmət eləsin, qardaş Azərbaycan xalqına başsağlığı verirəm. O, türk dünyası uğrunda apardığı mübarizə ilə yaddaşlarımızda və tariximizdə bundan sonra da xatırlanacaqdır”.

Türkiyənin sabiq xarici işlər naziri, millət vəkili Mövlud Çavuşoğlu da Qənirə Paşayevanın vaxtsız vəfatından yazıb:  “Özünü Qarabağ məsələsinə və Türk dünyasına həsr etmiş böyük ürəkli Qənirə Paşayeva dünyasınıdəyişdi. Yerin cənnət olsun, bacım”.

TÜRKSOY-un Baş katibi Sultan Raev da deputatın ölümündən kədərləndiyini ifadə edib: “Türk dünyasının aşiqi, TÜRKSOY-un dostu olan önəmli bir şəxsi – Qənirə Paşayevanı itirdik. Unutmayacağıq. Ailəsinə və bütün Türk dünyasına başsağlığı verirəm. Məkanı cənnət olsun”.

Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ da Qənirə Paşayevanın ölümünü Türk dünyası üçün böyük itki hesab edib: 
“Əziz dostum, Türk dünyasının sayılıb-seçilən adı, Türkiyə aşiqi Qənirə Paşayeva dünyasını dəyişdi. Azərbaycana başsağlığı verirəm: Allah rəhmət eləsin”.

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca sosial şəbəkə hesabında millət vəkili barədə bunları yazıb:

“Azərbaycan Respublikasının millət vəkili Qənirə Paşayeva təəssüf ki, Bakıda müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Allah rəhmət eləsin, ailəsinə və yaxınlarına başsağlığı verirəm. Türk dünyasına böyük xidmətlər göstərdi. İnanıram ki, onun adı həmişə xatırlanacaq”.

Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı “X” sosial şəbəkəsindəki hesabında Q. Paşayeva haqda yazıb:“Salam olsun türk dünyasına!”, “Salam Azərbaycan, Türkiyəmizə salam olsun”. Türk dünyası üçün hər zaman mübarizə aparan qəhrəman Qənirə Paşayevanı bu sözlərlə xatırlayacağıq. Allah rəhmət eləsin. Bir millət, iki dövlət olaraq əziz xalqımıza başsağlığı verirəm”.

Məşhur türkiyəli aktyor Oktay Kaynarca daQənirə Paşayevanın vəfatı ilə bağlı sosial şəbəkədə paylaşım edib: 
“Azərbaycanlı millət vəkilimiz, igid qadın Qənirə Paşayeva. Məkanın cənnət olsun”. 

Məşhur müğənni Ajda Pekkan isə qeyd edib:“Türk dünyasının əvəzolunmaz siması, dəyərli dostum,
 Azərbaycanın millət vəkili Qənirə Paşayevanın vəfat xəbərini böyük hüznlə öyrəndim. Çox dəyərli bir insan idi, məkanı cənnət olsun. Başda Azərbaycanımız olmaqla bütün türk dünyasına başsağlığı verirəm”.


Türkiyədə Qənirə Paşayevanın adını ədəbiləşdirmək məqsədi ilə heykəli qoyulacaq. Bu barədə Ərzurum İnkişaf Vəqfinin sədri Erdal Güzel məlumat verib. O, heykəlin Ərzurumda qoyulmasını təklif edib.

“21-ci əsrdə Türk dünyasının Tomrisi olaraq qəbul edilən, özünü Türk Dünyasının istiqlaliyyəti, firavanlığı və qardaşlığına həsr etmiş Qənirə Paşayevanın adının Ərzurumda əbədiləşdirilməsi mühüm bir sədaqət əlaməti olacaq. İki dövlət, bir millət məfhumunun tərənnüm olunmasında mühüm işlər görən, ömrünü Türk Dünyasına xidmətə sərf edən Qənirə Paşayevaya Allahdan rəhmət diləyirik. Onun xatirəsi Türk dünyasında daim yaşayacaqdır”- deyə vəqf sədri bildirib.

Qeyd edək ki, artıq Türkiyədə “Qənirə Paşayeva - Tomris Xatun” mükafatı təsis edilib. Türk Ədəbiyyatı Vəqfinin başqanı Serhat Kabaklı bununla bağlı bildirib:“Çox üzüldüm, dəfn mərasiminə qatıldım. Sevənləri Qənirə xanımın məzarını gül baxçasına çevirmişdi. Ümid edirik ki, o dünyada da məkanı gül cənnəti olar. Məzarının başında hönkür-hönkür ağladım.
 İstanbula geri döndüm, amma hələ də özümə gələ bilmirəm. Vəqfdə təşkil etdiyimiz Xocalını anma mərasimlərinin birində “Abi, Xocalını alaq, o gün də Allah məni alsın” - demişdi. Kaş deməyəydi o sözü, etməyəydi o niyyəti”.

Serhat Kabaklı Türk Ədəbiyyatı Vəqfinin hər il təşkil etdiyi “Yaşayan Dədə Qorqud” mükafatı ilə yanaşı, Qənirə Paşayevanın timsalında “Qənirə Paşayeva - Tomris Xatun” mükafatı da təsis etdiyini vurğulayıb.

Vəqfin başqanı bildirib ki, bu mükafat Türk dünyasının Asenaları üçün nəzərdə tutulub:“Mükafatı Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, bir sözlə, bütün türk millətinin igid qadınları, mərd Asenaları üçün təsis etdik”.

Qənirə Paşayevanın şeir yazmaq qabiliyyəti də var idi. O, bir çox mahnıların söz müəllifidir. O cümlədən Aygün Kazımova - “Ad günü”, Elza Seyidcahan – “Həsrət nəğməsi”, Flora Kərimova — “Səni gözləyəcəm”, Röya Ayxan – “Nədən həyat?”, Tünzalə Ağayeva – “Bir dünya istəyirəm”, Tünzalə Ağayeva – “İstəyirəm”, Elnur Məmmədov - “İkimizin yerinə”, Nisə Qasımova - “Ana”, Rəşad İlyasov - “Sənsizlik” və digərlərini göstərmək olar. 

Allah rəhmət eləsin!

Türkiyədə Qenire Pashayevanin heykəli qoyulacaq


Leave a Comment