İzzettin Özpolat: “Türk dünyasının alimlərini vahid elmi platformada birləşdirmək istəyirik”

PDF:   https://azerbaijanpost.org/pdf/AzerbaijanPostİzzettinozpolatileröportaj.pdf


Azerbaijan Post: Hörmətli dosent, doktor İzzettin Özpolat! Kanadada nəşr olunan “Azerbaijan Post” qəzetinə bu müsahibə fürsətini yaratdığınız üçün Sizə təşəkkür edirik. Məqsədimiz, ilk növbədə, İran türkləri, eləcə də Kanada və dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı oxucularımıza Türk Akademiklər Birliyini tanıtmaq və əməkdaşlıq imkanlarını müzakirə etməkdir.

İzzettin Özpolat: “Türk dünyasının alimlərini vahid elmi platformada birləşdirmək istəyirik”

1. İlk növbədə, özünüzü oxucularımıza qısaca təqdim etməyinizi xahiş edirik. Türk Akademiklər Birliyini yaratmaq ideyası necə meydana gəldi və Birlik fəaliyyətə nə vaxt başladı?

-Bu dəyərli müsahibə fürsətindən istifadə edərək, Kanadada və dünyanın müxtəlif ölkələrində yaşayan bütün soydaşlarımıza, xüsusilə də “Azerbaijan  Post” qəzetinin oxucularına ən səmimi salamlarımı və dərin hörmətimi çatdırıram. Türk dünyasının müxtəlif coğrafiyalarında səsimizi duyurmaq və ortaq gələcəyimizi qurmaq naminə gördüyünüz işləri yüksək qiymətləndirirəm.

Özümü qısaca təqdim etmək istərdim. 1966-cı il oktyabrın 10-da Türkiyənin Qaziantep şəhərində anadan olmuşam. Ata tərəfdən Oğuz türklərinin Kınık boyuna və qumuqlara, ana tərəfdən isə Şeyx Şamilin nəslindən olan avarlara bağlıyam.
Təhsilimi başa vurduqdan sonra Rusiya Federasiyasının Belqorod Dövlət Aqrar Universitetinin Baytarlıq fakültəsini bitirmişəm. Daha sonra həmin universitetdə baytarlıq genetikası üzrə magistratura təhsili almış, Baytarlıq Bio-genetikası kafedrasında doktorluq dissertasiyamı müdafiə etmişəm. 2001-ci ildə Bryansk Dövlət Aqrar Universitetində dosent elmi adını almışam.
Akademik fəaliyyətim dövründə baytarlıq bio-genetikası, kök hüceyrələrin klonlaşdırılması, XY cinsiyyət təyini sistemləri və qida təhlükəsizliyi sahələrində beynəlxalq tədqiqatlar aparmışam. Bu istiqamətlərdə 24 elmi məqalənin müəllifiyəm. Həmçinin “DNA X və Y Ayrımı”, “Çoğul Üretme Klon” və “Beyin Olan Bağırsak” adlı üç elmi kitabım nəşr olunub.
Bununla yanaşı, təsisçisi və İdarə Heyətinin sədri olduğum “Hilal Meat Group” A.Ş. vasitəsilə Qazaxıstanda 48 hektar ərazidə iribuynuzlu və xırdabuynuzlu heyvandarlıq təsərrüfatları, kəsim müəssisələri, genetik və analiz laboratoriyaları yaradaraq beynəlxalq səviyyəli elmi-tədqiqat, təcrübə və istehsal mərkəzi formalaşdırmışıq. Hazırda Qazaxıstan, İspaniya, Gürcüstan, Ukrayna və Türkiyədə kənd təsərrüfatı, qida və biotexnologiya sahələrində fəaliyyətimizi davam etdiririk.

Türk dünyasının birliyi və gəncliyin təşkilatlanması ideyası hər zaman həyatımın mərkəzində olub. Hələ Sovet İttifaqının dağılması prosesinin getdiyi dövrdə cənab Nursultan Nazarbayevin tapşırığı ilə universitetdə Türk Gəncləri Birliyini yaratdıq. 1992-ci ildə Almatı mərkəzli Türk Birlikləri Yardımlaşma və Həmrəylik Dərnəyini təsis etdik. Daha sonra Rusiya Federasiyasının tərkibindəki muxtar türk respublikalarında və yerli inzibati ərazilərdə bu qurumun filiallarını açdıq.
1999-cu ildə artıq bir dərnək, 76 filial və 150 mindən çox üzvü birləşdirən bu strukturu Türk Dövlətləri Təşkilatı istiqamətində yenidən formalaşdırdıq. Həmin dövrdə bu təşkilatın nəzdində yetişən çoxsaylı üzvlərimiz bu gün dövlət idarəçiliyində mühüm vəzifələrdə çalışan bürokratlar, prokurorlar, hakimlər və millət vəkilləri kimi fəaliyyət göstərirlər.

