Oğlu ilə bacanaq oldu, övladları faciəvi həyat yaşadı - məşhur Bakı milyonçusu Tağıyev haqda maraqlı faktlar
Sentyabrın 1-də azərbaycanlı milyonçu, mesenat, Rusiya İmperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevin 100 illik yubileyi tamam oldu. Bununla bağlı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən Tağıyevin həyat hekayəsindən bəhs olunan "Tağıyev" çoxseriyalı film ərsəyə gətirilib.
Filmin "TAĞIYEV: NEFT" serialı artıq təqdim olunub.
Ekran işinin xarici auditoriya üçün də nümayişi nəzərdə tutulub.
Xatırladaq ki, Hacı Zeynalabdin Tağıyev 1823-cü ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olub. Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olanda vəfat edir. Kiçik Zeynalabdin uşaqlıqdan təmkinli və zəhmətkeş idi. On yaşında atası onu bir bənnanın yanına usta köməkçisi işinə düzəldir. 12 yaşına çatanda o artıq daş yonurdu, 15 yaşında ikən bənnalıq etməyə başlamışdı. Bir müddətdən sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır.
Müəyyən qədər vəsait toplayaraq Tağıyev artıq 20 yaşında ev tikintisi və daşyonma işləri təşkil edir. Özünün sonradan tikinti işlərinə də şəxsən nəzarət edirdi. Tikdirdiyi binalarda, məsələn, özünün yaşadığı binada və şəxsən açdırdığı qızlar gimnaziyasının binasında onun dəsti-xətti hiss edilir. Sonradan o özünü ticarətdə və yüngül sənayedə də sınayır. Hər ikisində qabiliyyəti ilə uğur qazanır, dükanlara sahib olur.
1873-cü ildə iki nəfərlə şərik olub Bibi Heybətdə icarəyə yer götürür. Avadanlıq alır, usta və fəhlələr tutur, buruq qurdurub quyu qazdırmağa başlayır. Günbəgün xərc artır, neft isə görünmür. Şəriklər ümidlərini itirir öz paylarını satmağa müştəri axtarırlar, axırda Hacı özü onların pulunu verib buruğa və yerə yiyələnir. İş daha da ağır gedir. Nəhayət, quyu gözlənilmədən fontan vurur. Başmaqçı Tağının oğlu palçıqçı Zeynalabdin dönür olur milyonçu Tağıyev. Üç ilə şəhərin mərkəzində böyük bir saray tikdirir.
Hacı Zeynalabdin Tağıyev iki dəfə evlənib. Onun birinci arvadı öz əmisi qızı Zeynəb xanım idi. Zeynəb xanımdan Hacının iki oğlu, bir qızı olmuşdu. Oğlanları: İsmayıl, Sadıq və qızı Xanım.
İkinci arvadı məşhur general-leytenant Balakişi bəy Ərəblinskinin qızı Sona xanım idi. Məhz Sona xanımla evlənməklə Hacı Zeynalabdin Tağıyev öz oğlu ilə bacanaq olmuşdu. Belə ki, general Ərəblinskinin iki qızından böyüyü Hacının oğlu Sadığın arvadı idi. Hacı oğlugildə olarkən, kiçik bacı Sonanı görüb, bəyənmiş və onunla evlənmişdi.
Sona xanımla evlilikdən onların Leyla, Sara, Sürəyya, Məhəmməd və İlyas adlı övladları dünyaya gəlir. Məhəmmədin qısa həyatı faciəli sonluqla bitir. Hacı əvvəlcə, cəmi 18 yaşı olan oğlu Məhəmmədi evləndirmir. İstəyir ki, oğlu həyatın çətinliklərini öyrənsin. O da atasının sözündən çıxmır. Anası nə qədər etiraz etsə də o zaman yeganə hərbi birlik olan Lənkərandakı “Vəhşi diviziya”ya yazılır. Bununla da, ömrünün faciəsini hazırlayır. Cavan zabitlər tapançanın topunda bir güllə saxlayıb lüləni gicgahlarına tuşlayaraq topu fırladıb çaxmağı basmaqla bəxtlərini yoxlayırdılar. Hacı Zeynalabdin Tağıyevin Lənkərandakı “Dikaya dviziya”nın qoşun hissəsində xidmət edən oğlu Məhəmməd bu yolla bəxtini yoxlayanda tapança açılmış, onu öldürmüşdü. İlyas isə xəstəliyə tutularaq vəfat edir.
