Ərdoğan-Karni görüşündən mühüm nəticə: Türkiyə və Kanada strateji tərəfdaş oldu

Ərdoğan-Karni görüşündən mühüm nəticə: Türkiyə və Kanada strateji tərəfdaş oldu

Kanadanın Baş naziri Mark Karninin Türkiyəyə ilk ikitərəfli səfəri iki ölkənin münasibətlərində yeni mərhələnin başlanğıcı oldu. Oktyabrın 22-də Ankarada keçirilən rəsmi qarşılanma, Anıtqəbir ziyarəti, Prezident Rəcəb Tayyib Ərdoğanla görüşlər və birgə mətbuat konfransı tərəflərin siyasi və iqtisadi əməkdaşlığı genişləndirmək niyyətini ortaya qoydu.

Bu səfər Kanada hökumət başçısının Türkiyədə ilk iştirakı deyil, məhz ilk ikitərəfli səfəri kimi tarixə düşdü. Karni iyul ayında NATO Zirvə toplantısında iştirak etmək üçün də Ankaraya gəlmişdi. Oktyabr səfəri isə birbaşa Kanada–Türkiyə münasibətlərinin inkişafına həsr olunmuşdu.

Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Karnini Ankara hava limanında nazir Alparslan Bayraktar qarşılayıb. Bayraktar Kanada nümayəndə heyətini Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məqbərəsi olan Anıtqəbirin ziyarətində də müşayiət edib.

Karni Anıtqəbirdə Atatürkün xatirəsinə ehtiramını bildirdi. Bu ziyarət sonradan onun mətbuat konfransındakı çıxışında mühüm yer tutdu. Kanada Baş naziri məqbərəni əhatə edən Sülh Parkında ölkəsindən göndərilmiş ağcaqayın ağaclarının da olduğunu xatırlatdı. O, 70 ildən çox əvvəl sülh və dostluq nişanəsi olaraq göndərilmiş həmin ağacları xalqlar arasındakı əlaqələrin rəmzi kimi təqdim etdi.
Anıtqəbir ziyarətindən sonra Karni Beştəpədəki Prezident Kompleksinə gəldi. Onun avtomobilini kompleksin qarşısındakı küçədə qarşılayan süvarilər protokol girişinədək müşayiət etdilər. Ərdoğan kanadalı qonağı kompleksin əsas girişində qarşıladı.

Liderlər mərasim meydanında yerlərini aldıqdan sonra Türkiyə və Kanadanın dövlət himnləri səsləndirildi. Qarşılanmada tarixdəki 16 türk dövlətini təmsil edən bayraqlar və hərbçilər yer aldı, 21 top atəşi açıldı. Karni fəxri qarovulu türkcə “Merhaba asker” sözləri ilə salamladı. Nümayəndə heyətlərinin təqdimatından sonra liderlər iki ölkənin bayraqları qarşısında mətbuat üçün şəkil çəkdirdilər.

Rəsmi mərasimin ardınca təkbətək və nümayəndə heyətləri arasında görüşlər keçirildi. Danışıqların əsas siyasi nəticəsi münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi oldu. Tərəflər bu istiqamətdə üçillik fəaliyyət planı müəyyənləşdirdilər. Plan ticarət və investisiyaları, enerji əməkdaşlığını, müdafiə və təhlükəsizliyi, hökumətlər və xalqlar arasındakı əlaqələri əhatə edir.

Görüşlərdə Rusiyanın Ukraynaya qarşı müharibəsi, Yaxın Şərqdəki vəziyyət və Qara dəniz təhlükəsizliyi də müzakirə olundu. Liderlər sülh və sabitliyin təşviqi üçün dialoqun davam etdirilməsinin vacibliyini vurğuladılar.

Birgə mətbuat konfransında Ərdoğan strateji tərəfdaşlığı səfərin ən konkret nəticələrindən biri adlandırdı. O, enerji, ticarət, nəqliyyat və müdafiə sənayesi sahələrində yeni layihələr həyata keçirmək istədiklərini bildirdi. Prezident iki ölkə arasında ticarət dövriyyəsinin əvvəlcə beş milyard, daha sonra on milyard dollara çatdırılmasını hədəf kimi göstərdi.

Ərdoğan Türkiyə və Kanada şirkətlərinin üçüncü ölkələrdə birgə investisiyalar həyata keçirməsi üçün də geniş imkanlar olduğunu söylədi. O, Afrikadan Latın Amerikasına, Mərkəzi Asiyadan Uzaq Şərqə qədər müxtəlif bölgələrdə əməkdaşlığın inkişaf etdirilə biləcəyini qeyd etdi.
“Əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməyimiz kağız üzərində qalacaq rəmzi bir addım olmayacaq”, — deyən Ərdoğan siyasi qərarların konkret layihələrlə davam etdirilməsinin vacibliyini vurğuladı.

Karni isə çıxışında dəyişən beynəlxalq şəraitə diqqət çəkdi. O, Kanadanın ölkə daxilində gücünü artırmaqla yanaşı, etibarlı xarici tərəfdaşlarla əlaqələrini dərinləşdirdiyini bildirdi. Türkiyənin coğrafi mövqeyini, böyük bazarını və müdafiə sənayesinin imkanlarını qeyd edən Baş nazir bu ölkəni Kanada üçün müstəsna tərəfdaş adlandırdı.

Karni son beş ildə ikitərəfli ticarətin təxminən 50 faiz artdığını, lakin əməkdaşlıq potensialından istifadənin hələ başlanğıc mərhələsində olduğunu söylədi. Onun sözlərinə görə, ticarət maneələrinin azaldılması və şirkətlərin yaxınlaşması yeni investisiyalara, ixrac imkanlarına və iş yerlərinin yaradılmasına yol aça bilər.

Enerji sahəsində Kanada ilə Türkiyənin imkan və ehtiyaclarının bir-birini tamamladığını bildirən Karni mayeləşdirilmiş təbii qazı, mülki nüvə texnologiyasını, təmiz enerjini və kritik mineralları əməkdaşlığın əsas istiqamətləri sırasında göstərdi. O, Türkiyənin COP31 çərçivəsindəki liderliyinə də dəstəyini ifadə etdi.

Çıxışının sonunda Anıtqəbir ziyarətinə yenidən qayıdan Karni Atatürkün “Yurdda sülh, cahanda sülh” prinsipini xatırlatdı. Yeni strateji tərəfdaşlığı gələcək nəsillər üçün böyüyəcək bir təşəbbüs kimi təqdim edən Baş nazir onun hər iki xalqın təhlükəsizliyinə və rifahına xidmət edəcəyini bildirdi.

Səfər çərçivəsində Ərdoğanın Kanadaya gələcək səfəri də gündəmə gəldi. Kanada tərəfinin dəvəti Türkiyə tərəfindən müsbət qarşılandı, lakin birgə bəyanatda konkret tarix göstərilmədi. Ərdoğan iş adamları ilə birlikdə Kanadaya səfər etmək və iki ölkənin biznes dairələrini bir araya gətirmək niyyətini açıqladı.

Eskandar Alimirzaei
( LJI Reporter)
 

Ərdoğan-Karni görüşündən mühüm nəticə: Türkiyə və Kanada strateji tərəfdaş oldu


Leave a Comment