Əvvəllər Rusiya, Qazaxıstan və Mərkəzi Asiya coğrafiyasında gənc alimləri və dövlət qulluqçularını vahid platformada birləşdirərək yaratdığımız güclü şəbəkəni bu gün Türk Akademiklər Birliyi vasitəsilə qlobal miqyasda genişləndiririk.

Uşaqlığımın keçdiyi Qaziantep şəhərində dəyərli dostlarımızla birlikdə Türk Birlikləri Təşkilatı və Orhun Təşkilatı Federasiyasının çətiri altında yaratdığımız bu Birlik vasitəsilə Türkiyə, Mərkəzi Asiya və Avropadakı universitetlər və elmi-tədqiqat mərkəzləri arasında birgə layihələr həyata keçiririk. Müxtəlif platformalarda elmin ayrı-ayrı istiqamətləri üzrə strateji komissiyalar yaradaraq bu fəaliyyəti daha da genişləndirməyə və türk dünyasının ortaq elmi potensialını inkişaf etdirməyə çalışırıq.

2. Bu günədək həyata keçirdiyiniz əsas layihələr və əldə etdiyiniz konkret nəticələr hansılardır? Müxtəlif ölkələrdən olan alimlər arasında qurduğunuz uğurlu əməkdaşlığa konkret bir nümunə göstərə bilərsinizmi?

-Türk Akademiklər Birliyi olaraq, fəaliyyətə başladığımız gündən etibarən türk dünyasının elmi potensialını vahid çətir altında birləşdirmək və onun beynəlxalq miqyasda tanınmasını artırmaq istiqamətində mühüm addımlar atmışıq. Bu günədək həyata keçirdiyimiz əsas işlərə müxtəlif coğrafiyalardan olan alimləri bir araya gətirən beynəlxalq konqreslər, elmi seminarlar, elmi nəşr layihələri və qurumlararası akademik əməkdaşlıq protokolları daxildir.
Bu istiqamətdə ən böyük və geniş rezonans doğuran uğurumuz türk dünyasının dəyərli şəxsiyyəti Qənirə Paşayevanın xatirəsinə həsr etdiyimiz Beynəlxalq Konqres olub. 23 müxtəlif ölkədən alimlərin iştirakı ilə keçirilən bu konqres elmi səviyyəsi və əhatə dairəsi ilə böyük maraq doğurub. Tədbir dünyanın 20-dən çox ölkəsinin mediasında işıqlandırılaraq beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. Hazırda konqresin tezislər və tam mətnlər toplusunun nəşrə hazırlanması prosesini diqqətlə davam etdiririk.

Bununla yanaşı, institusional fəaliyyətimizi və elmi müzakirələrimizi fasiləsiz şəkildə davam etdiririk. Həftəlik elmi müzakirə toplantılarımızda, müsahibə və panel görüşlərimizdə türk dünyasının aktual elmi məsələlərini əhatə edən yüksək səviyyəli tədbirlər təşkil edirik. Bu görüşlərdə dəyərli bilik və təcrübələrini bizimlə bölüşən iştirakçılar və məruzəçilər elmi ictimaiyyətdə tanınmış, nüfuzlu professorlardan ibarətdir. Eyni güclü və fədakar komanda ilə hazırda Beynəlxalq İqtisadiyyat Konfransına hazırlıq işlərini aparır, bu sahədə elmi əməkdaşlığımızı uğurla əlaqələndiririk.

Müxtəlif ölkələrin alimləri arasında qurduğumuz əməkdaşlığa gəlincə, Türk Akademiklər Birliyinin nəzdində yaratdığımız beynəlxalq nümayəndəlik şəbəkəsi vasitəsilə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Balkan ölkələri və Avropanın universitetləri, eləcə də alimləri arasında birbaşa elmi əlaqələr yaratmışıq. Birgə tədqiqat komissiyaları, beynəlxalq simpoziumlar və nəşr redaksiya heyətləri vasitəsilə həm təcrübəli alimlərimizin bilik və təcrübəsini paylaşır, həm də gənc tədqiqatçılarımıza qlobal miqyasda elmi fəaliyyət və nəşr imkanları yaradırıq.

