Türk dilinin tarixi inkişafı, müxtəlif dillər və mədəniyyətlərlə qarşılıqlı əlaqələri, eləcə də şifahi və yazılı ədəbiyyat irsi türkologiya elminin mühüm tədqiqat istiqamətlərindəndir. Xüsusilə türk və fars dilləri arasındakı tarixi əlaqələr, Oğuz xaqan ənənəsi və Dədə Qorqud dastanları türk dilinin, tarixinin və mədəniyyətinin öyrənilməsi baxımından əhəmiyyətli elmi mənbələr hesab olunur.
Türk dili və ədəbiyyatı üzrə tədqiqatçı Prof. Dr. Cihangir Kızılözen “Farsçada Türkçenin En Eski İzleri”, “Türk Kağanı Yüce Oğuz’un Destanı” və iki cilddən ibarət “Dedem Korkut Kitabı” adlı əsərlərində bu mövzuların müxtəlif aspektlərini elmi baxımdan araşdırıb.
Müsahibəmizdə Cihangir Kızılözenlə sözügedən üç əsərin yaranma tarixçəsi və hazırlanma prosesi, tədqiqat zamanı istifadə etdiyi tarixi mənbələr, tətbiq etdiyi elmi metodlar və gəldiyi nəticələr barədə söhbət edirik. Eyni zamanda, bu əsərlərin türk dilinin tarixi, türk-fars dil əlaqələrinin öyrənilməsi, Oğuz mədəni irsinin araşdırılması və müasir türkologiyanın inkişafı baxımından elmi əhəmiyyətinə nəzər salırıq:
-Elmi fəaliyyətinizdə tarixi türk dili, türk-fars dil əlaqələri və Oğuz mədəni irsi mühüm yer tutur. Sizi məhz bu sahələrə yönəldən əsas səbəblər nələr olmuşdur? Tədqiqatlarınızın başlıca elmi məqsədini necə müəyyənləşdirirsiniz?
-Məni bu sahələrə yönəldən səbəbləri həm şəxsi həyat təcrübəmlə, həm də yaşadığım ictimai-siyasi mühitlə əlaqələndirmək lazımdır. Mən İranın, Azərbaycan bölgəsində dünyaya gəlmişəm. Hələ gənclik illərimdən etibarən ictimai-siyasi proseslərin içində olmuşam. Bu proseslərdə iştirakımın əsas səbəblərindən biri ana dilimizdə təhsil almaq və təhsil vermək hüququmuzun olmaması idi. Digər tərəfdən, 1990-cı illərdə Qarabağın işğalı və həmin dövrdə baş verən hadisələrə də şahid olmuş bir nəslin nümayəndəsiyəm. Xüsusilə İranın bu münaqişədə tutduğu mövqe, Ermənistanla münasibətləri və Ermənistanın işğalçılıq siyasətinə verdiyi faktiki dəstək məndə ciddi suallar doğururdu.
Bütün bunlar məni daha geniş miqyaslı suallar üzərində düşünməyə vadar etdi: Biz kimik? Tarixi kimliyimiz nədir? Nə üçün yaşadığımız ölkədə dilimiz və mədəniyyətimiz lazımi səviyyədə tanınmır? İran daxilində türklərə münasibətdə müşahidə etdiyimiz ayrı-seçkiliyin tarixi və siyasi səbəb-ləri hansılardır?
Bu baxımdan, xaricə təhsil almağa gedən gənclərin böyük əksəry-yətinin tibb, mühəndislik və digər texniki sahələrə üstünlük verdiyini müşahidə edirdim. Halbuki bizim tariximizi, dilimizi, mədəniyyətimizi və kimliyimizi elmi şəkildə araşdıracaq mütəxəssislərə də ciddi ehtiyac var idi. Mən belə bir boşluğun mövcud olduğunu düşünürdüm. Beləliklə, ilkin mərhələdə ictimai-siyasi motivlərlə başladığım axtarışlar məni tədricən türkologiyaya gətirib çıxardı. Başqa sözlə, öz kimliyimizi və üzləşdiyimiz problemlərin tarixi səbəblərini anlamaq istəyərkən özümü türkoloji tədqiqatların içində tapdım.
Tədqiqatlarımın ilkin mərhələsində əsas məqsədim İranda formalaşdırılmış bir təsəvvürü – fars dilinin guya tarixən türk dilindən üstün olması fikrini araşdırmaq və bunun nə dərəcədə həqiqətə uyğun olduğunu müəyyənləşdirmək idi. Lakin elmi araşdırmalar dərinləşdikcə məsələyə daha geniş tarixi perspektivdən yanaşmağın zəruriliyini gördüm. Şübhəsiz ki, son minillikdə fars dili türk dilinə, eləcə də ərəb dili hər iki dilə ciddi təsir göstərmişdir. Müasir dövrdə də İrandakı türk dilinin fars dilinin təsiri altında olduğu danılmazdır. Ancaq İslamiyyətdən əvvəlki dövrlərə nəzər saldıqda mənzərənin daha fərqli olduğunu müşahidə etdim.
Araşdırmalarım məni belə bir qənaətə gətirdi ki, müəyyən tarixi dövrlərdə türk siyasi hakimiyyəti ilə yanaşı, türk dilinin də geniş coğrafiyada nüfuzu və təsir dairəsi olmuşdur. Mən bu prosesi şərti olaraq «türk dili imperiyasının formalaşması və genişlənməsi» kimi səciyyələndirirəm. Burada mühüm məqam yalnız türk xalqlarının siyasi hakimiyyəti deyil, türk dilinin də müxtəlif xalqların dilləri ilə qarşılıqlı əlaqədə olması, onlara təsir göstərməsi və dünya dillərinin tarixi inkişafında öz izlərini buraxmasıdır. Xüsusilə fars dili ilə əlaqələr baxımından bu təsirlərin daha qədim qatlarını üzə çıxarmaq mənim əsas tədqiqat istiqamətlərimdən birinə çevrilmişdir.
Bu gün də fəaliyyətimi həmin istiqamətdə davam etdirirəm. Mənim üçün elmi araşdırma artıq ilkin siyasi motivlərin hüdudlarını çoxdan aşmışdır. İndi əsas məqsədim hər hansı əvvəlcədən müəyyənləşdirilmiş fikri təsdiqləmək deyil, tarixi və dilçilik faktlarının ortaya qoyduğu həqiqəti üzə çıxarmaqdır. Çünki elmdə əsas olan mövcud təsəvvürləri təkrarlamaq deyil, onları faktlar əsasında yoxlamaqdır.
Düşünürəm ki, türkoloji tədqiqatlarda, xüsusilə də Azərbaycan türklərinin dili və tarixi ilə bağlı araşdırmalarda hələ də böyük boşluqlar mövcuddur. On milyonlarla türkün yaşadığı bir coğrafiyadan danışırıq, lakin son yüz ildə bu əhalinin dilini, tarixini və mədəni irsini sistemli şəkildə araşdıran mütəxəssislərin sayı təəssüf ki, olduqca azdır. Bu sahədəki elmi boşluqlar bəzən yanlış təsəvvürlərin formalaşmasına, hətta həqiqətlərin təhrif olunmasına şərait yaradır.
Ona görə də mənim başlıca elmi məqsədim türk dilinin, xüsusilə də onun ən qədim tarixi qatlarının izlərini aşkara çıxarmaq, türk-fars dil əlaqələrinə yenidən nəzər salmaq və türk dilinin dünya dillərinin tarixi inkişafındakı rolunu elmi faktlar əsasında müəyyənləşdirməkdir.
-İndiyədək nəşr etdirdiyiniz üç kitabı birlikdə dəyərləndirdikdə, bu əsərlərin bir-birini tamamlayan cəhətləri hansılardır? Türk dilinin və mədəniyyətinin tarixi inkişafı baxımından onların arasında hansı elmi bağlılığı görürsünüz?
-Əslində, bu üç əsər ilk baxışdan bir-birindən fərqli mövzulara həsr olunmuş kimi görünsə də, onların arasında ciddi elmi və metodoloji bağlılıq vardır. Bu bağlılığı anlamaq üçün ilk növbədə mənim elmi fəaliyyətimin başlanğıc nöqtəsinə qayıtmaq lazımdır. Əvvəldə də qeyd etdiyim kimi, mənim ilkin məqsədim İranda türk dilinin elmi və tarixi baxımdan fars dilindən geri qalıb-qalmadığını öyrənmək idi. Bu sual məni türk dilinin tarixi inkişafını daha dərindən araşdırmağa yönəltdi. Lakin bu istiqamətdə elmi fəaliyyət göstərmək üçün türk dilinin müxtəlif tarixi mərhələlərini, yazılı abidələrini və dialektlərini dərindən öyrənmək zəruri idi.
