Yeni gələnlərə Torontodan böyük imkan pulsuz idman, təlim və iş yerləri

Yeni gələnlərə Torontodan böyük imkan  pulsuz idman, təlim və iş yerləri

Toronto şəhəri yeni gələn uşaqlar, gənclər və ailələr üçün Play Mobile for Newcomers adlı yeni pulsuz proqram başladacaq. Şəhər bu proqram üçün 400 min ABŞ dolları yardım alıb. Toronto 2026-cı ildə Global Cities Fund for Migrants and Refugees tərəfindən maliyyə alan dünyanın 10 şəhərindən biri seçilib.

Proqram çərçivəsində xüsusi maşınlar Toronto məhəllələrinə gedəcək və sakinlərə pulsuz idman, oyun və istirahət imkanları yaradacaq. Əsas məqsəd şəhərə yeni gəlmiş uşaqların, gənclərin və ailələrin bu xidmətlərdən daha asan istifadə etməsidir. Proqram qaçqın statusu üçün müraciət edənlərə və şəhər xidmətlərindən istifadə etməkdə çətinlik çəkən başqa yeni gələnlərə də açıq olacaq.

Bu proqram yalnız idmanla məhdudlaşmayacaq. İştirakçılara Toronto şəhərinin başqa xidmətləri haqqında da məlumat veriləcək. Onlar Newcomer Services Kiosks, Toronto Public Library, iş və təhsil proqramları, uşaqlar və gənclər üçün xidmətlər, həmçinin yeni gələnlərə yardım edən yerli qurumlarla tanış ola biləcəklər. Proqramın yerli yardım mərkəzləri və sığınacaqlarla birlikdə işləməsi də nəzərdə tutulur.

Maliyyə dəstəyi iki il üçün nəzərdə tutulub. Şəhərin hesablamasına görə, proqram hər il 20 mindən çox insana çata bilər. Onların təxminən 6 mini yeni gələn uşaqlar, gənclər və ailə üzvləri olacaq. Yeni gələn sakinlər proqramın hazırlanmasında da iştirak edəcək və hansı xidmətlərə daha çox ehtiyac olduğunu bildirəcəklər.

Layihə yeni gələn gənclər üçün iş imkanları da yaradacaq. Proqram çərçivəsində 50 ödənişli iş yeri açılması planlaşdırılır. Bu gənclər toplum nümayəndəsi kimi proqramın tanıdılmasına və tədbirlərin keçirilməsinə kömək edəcəklər. Bundan başqa, hər il təxminən 250 yeni gələn gəncə idman və istirahət sahəsində təlim keçmək, yeni bacarıqlar qazanmaq və işə hazırlaşmaq imkanı veriləcək.

Toronto meri Olivia Chow sentyabrın 20-də Nyu-Yorkda keçirilən Urban 20 Mayors Summit toplantısında bu maliyyə yardımını qəbul edib. Toplantıda dünyanın müxtəlif şəhərlərindən 200-dən çox mer, şəhər rəhbəri və başqa nümayəndələr iştirak edib. Chow bildirib ki, idman yeni gələn insanların qonşuları ilə tanış olması və yaşadıqları şəhərə daha tez uyğunlaşması üçün yaxşı vasitə ola bilər.

Eskandar Alimirzaei
( LJI Reporter)
 

Yeni gələnlərə Torontodan böyük imkan pulsuz idman, təlim və iş yerləri


Leave a Comment