3. Birliyin fəaliyyəti müstəqil türk dövlətlərindən kənarda yaşayan türkləri, xüsusilə İran türklərini, eləcə də Şimali Amerika və Avropadakı türk icmalarını nə dərəcədə əhatə edir?

-Türk Akademiklər Birliyi coğrafi sərhədlərlə məhdudlaşmayan, qəlbi türk dünyası üçün döyünən bütün alim və tədqiqatçıları əhatə edən qlobal baxışa malikdir. İlk növbədə, Azərbaycan türkləri, eləcə də İranda yaşayan qaşqay, Xorasan, xələc və türkmən türkləri, həmçinin Şimali Amerika və Avropada yaşayan bütün soydaş alimlərimiz Birliyimizin təbii və ayrılmaz tərkib hissəsidir.
Məqsədimiz dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, akademik potensiala malik türk insanını vahid düşüncə və strateji əməkdaşlıq şəbəkəsi ətrafında birləşdirməkdir.

4. Kanadada yaşayan alimlər, tədqiqatçılar və magistratura, doktorantura səviyyəsində təhsil alan tələbələr Birliyə necə üzv ola və ya layihələrinizdə iştirak edə bilərlər? Üzvlük və əməkdaşlıq şərtləri hansılardır?

-Kanada kimi elm və texnologiya infrastrukturu yüksək səviyyədə inkişaf etmiş bir ölkədə yaşayan türk alimləri, tədqiqatçıları və magistratura, doktorantura tələbələri bizim üçün son dərəcə dəyərlidirlər. Birliyimizə üzv olmaq istəyən hər kəsə qapımız açıqdır. Əsas şərt elmi etika prinsiplərinə sadiq olmaq, türk dünyasının mədəni və elmi irsinə töhfə verməyi qarşıya məqsəd qoymaqdır.

Üzvlük və layihələrdə tərəfdaşlıq üçün əsas şərtlərimiz bunlardır:
Müvafiq sahə üzrə akademik və ya elmi fəaliyyətlə məşğul olmaq, yaxud magistratura və ya doktorantura səviyyəsində tədqiqat aparmaq;
Türk dünyasının ortaq tarixi, dili, mədəniyyəti və elmi dəyərlərinə həssas yanaşmaq;
Birgə layihələrdə, elmi seminarlarda və akademik nəşr platformalarında fəal iştirak etmək istəyində olmaq.

Kanadadakı həmkarlarımız birbaşa nümayəndəliklərimiz və ya rəsmi əlaqə kanallarımız vasitəsilə bizimlə əlaqə saxlayaraq fəaliyyət qruplarımıza qoşula bilərlər.

5. Sizcə, Azərbaycan, qaşqay, Xorasan, xələc və türkmən türkləri başda olmaqla, İran türkləri arasından olan tədqiqatçılar Birliyin elmi və mədəni fəaliyyətində hansı rolu oynaya bilərlər?

-İran coğrafiyasında yaşayan türklər, xüsusilə azərbaycanlılar zəngin folkloru, qədim tarixi və dilləri ilə türk mədəniyyətinin ən mühüm qollarından birini təşkil edirlər. Bu bölgələrdən yetişən tədqiqatçılar həm mədəni irsimizin elmi əsaslarla öyrənilməsi və qorunmasında, həm də regional tarix və dil əlaqələrinin araşdırılmasında aparıcı rol oynaya bilərlər.

Türk Akademiklər Birliyi olaraq, həmin bölgələrdən olan alimlərimizin tədqiqatlarını beynəlxalq platformalara çıxarmağı, onları dəstəkləməyi, birgə simpoziumlara və ensiklopedik layihələrə cəlb etməyi ən mühüm vəzifələrimizdən biri hesab edirik.

6. Birlik tarix, dil və kimlik mövzularında həyata keçirdiyi layihələrdə elmi müstəqilliyi, tədqiqatların etibarlılığını və fərqli baxışların təmsil olunmasını necə təmin edir?

Elmi fəaliyyətin ən mühüm əsasları obyektivlik, ümumbəşəri etik prinsiplər və akademik azadlıqdır. Birliyimiz çərçivəsində həyata keçirilən bütün tarix, dil və kimlik layihələri ideoloji yanaşmalardan uzaq, ciddi ekspertiza və rəy prosedurlarına əsaslanan, ümumbəşəri elmi meyarları rəhbər tutan mexanizm vasitəsilə həyata keçirilir.
Müxtəlif elmi məktəbləri və coğrafiyaları təmsil edən alimlərin yer aldığı məsləhət şuralarımız sayəsində tədqiqatların etibarlılığına və məsələlərin plüralist yanaşma əsasında araşdırılmasına təminat yaradılır.