Müqayisəli dilçilik üzrə ayrıca ixtisaslaşma istiqaməti olmadığı üçün Türk dili və ədəbiyyatı ixtisasında təhsil aldım. Universitetdə qədim türk dilindən başlayaraq müasir türk dillərinə qədər dilimizin müxtəlif tarixi mərhələlərini öyrəndik. Orxon abidələrindən başlayaraq qədim türk yazılı mətnləri, Qaraxanlı türkcəsi, Qutadğu Bilig, Divanü Lüğat-it-Türk, Divan-i Hikmət, Nəhcül-Fəradis, Codex Cumanicus, Kitabi-Dədə Qorqud və qıpçaq, karluq, oğuz qruplarına aid digər yazılı abidələr elmi maraq dairəmdə olmuşdur.
Doktorluq dissertasiyam Ərdəbil elinin xalq şivələrinin dialektoloji tədqiqinə həsr olunmuşdur. Bununla belə, həmin tədqiqatda Ərdəbil şivələrinin qədim türk dili və qədim oğuz türkcəsi ilə müqayisəli şəkildə araşdırılmasına da xüsusi yer verilmişdir. Hazırda fəaliyyət göstərdiyim elmi istiqamətin, yəni Eski Türk Dili anabilim dalının formalaşmasında da bu tədqiqatların mühüm rolu olmuşdur.
Qədim türk yazılı abidələrinin fonetik, morfoloji, leksik və semantik xüsusiyyətlərini öyrəndikdən sonra türk-fars dil əlaqələrinə yönəldim. İlk kitabım olan «Farsçada Türkçenin En Eski İzleri» nəşr olunduqda artıq bu istiqamətdə müəyyən tədqiqatlar aparmışdım. Lakin bu sahədə qarşılaşdığım əsas metodoloji çətinliklərdən biri mənbələrin xronoloji fərqi idi. Fars dilinin tarixi Avesta, Əhəməni dövrünə aid mətnlər, pəhləvi dili, soğdca, toharca və digər qədim İran dillərinin materialları əsasında araşdırılır. Türk dilinin yazılı tarixi baxımından isə əlimizdəki ən qədim əsaslı yazılı abidələr təxminən 1400 il əvvələ aiddir.
Bu vəziyyət dil tarixinin araşdırılmasında müəyyən yanlış təsəvvür yaradır. Belə ki, fars dilinin yazılı mənbələrinin daha qədim olması bəzən türk dilindəki sözlərin və dil xüsusiyyətlərinin də mütləq fars mənşəli olması düşüncəsinə gətirib çıxarır. Halbuki yazılı mənbələrin qədimliyi dilin özünün yaranma tarixi ilə eyniləşdirilə bilməz. Bir dilin yazılı abidələrinin digərindən daha qədim olması həmin dilin bütün sözlərinin və dil xüsusiyyətlərinin də daha qədim olduğunu göstərmir. Məhz bu metodoloji problem məni yalnız türk dillərinin yazılı mənbələri ilə kifayətlənməməyə vadar etdi. «Farsçada Türkçenin En Eski İzleri» kitabı üzərində işləyərkən Altay dillərinin, o cümlədən monqol, tunqus, koreya və yapon dillərinin fonetik, morfoloji və semantik materiallarından da istifadə etdim. Çünki bəzi qədim dil hadisələrini yalnız türk dillərinin mövcud yazılı mənbələri əsasında izah etmək mümkün deyildi.
Bu araşdırmalar zamanı bir məsələni xüsusilə aydın gördüm: qədim türk dilinin tarixi qatlarını müəyyənləşdirmək üçün təkcə mövcud yazılı abidələrə deyil, həm də yaranma tarixi daha qədim olan, lakin bizə sonrakı dövrlərdə gəlib çatmış mətnlərə diqqət yetirmək lazımdır. Məhz bu nöqtədə «Kitabi-Dədə Qorqud» mənim üçün xüsusi əhəmiyyət kəsb etməyə başladı.
Beləliklə, Dədə Qorqud dastanına müraciət etməyim təsadüfi deyildi. Əlimizdəki Drezden nüsxəsi XV əsrin əvvəllərindən sonrakı dövrə aid köçürmədir. Lakin mənim qənaətimə görə, bu nüsxənin arxasında dayanan mətn ən azı VIII əsrə gedib çıxan daha qədim bir yazılı ənənəyə əsaslanır. Drezden nüsxəsindəki kufi xarakterli yazı xüsusiyyətləri də bu ehtimal üzərində düşünməyimə səbəb olmuşdur. Hətta dastanın özünün formalaşma tarixinin VIII əsrdən də qədim olduğunu düşünürəm.
Məni Dədə Qorqud üzərində işləməyə vadar edən əsas səbəblərdən biri də onun dilində qorunub saxlanılmış arxaik elementlər idi. Çünki bu abidənin dili aydınlaşdırılmadan türk-fars dil əlaqələrinin qədim qatlarını tam şəkildə araşdırmaq mümkün deyildi.
Buna bir nümunə göstərmək istəyirəm. Müasir Türkiyə türkcəsində yaraq sözünün mənası dəyişmiş olsa da, Azərbaycan türkcəsində və bir sıra digər türk dillərində bu söz silah mənasında işlənir. Orta farscada, yəni pəhləvi dilində isə çārak formasında işlənən bir söz vardır. Mənim fikrimcə, bu söz türk dillərindəki yaraq sözü ilə əlaqəlidir. Çünki fonetik uyğunluqla yanaşı, semantik baxımdan da müəyyən yaxınlıq mövcuddur. Pəhləvi dilində çārak dərman, vasitə, alət və silah mənalarında işlənmişdir. Lakin bu etimologiyaya qarşı irəli sürülən əsas etirazlardan biri türk dillərində yaraq sözünün çarə mənasının olmaması idi.
Məhz Dədə Qorqud mətnində apardığım araşdırmalar zamanı bu məsələyə yeni baxış imkanı yaradan bir nümunə ilə qarşılaşdım. Dastanda işlənən «başınızın yarağını görün, üzərinizə yağı gəldi» ifadəsi sözün daha qədim semantik qatını anlamaq baxımından diqqətəlayiqdir. Beləliklə, Dədə Qorqud yalnız ədəbi abidə kimi deyil, həm də türk dilinin tarixi semantikasını araşdırmaq üçün mühüm mənbə kimi qarşıma çıxdı. Bu əsər üzərində on üç il işləməyimin əsas səbəblərindən biri də məhz bu idi.
Üçüncü kitabıma gəldikdə isə, «Türk xaqanı Uca Oğuzun dastanı» adlı əsərin yaranma tarixi bir qədər fərqlidir. Bu əsərin əsasında duran mətn dostumuz Rza Talebi tərəfindən Tehrandakı kitabxanalardan birində aşkar edilmişdi. İlk baxışdan onun qədim Oğuznamə nümunəsi olduğunu düşünərək mətn üzərində işləməyə başladım. Lakin araşdırmalarımın gedişində məlum oldu ki, əsər əslində Cümhuriyyət dövründə qələmə alınmışdır. Müəllif isə müxtəlif tarixlər və tarixləndirmələr əlavə etməklə əsərə daha qədim görünüş verməyə çalışmışdır. Buna baxmayaraq, həmin mətnin araşdırılması da türkoloji baxımdan əhəmiyyətli idi. Çünki Oğuz Kağan dastanı, Oğuznamə ənənəsi və Dədə Qorqud bir-biri ilə sıx bağlı olan mövzulardır.
Beləliklə, bu üç kitabı bir-birindən ayrı tədqiqatlar kimi deyil, vahid elmi istiqamətin müxtəlif mərhələləri kimi dəyərləndirirəm. Birinci kitabımda türk dilinin fars dilindəki ən qədim izlərini araşdırmağa çalışdım. İkinci kitabımda – Dədə Qorqud üzərində apardığım geniş tədqiqatda – qədim türk dilinin qorunub saxlanılmış arxaik xüsusiyyətlərini, fonetik, morfoloji və semantik qatlarını üzə çıxarmağa yönəldim. Üçüncü kitabımda isə Oğuznamə ənənəsinin və Oğuz Kağan obrazının araşdırılmasına diqqət yetirdim.
Məncə, bu əsərlərin elmi bağlılığı məhz burada ortaya çıxır: türk dilinin qədimliyini, tarixi inkişafını və müxtəlif dillərlə əlaqələrini yalnız bir mənbə və ya bir dövr əsasında müəyyənləşdirmək mümkün deyil. Bunun üçün qədim yazılı abidələri, dastanları, tarixi mətnləri və müqayisəli dilçilik materiallarını birlikdə araşdırmaq lazımdır.
-Farsçada “Türkçenin En Eski İzleri” adlı əsərinizin yazılması ideyasi necə yarandı? Bu tədqiqatda cavab axtardığınız əsas elmi suallar nələr idi?
