Mənfi 15 dərəcə şaxtaya qarşı xüsusi plan – Toronto evsizlər üçün hərəkətə keçdi

Mənfi 15 dərəcə şaxtaya qarşı xüsusi plan – Toronto evsizlər üçün hərəkətə keçdi

Noyabrın 15-dən Torontoda  evsiz sakinlər üçün qış xidmətləri planı qüvvəyə minib. Bələdiyyə 2027-ci il aprelin 15-dək sığınacaqlarda, isinmə mərkəzlərində və daimi yaşayış proqramlarında ümumilikdə 1 533-dək əlavə yer açmağı nəzərdə tutur. Bu, ötən qış üçün planlaşdırılan göstəricidən 18 faiz çoxdur. Bələdiyyənin noyabrın 9-da açıqladığı məlumata görə, şəhər həmin vaxt hər gecə təxminən 7 min nəfəri qalacaq yerlə təmin edirdi. 

Qış boyu fasiləsiz işləyən sığınacaqlarda və müvəqqəti qalma mərkəzlərində təxminən 505 əlavə yer ayrılacaq. Noyabrın 15-dən fəaliyyətə başlayan mərkəzlər arasında gənclər üçün "Covenant House", kişilər üçün "Scott Mission" və qadınlar üçün "Homes First" təşkilatlarının idarə etdiyi məkanlar var. Dekabrın ortalarında "Better Living Centre"də də gecə-gündüz açıq olacaq mərkəzin fəaliyyətə başlaması planlaşdırılır. Buradakı yerlərin sayı mərhələlərlə 280-ə çatdırılacaq. 

Şaxtalı günlər üçün ayrıca tədbirlər nəzərdə tutulub. Hava proqnozunda temperaturun mənfi 5 dərəcəyə enəcəyi bildirildikdə və ya təhlükəli qış havası barədə rəsmi xəbərdarlıq verildikdə, beş isinmə mərkəzində ümumilikdə 254 yer açılacaq. Buraya gələnlər dincələ, yemək ala və gecələmək üçün sığınacağa yönləndirilə biləcəklər. Temperatur mənfi 15 dərəcəyə endikdə şəhər daha 186-ya yaxın müvəqqəti yer açacaq. Həmin günlərdə əlavə səyyar qruplar küçədə gecələyən sakinlərin vəziyyətini yoxlayacaq və onlara isti yerə keçməyi təklif edəcəklər. 

Planın bir hissəsi də insanların sığınacaqdan daimi mənzilə köçməsinə kömək etməkdir. Qış mövsümündə bu məqsədlə 588-dək mənzilin ayrılması gözlənilir. Onlardan 125-i şəhərin sosial mənzil fondundakı boş mənzillər hesabına təmin ediləcək. Daha 463 mənzil isə yaşayışla yanaşı fərdi dəstəyə ehtiyacı olan sakinlər üçün nəzərdə tutulub. Gündüz müraciət mərkəzlərinin ümumi iş vaxtı da həftədə 252 saat artırılacaq. Bu mərkəzlərdə sakinlər yemək, duş, paltaryuma və ilkin tibbi xidmətlərdən yararlana bilirlər.

Eskandar Alimirzaei
( LJI Reporter)
 

Mənfi 15 dərəcə şaxtaya qarşı xüsusi plan – Toronto evsizlər üçün hərəkətə keçdi


Leave a Comment