Oktyabrın 22-də Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanla Kanadanın Baş naziri Mark Karni arasında təkbətək və nümayəndə heyətləri səviyyəsində görüşlər keçirilib. Görüşlərdən sonra iki ölkənin liderləri birgə mətbuat konfransında çıxış edib, Türkiyə ilə Kanada arasında üç sənəd imzalanıb.
Qeyd edək ki, Kanada ilə Türkiyə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi, azad ticarət sazişi üzrə danışıqların başlanması, müdafiə sənayesi, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi iki ölkənin gündəmində əsas yer tutub. Kanadanın Baş naziri Mark Karninin Türkiyəyə ilk ikitərəfli səfəri çərçivəsində Ankara ilə Ottava arasında iqtisadi və təhlükəsizlik əlaqələrinin dərinləşdirilməsinə dair mühüm razılaşmalar əldə olunub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bu səfəri iki ölkə münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirib.
Mark Karni çıxışında Türkiyəyə səfərini ölkəsi üçün tarixi hadisə adlandırıb və Prezident Ərdoğana dəvətə, eləcə də nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkür edib.
Karni çıxışında əvvəlcə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün xatirəsini yad etmək üçün Anıtqəbiri ziyarət etdiyini bildirib:
“Abidəni Sülh Parkı əhatə edir. İkinci Dünya müharibəsindən sonrakı illərdə Kanada da daxil olmaqla dünyanın müxtəlif ölkələri burada yanaşı böyüməsi üçün ağaclar göndəriblər.
Bu gün həmin park xalqlar arasındakı dostluğun və onların ortaq sülh ümidinin canlı rəmzidir. O, bizə ən möhkəm tərəfdaşlıqların zamanla kök saldığını xatırladır. Bu tərəfdaşlıqlar qarşılıqlı hörmətdən, davamlı sədaqətdən və ortaq məqsəddən qidalanır.
Bu gün həmin məqsəd hər zamankından daha böyük əhəmiyyət daşıyır”.
Kanada Baş naziri qeyd edib ki, İkinci Dünya müharibəsindən sonrakı illərdə Kanada da daxil olmaqla müxtəlif ölkələr parkda əkilməsi üçün ağaclar göndərib. Onun sözlərinə görə, bu ağaclar zaman keçdikcə xalqlar arasında formalaşan dostluğun və etimadın simvoluna çevrilib.
Baş nazir bildirib ki, Türkiyəni Kanada üçün mühüm və xüsusi tərəfdaş adlandıraraq ölkənin iqtisadi potensialına, coğrafi mövqeyinə və müdafiə imkanlarına diqqət çəkib. Baş nazirin sözlərinə görə, Türkiyə 85 milyondan çox əhalisi olan bazarı, Avropa, Asiya və Yaxın Şərqin kəsişməsində yerləşməsi, eləcə də 24 azad ticarət sazişindən ibarət şəbəkəsi ilə beynəlxalq iqtisadi sistemdə əhəmiyyətli mövqeyə sahibdir.
Karni Türkiyənin NATO-nun ikinci ən böyük daimi ordusuna və dünyanın mühüm müdafiə sənayelərindən birinə malik olduğunu da bildirib.
Kanada Baş naziri son beş ildə iki ölkə arasında ticarətin təxminən 50 faiz artdığını açıqlayıb. Bununla belə, mövcud potensialın tam reallaşdırılmadığını vurğulayıb:
“İyul ayında NATO Zirvə toplantısı üçün burada görüşərkən azad ticarət sazişi üzrə danışıqlara başlamağı öhdəmizə götürdük və müdafiə əməkdaşlığı üçün yeni çərçivə sənədi imzaladıq.
Bu gün üçillik fəaliyyət planına əsaslanan Strateji Tərəfdaşlığımızı başladaraq daha da irəli gedirik. Bu plan dörd sütuna söykənir: ticarət və investisiya, müdafiə və təhlükəsizlik, enerji və xalqlarımız arasındakı əlaqələr.
Gələn ay danışıqlar aparan nümayəndələrimiz azad ticarət danışıqlarının ilk raundu üçün burada, Ankarada masa arxasına əyləşəcəklər. Məqsədlərimiz aydındır: xalqlarımızın rifahını artırmaq üçün müəssisələrimiz arasında daha çox ticarət.
Xərcləri azaltmaqla, maneələri aradan qaldırmaqla və daha böyük müəyyənlik yaratmaqla hər iki ölkənin şirkətləri və investorları üçün yeni qapılar açacağıq.
Yeni ticarət və investisiya imkanları yaratmaq üçün müəssisələrimizi də bir-birinə yaxınlaşdırırıq. Kanadanın İxracın İnkişafı Qurumu və Türk Eximbank Kanada və Türkiyə şirkətlərinin üçüncü ölkələrdə, xüsusilə enerji, infrastruktur, nəqliyyat, mədənçilik və kritik minerallar sahələrində layihələr üzərində birgə işləməsinə kömək edəcək yeni saziş imzalayacaqlar”.
