Toronto Şəhər Şurasında yeni dönəm: Sədr dəyişdi, 7 yeni üzv mandat aldı

Toronto Şəhər Şurasında yeni dönəm: Sədr dəyişdi, 7 yeni üzv mandat aldı

 

Noyabrın 18-də Toronto Şəhər Şurası yeni tərkibdə ilk iclasını keçirib. Yenidən mer seçilən Oliviya Çou və şəhərin 25 seçki dairəsini təmsil edən şura üzvləri and içiblər. 2026–2030-cu illərdə şuranın iclaslarına Spadina–Fort York dairəsinin nümayəndəsi Ausma Malik sədrlik edəcək. Don Valley North dairəsini təmsil edən Şelli Kerroll onun müavini seçilib. Yeni şurada yeddi üzv ilk dəfə mandat qazanıb, 18 nəfər isə yenidən seçilib. 

Qeyd edək ki, Malik bu vəzifədə 2010-cu ildən bəri şura iclaslarını aparan Frensis Nunziatanı əvəz edib. Nunziata oktyabrın 26-da keçirilən bələdiyyə seçkilərində York South–Weston dairəsində rəqibi Kiara Padovaniyə uduzub. Malik seçildikdən sonra bildirib ki, iclasların ədalətli və səmərəli keçirilməsini özünün əsas məsuliyyəti sayır. Onun iştirak etmədiyi iclasları Kerroll aparacaq. 

Açılış günü Natan Fillips meydanında yerli xalqların qarşılama mərasimi ilə başlayıb. İcma ağsaqqalları və rəhbərləri meri və şura üzvlərini sülh, dostluq və qarşılıqlı hörmət ruhunda salamlayıblar. Mərasimdə tərəflər arasında münasibətlərin qurulmasının rəmzi kimi müqəddəs oda odun əlavə edilib. Günün ikinci yarısında şura üzvləri bələdiyyə binasında yerlərini tutublar. Onların ailələri və qonaqları andiçməni zalın tamaşaçılar üçün ayrılan hissəsindən izləyiblər. 

Oliviya Çou yeni dövrün ilk çıxışında münasib qiymətə mənzil tapmaq, ictimai nəqliyyatın vaxtında işləməsi və təcili yardım xidmətlərinin çağırışlara cavab vermək üçün kifayət qədər vəsaitə malik olması kimi məsələlərə toxunub. Mer bu xidmətlərin necə maliyyələşdiriləcəyi sualını da qaldırıb. Onun sözlərinə görə, Toronto hər il əyalət və federal hökumətlə yeni maliyyə razılaşması üçün danışıqlar aparmalı olur. Çou şəhərin xərclərini bir neçə il qabaqcadan planlaşdıra bilməsi üçün daha sabit gəlir mənbəyinə ehtiyac olduğunu bildirib. 

İlk iclasda şura üzvlərinin komitələrdə və idarə heyətlərində hansı vəzifələri tutacağına dair tövsiyələr hazırlayan beşnəfərlik komitə də formalaşdırılıb. Bu işi də Malik koordinasiya edəcək. Davenport dairəsinin nümayəndəsi Alexandra Bravo komitə sədrinin müavini seçilib.

Toronto Şəhər Şurasında yeni dönəm: Sədr dəyişdi, 7 yeni üzv mandat aldı


Leave a Comment