Kanada xərçəng araşdırmalarına 80 milyon dollar ayırır

Kanada xərçəng araşdırmalarına 80 milyon dollar ayırır

anada hökuməti xərçəngin daha dəqiq və xəstəyə uyğun şəkildə müalicəsi üçün yeni maliyyə yardımı açıqlayıb. Sentyabrın 24-də səhiyyə naziri Marjorie Michel bildirib ki, federal hökumət “Terry Fox Research Institute”-a dörd il ərzində 80 milyon dollar verəcək. Vəsait əsasən xərçəng sahəsində “precision oncology”, yəni xəstəyə uyğun dəqiq müalicə araşdırmalarına sərf olunacaq.

“Precision oncology” üsulunda həkimlər yalnız xərçəngin növünə baxmırlar. Şiş hüceyrələrinin genetik və bioloji xüsusiyyətləri də araşdırılır və buna uyğun müalicə seçilir. Məqsəd hər xəstəyə onun vəziyyətinə daha uyğun dərman və müalicə verməkdir. Bu üsul bəzi hallarda sağlam hüceyrələrə dəyən ziyanı və müalicənin ağır yan təsirlərini azaltmağa kömək edə bilər.

Yeni maliyyə “Marathon of Hope Cancer Centres Network” proqramının ikinci mərhələsinə yönəldiləcək. Bu şəbəkə 2019-cu ildən Kanadanın müxtəlif xərçəng mərkəzlərini, xəstəxanalarını və araşdırma qurumlarını bir araya gətirir. Hazırda şəbəkədə təxminən 60 qurum və 100-dən çox araşdırma və maliyyə tərəfdaşı iştirak edir.

Şəbəkə indiyədək 16 mindən çox xərçəng xəstəsinin genetik və tibbi məlumatlarını bir araya gətirib. Bu məlumatlar şəxsi kimlikdən ayrılmış formada araşdırmalarda istifadə olunur. Alimlər bu məlumatlarla bəzi xəstələrin niyə müalicəyə yaxşı cavab verdiyini, digərlərində isə eyni müalicənin niyə nəticə vermədiyini öyrənməyə çalışırlar.

“Terry Fox Research Institute”-un məlumatına görə, proqramın ilk mərhələsində 1,500-dən çox xəstənin müalicəsində genetik analiz nəticələrindən istifadə olunub. Yeni mərhələdə isə ən azı 11 min yeni xəstənin məlumatının sistemə əlavə olunması və onların bir hissəsinin dəqiq xərçəng müalicəsi proqramlarından yararlanması planlaşdırılır.

Federal hökumətin ayırdığı 80 milyon dollar əlavə maliyyə ilə tamamlanacaq. Terry Fox Foundation və proqramda iştirak edən qurumlar da eyni məbləğdə, yəni əlavə 80 milyon dollar toplamalıdırlar. Beləliklə, proqram üçün ümumi maliyyə 160 milyon dollara çata bilər.

Yeni mərhələdə proqram Kanadanın daha çox bölgəsinə yayılacaq. Şəbəkəyə yeni xərçəng mərkəzlərinin, o cümlədən ölkənin şimal ərazilərindəki qurumların qoşulması nəzərdə tutulur. Məqsəd müasir xərçəng analizlərinə və müalicəsinə yalnız böyük şəhərlərdə deyil, ölkənin başqa bölgələrində yaşayan xəstələrin də çıxışını artırmaqdır.

Proqramda ailədən keçə bilən xərçəng növlərinə də diqqət ayrılacaq. Əgər bir xəstədə irsi ola biləcək xərçəng müəyyən edilərsə, bəzi hallarda onun ailə üzvlərinə də genetik test təklif olunması üzərində iş aparılır. Bu, risk altında olan insanların xəstəliyi daha erkən aşkar etməsinə kömək edə bilər.

“Terry Fox Research Institute”-un prezidenti və elmi direktoru Jim Woodgett bildirib ki, yeni maliyyə Kanadada fərdi xərçəng müalicəsinin daha çox xəstəyə çatdırılmasına imkan yaradacaq. Federal hökumət isə proqramın əsas məqsədinin xərçəng xəstələri üçün daha təsirli müalicə üsulları tapmaq və sağ qalma imkanlarını artırmaq olduğunu bildirir.


Eskandar Alimirzaei
( LJI Reporter)
 

Kanada xərçəng araşdırmalarına 80 milyon dollar ayırır


Leave a Comment