-Bu kitabın yazılması ideyası, ilk növbədə, yaşadığım ictimai-siyasi və elmi mühitin doğurduğu suallardan qaynaqlanmışdır. İranda yüz ildən artıqdır ki, fars dili təhsil sistemində, ibtidai və orta təhsildən başlayaraq ali təhsilədək əsas tədris dili kimi istifadə olunur. Dövlət idarəçiliyinin, bürokratiyanın, siyasətin, kütləvi informasiya vasitələrinin, radio və televiziyanın, eləcə də incəsənətin əsas dili fars dilidir. Reklamdan ictimai təbliğata, rəsmi ünsiyyətdən elmi fəaliyyətə qədər ictimai həyatın demək olar ki, bütün sahələrində fars dili üstün mövqeyə malikdir. Belə bir şəraitdə digər dillər, xüsusilə də türk dili ictimai və elmi müstəvidə lazımi səviyyədə təmsil olunmur.
Bununla yanaşı, tarixi mənbələrə münasibətdə də müəyyən seçicilik müşahidə olunur. Tarixə dair araşdırmalarda farsdilli mənbələr ön plana çəkilir, digər dillərdəki mənbələr isə çox vaxt diqqətdən kənarda qalır. Nəticədə tarixi keçmişə yalnız farsdilli mənbələrin təqdim etdiyi mənzərədən baxmaq meyli formalaşır. Belə bir yanaşma isə İranın çoxdilli və çoxmədəniyyətli tarixinin bütövlükdə öyrənilməsinə mane olur.
Bütün bunların fonunda fars dilinin üstünlüyünü əsaslandıran müxtəlif fikirlər və təsəvvürlər də geniş yayılmışdır. Digər tərəfdən, türk dilinin tarixi imkanları və zənginliyi haqqında həqiqətlərin lazımi səviyyədə araşdırılmaması bu təsəvvürlərin daha da möhkəmlənməsinə şərait yaradır. Hətta türk dilinin özünəməxsus sözləri belə bəzən fars dilindən alınma sözlər kimi təqdim edilir. Halbuki fars dilində işlənən bir sıra sözlərin türk mənşəli olması elmi baxımdan araşdırılmalı məsələdir. Məsələn, qaşıq sözü bu baxımdan diqqətəlayiq nümunələrdən biridir. Fars dilində işlənən və türk mənşəli olan yüzlərlə sözün tarixi mənşəyinin üzə çıxarılmasına ehtiyac vardır.
Əlbəttə, bu sahədə məndən əvvəl də mühüm tədqiqatlar aparılmışdır. Xüsusilə, Gerhard Doerferin türk və digər dillərdən yeni fars dilinə keçmiş sözləri araşdırdığı dörd cildlik fundamental əsərini qeyd etmək lazımdır. Doerferin bu tədqiqatı, şübhəsiz ki, çox dəyərli elmi mənbədir. Lakin onun araşdırmasının əsas istiqaməti yeni fars dilindəki alınma sözlərdir. Mənim diqqətimi cəlb edən isə məsələnin daha qədim tarixi qatları, xüsusilə İslamdan əvvəlki dövrdə türk dilinin fars dilinə təsiri idi. Bu istiqamət, mənim qənaətimə görə, o vaxta qədər sistemli şəkildə araşdırılmamışdı.
Məhz bu elmi boşluq «Farscada Türkcənin Ən Qədim İzləri» kitabının meydana gəlməsinə səbəb oldu. Mən bu əsərdə yalnız fars dilindəki türk mənşəli sözləri müəyyənləşdirməyi deyil, həm də həmin sözlərin tarixi inkişafını, fonetik və morfoloji xüsusiyyətlərini, semantik dəyişikliklərini araşdırmağı qarşıma məqsəd qoydum. Əsas sualım bu idi: İslamdan əvvəlki dövrlərdə türk dili ilə fars dili arasında hansı əlaqələr mövcud olmuşdur və bu əlaqələrin izlərini fars dilinin ən qədim leksik qatlarında necə müəyyənləşdirmək mümkündür?
Bununla yanaşı, mənim hazırda üzərində işlədiyim daha geniş bir elmi məsələ də vardır. Bu, fars dilinin yalnız leksik tərkibində deyil, struktur, tipoloji və qrammatik xüsusiyyətlərində də türk dilinin təsirinin olub-olmadığını araşdırmaqdır. Başqa sözlə, mən fars dilinin tarixi inkişafı prosesində struktur baxımından türkləşmə hadisəsinin baş verib-vermədiyini elmi faktlarla əsaslandırmağa çalışıram. Bu, ayrıca və daha geniş tədqiqat tələb edən bir istiqamətdir.
Beləliklə, «Farscada Türkcənin Ən Qədim İzləri» mənim üçün yalnız müstəqil bir kitab deyil, gələcəkdə nəşr etdirməyi planlaşdırdığım daha geniş tədqiqatlar silsiləsinin başlanğıcıdır. Əlişir Nəvainin «Mühakimətül-lüğəteyn» əsərindən başlayaraq bu sahədə müxtəlif dövrlərdə mühüm fikirlər söylənilmiş, Doerfer kimi alimlər dəyərli araşdırmalar aparmışlar. Lakin İslamdan əvvəlki dövrdə türk dilinin fars dilinə təsiri məsələsi hələ də geniş və sistemli araşdırmaya ehtiyac duyur.
Mən bütün bu çətinlikləri və mövcud elmi yanaşmaları nəzərə alaraq, bu məsuliyyəti öz üzərimə götürdüm və həmin istiqamətdə ilk addım kimi bu kitabı yazdım. Demək olar ki, bu əsər mənim türk-fars dil əlaqələrinin ən qədim qatlarını araşdırmaq və gələcək tədqiqatlarım üçün elmi zəmin yaratmaq məqsədilə başladığım yolun ilk mərhələsidir.
-Fars dilindəki türk mənşəli dil ünsürlərini müəyyənləşdirərkən hansı tarixi mətnlərdən, lüğətlərdən və yazılı qaynaqlardan istifadə etdiniz? Sözlərin mənşəyini müəyyənləşdirmək üçün hansı dilçilik və etimoloji metodları əsas götürdünüz?
-Bu tədqiqatda ilk növbədə müasir fars dilində işlənən, lakin mənşəyi aydın olmayan yüzlərlə sözü müəyyənləşdirdim. İlkin seçim zamanı həmin sözlərin fars və türk etimoloji lüğətlərindəki izahlarını araşdırdım. Daha sonra fars dilinin etimoloji mənbələrini, eləcə də Hind-Avropa dillərinin etimoloji lüğətlərini nəzərdən keçirdim. Əgər hər hansı sözün mənşəyi bu mənbələrdə əsaslandırılmış şəkildə izah edilirdisə, həmin sözü tədqiqatın əhatə dairəsindən çıxarırdım.
Növbəti mərhələdə ilkin süzgəcdən keçmiş sözləri Altay dillərinin materialları əsasında da yoxladım. Türk dillərində işlənən bir sözün yalnız türk dillərində mövcud olması onu tədqiqata daxil etmək üçün kifayət deyildi. Sözün monqol, tunqus, yapon və koreya dillərindəki mümkün qarşılıqlarını da araşdırırdım. Əgər həmin dillərdə uyğun nümunə və ya etimoloji əsas tapılmırdısa, sözü tədqiqatdan kənarda saxlayırdım. Beləliklə, bütün bu mərhələlərdən, o cümlədən Altay dilləri üzrə son yoxlamadan sonra ilkin siyahıdakı yüzlərlə sözdən yalnız 66-sı tədqiqatın meyarlarına uyğun gəldi. Bu 66 söz araşdırmanın yekun tədqiqat materialını təşkil etdi.
Diqqətçəkən cəhət budur ki, tədqiqata daxil etdiyim sözlərin Altay dillərində işlək qarşılıqları olduğu halda, Hind-Avropa dillərindəki
işlənmə arealı əsasən fars və ya sanskrit dili ilə məhdudlaşırdı.
Sözlərin mənşəyini müəyyənləşdirmək üçün əsasən müqayisəli-tarixi dilçilik metodundan istifadə etdim. Tədqiqat həm sinxron, həm də diaxron müqayisəni əhatə edir. Sözləri yalnız müasir dillərdəki formalarına görə deyil, tarixi mənbələrdə qeydə alınma ardıcıllığına və zaman ərzində keçirdikləri dəyişikliklərə görə də araşdırdım. Bu zaman üç əsas meyarı nəzərə aldım: fonetik uyğunluq, morfoloji quruluş və semantik əlaqə. Başqa sözlə, sözlərin səslənmə və biçim baxımından oxşarlığı kifayət deyildi; onların mənaları arasında da tarixi və məntiqi əlaqə olmalı idi. Fonetik və morfoloji oxşarlıqla yanaşı, semantik uyğunluq müəyyənləşdirilmədikdə həmin nümunəni tədqiqatdan kənarda saxlayırdım.
Tarixi mənbələrə gəldikdə isə qədim türk yazılı abidələrindən, Divanü Lüğat-it-Türk əsərindən, qədim uyğur mətnlərindən və türk dillərinin müxtəlif tarixi dövrlərinə aid lüğətlərdən istifadə etdim. Fars dilinin tarixi qatlarını araşdırarkən Avesta, Əhəməni dövrünə aid yazılı mətnlər, soğd və pəhləvi dili materialları, eləcə də bu dillərə aid lüğət və qrammatikalara müraciət etdim. Bununla yanaşı, fars dilinin etimoloji lüğətlərini və Hind-Avropa dillərinin kök sözlərini əhatə edən etimoloji mənbələri də nəzərdən keçirdim.
