Toronto Kitab Mükafatının qalibi bəlli oldu – Yazıçı 20 min dollar qazandı

Toronto Kitab Mükafatının qalibi bəlli oldu – Yazıçı 20 min dollar qazandı

Kanadalı yazıçı Keyt Keyli Property romanına görə 2026-cı ilin Toronto Kitab Mükafatına layiq görülüb. Toronto meri Oliviya Çou mükafatı noyabrın 10-da axşam Toronto Reference Librarydə keçirilən mərasimdə müəllifə təqdim edib. Coach House Books nəşriyyatının çap etdiyi romanda hadisələr Torontonun qərbində, adı çəkilməyən bir küçədə, tək bir yaz günü ərzində cərəyan edir. 

Həmin gün iki qadın evlərində qonaq qarşılamağa hazırlaşır. Bu adi məişət səhnəsindən başlayan hekayə tədricən eyni küçədə yaşayan dörd ailəni əhatə edir. Məhəllənin siması dəyişir, qonşular arasındakı maddi fərqlər onların dostluğunda və ailə münasibətlərində də özünü göstərir. Gün ərzində təsadüfi görünən qarşılaşmalar sakinlərin həyatını bir-birinə bağlayır. Axşama doğru baş verən faciə isə bütün məhəllədə iz qoyur. 

Münsiflər heyəti Keylinin hər ailənin daxili dünyasını özünəməxsus şəkildə açmasına diqqət çəkib. Qəhrəmanlar eyni küçəni bölüşsələr də, yaşadıqları yerə münasibətləri, gələcəklə bağlı arzuları və narahatlıqları fərqlidir. Münsiflərin qənaətinə görə, yazıçı məhz bu fərqli baxışlar vasitəsilə bugünkü Torontoda yaşamağın necə bir təcrübə olduğunu oxucuya çatdıra bilib. 

Keyli Kanada ədəbi mühitində həm də şair və dramaturq kimi tanınır. O, bundan əvvəl iki hekayə və üç şeir toplusu nəşr etdirib, Trillium kitab mükafatına və O. Henry hekayə mükafatına layiq görülüb. Property ilə qazandığı Toronto Kitab Mükafatının pul mükafatı 20 min Kanada dollarıdır. Finala çıxan digər dörd müəllifin hər birinə 2 min dollar ayrılıb. Oxucular həm qalib romanı, həm də builki finalçıların kitablarını Toronto İctimai Kitabxanasından götürüb oxuya bilərlər.

Eskandar Alimirzaei
( LJI Reporter)
 

Toronto Kitab Mükafatının qalibi bəlli oldu – Yazıçı 20 min dollar qazandı


Leave a Comment