Sentyabrın 13-də Toronto Böyük Şəhər Bölgəsində, Vaughan şəhərində yerləşən Venu Event Space məkanında “ConnecTR Turkish Community Fair sərgisi” keçirilib.
“Azerbaijan Post” bildirir ki, tədbirdə Kanada türk toplumunun biznes nümayəndələrini, sahibkarları, media qurumlarını, mədəni və ictimai təşkilatları, eləcə də toplum üzvləri iştirak edib. Qeyd edək ki, “ConnecTR” sərgisi türk toplumunun sosial, mədəni və iqtisadi əlaqələrinin gücləndirilməsi baxımından önəmli platformalardan biri kimi diqqət çəkib.
Sərgi çərçivəsində bizneslərin tanıdılması, peşəkar şəbəkələşmə, mədəni və musiqili proqramlar, türk mətbəxinin təqdimatı, ailələr və uşaqlar üçün müxtəlif fəaliyyətlər təşkil olunub.
“Azerbaijan Post” qəzeti də “ConnecTR 2026” sərgisində iştirak edərək, öz media və nəşriyyat fəaliyyətini ziyarətçilərə təqdim edib. Qəzetin sərgidə iştirakı Kanada türk toplumunun nümayəndələri, sahibkarlar, ictimai təşkilatlar və media mənsubları ilə yeni əlaqələrin qurulması və əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından faydalı olub.
Tədbir boyunca “Azerbaijan Post”un fəaliyyəti, nəşrləri və Kanada türk toplumuna yönəlik media işi barədə ziyarətçilərə məlumat verilib. Eyni zamanda, müxtəlif biznes və təşkilatların nümayəndələri ilə görüşlər və fikir mübadiləsi aparılıb.
“ConnecTR” sərgisi türk toplumunun Kanada cəmiyyətində daha geniş tanınmasına, biznes və ictimai əlaqələrin inkişafına, eləcə də mədəni irsin təbliğinə töhfə verən uğurlu tədbirlərdən biri kimi yadda qalıb.
Eskandar Alimirzaei
( LJI Reporter)