Məsələn, qırmızı sözünün etimologiyasını araşdırarkən onun sanskrit dili ilə əlaqələndirilməsi məsələsini də yoxladım. Mənim yanaşmamda əsas məsələ sözün müəyyən bir dildə qeydə alınması deyil, onun daha qədim mənşəyinin müqayisəli dil materialları əsasında müəyyənləşdirilməsidir. Bu səbəbdən sözün fonetik quruluşunu, morfoloji tərkibini və semantik inkişafını müxtəlif dillərdəki paralellərlə birlikdə araşdırdım. Sözün ayrı-ayrı hissələri ilə bağlı irəli sürdüyüm izah da bu müqayisəli yanaşmanın nəticəsidir. Bununla belə, həmin etimoloji izahı mənim irəli sürdüyüm elmi fərziyyə kimi təqdim etmək lazımdır.
Beləliklə, bu tədqiqatda bir sözün müəyyən dildə qeydə alınmasını onun mütləq həmin dildən yarandığının sübutu hesab etmədim. Sözün mənşəyini müəyyənləşdirmək üçün onun tarixi qeydə alınma tarixini, fonetik quruluşunu, morfoloji tərkibini, semantik inkişafını və müxtəlif dillərdəki paralellərini birlikdə nəzərə aldım.
İstifadə edilən əsas etimoloji və tarixi mənbələr
Fars, İran və Hind-Avropa dillərinin etimologiyası
• Ārīyānpūr Kāşānī, Menūçehr (2005). Ferheng-é Rīşéhā-yé Hénd o Uruppāī-yé Zebān-é Farsī.
• Hassandoust, Mohammad (2016). Farhang-é Rīşéşenāxtī-yé Zebān-é Fārsī, I–V.
• Nourai, Ali (2013). An Etymological Dictionary of Persian, English and Other Indo-European Languages.
• Rastorguyeva, V. S. və D. İ. Edelman (2000). Etimologicheskiy Slovar Iranskikh Yazykov.
• Pokorny, Julius (2007). Proto-Indo-European Etymological Dictionary.
• Behrâmî, Ehsân (1999). Ferheng-e Vâjehâ-ye Evestâ.
• Ferehveşī, Behrām (2002). Farhang-é Zebān-é Pehlevî.
• Gharib, B. (2004). Sogdian Dictionary.
• Dehḫodâ, Ali Ekber (1961–1962). Loġet-nâmé-yé Dehḫodâ.
• Moîn, Mohammed (2002). Ferheng-e Moîn.
Qədim və tarixi türk dillərinin etimologiyası
• Clauson, Sir Gerard (1972). An Etymological Dictionary of Pre-Thirteenth-Century Turkish.
• Atalay, Besim (1998). Divanü Lûgat-it-Türk Tercümesi, I–IV.
• Caferoğlu, Ahmet (1993). Eski Uygur Türkçesi Sözlüğü.
• Tekin, Talat (2003). Orhun Yazıtları: Kül Tigin, Bilge Kağan, Tunyukuk.
• Tietze, Andreas (2016). Târihî ve Etimolojik Türkiye Türkçesi Lugati.
• Eyuboğlu, İsmet Zeki (1991). Türk Dilinin Etimoloji Sözlüğü.
Altay dilləri və müqayisəli dilçilik
• Starostin, S. A., A. V. Dybo və O. A. Mudrak (2003). An Etymological Dictionary of Altaic Languages.
• Poppe, Nicholas (1960). Vergleichende Grammatik der altaischen Sprachen. Teil 1: Vergleichende Lautlehre. Wiesbaden: Otto Harrassowitz
-Türk və fars dilləri arasındakı tarixi əlaqələri necə dəyərləndirirsiniz? Bu dillər arasında müxtəlif dövrlərdə baş vermiş qarşılıqlı təsirlərin xarakteri və istiqamətləri haqqında kitabınız hansı nəticələri ortaya qoyur?
-Türk və fars dilləri arasındakı tarixi əlaqələri düzgün qiymətləndirmək üçün, ilk növbədə, dil əlaqələrinin hansı amillər əsasında formalaşdığına nəzər salmaq lazımdır. Dil əlaqələri çoxşaxəli bir hadisədir. Bu əlaqələrin xarakterini müəyyənləşdirən əsas amillərdən biri onların genişliyidir. Dil əlaqələrinin genişliyi dedikdə bir xalqın başqa xalqlarla qurduğu siyasi, sosial, mədəni və iqtisadi münasibətlərin əhatə dairəsi nəzərdə tutulur. Belə münasibətlər, adətən, qonşu xalqlar arasında və ya ortaq dil-mədəniyyət məkanını paylaşan topluluqlar arasında formalaşır. Əlaqələri geniş və çoxşaxəli olan xalqların dilləri arasındakı qarşılıqlı təsir də, bir qayda olaraq, daha geniş olur.
İkinci mühüm amil əlaqələrin dərinliyi, yəni onların zaman baxımından davamlılığıdır. Xalqlar arasında münasibətlər nə qədər uzunmüddətli olarsa, dillər arasındakı qarşılıqlı təsir də bir o qədər dərin və intensiv olar. Üçüncü amil coğrafi məsafədir. Dil əlaqələri yalnız eyni coğrafi məkanda yaşayan xalqlar arasında deyil, bir-birindən uzaq bölgələrdə məskunlaşmış topluluqlar arasında da yarana bilər. Nəhayət, dil əlaqələrinin istiqaməti də mühüm əhəmiyyət daşıyır: bu təsir bir dildən digərinə doğru birtərəfli və ya hər iki istiqamətdə qarşılıqlı ola bilər.
Bu amilləri nəzərə aldıqda, türk dilinin başqa dillərlə əlaqələrini bugündən keçmişə doğru belə sıralamaq mümkündür. Müasir Türkiyə türkcəsinə ən güclü təsir göstərən dillərdən biri ingilis dilidir. Ondan əvvəl fransız dili, daha əvvəl isə ərəb dili türk dilinə ciddi təsir göstərmişdir. Türk dilinin yeni fars dili ilə intensiv əlaqələri də türklərin İslam mədəniyyət dairəsinə daxil olması ilə başlayır. Bununla belə, türk dilinin soğd dili ilə əlaqələri yeni fars dili ilə münasibətlərindən daha qədimdir. Göytürk yazılı abidələrində rast gəlinən çin mənşəli ünsürlər isə türk-çin dil əlaqələrinin qədim türk dövrünə qədər uzandığını göstərir.
VII əsrdən daha qədim dövrlərə doğru getdikdə türk dilinin başqa dillərlə əlaqələrini birbaşa göstərən yazılı qaynaqlarımız xeyli məhdudlaşır. Lakin yazılı qaynaqların olmaması həmin dövrlərdə türklərin başqa xalqlarla və dillərlə əlaqədə olmadıqları anlamına gəlmir. Mən türk dilinin ən qədim dil əlaqələrinin İran dilləri ilə olduğunu düşünürəm. Türklərlə irandilli topluluqlar arasında qədim dövrlərdən etibarən geniş, çoxşaxəli və uzunmüddətli münasibətlər mövcud olmuşdur. Buna görə də türk-İran, xüsusilə türk-fars dil əlaqələrinin araşdırılması türk dilinin tarixinin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Türk-fars dil əlaqələrini araşdırarkən bu münasibətlərin dörd əsas tarixi mərhələdən keçdiyini düşünürəm.
Birinci dövr – ən qədim, yazılı qaynaqlarla hələ tam izləyə bilmədiyimiz dövr. Mənim araşdırmalarıma görə, türk və İran dilləri arasındakı əlaqələrin başlanğıcı miladdan əvvəlki dövrlərə, təxminən 3.500–4.000 il əvvələ qədər gedib çıxır. Bu mərhələdə türk dilinin İran dilləri üzərində uzunmüddətli və son dərəcə güclü təsirinin olduğunu düşünürəm. Hətta bu dövrü türk dilinin İran dilləri üzərində mütləq üstünlüyə malik olduğu mərhələ kimi səciyyələndirirəm. Fars dilində və daha geniş mənada İran dillərində müəyyənləşdirdiyim qədim türk mənşəli ünsürlər bu əlaqələrin araşdırılması üçün əsas materiallarımdandır. Mənim qənaətimə görə, türk dilinin uzun müddət davam edən intensiv təsiri fars dilinin sonrakı struktur xüsusiyyətlərinin formalaşmasında da rol oynamışdır. Məsələn, bugünkü fars dilində qrammatik cins kateqoriyasının olmaması və onun struktur baxımından digər Hind-Avropa dillərindən fərqlənən bəzi xüsusiyyətləri bu kontekstdə araşdırılmalıdır. Bu, mənim tədqiqatımın əsas istiqamətlərindən və irəli sürdüyüm elmi yanaşmalardan biridir.
