Kanada hökuməti federal xidmətləri daha sürətli və sadə etmək üçün “Digital Transformation Canada” adlı yeni qurum yaradıb. Baş nazir Mark Carney sentyabrın 3-də Ottavada bu qurumun fəaliyyətə başladığını açıqlayıb. Hökumətin bildirdiyinə görə, əsas məqsəd insanların federal xidmətlərə daha asan çıxışını təmin etmək və dövlət idarələrində eyni işlərin təkrar görülməsini azaltmaqdır.
Yeni qurum federal hökumətin müxtəlif yerlərində çalışan rəqəmsal və texnologiya qruplarını bir araya gətirəcək. “Shared Services Canada”, “Treasury Board Secretariat”, “Public Services and Procurement Canada” və “Employment and Social Development Canada”-nın bəzi bölmələri bu sistemə daxil ediləcək. “Canadian Digital Service” də yeni qurumun tərkibində fəaliyyət göstərəcək.
“Digital Transformation Canada”-nın əsas işlərindən biri dövlət idarələrinin ayrı-ayrılıqda eyni texnologiyaları hazırlamasının qarşısını almaqdır. Ortaq rəqəmsal sistemlərin daha çox istifadə olunması ilə xərclərin azaldılması və xidmətlərin daha təhlükəsiz olması planlaşdırılır. Hökumət süni intellektdən də dövlət xidmətlərində daha çox istifadə etmək istəyir, amma bunun təhlükəsiz və məsuliyyətli şəkildə aparılacağını bildirir.
Yeni sistem dövlət işçilərinin istifadə etdiyi texnologiyaların da yenilənməsini nəzərdə tutur. Məqsəd kağız işi və başqa vaxt aparan işləri azaltmaq, işçilərin əsas xidmətlərə daha çox vaxt ayırmasına imkan yaratmaqdır. Hökumət bunun vətəndaşların müraciətlərinə daha sürətli cavab verilməsinə kömək edəcəyini gözləyir.
Federal hökumət dövlətin böyük alış gücündən Kanada texnologiya şirkətlərini dəstəkləmək üçün istifadə etməyi planlaşdırır. Kanada şirkətləri yeni rəqəmsal məhsulları və süni intellekt sistemlərini dövlət qurumlarında sınaqdan keçirmək və daha geniş bazara çıxarmaq imkanı əldə edə bilərlər. Hökumət bunu Kanada texnologiya sektorunun böyüməsi və ölkənin rəqəmsal imkanlarının güclənməsi üçün bir vasitə kimi təqdim edir.
“Digital Transformation Canada” həmçinin özəl sektorda çalışan texnologiya mütəxəssislərinin müəyyən müddət üçün dövlət layihələrində işləyə bilməsi məqsədilə xüsusi proqram yaradacaq. Bu şəxslərin süni intellekt və başqa yeni texnologiyalar üzrə biliklərini dövlət işçiləri ilə bölüşməsi nəzərdə tutulur.
Yeni quruma Patrick Pichette rəhbərlik edir. Onun “Digital Transformation Canada”-nın baş icraçı direktoru vəzifəsinə təyinatı sentyabrın 9-dan qüvvəyə minib. Pichette eyni zamanda Shared Services Canada-nın prezidentidir.
Patrick Pichette texnologiya və maliyyə sahəsində 30 ildən çox iş təcrübəsinə malikdir. O, 2008–2015-ci illərdə Google-un maliyyə direktoru olub və şirkətin sürətlə böyüdüyü dövrdə rəhbər heyətdə çalışıb. Daha əvvəl “Bell Canada”, “McKinsey” və “Sprint Canada” şirkətlərində də yüksək vəzifələrdə işləyib. Pichette həmçinin müxtəlif Kanada texnologiya şirkətlərində investor və idarə heyəti üzvü kimi fəaliyyət göstərib.
“Digital Transformation Canada Government Transformation”, “Public Works and Procurement” naziri “Joël Lightbound”-un məsuliyyəti altında fəaliyyət göstərəcək. Federal hökumət yeni qurumun dövlət xidmətlərini sadələşdirmək, texnologiya xərclərini azaltmaq və Kanada şirkətlərinin rəqəmsal sahədə inkişafına yardım etmək üçün yaradıldığını bildirir. Bu məqsədlərin nə qədər həyata keçəcəyi isə proqramın gələcək fəaliyyəti və nəticələri ilə müəyyən olunacaq.
Eskandar Alimirzaei
( LJI Reporter)