Toronto İctimai Səhiyyə qurumu — TPH şəhərdə mpox infeksiyasının yayılmasının artması ilə əlaqədar peyvənd üçün uyğunluq meyarlarına cavab verən sakinləri peyvəndlənməyə çağırıb.
Qurumun oktyabrın 5-də yaydığı açıqlamada sentyabrdan bəri 14 yoluxmanın qeydə alındığı bildirilmişdi. Oktyabrın 22-də yenilənmiş rəsmi məlumatda isə bu rəqəm 19-a çatıb. TPH sakinlərə peyvənd statuslarını yoxlamağı və iki dozadan ibarət peyvəndlənmə kursunu başlamağı və ya tamamlamağı tövsiyə edir.
TPH-nin açıqlamasına görə, ümumi əhali üçün yoluxma riski aşağı olaraq qalır. Mpox əsasən virusa yoluxmuş şəxslə yaxın fiziki, intim və ya cinsi təmas zamanı yayılır. Yoluxma dəri zədələri, bədən mayeləri, eləcə də virusla çirklənmiş geyim, yataq dəsti və dəsmallarla təmas nəticəsində də baş verə bilər.
Xəstəliyin əlamətləri arasında səpgi, qızdırma, limfa düyünlərinin şişməsi, baş və əzələ ağrıları, yorğunluq yer alır.
Uyğunluq meyarlarına cavab verən şəxslər üçün peyvənd pulsuzdur. Ontario tibbi sığorta kartı olmayanlar da bu xidmətdən yararlana bilərlər.
Daha yaxşı qorunma üçün iki doza tövsiyə olunur. İlk dozanı almış şəxslər ikinci dozanı ən azı 28 gün sonra qəbul etməlidirlər. İki dozanı tamamlayanlar üçün hazırda əlavə və ya üçüncü doza tövsiyə edilmir.
Sakinlər peyvəndə uyğunluq şərtləri və qəbul vaxtının təyin edilməsi barədə məlumatı Toronto İctimai Səhiyyə qurumunun rəsmi internet səhifəsindən əldə edə bilərlər.
Eskandar Alimirzaei
( LJI Reporter)