İkinci dövr – İslamdan əvvəlki dövr. Bu mərhələdə türklərlə soğd və orta pəhləvi dillərində danışan topluluqlar arasında geniş sosial və mədəni münasibətlər mövcud olmuşdur. Soğd dilindən qədim uyğur türkcəsinə edilmiş tərcümələr həmin əlaqələrin mühüm göstəricilərindəndir. Bu tərcümələr vasitəsilə türk yazı dilinə daxil olmuş soğd mənşəli sözlərə və digər dil ünsürlərinə rast gəlirik. Ancaq burada mühüm bir fərqi nəzərə almaq lazımdır: soğd dilinin təsiri türk dilinin danışıq dilində deyil, əsasən soğdcadan tərcümə edilmiş əsərlərin yazı dilində özünü göstərmişdir. Buna görə də həmin sözləri türk dilinin gündəlik danışıq dilinə birbaşa təsir kimi qiymətləndirmək doğru olmaz. Bu dövr türk və İran dilləri arasındakı əlaqələrin sosial, mədəni və yazılı mətnlər vasitəsilə inkişaf etdiyini göstərir.
Üçüncü dövr – İslamdan sonrakı türk siyasi hakimiyyəti dövrü. İranda uzun müddət türk sülalələrinin siyasi hakimiyyətdə olduğu bu mərhələdə türk və fars dilləri arasında münasibətlər birtərəfli deyil, qarşılıqlı xarakter daşımışdır. Həm türk dilinin fars dilinə, həm də fars dilinin türk dilinə təsiri olmuşdur. Türk dilinin təsirinin güclənməsində siyasi hakimiyyətin türklərin əlində olması mühüm rol oynamışdır. Fars dilinin təsirini və geniş yayılmasını şərtləndirən əsas amillərdən biri isə onun lingua franca, yəni müxtəlif topluluqlar arasında ünsiyyət vasitəsi kimi seçilməsi idi.
Burada vacib bir məqamı vurğulamaq istəyirəm: fars dilinin lingua franca kimi işlənməsi onun türk dilindən üstün olması, yaxud türk dilinin zəifliyi demək deyildi. Dünya tarixində müxtəlif saray və hakim təbəqələrin özlərini geniş xalq kütləsindən fərqləndirmək üçün başqa bir dildən istifadə etməsi halları məlumdur. Məsələn, Avropanın müxtəlif saraylarında fransız dilinin nüfuzlu ünsiyyət vasitəsi kimi işlədilməsi buna nümunədir. İranda da müəyyən dövrlərdə hakim və elit təbəqənin fars dilindən istifadə etməsi sosial fərqlənmənin vasitələrindən biri olmuş ola bilər. Buna görə də fars dilinin saray və yazı dili kimi işlədilməsi türk dilinin tarixi mövqeyinin zəifliyi kimi yozulmamalıdır. Eyni zamanda, keçmişdə türk hökmdarlarının və saray çevrələrinin fars dilindən istifadə etməsi bu gün türklərin öz ana dillərində oxumaq və yazmaq hüququnu məhdudlaşdırmaq üçün tarixi əsas kimi göstərilə bilməz.
Dördüncü dövr – son yüzilliklər və xüsusilə son yüz il. Bu dövrdə İranda fars dilinin türk dili üzərindəki təsiri daha güclü və əsasən birtərəfli xarakter almışdır. Əvvəlki dövrlərdə qarşılıqlı olan dil əlaqələri bu mərhələdə daha çox fars dilinin türk dili üzərindəki təzyiqi ilə səciyyələnir. Bu təsir yalnız söz ehtiyatında deyil, ailə və gündəlik ünsiyyət mühitində də özünü göstərir. Bununla belə, son dövrlərdə türk dil şüurunun güclənməsi ilə bu təsirin bəzi bölgələrdə zəiflədiyini müşahidə etmək mümkündür. Təbriz, Urmiya, Ərdəbil və Zəncan kimi türk dil şüurunun daha güclü olduğu şəhərlərdə bu təsirin müəyyən mənada qarşısının alındığını söyləmək olar. Lakin bu vəziyyəti İranın bütün bölgələrinə şamil etmək mümkün deyil. Xorasan, Tehran, İsfahan və digər şəhərlərdə yaşayan türklərin dilində fars dilinin təsiri hələ də güclüdür.
Beləliklə, türk-fars dil əlaqələrinin tarixinə yalnız söz alış-verişi baxımından yanaşmaq kifayət deyil. Bu münasibətlər siyasi hakimiyyət, sosial quruluş, mədəniyyət, coğrafiya və dilin ictimai mövqeyi ilə sıx bağlı olmuşdur. Araşdırmalarımda da məhz bu çoxşaxəli mənzərəni üzə çıxarmağa çalışmışam.
-Əsərinizin əvvəlki türk-fars dil əlaqələri araşdırmalarından fərqlənən başlıca elmi yenilikləri nələrdir? Xüsusilə İran coğrafiyasında yaşayan türk toplumlarının dil tarixi baxımından bu nəticələrin əhəmiyyətini necə izah edərdiniz?
-Əsərimin əvvəlki türk-fars dil əlaqələri araşdırmalarından fərqlənən başlıca elmi yeniliyi, ilk növbədə, tədqiqatın istiqaməti ilə bağlıdır. İndiyədək aparılmış araşdırmalarda, o cümlədən Gerhard Doerferin çoxcildlik fundamental əsərində əsas diqqət yeni fars dilində işlənən türk mənşəli sözlərə yönəldilmişdir. Bu sözlərin fars dilinə daxil olması isə əsasən türk sülalələrinin siyasi hakimiyyətdə olduğu Qəznəvilər, Səlcuqlar, Xarəzmşahlar və Qacarlar kimi tarixi dövrlərlə əlaqələndirilmişdir. Başqa sözlə, əvvəlki tədqiqatlarda türk dilinin fars dilinə təsiri daha çox İslamdan sonrakı dövrün dil materialları əsasında araşdırılmışdır.
Mənim əsərimin əsas fərqi isə türk dilinin izlərini yeni fars dilində deyil, İslamdan əvvəlki İran dillərində, xüsusilə qədim və orta fars dili materiallarında axtarmasıdır. Tədqiqatda türk və İran dilləri arasındakı əlaqələrin indiyədək qəbul ediləndən daha qədim dövrlərə gedib çıxdığı, türk dilinin qədim fars dilinə təsiri, eyni zamanda həmin tarixi mərhələdə İran dillərinin türk dilinə təsir imkanları araşdırılır. Beləliklə, məsələ yalnız İslamdan sonrakı dövrdə fars dilinə keçmiş türk sözlərinin müəyyənləşdirilməsi ilə məhdudlaşmır; dil əlaqələrinin daha qədim tarixi qatlarına nəzər salınır.
İkinci mühüm yenilik tədqiqatın metodologiyası və istifadə olunan materiallarla bağlıdır. Araşdırmanın mövzusu İslamdan əvvəlki, hətta yazılı qaynaqların olmadığı və ya son dərəcə məhdud olduğu dövrləri əhatə etdiyindən, yalnız yazılı mətnlərə əsaslanmaq mümkün deyildi. Buna görə də ilk dəfə olaraq Hind-Avropa dil ailəsinə və Altay dillərinə aid materiallar müqayisəli şəkildə tədqiqata cəlb edilmiş, sözlərin mənşəyi və tarixi inkişafı bu geniş dil materialı əsasında araşdırılmışdır. Başqa sözlə, yazılı qaynaqların kifayət etmədiyi bir dövrün dil əlaqələrini öyrənmək üçün müqayisə miqyası ayrı-ayrı dillərdən dil ailələri səviyyəsinə qədər genişləndirilmişdir.
Üçüncü və mənim fikrimcə, xüsusi əhəmiyyət daşıyan yenilik Altay dilləri nəzəriyyəsinin praktik tədqiqatda tətbiqi ilə bağlıdır. Bu əsərdə Altay dilləri arasındakı mümkün tarixi əlaqələr yalnız nəzəri mülahizə kimi deyil, konkret dil materiallarının müqayisəsi və etimoloji təhlili vasitəsilə araşdırılmışdır. Beləliklə, Altay dilləri nəzəriyyəsinin türk dilinin qədim tarixi əlaqələrinin öyrənilməsində hansı imkanlara malik olduğu konkret nümunələr əsasında göstərilməyə çalışılmışdır.
Bu nəticələrin İran coğrafiyasında yaşayan türk toplumlarının dil tarixi baxımından əhəmiyyəti də xüsusi vurğulanmalıdır. Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi yaddaşını və mədəni təcrübəsini daşıyan bir sistemdir. Əsərdə irəli sürülən nəticələr indiyədək əsasən fars dili ilə əlaqələndirilən bəzi mühüm dil ünsürlərinin daha qədim türk mənşəyinə malik ola biləcəyini göstərir. Xüsusilə fars dilinin əsas leksik qatında yer alan, gündəlik və tarixi baxımdan mühüm sözlərin türk dili ilə əlaqəsinin üzə çıxarılması mövcud elmi təsəvvürlərə yeni baxış gətirir.