Karni Türkiyənin işgüzar dairələrinin nümayəndələri və investorları ilə görüşəcəyini, gələn il isə Kanadanın Türkiyəyə ticarət missiyasına rəhbərlik edəcəyini bildirib.
Kanada Baş naziri təhlükəsizlik sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bildirib ki, dəyişən beynəlxalq şəraitdə müttəfiqlər müdafiə avadanlıqları və imkanları baxımından bir-birinə arxalana bilməlidirlər:
“Müdafiə sənayesi tərəfdaşlıqları haqqında bugünkü yeni saziş Kanada və Türkiyə şirkətlərini birgə fəaliyyət üçün əlaqələndirəcək, ölkə daxilində yaxşı iş yerləri, xaricdə ixrac imkanları yaradacaq, vətəndaşlarımızın təhlükəsizliyini artıracaq və daha güclü NATO İttifaqına töhfə verəcək”.
O, Türkiyənin Ukrayna, Qəzza, İran və bütövlükdə Yaxın Şərqdəki mürəkkəb proseslərdə mühüm rol oynadığını qeyd edib.
Enerji əməkdaşlığına toxunan Karni Kanadanın bu sahədə geniş imkanlara malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, Kanada Türkiyə ilə mayeləşdirilmiş təbii qaz, mülki nüvə texnologiyaları, təmiz enerji və kritik minerallar istiqamətlərində əməkdaşlıq edə bilər:
“Kanada enerji fövqəldövlətinə çevrilir. Türkiyə iqtisadiyyatı sürətlə inkişaf edir və onun təhlükəsiz, etibarlı enerji təchizatına ehtiyacı var. Bizim təklif edə biləcəyimiz çox şey var — mayeləşdirilmiş təbii qazdan mülki nüvə texnologiyasına, təmiz enerjiyə və gələcəyin iqtisadiyyatında mərkəzi yer tutacaq kritik minerallara qədər”.
Karni həmçinin qeyd edib ki, Kanada ilə Türkiyə arasında uçuşlar artacaq. Onun sözlərinə görə hava nəqliyyatı sazişi çərçivəsində sərnişin reyslərinin sayının həftədə 12-dən 21-ə çatdırılması, yük reyslərinə isə say məhdudiyyəti qoyulmaması nəzərdə tutulur.
Baş nazir bu addımın ailə üzvlərini ziyarət edənlər, təhsil və turizm məqsədilə səyahət edənlər, eləcə də yeni bazarlara çıxmaq istəyən sahibkarlar üçün daha əlverişli şərait yaradacağını deyib.
Karni iki ölkə arasında əlaqələrin möhkəmlənməsi üçün nazirlər səviyyəsində müntəzəm görüşlərin və xarici işlər nazirlərinin Strateji Dialoq çərçivəsində təmaslarının vacibliyini də vurğulayıb.
Çıxışının sonunda Kanada Baş naziri yenidən Anıtqəbirin yanındakı Sülh Parkına qayıdaraq Kanada ilə Türkiyə arasında tarixi əlaqələrin rəmzi məna daşıdığını bildirib və çıxışını Atatürkün
“Yurdda sülh, cahanda sülh” sözləri ilə bitirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Kanada ilə münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu bildirib. O, görüşlər zamanı ikitərəfli əlaqələrin, eləcə də regional və qlobal məsələlərin ətraflı müzakirə olunduğunu bildirib.
Türkiyə Prezidenti səfərin ən mühüm nəticəsinin iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi barədə qərar olduğunu vurğulayıb:
“Bu səfərin ən konkret nəticələrindən birini, şübhəsiz ki, Kanada ilə münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək qərarımız təşkil etdi. Strateji tərəfdaşlıq qərarımızın töhfəsi ilə qarşıdakı dövrdə enerji, ticarət, nəqliyyat və müdafiə sənayesi kimi bir çox sahədə yeni layihələri həyata keçirməyi hədəfləyirik”.
Ərdoğan bildirib ki, tərəflər əməkdaşlığın konkret istiqamətlərini müəyyənləşdirən fəaliyyət planını da qəbul ediblər.
Ərdoğan azad ticarət sazişi üzrə danışıqlara ilin sonundan əvvəl başlanmasının qərarlaşdırıldığını açıqlayıb. İqtisadi əlaqələrin inkişafı üçün Birgə İqtisadi və Ticarət Komitəsi də daxil olmaqla mövcud mexanizmlərdən daha səmərəli istifadə olunacağını bildirib.
Türkiyə Prezidenti komitənin növbəti iclasının 2027-ci ildə, özəl sektor nümayəndələrinin iştirakı ilə keçiriləcəyini qeyd edib.
