Toronto bizneslori tariflerin tasirini müzakira etdi

Toronto bizneslori tariflerin tasirini müzakira etdi

Sentyabrın 18-də Toronto meri Olivia Chow şəhərdə fəaliyyət göstərən biznes nümayəndələri ilə görüş keçirib. Görüşdə ABŞ-ın Kanada mallarına tətbiq etdiyi tariflərin və Kanadanın cavab tariflərinin Toronto şirkətlərinə, iş yerlərinə və ticarətə təsiri müzakirə olunub.

Toplantıda istehsal, qida, geyim, tikinti, texnologiya və başqa sahələrdən şirkət nümayəndələri iştirak ediblər. Biznes sahibləri qiymətlərin artması, mal gətirmək və göndərməkdə yaranan çətinliklər, yeni yatırım qərarlarının gecikməsi və başqa ölkələrdə yeni bazar tapmaqla bağlı problemləri şəhər rəhbərliyinə çatdırıblar.
Xatırladaq ki, ABŞ avqustun 22-də Kanadadan gələn bir sıra mallara yeni 50 faiz tarif tətbiq edib. Toronto şəhərinin məlumatına görə, bu tariflər təxminən 20 milyard ABŞ dolları dəyərində Kanada ixracını əhatə edir. Kanada hökumətinin bəzi ABŞ mallarına cavab tarifləri isə 8 sentyabrda qüvvəyə minib.

Toronto rəhbərliyi görüşdə üç əsas məsələ üzərində dayanıb. Bunlardan biri federal və Ontario hökumətləri ilə birlikdə tariflərdən zərər görən kiçik, orta və böyük şirkətlərə dəstəyin artırılmasıdır. Digər məqsəd Toronto şirkətlərinə ABŞ-dan başqa ölkələrdə yeni alıcılar və satış imkanları tapmaqda yardım etməkdir. Şəhər bunun üçün TradeTO proqramından istifadə edir.

Digər məsələ malların və xammalın çatdırılmasında yaranan problemlərdir. Şəhər rəhbərliyi Kanada şirkətlərinin bir-biri ilə daha çox işləməsini, yerli məhsulların alınmasını və Kanada daxilində yeni təchizat yollarının yaradılmasını istəyir. Bunun üçün federal və əyalət hökumətləri, şəhərlər, bizneslər və işçi qurumları arasında əməkdaşlığın artırılması nəzərdə tutulur.

Şəhər həmçinin Love Local proqramı ilə yerli bizneslərdən alış-verişi təşviq edir. Tariflərdən təsirlənən şirkətlər Toronto şəhərinin biznes xidmətlərindən fərdi məsləhət ala, maliyyə və ixrac proqramları haqqında məlumat əldə edə bilərlər. Şəhər biznes fəaliyyətini, ticarətin həcmini və şirkətlərin iqtisadi vəziyyətə baxışını izləmək üçün xüsusi iqtisadi və ticarət məlumat sistemi də hazırlayıb.

Sentyabrın 18-də keçirilən toplantıda toplanan fikirlərin gələcək biznes dəstəyi proqramlarının hazırlanmasında və Toronto şəhərinin federal və Ontario hökumətləri ilə danışıqlarında istifadə olunacağı bildirilib.


Eskandar Alimirzaei
( LJI Reporter)

Toronto bizneslori tariflerin tasirini müzakira etdi


Leave a Comment