-”Türk Kağanı Yüce Oğuzun Destanı” adlı kitabınızı hazırlamaqda əsas məqsədiniz nə idi? Əsərdə hansı tarixi mənbələrə və dastan rəvayətlərinə əsaslandınız?
-Bu kitabı hazırlamaqda ilkin məqsədim yeni bir Oğuz xan dastanı nümunəsi kimi təqdim olunan əsəri oxumaq və onun məzmununu anlamaq idi. Lakin mətn üzərində işlədikcə diqqətimi başqa bir məsələ cəlb etdi. Fuat Köprülü də daxil olmaqla, bir sıra tədqiqatçılar əsərin müəllifinin fars dilini bilmədiyini və mətnin bu səbəbdən yanlış yazıldığını irəli sürmüşdülər. Mən isə araşdırmalarım zamanı mətnin təsadüfi səhvlərdən ibarət olmadığını, əksinə, onun oxunmasını çətinləşdirmək üçün müəllif tərəfindən müəyyən üsullardan istifadə edildiyini müşahidə etdim.
Mətnin oxunuşunu çətinləşdirən, bir növ şifrələmə xarakteri daşıyan yeddi fərqli üsul müəyyənləşdirdim. Bunlardan biri semantik paralelizmdir. Bu üsulları mərhələli şəkildə təhlil edərək mətnin gizli quruluşunu açmağa və onu oxumağa nail oldum. Məsələn, əsərdəki “be sər-i tənhayi neşəstə bud” ifadəsi fars dilinin öz daxili qaydaları baxımından düzgün görünmür. Çünki farscada bu məna “be tənhayi neşəstə bud” şəklində ifadə olunur. Lakin birinci variant türk dilindəki “təkbaşına oturmuşdu” ifadəsinin farscaya sözbəsöz çevrilməsidir. Müəllif eyni fikri mətnin başqa bir yerində düzgün farsca quruluşla da ifadə edir. Belə nümunələr göstərir ki, zahirən dil səhvi təsiri bağışlayan formalar əslində mətnin oxunmasını çətinləşdirən üsulların bir hissəsidir.
Bu üsulları müəyyənləşdirib mətnin oxunuşunu bərpa etməklə yanaşı, əsərdə türk və fars dillərinin qarşılıqlı əlaqələrinə dair diqqətəlayiq nümunələr də aşkar etdim.
-Oğuz xaqan haqqında rəvayətlərdə tarixi gerçəkliklə mifoloji ünsürlər arasındakı əlaqəni necə dəyərləndirirsiniz? Bu iki istiqaməti bir-birindən ayırarkən hansı elmi meyarlardan istifadə etdiniz?
-Mənim üzərində işlədiyim əsərdə Oğuz xan obrazına bu baxımdan yanaşıram: Mete xan və Oğuz xan kimi tarixi və ya yarımtarixi şəxsiyyətlər eyni şəxsin müxtəlif dövrlərdə fərqli adlarla təqdim olunmuş formalarıdırmı, yoxsa zaman keçdikcə bir-birindən fərqlənən qəhrəman obrazlarına çevrilmişlər? Bu məsələni tarixi qatlaşma və qəhrəman obrazlarının özünü yeniləmə qabiliyyəti çərçivəsində qiymətləndirirəm. Belə yenilənmə yalnız qəhrəman obrazlarında deyil, əsərlərin özündə də baş verə bilər. Rəvayətlərdə tarixi gerçəkliklə yanaşı, mifoloji ünsürlər, sonrakı dövrlərdə əlavə edilmiş süjet və motivlər də yer ala bilər. Xüsusilə üzərində işlədiyim Türk xaqanı Uca Oğuzun dastanı bu baxımdan maraqlı nümunədir: müasir dövrdə yazılmış, lakin ona qədimlik təsiri bağışlayan bir əsərdir. Buna görə də əsərin məzmununu və qəhrəmanlarını qiymətləndirərkən tarixi qatları, sonrakı əlavələri və müəllifin yaratdığı qədimlik təsəvvürünü bir-birindən fərqləndirmək vacibdir.
-Oğuz xaqan ənənəsinin türk toplumlarının ortaq tarixi yaddaşındakı yeri nədir? Xüsusilə Anadolu, Azərbaycan, İran və Orta Asiya türklərinin mədəni irsi baxımından bu ənənənin ortaq və fərqli cəhətləri hansılardır?
-Oğuz xaqan ənənəsi türk xalqlarının ortaq tarixi yaddaşında mühüm yer tutur. Lakin bu ənənənin davamlılığını yalnız Oğuz xaqanın adı ilə bağlı dastan və rəvayətlərdə axtarmaq düzgün olmazdı. Bu baxımdan Əhməd Bican Ərcilasunun “Türk dili tarixi” adlı əsərində irəli sürdüyü fikir diqqətəlayiqdir. Müəllifin yanaşmasına görə, burada vahid bir dastan ənənəsinin müxtəlif tarixi dövrlərə aid təbəqələri mövcuddur. Bu ənənənin bir mərhələsində Mete xan, digər mərhələsində Oğuz xaqan, sonrakı mərhələsində isə Şah İsmayıl dayanır. Ərcilasun Şah İsmayıl dastanını bu tarixi-dastani zəncirin son halqası kimi qiymətləndirir.
Məncə, bu yanaşma Oğuz xaqan ənənəsinin türk xalqlarının ortaq mədəni yaddaşındakı yerini anlamaq baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki ənənənin davamlılığı həmişə eyni adın və eyni süjetin qorunması ilə deyil, müəyyən tarixi və mədəni xüsusiyyətlərin müxtəlif dövrlərdə yeni qəhrəmanlar və yeni dastanlar vasitəsilə yaşadılması ilə də təmin olunur.
-Kitabınız əvvəlki Oğuz xaqan araşdırmalarına hansı yeni elmi baxışları və nəticələri qazandırır? Bunlardan xüsusilə əhəmiyyətli hesab etdiyiniz bir neçə nümunəni tarixi qaynaqlara əsaslanaraq izah edə bilərsinizmi?
-Mənim araşdırdığım və fars dilindən türk dilinə çevirdiyim Türk xaqanı Uca Oğuzun dastanı əvvəlki Oğuz xan rəvayətlərindən fərqli xüsusiyyətlərə malikdir. Məncə, bu əsər yalnız Oğuz xan ənənəsi baxımından deyil, müasir Türkiyə Cümhuriyyətinin ideoloji və siyasi əsaslarının formalaşdırılması kontekstində də ayrıca araşdırılmalıdır. Əsər, əslində, Türkiyə Cümhuriyyətinin gələcək istiqamətinə təsir göstərmək və müəyyən mənada ona yön vermək məqsədi daşıyır. Burada ilk dəfə xalq və millət anlayışı ön plana çıxır.
Əsərin dilinə və məzmununa diqqət yetirdikdə, buradakı Oğuz xan obrazının klassik Oğuz xan obrazlarından xeyli fərqləndiyini görürük. Ənənəvi rəvayətlərdə Oğuz xanın mənşəyi və doğuluşu ona fövqəladə, ilahi xüsusiyyətlər qazandırır. Onun yalnız öz soyu və ya qızları ilə evlənməsi motivi də bu baxımdan diqqətəlayiqdir. Bu motivin Rəşidəddin Fəzlullah Həmədani tərəfindən əsərə və ya rəvayət ənənəsinə gətirilmiş bir təsir olub-olmadığı ayrıca müzakirə edilə bilər. Digər rəvayətlərdə isə Oğuz xanın göydən enən bir işıqla əlaqələndirilən izdivacı onun ilahi mənşəyini və fövqəladə statusunu vurğulayır.
Araşdırdığım əsərdə isə Oğuz xan obrazı fərqli şəkildə təqdim olunur: o, ilahi və əlçatmaz bir varlıqdan daha çox, adi insana yaxın bir qəhrəmandır. Burada əsas məsələ onun fövqəladə mənşəyi deyil, adi bir insanın liderə çevrilməsi və xalq qarşısında daşıdığı məsuliyyətdir. Oğuz xanın adi bir qadına aşiq olması da bu yeni obrazın mühüm göstəricilərindəndir. Mənim fikrimcə, bu xüsusiyyətlər əsərin qədim rəvayət ənənəsinə deyil, müasir dövrün düşüncə və dəyərlərinə əsaslandığını göstərir.
