Sentyabrın 2-də Toronto və Böyük Toronto bölgəsini vuran güclü fırtınadan həftələr keçsə də, onun vurduğu ziyanın aradan qaldırılması davam edir. Güclü külək, iri dolu və şiddətli yağış evlərə, avtomobillərə, ağaclara və elektrik xətlərinə ziyan vurub. Bəzi yerlərdə 100 millimetrdən çox yağış yağıb, küçələr və zirzəmilər su altında qalıb.
Qeyd edək ki, «Environment Canada» sentyabrın 2-də Toronto üçün güclü fırtına xəbərdarlığı vermişdi. Həmin gün saatda 110 kilometrdən çox külək, iri dolu və güclü yağış ehtimalı bildirilmişdi. Fırtına axşam saatlarında şəhərin bir çox yerinə ciddi təsir göstərdi.
«Western University»-nin «Northern Tornadoes Project» qrupu sonradan North York və Downsview bölgəsində araşdırma aparıb. Mütəxəssislər burada baş verən hadisənin tornado deyil, güclü aşağı hava axını — “downburst” olduğunu bildiriblər. Küləyin sürətinin saatda təxminən 125 kilometrə çatdığı hesablanıb. Ziyan təxminən 7,1 kilometr uzunluğunda və 2,8 kilometrə qədər enində bir ərazidə qeydə alınıb. Evlərin damlarına, binalara və ağaclara ziyan dəyib. Bu bölgədə xəsarət alan olmadığı bildirilib.
Fırtına zamanı minlərlə ağac və budaq elektrik xətlərinin üzərinə düşüb. «Toronto Hydro»-nun məlumatına görə, fırtınanın ən ağır vaxtında təxminən 65 min müştərinin elektriki kəsilib. Ertəsi gün səhər bu rəqəm 6 minə qədər azalıb və elektrik şirkəti zərər görən müştərilərin təxminən 90 faizinə yenidən işıq verildiyini bildirib.
Güclü yağış yolların da su altında qalmasına səbəb olub. «Don Valley Parkway»-in bəzi hissələri, eləcə də Gardiner Expressway və Lake Shore Boulevard ətrafında yollar bağlanıb. Su çəkildikdən sonra DVP sentyabrın 3-də yenidən açılıb.
Fırtınadan ən çox ziyan görən yerlərdən biri «Downsview»-dəki «Rogers Stadium» olub. Güclü külək stadionun bəzi hissələrinə ciddi ziyan vurub. Toronto şəhəri binanın təhlükəsizliyi ilə bağlı rəsmi göstəriş verib və ziyanın yoxlanmasını tələb edib. Daha sonra aparılan araşdırmada stadion və ətraf bölgədəki ziyanın saatda 125 kilometrə çatan küləklə bağlı olduğu bildirilib.
Avtomobillərə də böyük ziyan dəyib. Dolu bir çox maşının damında, kapotunda və qapılarında yüzlərlə iz buraxıb. Bəzi avtomobillərin üzərinə ağac və iri budaqlar düşüb. Təmir yerlərində müraciətlərin sayı artdığı üçün bir çox sürücü avtomobilinin yoxlanması və təmiri üçün gözləməli olub. «CityNews»-un sentyabrın 15-də verdiyi məlumata görə, bəzi sakinlər sığorta işlərinin tamamlanmasını və ödənişlərin verilməsini hələ də gözləyirdilər.
«Insurance Bureau of Canada» fırtınadan sonra sakinlərə kömək üçün xüsusi xidmət açıb. Qurum ziyan görən şəxslərə sığorta şirkəti ilə tez əlaqə saxlamağı, ziyanın şəkil və videosunu çəkməyi və təmir üçün çəkilən bütün xərclərin qəbzlərini saxlamağı tövsiyə edib. Çox sayda müraciət olduğu üçün bəzi sığorta işlərinin daha uzun çəkə biləcəyi də bildirilib.
Sentyabrın ortalarında fırtınanın sığorta şirkətlərinə vurduğu ümumi ziyanın dəqiq məbləği hələ açıqlanmamışdı. Sığorta sektoru üzrə məlumat verən «Canadian Underwriter» sentyabrın 18-də bildirmişdi ki, sentyabrın 2-də GTA-da baş verən fırtına üçün hələ ilkin ümumi ziyan hesabı hazırlanmayıb.
Toronto şəhəri də fırtınadan sonra ağacların və iri budaqların yığılması işlərinin adi vaxtdan daha uzun çəkə biləcəyini bildirib. İlk növbədə insan həyatı üçün təhlükə yaradan yerlər, bağlı yollar, elektrik xətləri və evlərə ziyan vuran ağaclarla bağlı müraciətlərə baxılır.
Eskandar Alimirzaei
( LJI Reporter)