Kanadaya köçmək istəyənlərə yeni fürsət: Ontario immiqrasiya proqramını genişləndirir

Kanadaya köçmək istəyənlərə yeni fürsət: Ontario immiqrasiya proqramını genişləndirir

Ontario hökuməti immiqrasiya vasitəsilə regional iqtisadi inkişafı dəstəkləyən REDI təşəbbüsünün yeni mərhələsinə başlayıb. Əyalətin İmmiqrant Namizədliyi Proqramının — OINP-nin oktyabrın 16-da yayımladığı məlumata görə, təşəbbüsün bu mərhələsi 2027-ci ilin sonunadək davam edəcək.

Proqramın məqsədi ixtisaslı xarici işçilərin böyük şəhərlərdən kənardakı bölgələrdə yaşamasını və işləməsini təşviq etməkdir. Yeni mərhələdə Böyük Sadberi (Greater Sudbury), Kenora, Nipissinq (Nipissing), Reyni-River (Rainy River), Renfru (Renfrew) və Tander-Bey (Thunder Bay) bölgələri iştirak edir.

Bu ərazilərə OINP çərçivəsində namizədlik yerlərinin ayrılması nəzərdə tutulur. Təşəbbüs həmin bölgələrdə yaşamaq və işləmək istəyən, proqramın tələblərinə cavab verən ixtisaslı xarici işçilər üçün daimi yaşayış statusuna aparan immiqrasiya imkanlarını dəstəkləyir. 

Ontario hökumətinin açıqlamasına əsasən, REDI yerli əmək bazarı hesabına ödənilə bilməyən işçi qüvvəsi ehtiyaclarının qarşılanmasına yönəlib. Təşəbbüs yalnız işçilərin bölgələrə gəlməsini deyil, onların həmin ərazilərdə məskunlaşmasını və uzunmüddətli fəaliyyətini də təşviq edir.

İştirakçı bölgələrin seçimində işçi çatışmazlığı, işəgötürənlərin marağı, bələdiyyələrin dəstəyi və yeni gələnlərin yerləşməsinə kömək edən xidmətlərin mövcudluğu nəzərə alınıb. Proqram çərçivəsində işəgötürənlər üçün məlumatlandırma görüşləri və dəstək xidmətləri də nəzərdə tutulur.

Əyalətdə regional immiqrasiyanı təşviq edən bu yanaşma 2020-ci ildə üç tərəfdaş bölgə ilə sınaq layihəsi kimi başlayıb, 2025-ci ildə isə genişləndirilib. Rəsmi məlumata görə, indiyədək yeddi tərəfdaş bölgə üzrə təxminən min işçinin əyalət namizədliyi almasına dəstək göstərilib. Bu proses səhiyyə və ixtisaslı peşələr daxil olmaqla müxtəlif sahələrdə kadr təminatına töhfə verib. 


REDI üçün ayrıca müraciət prosesi nəzərdə tutulmayıb. Təşəbbüs çərçivəsində nəzərdən keçirilmək istəyən şəxslər Ontario İmmiqrant Namizədliyi Proqramının uyğunluq tələblərinə cavab verməlidirlər. Buna görə də maraqlanan şəxslər müraciət imkanlarını OINP-nin rəsmi qaydaları əsasında qiymətləndirməlidirlər.

Eskandar Alimirzaei
( LJI Reporter)
 

Kanadaya köçmək istəyənlərə yeni fürsət: Ontario immiqrasiya proqramını genişləndirir


Leave a Comment