Əsərdə bərabərlik, azadlıq və qadın hüquqları kimi anlayışların ön plana çəkilməsi də onun müasir dövrdə yazıldığını göstərən başqa bir mühüm əlamətdir. Bütün bunlara əsasən, bu əsəri qədim Oğuz xan rəvayətlərinin davamı və ya həmin rəvayətlərin tarixi qaynaqlarına yeni töhfə verən mətn kimi deyil, qədimlik görüntüsü yaradılaraq müasir dövrdə qələmə alınmış, ayrıca siyasi və ideoloji kontekstdə araşdırılmalı olan bir əsər kimi qiymətləndirirəm. Buna görə də onun əvvəlki Oğuz xan araşdırmalarına birbaşa tarixi töhfə verəcəyini düşünmürəm. Əsərin əhəmiyyəti daha çox müasir dövrdə Oğuz xan obrazının hansı məqsədlərlə və necə yenidən qurulduğunu göstərməsindədir.
-Dədə Qorqud haqqında indiyədək çoxsaylı elmi əsərlər nəşr olunmuşdur. Sizi Dedem Korkut Kitabı adlı iki cildlik yeni bir tədqiqat hazırlamağa sövq edən əsas səbəb nə idi? Əvvəlki araşdırmalarda hansı məsələlərin yenidən öyrənilməsinə ehtiyac olduğunu düşünürdünüz?
-Kitabi-Dədə Qorqud indiyədək üzərində ən çox araşdırma aparılmış türk yazılı abidələrindən biridir. Əsər 1913-cü ildə ilk dəfə elmi tədqiqatların mövzusuna çevrildiyi gündən etibarən onunla bağlı müzakirələrin əsas məsələlərindən biri mətnin oxunuşu olmuşdur. Əvvəlki araşdırmalarda mətndəki çoxsaylı söz və ifadələr katiblərin səhvləri, yanlış yazılışlar və ya köçürmə zamanı baş vermiş xətalar kimi izah edilmişdir.
Mənim araşdırmamın əsas fərqi bu yanaşmaya yenidən baxmağımdır. Hesab edirəm ki, yanlış hesab edilən bir çox forma əslində katiblərin mətni düzgün oxuya bilməməsindən qaynaqlanır. Onlar anlamadıqları və ya oxuya bilmədikləri sözləri bəzən nöqtələri əskik və ya artıq qoyaraq, bəzən də fərqli hərflərlə yazaraq köçürmüşlər. Mən isə ilk dəfə bu formaları katiblərin səhvləri kimi deyil, əlyazmanın öz yazılış xüsusiyyətləri əsasında izah etməyə və mətni mümkün qədər yazıldığı kimi oxumağa çalışmışam.
Bu yanaşma, təbii ki, bir sıra yeni nəticələrə gətirib çıxarmışdır. Çünki əvvəllər yanlış köçürmə və ya yazı xətası hesab edilən formalar əlyazmanın düzgün oxunması ilə fərqli şəkildə anlaşılır, bununla da mətnin dili, söz ehtiyatı və məzmunu haqqında yeni qənaətlər əldə etmək mümkün olur.
-Əsərinizi hazırlayarkən Dədə Qorqudun hansı əlyazmalarını və elmi nəşrlərini əsas götürdünüz? Mətnlərin müqayisəsi, transkripsiyası, söz göstəricisi və qrammatik təhlili zamanı hansı tədqiqat metodlarından istifadə etdiniz?
-Bu tədqiqatın mühüm yeniliklərindən biri də Drezden, Vatikan və Bursa nüsxələrinin ilk dəfə birlikdə nəzərə alınmasıdır. Əsər üzərində əvvəlki araşdırmalarda bu nüsxələr əsasən ayrı-ayrılıqda və ya məhdud müqayisə çərçivəsində öyrənilmişdir. Mənim işim hər üç nüsxəni eyni tədqiqat müstəvisində nəzərdən keçirməsi ilə fərqlənir. Bu, mətnlərin tam elmi-tənqidi nəşri, yəni bütövlükdə edisyon kritik işi deyil. Bununla belə, əsərdə müəyyənləşdirdiyim 420 problemli söz və formanın oxunuşunda hər üç nüsxənin materiallarından birlikdə istifadə edilmiş, müqayisəli yanaşma əsas götürülmüşdür.
Transkripsiya zamanı türkoloji araşdırmalarda qəbul olunmuş klassik transkripsiya işarələrindən istifadə etmişəm. Mətnin oxunuşunda isə əvvəlki tədqiqatların nəticələrini ardıcıl şəkildə nəzərə almışam. İlk növbədə Orxan Şaiq Gökyayın, Məhərrəm Erginin və Səməd Əlizadənin ilkin oxunuşlarına, daha sonra bu oxunuşlara əlavələr və düzəlişlər gətirən tədqiqatçıların işlərinə, nəhayət, mövzu ilə bağlı ən son araşdırmalara müraciət etmişəm.
Bununla yanaşı, tədqiqatın mühüm metodoloji xüsusiyyətlərindən biri problemli söz və formaların yalnız Oğuz qrupu türk dilləri əsasında deyil, digər türk dillərinin materialları ilə də yoxlanılmasıdır. Bu məqsədlə həmin formaların həm tarixi türk mənbələrində, həm də müasir türk dillərində işlənib-işlənmədiyini araşdırmışam. Xüsusilə Oğuz qrupu xaricindəki türk dillərinin materiallarını da nəzərə almaqla, mətnin oxunuşuna daha geniş türkoloji müqayisə əsasında yanaşmağa çalışmışam. Beləliklə, Dədə Qorqud mətnində əvvəllər yanlış və ya problemli hesab edilən formaların oxunuşunu yalnız əlyazmanın öz xüsusiyyətləri ilə deyil, türk dillərinin tarixi və müasir dil materialları ilə də əsaslandırmaq mümkün olmuşdur.
-Dədə Qorqud mətnləri Oğuz türkcəsinin tarixi inkişafı haqqında bizə hansı mühüm məlumatları verir? Araşdırmanızda müəyyən etdiyiniz diqqətəlayiq dil xüsusiyyətlərindən konkret nümunələr göstərə bilərsinizmi?
-İndiyədək Kitabi-Dədə Qorqud əsasən Oğuz türkcəsinin yazılı abidəsi kimi qiymətləndirilmişdir. Lakin mənim mətn üzərində apardığım araşdırmalar göstərir ki, əsərdə yalnız Oğuz qrupu türk dillərinə deyil, Qıpçaq, Karluq və Sibir türk dillərinə, eləcə də digər türk boylarına məxsus dil və mədəniyyət ünsürlərinə də rast gəlinir. Bu fakt mənim qənaətimə görə, Dədə Qorqud dastanının formalaşmasında yalnız Oğuzların deyil, müxtəlif türk boylarının da iştirak etdiyini göstərir.
Əsərin əhəmiyyəti bununla məhdudlaşmır. Dədə Qorqud mətnləri bugünkü Oğuz türklərinin etnik və dil baxımından necə formalaşdığı haqqında da mühüm ipucları verir. Mənim yanaşmama görə, dastanda İç Oğuz adı ilə təqdim olunan topluluqlar bugünkü Oğuz türklərinin formalaşmasında iştirak etmiş müxtəlif türk boylarının bir araya gəlməsi nəticəsində meydana çıxmışdır. Bu prosesdə Qıpçaq, Karluq və Sibir türk topluluqlarından ayrılan müəyyən qruplar, ailələr də iştirak etmişdir. Başqa sözlə, bugünkü Oğuzların formalaşmasını yalnız bir türk boyunun tarixi ilə izah etmək mümkün deyil.
Bunu belə təsəvvür etmək olar: müxtəlif türk boylarından müəyyən sayda ailə öz əvvəlki topluluqlarından ayrılaraq yeni bir etnik birliyin formalaşmasına qoşulur. Məsələn, Qazax, Qırğız, Özbək, qədim Uyğur, Çuvaş, Yakut, Altay və digər türk topluluqlarından müəyyən sayda ailə bu birliyə daxil olur. Bu, həmin xalqların özlərinin yox olması və ya bütövlükdə Oğuzlara çevrilməsi demək deyil. Onların əsas kütləsi əvvəlki tarixi və etnik varlığını qoruyub saxlayır, yalnız müəyyən qruplar yeni formalaşan birliyə qoşulur. Beləliklə, müxtəlif türk boylarından ayrılan ailələrin və qrupların iştirakı ilə bugünkü Oğuzların etnik əsasları yaranır.
Mənim fikrimcə, Kitabi-Dədə Qorqud məhz bu uzunmüddətli formalaşma prosesinin izlərini qoruyub saxlayan əsərlərdən biridir. İlkin mərhələdə müxtəlif qruplar öz qəhrəmanlarını, rəvayətlərini və tarixi yaddaşlarını öz dillərində, öz şivə xüsusiyyətləri ilə yaşadırdılar. Sonrakı dövrlərdə bu qrupların bir araya gəlməsi və ortaq etnik birlik yaratması nəticəsində bugünkü Oğuz kimliyi və Oğuz türkcəsi formalaşmışdır. Lakin həmin ilkin qrupların dillərinə və mədəniyyətlərinə məxsus izlər dastanın mətnində qorunub qalmışdır.