Hacı Zeynalabdin Tağıyev XIX əsrin sonu XX əsrin əvvəllərində neft dalğası ilə yüksələn Azərbaycanın tanınmış və hörmətli neft maqnatlarından biri olub. O, hədsiz ictimai, maarifçilik və xeyriyyəçilik fəaliyyəti ilə əsl ümumxalq sevgisini qazanıb. Bu mərhəmətli şəxs fövqəladə müdrikliyi, parlaq diplomatik bacarığı və çox güclü şəxsi keyfiyyətləri fərqlənib.
H. Z. Tağıyev sağlığında inqilabdan öncəki Bakının işgüzar həyatında mühüm yer tutan bütün etnik qruplar arasında inkaredilməz nüfuza malik idi. Təsadüfi deyil ki, o zaman Bakıda fəaliyyət göstərən müsəlman, rus, erməni və yəhudi xeyriyyə cəmiyyətləri Tağıyevi özlərinin fəxri sədri seçmişdi.
Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət kökündən dəyişir. İnsanların mülkiyyəti əlindən alınır, milli kadrlar və ziyalılar təqib edilməyə başlanır, hər şey Rusiyanın maraqlarına yönəlir. Tağıyev də məhz o vaxt bütün var-dövlətini itirir. Bir sözlə, Sovet Hökuməti H.Z.Tağıyevin bütün şəxsi mülkünü müsadirə edir.
Yerli əhalinin xahişi ilə yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə yaşayış yeri seçmək hüququ verilir. Hacı Mərdəkandakı evini seçir və ömrünün sonuna qədər orada yaşayır.
Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabırın 1-də, axşam səkkizin yarısında, 101 yaşında vəfat edib və sentyabrın 4-də dəfn olunub. Onun dəfni böyük izdihamla müşayiət olunub.
N.Nərimanovun köməkliyi ilə Bakının "Kommunist" və "Bakinskiy raboçiy" qəzetlərində onunla bağlı nekroloq çap edilib.
Hacını özünün vəsiyyətinə əsasən, Bakının tanınmış axundu Molla Abuturabın ayağının altında dəfn ediblər. Bəzi məlumatlara görə, onun istəyinin səbəbi bu cür izah edilir ki, H.Z.Tağıyevin Molla Abuturabla son görüşü zamanı o, Hacının var-dövlətin itirilməsi ilə bağlı sualına cavab olaraq belə demişdi: “Əgər Allah istəsə, bir göz qırpımında səni dövlətindən məhrum edər. Ona görə də əbədi olanı çox düşün ...”.
Hacı Zeynalabdin Tağıyevin ölümündən sonra arvadı Sona xanım da vəfat edir. Qızı Sara xanım isə sonralar çox əzab-əziyyətlər görür. Valideynlərinin vəfatından sonra Sara xanım Rusiyanın Leninqrad şəhərinə köçür. Orada milliyətcə tatar olan Nikolay Sarayevlə evlənir və iki uşaqları doğulur. İkinci dünya müharibəsi başlayanda Nikolay cəbhəyə gedir, 1942-ci ildə ölüm xəbəri gəlir. Sara iki övladını da götürüb Bakıya qayıdır... Amma vətəndə çox çətin həyat sürür, övladlarını internata verməyə məcbur olur. Sara Tağıyeva 1991-ci ilin dekabrın 15-də ehtiyac içində dünyasını dəyişir. Hacı Zeynalabdin Tağıyevin nəslinin davamçıları - nəticələri hazırda Amerikada yaşayırlar.