Dünya Türk Könüllüləri Birliyi, Türk dünyasının ortaq yaddaşını dirçəltmək, mədəni əlaqələri gücləndirmək və könüllülük prinsiplərinə əsaslanan yeni bir həmrəylik şəbəkəsi qurmaq məqsədilə yola çıxıb. “Türkün Könüllü Səfəri Başlayır” şüarı ilə İstanbulun Aksaray rayonunda yerləşən BULTÜRK – Bolqarıstan Türkləri Mədəniyyət və Xidmət Dərnəyinin ev sahibliyi ilə təşkil olunan təqdimat mərasimi geniş iştirakla keçirilib. Tədbirdə vətəndaş cəmiyyəti nümayəndələri, alimlər, gənclər və çoxsaylı könüllülər iştirak ediblər.
Dünya Türk Könüllüləri Birliyi, Türk millətinin minillərlə davam edən mədəniyyət yürüşünü gələcəyə daşıyacaq bir könüllülük hərəkatı kimi qurulub. Quruluş bəyannaməsində qeyd olunub ki, bu hərəkat Mete Xandan başlayaraq Oğuz Xaqana, Alparslana və Atatürkə qədər uzanan tarixi mirasın izindən gedərək gələcəyə yön vermə məqsədi daşıyır. Çıxışlarda qeyd olunub ki, yeni yüzillikdə Türk dünyasının ən böyük ehtiyacı güclü qurumlar deyil, güclü xarakterli insanlardır.
Hərəkatın əsas hədəfləri sırasında gənc liderlərin yetişdirilməsi, könüllü akademiyaların qurulması, ortaq yaddaşın rəqəmsallaşdırılması və hər bir könüllünün bir mədəniyyət təmsilçisinə çevrilməsi dayanır. Birliyin məqsədi təkcə danışmaq deyil, eyni zamanda məsuliyyət daşıyan, həll yolları təqdim edən və nümunə olan bir nəsil formalaşdırmaqdır. Bu baxımdan, bu təşəbbüs sadəcə vətəndaş cəmiyyəti hərəkatı deyil, strateji bir mədəniyyət yürüşü kimi qiymətləndirilir.
Təqdimatda tez-tez vurğulanan “Səfər bizdən, zəfər Allahdandır” ifadəsi bu könüllülük hərəkatının şüarı kimi qəbul olunub. İştirakçılar bildiriblər ki, qəlbdən gələn bir hərəkətin qarşısında heç bir güc dayana bilməz.
Tədbirin sonunda Türk dünyasının dörd bir yanındakı gənclərə bu könüllü səfərə qoşulmaq çağırışı edilib. “Gəlin, könüllü olaq. Gəlin, Türk millətinin yeni yüzilliyini birlikdə yazaq” sözləri ilə bitən açıqlama bu hərəkatın yalnız bu gün üçün deyil, gələcək nəsillər üçün də bir məsuliyyət daşıdığını göstərdi.