Kanada hökuməti ölkədə texniki və peşə sahələrində çalışan işçilərin sayını artırmaq üçün Team Canada Strong proqramının yeni mərhələsini açıqlayıb. Sentyabrın 18-də iş və ailələr naziri Patty Hajdu bildirib ki, proqramın ilk yeni imkanları bu payızdan başlayaraq istifadəyə veriləcək. Hökumətin məqsədi 2030–2031-ci illərə qədər 80 mindən 100 minədək yeni Red Seal ixtisaslı işçi hazırlamaq və işə cəlb etməkdir. Proqram üçün ümumilikdə 8 milyard dollar nəzərdə tutulub.
Proqramın əsas hissələrindən biri gənclər üçündür. Team Canada Strong Youth Placements proqramına beş il ərzində 880 milyon dollar ayrılır. 15–30 yaş arasında olan gənclər 2027-ci ilin əvvəlindən etibarən tikinti və başqa texniki peşələrdə dörd aya qədər ödənişli iş təcrübəsi əldə edə biləcəklər. Məqsəd gənclərin iş yerində təcrübə qazanması və daha sonra rəsmi şagirdlik proqramlarına keçməsidir.
Bu proqramı həyata keçirmək istəyən təşkilatlar üçün müraciət prosesi artıq başlayıb. Qeyri-kommersiya qurumları, bələdiyyələr, yerli yerli xalqların təşkilatları, təhsil müəssisələri və bəzi başqa qurumlar 23 oktyabr 2026-cı ilədək müraciət edə bilərlər. Bir təşkilat ildə 15 milyon dollara qədər maliyyə ala bilər.
Federal hökumət Red Seal peşə proqramını tamamlayan işçilərə də yeni maliyyə yardımı verəcək. Uyğun Red Seal peşəsi üzrə şagirdlik proqramını bitirib sertifikat alan şəxslər 5 min dollarlıq birdəfəlik bonus üçün müraciət edə biləcəklər. Bu imkan 1 aprel 2025-ci ildən sonra sertifikat alan şəxslərə də şamil olunacaq. Bonus üçün müraciətlərin 2026-cı ilin payızında açılması planlaşdırılır.
Kiçik və orta bizneslər üçün də ayrıca proqram hazırlanır. Build Canada Apprenticeship Service vasitəsilə uyğun Red Seal peşəsində birinci il şagirdini işə götürən işəgötürənlər 10 min dollara qədər maliyyə dəstəyi ala biləcəklər. Proqramın məqsədi şirkətlərin yeni işçiləri işə götürməsini asanlaşdırmaq və gənclərin şagirdlik proqramını yarımçıq qoymasının qarşısını almaqdır. Bu xidmətin də 2026-cı ilin payızında başlaması gözlənilir.
2027-ci ilin yazında isə Apprenticeship Training Grant adlı başqa bir yardım proqramının başlaması planlaşdırılır. Məcburi sinif təlimində iştirak edən uyğun şagirdlər Employment Insurance ödənişindən əlavə olaraq həftədə 400 dollar ala biləcəklər. Bu yardım 3 yanvar 2027-ci ildən sonra başlayan uyğun təlim həftələrinə aid olacaq.
Red Seal sistemində də dəyişikliklər nəzərdə tutulub. İmtahanların bir hissəsinin onlayn keçirilməsi, rəqəmsal iş dəftərlərinin hazırlanması, elektron sertifikatların istifadəsi və bütün ölkə üzrə vahid şagirdlik qeydiyyat nömrəsinin yaradılması planlaşdırılır. Məqsəd sertifikat alma prosesini sürətləndirmək və əyalətlər arasında işçilərin hərəkətini asanlaşdırmaqdır.
Federal hökumət əyalət və ərazilərlə birlikdə peşə təlimlərinin sayını artırmaq üçün əlavə 2 milyard dollar ayırmağı da planlaşdırır. Bu vəsait hazırlıq kurslarının, texniki təlimlərin və şagirdlik imkanlarının genişləndirilməsi üçün istifadə olunacaq.
Hökumətin məlumatına görə, 2024–2033-cü illər arasında Kanadada texniki və peşə sahələrində 1,4 milyondan çox iş yeri açılacaq. Bu işçilərə ev tikintisi, nəqliyyat, enerji, böyük infrastruktur və başqa sahələrdə ehtiyac olacaq. Team Canada Strong proqramı bu işçi çatışmazlığını azaltmaq üçün hazırlanıb.
Eskandar Alimirzaei
( LJI Reporter)