Toronto 11 gün dünya kinosunun paytaxtına çevrildi TIFF 2026 başa çatdı

Toronto 11 gün dünya kinosunun paytaxtına çevrildi TIFF 2026 başa çatdı

Toronto 11 gün dünya kinosunun paytaxtına çevrildi – “TIFF 2026” başa çatdı

Torontoda sentyabrın 10-dan 20-dək
51-ci Toronto Beynəlxalq Film Festivalı —”TIFF 2026”  keçirilib. 11 gün davam edən festivalda dünyanın müxtəlif ölkələrindən 293 film və ekran işi proqramda yer alıb. Filmlər TIFF Lightbox, Roy Thomson Hall, Princess of Wales Theatre, Scotiabank Theatre və Toronto mərkəzindəki başqa kino salonlarında göstərilib. 

Qeyd edək ki, TIFF 1976-cı ildə “Festival of Festivals” adı ilə başlayıb və bu gün dünyanın tanınmış film festivallarından biridir. 

Festivalın açılış filmi rejissor Siân Hederin “Being Heumann” filmi oldu. Film əlillərin hüquqları uğrunda mübarizə aparan amerikalı fəal Judy Heumannın həyatından bəhs edir. Baş rolu Ruth Madeley oynayıb, Mark Ruffalo da filmdə əsas rollardan birini canlandırıb. Filmin böyük hissəsi Torontoda çəkilib. Hekayənin əsas hissəsi 1977-ci ildə San-Fransiskoda əlillərin hüquqları üçün keçirilən 28 günlük etiraz aksiyasına bağlıdır. 

Bu il festivalın proqramı həm böyük Hollivud filmlərini, həm Kanada istehsallarını, həm də Avropa, Asiya, Afrika və başqa bölgələrdən gələn filmləri əhatə edib. Chris Rockun “Misty Green”, Peter Farrellynin “I Play Rocky”, Jesse Eisenbergin “The Debut”, Martin McDonaghın “Wild Horse Nine”, Bai Xuenin “It’s My Time”, Peter Chanın “The Road Not Taken” və Andrew Haighin “A Long Winter” filmləri festivalda diqqət çəkən işlər arasında olub. 

TIFF 2026 Toronto küçələrinə də çox sayda tanınmış sənətçi gətirdi. Festival günlərində Penélope Cruz, Michelle Yeoh, Helen Mirren, Seth Rogen, Cynthia Erivo, Channing Tatum, Julianne Moore, Chris Rock, Rebel Wilson, Forest Whitaker, Tom Hiddleston, Daniel Kaluuya, Jesse Eisenberg, Naomi Watts və Fan Bingbing kimi aktyor və rejissorlar Toronto tədbirlərində iştirak etdilər. King Street və şəhərin Entertainment District bölgəsi festival boyunca qırmızı xalça mərasimlərinin əsas yerlərindən biri oldu. 

2026-cı il festivalında Asiya kinosunun iştirakı da artıb. Reuters-in məlumatına görə, proqramda Çinlə bağlı altı film yer alıb; əvvəlki il bu say üç idi. Michelle Yeohun rol aldığı “It’s My Time”, Peter Chanın “The Road Not Taken” və Zou Jingin “A Girl Unknown” filmləri bunların arasında olub. Çinli aktrisa Fan Bingbing TIFF Tribute Award ilə təltif edilib. Festivalda Çinlə yanaşı Tayvan, Sinqapur və Malayziyadan mandarin dilində çəkilən filmlər də nümayiş olunub. 

Bu ilin ən böyük yeniliklərindən biri TIFF: The Market proqramının ilk dəfə keçirilməsi oldu. Sentyabrın 10-dan 16-dək Metro Toronto Convention Centre-də keçirilən bu yeni film bazarında rejissorlar, prodüserlər, film alıcıları, yayım şirkətləri və başqa kino sahəsi nümayəndələri bir araya gəldilər. Burada hazır filmlərin satışı ilə yanaşı, yeni layihələr, kitabların filmə çevrilməsi, televiziya işləri və yeni ekran texnologiyaları ilə bağlı görüşlər keçirildi. Kanada hökuməti tərəfindən maliyyələşdirilən layihəni “Telefilm Canada” da dəstəkləyir. 

TIFF-də yalnız film göstərilmir. Festival kino sahəsində çalışan insanların görüşməsi, yeni layihələr üçün maliyyə tapması, filmlərin başqa ölkələrə satılması və gənc rejissorların öz işlərini tanıtması üçün də böyük imkan yaradır. Bu il süni intellektin kino istehsalında istifadəsi, yeni texnologiyalar, film istehsalında dəyişikliklər və rejissorların gələcək işi də müzakirə edilən mövzular arasında olub. 

Festivalın sonunda tamaşaçıların səsi ilə verilən əsas People’s Choice Award mükafatını Javier Calvo və Javier Ambrossinin çəkdiyi İspaniya filmi “La Bola Negra” qazandı. “I Play Rocky” ikinci, açılış filmi “Being Heumann” isə üçüncü yeri tutdu. Beynəlxalq tamaşaçı mükafatını Simon Stonenin “Elsinore” filmi, sənədli film üzrə tamaşaçı mükafatını isə Barry Avrichin “Darlene Love: I Know Where I’ve Been” filmi aldı. 

People’s Choice Award TIFF-in ən çox izlənən mükafatlarından biridir. Bunun səbəbi qalibin münsiflər tərəfindən deyil, festival tamaşaçılarının səsi ilə seçilməsidir. Keçmiş illərdə bu mükafatı qazanan bir sıra filmlər daha sonra Oscar yarışında da uğur qazanıb. Buna görə Toronto festivalı hər il payız aylarında başlayan beynəlxalq film mükafatları mövsümünün diqqətlə izlənən tədbirlərindən biri sayılır. 

Toronto şəhərinin məlumatına görə, TIFF normal illərdə 700 mindən çox iştirakçı cəlb edir və şəhər iqtisadiyyatına təxminən 240 milyon Kanada dolları təsir göstərir. Festival günlərində otellər, restoranlar, taksilər, mağazalar və şəhərin başqa xidmət sahələri də artan ziyarətçi sayından faydalanır. 


Fakhriddin Khudaykulov
( LJI Reporter)

Toronto 11 gün dünya kinosunun paytaxtına çevrildi TIFF 2026 başa çatdı


Leave a Comment