-İki cildlik əsərinizin türkologiya elminə qazandırdığı başlıca yeniliklər nələrdir? Xüsusilə mətnlərin oxunuşu, izahı və dil xüsusiyyətlərinin təhlili baxımından əvvəlki nəşrlərdən hansı cəhətləri ilə fərqlənir?
-İki cildlik əsərimin türkologiya elminə gətirdiyi başlıca yenilik ondan ibarətdir ki, Kitabi-Dədə Qorqud yalnız Oğuz türklərinə məxsus bir abidə kimi deyil, alt qatlarında Oğuzdankənar türk boylarının da dil və mədəniyyət izlərini qoruyub saxlayan çoxqatlı bir əsər kimi təqdim olunur. Tədqiqatımda Qıpçaq, Karluq və Sibir türk dillərinə aid ünsürlərin müəyyənləşdirilməsi dastanın formalaşmasında müxtəlif türk topluluqlarının iştirak etdiyini göstərən mühüm nəticələrdəndir.
Digər mühüm yenilik əsərin qədim dil qatları ilə bağlıdır. Dədə Qorqud mətnində ilk dəfə olaraq prototürk dövrünə aid olduğunu düşündüyüm dil ünsürlərini müəyyənləşdirmişəm. Bu nümunələr prototürk dilinin indiyədək kifayət qədər diqqət yetirilməmiş izlərini üzə çıxarmaq və onun tarixi inkişafını daha dərindən araşdırmaq baxımından əhəmiyyətlidir.
Bununla yanaşı, əsərin əvvəlki nəşrlərində yanlış yazılış və ya katib xətası hesab edilən bir sıra söz və formaların yenidən oxunması da tədqiqatın əsas yeniliklərindəndir. Mənim yanaşmam həmin formaları sadəcə yazı xətası kimi qəbul etmək əvəzinə, onların arxasında dayanan tarixi dil xüsusiyyətlərini müəyyənləşdirməyə əsaslanır. Beləliklə, əvvəllər yanlış oxunuş səbəbindən diqqətdən kənarda qalan, əslində isə türk dilinin tarixi haqqında mühüm məlumatlar daşıyan bir sıra dil faktlarını üzə çıxarmaq mümkün olmuşdur.
-Türk-fars dil əlaqələrini, Oğuz xaqan ənənəsini və Dədə Qorqud araşdırmalarını birlikdə nəzərdən keçirdikdə, türk dilinin tarixi inkişafı haqqında hələ də cavabını gözləyən ən mühüm elmi suallar hansılardır?
-Məncə, bu sahələrdə cavabını gözləyən ən mühüm elmi suallardan biri Kitabi-Dədə Qorqudun bizə gəlib çatmış əlyazmalarından əvvəlki nüsxələri ilə bağlıdır. Xüsusilə əsərin XV əsrdə mövcud olmuş nüsxəsindən daha qədim, kufi xətti ilə yazılmış ilkin mətninin harada olduğu və bu əlyazmanın hansısa kitabxanada, arxivdə, yaxud başqa bir yerdə qorunub-qorunmadığı hələ də araşdırılmalıdır. Bununla yanaşı, kufi xəttindən əvvəl əsərin hansı əlifba ilə yazıldığı da mühüm elmi suallardan biridir.
Türk-fars dil əlaqələri baxımından isə əsas məsələ bu münasibətlərin hansı tarixi dövrdə və hansı coğrafi məkanda xüsusilə intensiv xarakter aldığını müəyyənləşdirməkdir. Başqa sözlə, türk və İran dilləri arasındakı qədim və sıx əlaqələrin dəqiq zamanını, baş verdiyi coğrafiyanı və bu əlaqələrin tarixi şəraitini aydınlaşdırmaq gələcək tədqiqatların qarşısında duran mühüm vəzifələrdəndir. Məncə, bu suallara veriləcək cavablar həm türk dilinin qədim tarixi, həm də Dədə Qorqud ənənəsinin formalaşması haqqında biliklərimizi əhəmiyyətli dərəcədə genişləndirə bilər.
-İran türklərinin dialektləri, söz varlığı və tarixi dil irsi haqqında aparılacaq yeni araşdırmalarda hansı qaynaqlara və metodlara üstünlük verilməlidir?
Azərbaycan, Qaşqay, Xorasan, Xələc, Türkmən və digər türk toplumlarını əhatə edən müqayisəli dilçilik tədqiqatlarının elmi imkanlarını necə dəyərləndirirsiniz?
-İran türklərinin dialektləri, söz ehtiyatı və tarixi dil irsinin araşdırılmasında, şübhəsiz ki, ilk növbədə qədim türk yazılı qaynaqlarına müraciət edilməlidir. Bu baxımdan Orxon abidələrinin və digər qədim türk mənbələrinin İran universitetlərində, xüsusilə də türk dili və ədəbiyyatı ilə bağlı təhsil və tədqiqat proqramlarında öyrədilməsi vacibdir. Çünki İran türklərinin dialektlərinin tarixi köklərini araşdırmaq üçün ilkin mərhələdə qədim türk dilinin fonetik, qrammatik və leksik xüsusiyyətlərini bilmək lazımdır. Bu qaynaqlar nəzərə alınmadan aparılan tədqiqatlar, məncə, istər-istəməz natamam qalacaqdır.
İkinci mühüm məsələ İran türklərinin dialektlərinin dünyanın müxtəlif bölgələrində yaşayan digər türk topluluqlarının dilləri ilə müqayisəli şəkildə araşdırılmasıdır. Bu müqayisə yalnız müasir türk dillərinin yazılı mənbələri ilə məhdudlaşmamalı, yazılı ədəbi ənənəsi olmayan və ya kifayət qədər öyrənilməmiş türk dialektlərini də əhatə etməlidir. Azərbaycan, Qaşqay, Xorasan, Xələc, Türkmən və digər türk topluluqlarının dil materialları geniş türkoloji kontekstdə qiymətləndirilməlidir.
Üçüncü mərhələdə isə bu dialektlər həm diaxronik, yəni qədim türk dilləri ilə tarixi inkişaf baxımından, həm də sinxronik, yəni müasir dövrdə öz aralarında və digər türk dilləri ilə müqayisəli şəkildə araşdırılmalıdır. Bu istiqamətdə görüləcək işlərin miqyası çox genişdir və türkologiyada hələ də ciddi boşluqlar mövcuddur.
Lakin belə araşdırmaların həyata keçirilməsi yalnız elmi metod və mənbələrin mövcudluğu ilə mümkün deyil. Bunun üçün, ilk növbədə, sərbəst elmi fəaliyyət və sahə tədqiqatları aparmağa imkan verən siyasi və ictimai şərait olmalıdır. Mən Ərdəbil şivələrini araşdırarkən kəndlərə gedib dil materialları toplaydığım zaman belə, bəzən təzyiq və təhlükə ilə üzləşirdim. Halbuki dialektlərin canlı xüsusiyyətlərini öyrənmək üçün onların daşıyıcıları ilə birbaşa ünsiyyət qurmaq, kəndlərdə və yaşayış məntəqələrində sahə tədqiqatları aparmaq zəruridir.
Əgər İranda sərbəst elmi araşdırma mühiti yaradılmazsa, bu dialektlərin bir çox özünəməxsus dil xüsusiyyətləri zamanla itəcək, gələcək nəsillər üçün əlçatmaz olacaqdır. Buna görə də İran türklərinin dil irsinin qorunması və öyrənilməsi yalnız dilçilik məsələsi deyil, həm də bu dillərin gələcək nəsillərə çatdırılması baxımından mühüm məsuliyyətdir.
-Üzərində çalışdığınız yeni kitablar və gələcək elmi layihələriniz hansılardır? Türk dili, ədəbiyyatı və mədəniyyət tarixi sahəsində araşdırma aparmaq istəyən gənc tədqiqatçılara hansı tövsiyələriniz var?
-Hazırda əsas elmi maraqlarım türk-fars dil əlaqələri, fars dilinin struktur xüsusiyyətləri və qədim türk dili qaynaqları ilə bağlıdır. Gələcək araşdırmalarımda da bu istiqamətlərə üstünlük verməyi düşünürəm.
Gənc tədqiqatçılara tövsiyəm budur ki, türk dilinin tarixinə, dialektlərinə və mədəni irsinə xüsusi həssaslıqla yanaşsınlar. Dil xalqın tarixi yaddaşını və milli kimliyini yaşadan ən mühüm dəyərlərdəndir. Xüsusilə Azərbaycan, Qaşqay, Xorasan, İsfahan və digər bölgələrdə yaşayan türklərin dil irsini araşdıracaq mütəxəssislərə böyük ehtiyac var. Bu sahədə çalışan gənclər Türkiyədə, Azərbaycanda və digər türk dövlətlərində təhsil alaraq biliklərini genişləndirməlidirlər. Türk dünyasını birləşdirən ən mühüm ortaq dəyərlərdən biri dildir. Dilçilik isə yalnız bir ixtisas deyil, sevgi, səbir və ömür boyu çalışma tələb edən elmi fəaliyyətdir.
Yashar(Ali) Poorali