Torontoda ev tikmək istəyənlərə pulsuz layihə: Meriya yeni imkanlar açdı

Torontoda ev tikmək istəyənlərə pulsuz layihə: Meriya yeni imkanlar açdı

Toronto meriyası oktyabrın 2-də əvvəlcədən təsdiqlənmiş tikinti layihələri proqramını genişləndirdiyini açıqlayıb. Proqrama şəhərin müxtəlif məhəllələrinə uyğunlaşdırılmış müasir dörd və altı mənzilli yaşayış binalarının layihələri əlavə edilib.
Dar və geniş torpaq sahələri üçün hazırlanmış layihələr mülk sahiblərinə pulsuz təqdim olunur. Meriyanın bildirdiyinə görə, məqsəd layihələndirmənin ilkin mərhələsini asanlaşdırmaq və yaşayış sahələrində əlavə mənzillərin yaradılmasını sürətləndirməkdir.

Ontario Tikinti Məcəlləsinə uyğun hazırlanan layihələrdə əlçatanlıq, iqlim təsirlərinə davamlılıq, xərc və tikintinin sadəliyi nəzərə alınıb. Velosiped dayanacaqları və tullantıların saxlanması üçün yerlər də layihə həllərinə daxildir.
Hazır layihələrdən istifadə tikinti icazəsini avtomatik təmin etmir. Mülk sahibləri layihəyə görə məsuliyyəti üzərinə götürəcək ixtisaslı mütəxəssis cəlb etməli, konkret torpaq sahəsinə uyğun çertyojları və tələb olunan məlumatları hazırlatmalıdırlar. Müraciətlər meriyanın yoxlama prosesindən keçəcək.
Açıqlamaya əsasən, dörd mənzilli binalara şəhər üzrə icazə verilir, altı mənzilli binaların tikintisi isə əraziyə görə dəyişən qaydalardan asılıdır. Layihə zonalaşdırma tələblərinə uyğundursa, mülk sahibi əlavə istisna üçün komitəyə müraciət etmədən birbaşa tikinti icazəsi ala bilər.

Yeni təşəbbüs Torontoda mənzil təklifinin artırılmasına yönəlmiş tədbirlərin bir hissəsidir.

Eskandar Alimirzaei
( LJI Reporter)
 

Torontoda ev tikmək istəyənlərə pulsuz layihə: Meriya yeni imkanlar açdı


Leave a Comment