Bakıda “Heydər Əliyev İli” çərçivəsində “Türk Dövlətlərinin Diaspor Gənclərinin I Forumu: Heydər Əliyev və Türk Dünyası” adlı beynəlxalq forum keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının (TDT) tərəfdaşlığı ilə baş tutan tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanla yanaşı, TDT-də
müşahidəçi üzv statusuna malik Türkmənistan, Şimali Kipr Türk Respublikası və Macarıstanın nümayəndə heyətləri, eləcə də Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının şöbə müdirinin
müavini iştirak ediblər.
Forumdan öncə iştirakçılar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər. Onlar müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda
canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin inzibati binasında I Forumun açılış mərasimi keçirilib.Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda
canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir türk dövlətləri başçılarının zirvə toplantılarını və çıxışlarını əks etdirən videoçarxın nümayişi ilə davam etdirilib.Forum iştirakçılarını salamlayan
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov tədbirin Azərbaycan və Türk Dünyası üçün çox mühüm tarixi hadisə Azərbaycanın öz suverenliyini tam təmin etdiyi günlərdə keçirildiyinə diqqəti cəlb edib, bu münasibətlə bütün türk dünyasını təbrik edib.
Ümummilli lider Heydər Əliyevin türk dünyasının diaspor strukturlarının formalaşmasına və inkişafına xüsusi diqqət göstərdiyini xatırladan Komitə sədri bildirib ki, məhz bu istiqamətin uğurla davam etdirilməsi İkinci Qarabağ savaşında və 19 sentyabr tarixli antiterror tədbirlərinin keçirilməsi zamanı TDT-nin ölkəmizə dəstək göstərməsində, Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirməsində böyük rol oynayıb.
Komitə sədri qeyd edib ki, I Forum ümumtürk diasporunun şəbəkələşməsi və mütəşəkkil qüvvəyə çevrilməsi baxımından böyük əhəmiyyət kəsb edir: “Türk dövlətlərinin diasporlarının, o cümlədən diaspor
gənclərinin birgə fəaliyyəti həm ölkələrimizə, həm də bütövlükdə Türk Dünyasına qarşı kampaniyaların qarşısını almaq baxımından da zəruridir”.
Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Adil Əliyev bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həm diaspor quruculuğu sahəsində, həm də Türk Dünyasının birliyi naminə gördüyü işlər bu gün öz bəhrəsini verməkdədir.
Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov diaspor gənclərinin fəaliyyətini vətənpərvərliyinin bariz nümunəsi adlandırıb.TDT Baş katibinin müavini Yerzhan Mukaş qeyd edib ki, Türk Dünyasının birliyi uğrunda Heydər Əliyevin göstərdiyi xidmətlər heç vaxt unudulmayacaq. O, həmçinin qeyd edib ki, gələn il Türk Dövlətlərinin Diaspor Gənclərinin II Forumunu Türkiyədə keçiriəcək.
«Hazırda TDT olaraq Şuşadakı diaspor forumunda aldığımız qərarlar üzərində çalışmağa davam edirik. Gənclər sahəsində əməkdaşlıq bizim üçün çox önəmlidir. Türk dövlətlərinin başçıları da bu məsələyə xüsusi önəm verirlər. Gənclərin ortaq kimliyimizi qavramasına böyük diqqət göstəririk. Türk dünyasından indiyədək 10 minə yaxın gənci bir yerə toplamağı bacarmışıq», deyə TDT Baş katibinin müavini bildirib.
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə xaricdəki erməni diasporunun Ermənistana yardım məqsədilə topladığı 170 milyon dollar vəsait Azərbaycanın mülki əhalisinə qarşı terror hücumlarının maliyyələşdirilməsinə sərf olunub.Mədəniyyət nazirinin müavini Səadət
Yusifova deyib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün tam təmin olunması yalnız Azərbaycanın deyil, bütün Türk Dünyasının Zəfəridir. Forum öz işini panel iclasları ilə davam edib.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın həqiqi üzvü, millət vəkili Rafael Hüseynovun moderatorluğu ilə baş tutan paneldə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev və Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov
çıxış edərək, forumun işinə uğurlar arzulayıblar.Panelin qonaqları Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov, Azərbaycanın sabiq Baş Naziri və keçmiş
xarici işlər naziri, fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Mehmet Süreyya Er Heydər Əliyevin Azərbaycan və Türk Dünyasının tarixindəki rolundan, mədəniyyət və incəsənətə qayğısından, türk dövlətlərinin birliyi yolunda fəaliyyətindən bəhs ediblər.Tədbir panel iştirakçılarının suallarının cavablandırılması ilə yekunlaşıb.I Forumun ilk günü Heydər Əliyev Mərkəzinin ziyarət edilməsi ilə başa çatıb.