7. Kanadada nəşr olunan “Azerbaijan Post” kimi xaricdəki türk icmalarına ünvanlanan media qurumları tədqiqatların tanıdılması və alimlərlə cəmiyyət arasında əlaqələrin qurulması istiqamətində Birliklə necə əməkdaşlıq edə bilərlər?

-Media elmi biliklərin laboratoriya divarları arasından çıxaraq ictimai şüura çevrilməsində mühüm körpü rolunu oynayır. “Azerbaijan Post” kimi nüfuzlu nəşrlər Birliyimizin keçirdiyi konqresləri, həyata keçirdiyi elmi layihələri və gənc tədqiqatçılarımızın uğurlarını oxuculara çatdırmaqla çox dəyərli missiyanı yerinə yetirə bilərlər.
Birgə köşə yazıları, müsahibələr, informasiya bülletenləri və “Elm-cəmiyyət” görüşləri təşkil etməklə yanaşı, diaspor gənclərimizi akademik karyeraya həvəsləndirəcək ortaq maarifləndirmə kampaniyaları da həyata keçirə bilərik.

8.Kanadada fəaliyyət göstərən və müxtəlif ölkələrdən olan üzvlərin təmsil olunduğu idarə heyətinə malik TURUK Akademik və Araşdırma Jurnalı beynəlxalq miqyasda fəaliyyət göstərir. Xüsusilə elmi tədqiqatların nəşri, alimlərin tanıdılması və birgə elmi tədbirlərin təşkili baxımından jurnalımızla Birliyiniz arasında hansı əməkdaşlıq imkanları mövcuddur?

-TURUK Akademik və Araşdırma Jurnalının beynəlxalq baxışını və Kanadada yerləşən strukturunu böyük məmnuniyyətlə izləyirəm. Türk Akademiklər Birliyi olaraq jurnalınızla güclü akademik körpü qurmağa tam hazırıq.
Bu çərçivədə Birliyimizin tərkibindəki tədqiqatçıların və gənc alimlərin elmi məqalələrinin TURUK jurnalında müvafiq rəy və ekspertiza prosesindən keçərək nəşr olunmasını təşviq edə bilərik.
Həmçinin: Birgə beynəlxalq konqreslər, simpoziumlar və onlayn elmi seminarlar təşkil edə bilərik; Türk dünyasının elminə töhfə verən xüsusi buraxılışların hazırlanması istiqamətində birgə redaksiya fəaliyyəti həyata keçirə bilərik.

9. Sonda Kanadada yaşayan türk alimlərinə və gənclərinə hansı mesajı vermək istərdiniz? Birliklə konkret əməkdaşlığa başlamaq istəyənlər ilk addımı necə atmalıdırlar?

-Kanada kimi dünyanın inkişaf etmiş və elm sahəsində mühüm mövqeyə malik ölkəsində elmlə, akademik fəaliyyətlə məşğul olan bütün soydaşlarımıza və istedadlı gənclərimizə demək istəyirəm: köklərinizdən qopmadan dünyanın ən qabaqcıl bilik və texnologiyalarını yaratmaq üçün çalışın. Gücümüz tariximizdən aldığımız ilhamdan və gələcəyin elmini birlikdə qurmaq iradəmizdən qaynaqlanır.
Birliyimizlə konkret əməkdaşlığa başlamaq istəyən alimlərimiz və gənclərimiz rəsmi əlaqə kanallarımız vasitəsilə birbaşa bizimlə, Beynəlxalq Nümayəndəliklər Şuramızla əlaqə saxlaya, tədqiqat sahələrini və maraq dairələrini bildirərək layihələrimizdə iştirak üçün ilk addımlarını ata bilərlər.
Elmin və qardaşlığın işığında irəliləmək istəyən hər kəsə qapımız sonadək açıqdır.
Jurnalınıza, şəxsən Sizə və bütün oxucularınıza dərin sevgi və hörmətimi bildirirəm.

Yashar( Ali) Poorali

İzzettin Özpolat: “Türk dünyasının alimlərini vahid elmi platformada birləşdirmək istəyirik”


Leave a Comment