Torontonun mərkəzində 60 ildən sonra ilk metro tuneli qazıldı

Torontonun mərkəzində 60 ildən sonra ilk metro tuneli qazıldı


Torontonun mərkəzində tikilən Ontario Line metro xəttinin ilk tunelqazan maşını noyabrın 6-da “King Street West” ilə “Bathurst” küçəsinin kəsişməsinə çatıb. “Libby” adı verilən maşın gələcək “King West” stansiyası üçün qazılmış yeraltı sahənin divarını yarıb. Bununla da yeni xəttin tikintisində ilk dəfə tunellə stansiya arasında keçid açılıb. 
“Libby” qazıntıya apreldə “Exhibition” stansiyasının şərqindən başlayıb. “King West”-ə çatanadək maşın şəhər küçələrinin altında təxminən 1,3 kilometr irəliləyib və tunelin divarlarını möhkəmləndirən 780-ə yaxın halqa quraşdırıb. “Metrolinx”in məlumatına görə, bu, Torontonun mərkəzində 60 ildən artıq fasilədən sonra qazılan ilk yeni metro tunelidir. 

Maşın texniki baxış üçün bir müddət “King West”-də qalacaq. Dekabrda stansiyanın yeraltı hissəsində nəzərdə tutulan işlər başa çatdıqdan sonra “Libby” şərqə, gələcək Chinatown stansiyasına doğru qazıntını davam etdirəcək. Onun açdığı tuneldən şərq istiqamətində hərəkət edən qatarlar istifadə edəcək. Əks istiqamətdə gedən qatarlar üçün paralel tuneli “Corkie” adlı ikinci maşın qazacaq. 

“King West” istifadəyə veriləndə Torontonun “Fashion District” məhəlləsində yaşayan təxminən 27 min sakin metroya piyada gedə biləcək. Stansiyadan piyada məsafədə 24 200 iş yeri də yerləşir. Burada sərnişinlər metro ilə “504 King” və “511 Bathurst” tramvayları arasında keçid edə biləcəklər. 

Ümumilikdə Ontario Line 15,6 kilometr uzunluğunda və 15 stansiyadan ibarət olacaq. Xətt “Exhibition Place”-dən başlayaraq şəhərin mərkəzindən keçəcək və “Don Mills Road”-da “Eglinton Crosstown” yüngül relsli xəttinə birləşəcək. Federal hökumətin proqnozuna görə, xətt tam istifadəyə verildikdə gündə 390 minə yaxın sərnişin minikindən ötrü istifadə olunacaq.

Eskandar Alimirzaei
( LJI Reporter)
 

Torontonun mərkəzində 60 ildən sonra ilk metro tuneli qazıldı


Leave a Comment