O, iki ölkə arasında hazırda təxminən üç milyard dollar olan ticarət dövriyyəsinin əvvəlcə beş milyard, daha sonra isə on milyard dollara çatdırılmasını hədəflədiklərini vurğulayıb.
Türkiyə Prezidenti yenilənmiş Hava Nəqliyyatı Sazişi ilə iki ölkə arasındakı birbaşa uçuşların təxminən iki dəfə artırılacağını deyib.
Ərdoğan Türkiyə ilə Kanada arasında iqtisadi əməkdaşlığın yalnız ikitərəfli ticarətlə məhdudlaşmayacağını, üçüncü ölkələrdə birgə investisiyalar üçün də imkanların araşdırıldığını bildirib:
“Afrikadan Latın Amerikasına, Mərkəzi Asiyadan Uzaq Şərqə qədər geniş bir coğrafiyada mühüm əməkdaşlıq imkanlarının olduğuna inanırıq. Sabah Türk Eximbank ilə Kanadanın İxracın İnkişafı Qurumu arasında imzalanacaq anlaşma memorandumunun üçüncü ölkələrdə birgə layihələrə vəsilə olmasını arzulayırıq”.
Ərdoğan müdafiə sənayesi sahəsində əməkdaşlığın iki NATO müttəfiqi üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, Ankarada keçirilən NATO Zirvə toplantısı zamanı da bu məsələnin müzakirə olunduğunu xatırladıb.
Prezident birgə mətbuat konfransı ərəfəsində “Müdafiə Sektoru Tərəfdaşlıqları üzrə Anlaşma Memorandumu”nun imzalandığını qeyd edib.
Ərdoğan həmçinin Kanadanın təşəbbüsü ilə yaradılmaqda olan Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankının iki ölkə arasında müdafiə sənayesi əməkdaşlığını dəstəkləyəcəyinə ümid etdiyini bildirib.
Enerji sahəsində əməkdaşlığın geniş imkanlara malik olduğunu deyən Türkiyə Prezidenti mədənçilik, mayeləşdirilmiş təbii qaz, kritik minerallar və nüvə enerjisini əsas istiqamətlər kimi sadalayıb. O, iki ölkənin enerji nazirlikləri arasında qəbul edilən birgə bəyanatın bu potensialın reallaşdırılmasına töhfə verəcəyini bildirib.
Ərdoğan Qəzza və Ukrayna məsələlərinə də toxunub. O, münaqişələrin həllində diplomatik səylərin əhəmiyyətini vurğulayıb:
“İstər Ukraynada, istərsə də Körfəzdə diplomatik üsulların davamlı sülhə aparan yolu açmasını arzulayırıq. Bu məsələdə ortaq mövqedə olduğumuzu təsdiqlədik.
Qəzzada isə Kanadanın bəzi digər müttəfiqlərlə birlikdə işğalçı məskunlaşmalara qarşı sanksiya addımlarını İsrail hökumətinin pozuntularının qarşısının alınması baxımından yerində atılmış addım hesab edirik. Bölgəmizdə sülh və sabitliyin bərqərar olması naminə bu istiqamətdəki mövqelərini davam etdirmələrini arzulayırıq”.
Həmçinin Ərdoğan əldə olunan razılaşmaların yalnız simvolik xarakter daşımadığını, konkret nəticələrə hesablandığını bildirib:
“Baş nazir Karni ilə münasibətlərimizin gələcəyinə yönəlmiş tarixi bir addım atdıq. Çox geniş sahələri əhatə edən əməkdaşlıq potensialımızı həqiqi mənada reallaşdırmaq üçün mühüm bir proses başlatdıq. Münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməyimiz kağız üzərində qalacaq rəmzi bir addım olmayacaq.
Həqiqətən, Türkiyə ilə Kanada arasında uzun illərdən bəri davam edən əlaqə qopuqluğunu bu gün aradan qaldırmış olduq. İndi Türkiyə ilə Kanada arasında yeni bir dövr başladırıq. İnşallah, iş adamlarımızı bir araya gətirəcəyik və mən də iş adamları ilə birlikdə Kanadaya edəcəyim ilk səfərimdə orada iş adamlarımızı bir araya gətirərək addımlarımızı atacağıq”.
Görüşlərdən sonra iki ölkə arasında müdafiə sənayesi, hava nəqliyyatı və enerji sahələrini əhatə edən üç sənəd imzalanıb.
İmzalanma mərasimində Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Mark Karni iştirak ediblər.
Sənədlər aşağıdakılardır:
-“Müdafiə Sektoru Tərəfdaşlıqları üzrə Anlaşma Memorandumu”
-“Hava Nəqliyyatı Sazişi”
-“Enerji Sahəsində Əməkdaşlığa dair Birgə Bəyanat”.
Eskandar Alimirzaei
( LJI Reporter)