Ontario sənayesinə 8,7 milyard dollarlıq dəstək

Ontario sənayesinə 8,7 milyard dollarlıq dəstək

Kanadanın Baş naziri Mark Karni və Ontario əyalətinin Baş naziri Daq Ford oktyabrın 21-də Ottavada strateji sənaye sahələrini gücləndirmək məqsədilə 8,7 milyard Kanada dolları həcmində investisiya və yeni dəstək tədbirləri elan ediblər. Plan polad, avtomobil istehsalı və kritik mineral ehtiyatların inkişafını əhatə edir.
Paketin əsas istiqamətlərindən biri birgə polad fondunun yaradılmasıdır. Beş il ərzində federal hökumət fonda 3,55 milyard, Ontario isə 1,67 milyard dollar ayırmağı öhdəsinə götürüb. Vəsait istehsalın şaxələndirilməsinə, yeni ixrac bazarlarına çıxışa və sənayenin rəqabət qabiliyyətinin artırılmasına yönəldiləcək. Dövlət satınalmalarında Kanada poladına üstünlük verilməsi də nəzərdə tutulur.

Avtomobil sənayesində avadanlıqların və istehsal xətlərinin yenilənməsi üçün iki il ərzində əlavə 2,5 milyard dollar ayrılacaq. Bunun 1,5 milyardı federal hökumətin, bir milyardı isə Ontarionun payına düşür.

Plan həmçinin Şimali Ontarionun “Ring of Fire” bölgəsində mineral ehtiyatların işlənməsi üçün yol infrastrukturunun inkişafını nəzərdə tutur. Layihələrin icazə prosedurlarının əlaqələndirilməsi və yerli xalqlarla əməkdaşlıq üçün işçi qrupunun yaradılması da tədbirlər sırasındadır.
Hökumətlərin açıqlamasına görə, təşəbbüsün məqsədi ABŞ tariflərinin təsirlərini azaltmaq, iş yerlərini qorumaq və yerli istehsalı gücləndirməkdir. Elan olunan maliyyə öhdəlikləri qarşıdakı illəri əhatə edir.

Eskandar Alimirzaei
( LJI Reporter)

Ontario sənayesinə 8,7 milyard dollarlıq dəstək


Leave a Comment