AzMedia Group-un Rəsmi Bəyanatı
Yekaterinburqda baş vermiş polis zorakılığı və Səfərov ailəsinin hüquqlarının pozulması ilə bağlı
2025-ci il iyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində Səfərov ailəsinə qarşı hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilmiş zorakı əməliyyat zamanı Hüseyn və Ziyəddin Səfərovun qətlə yetirilməsi, azı 9 nəfərin saxlanılması və işgəncələrə məruz qalması AzMedia Group tərəfindən qətiyyətlə pislənir.
Bu əməliyyat Rusiya Konstitusiyasının 20 və 21-ci maddələrinə, eləcə də beynəlxalq insan hüquqları konvensiyalarına ziddir. Heç bir şəxs məhkəmə hökmü olmadan azadlıqdan məhrum edilə, işgəncəyə və qeyri-insani rəftara məruz qala bilməz.
Biz tələb edirik:
Rusiya Federasiyası hökuməti Konstitusiyanın 18 və 21-ci maddələrinə, Cinayət Məcəlləsinin 286-cı maddəsinə (vəzifə səlahiyyətlərindən sui-istifadə) və BMT-nin İşgəncələrin Qarşısının Alınması Konvensiyası kimi beynəlxalq öhdəliklərinə əsasən bu hadisə ilə bağlı cəmiyyətə aydın və şəffaf məlumat verməlidir. Hüquq-mühafizə orqanlarının səlahiyyətlərini aşaraq işgəncə, məhkəməsiz qətl və ya həddindən artıq güc tətbiq etdikləri hallarda onlar cinayət və inzibati məsuliyyətə cəlb olunmalıdırlar.
AzMedia Group olaraq ədalətin təmin olunması və insan hüquqlarının qorunması üçün bu məsələni diqqətdə saxlayacağımızı bildiririk.
Yashar Pourali
Sədr, AzMedia Group
Canada/Toronto
Tarix: İyul 29,2025