Səttar xan 1868-ci ildə Qaradağ vilayətinin Canalı kəndində bir alverçi ailəsində anadan olmuşdur.
1905-11-ci illərdə baş vermiş Məşrutə hərəkatı Səttar xanı böyük sərkərdə səviyyəsinə qaldırdı. 1907-ci ildə Təbriz şəhərinin Əmirxiz məhəlləsinin fədailərinə rəhbərlik edən Səttar xan özünün qəhrəmanlığı və şücaəti ilə bütün fədailərin sevimli sərkərdəsinə çevrildi.
Şura Məclisi topa tutulduqdan sonra şahın 40 min nəfərlik silahlı qüvvəsi inqilabın beşiyi Təbriz şəhərinə hücum etdi. 1908-ci ilin iyun ayında Səttər xanın rəhbərliyi altında Ali Hərbi Şura yarandı. Ali Şuranın baş komandanı Səttar xan və onun müavini Bağır xan, üzvləri Əli Müsyo, Hacı Əli, Seyid Haşim xan təyin edildilər. 1909-cu ilin aprel ayına qədər Təbriz üsyanı düşmənə böyük tələfat verməklə onun silahlı qüvvələrini Təbrizdən çıxarmağa nail oldu. Bu vuruşda Səttar xan və Bağır xanın qəhrəmanlığı nəzərə alınaraq Azərbaycanın əyalət əncüməni öz iclasının qərarı ilə Səttar xana “Sərdari-milli” (Xalq sərkərdəsi) və Bağır xana “Salari-milli” (xalq rəhbəri) fəxri adları verdi.
Təbrizin müdafiəsi Hərbi Şuraya tapşırıldı. Üsyançıların bu qələbəsi Azərbaycanın başqa vilayətlərinə və bütün İrana mühüm təsir etdi. Tehran, Qəzvin, Rəşt, İsfahan və başqa şəhərlərdə “Səttar xan” adlı komitələr yarandı. Təbriz əyalət əncüməni özünü Şura Məclisinin əvəzedicisi adlandırdı. 1908-ci ilin oktyabr ayına qədər Azərbaycanın bir çox vilayətləri düşmənlərdən təmizləndi. Ölkədə inqilabi hərəkatın güclənməsindən qorxuya düşən şah və irtica qüvvələri Tehranda Şura Məclisinin yenidən açılmasına icazə verməyə məcbur oldular. 1908-ci ilin dekabr ayında açılan ikinci Şura Məclisi Səttar xan ilə Bağır xanın xidmətlərini qiymətləndirmək məqsədilə onların şəkilləri üzərinə qızıl suyu ilə basılmış Fəxri lövhə yaranmasını təsdiq edib, Məclisin yenidən açılması zamanı onu tribunadan aşmağa fərman verdi.
Təbriz şəhərinin qələbəsindən sonra inqilabçıların nüfuzlarının artması İranın irtica qüvvələrini, xüsusilə çar Rusiysı və İngiltərə imperializmini qorxuya saldı. Onlar Səttar xanı və onun fədailərini nüfuzdan salmaq üçün Səttar xan və Bağır xanı fədailərdən, Təbrizdən ayırmağa çalışdılar. İngiltərənin xarici işlər naziri Edvard Karinin bu ölkənin İrandakı səfiri Corc Birliyə göndərdiyi teleqramda (16.3.1910) deyilirdi ki, Səttar xan və Bağır xan tezliklə Təbrizdən çıxarılmalıdır. Bundan sonra İranın Baş naziri, Milli Şura Məclisi işə qarışıb Səttar xan və Bağır xanı Tehrana getməyə məcbur etdilər. 1910-cu il mart ayının 6-da Səttar xan və Bağır xan 300 nəfər fədai ilə Tehrana yola düşdü. 1910-cu ilin aprel ayının 3-də Səttar xan Tehrana çatdı. Qurbanlar kəsildi, Tehran əhalisi onu nicatverici rəhbər kimi qarşıladı.
Səttar xana fədailəri ilə Atabəy parkında yer verildi. 1910-cu ilin 7 avqustunda şah şoşunları və Tehranın polis rəisi daşnak Yefrem Davidyansın başçılıq etdiyi polis qüvvələri gecə xaincəsinə qəflətən hücum edib Atabəy parkını mühasirəyə alaraq Səttar xanın silahlı dəstələrini tərkisilah etməyə başladılar. Həmin gecə Səttar xan ayağından yaralandı. Onların Tehrandan çıxmasına icazə verilmədi. Nəhayət, həmin güllə yarasından 1914-cü ilin noyabr ayının 9-da Səttar xan 48 yaşında vəfat etdi və Tehranda Şah Əbdüləzim qəbiristanlığında dəfn olundu. Qəbri 1924-cü ildə inqilabçılar tərəfindən təmir edildi.
1944-cü ildə 44 mütərəqqi qəzeti öz ətrafında birləşdirən “Azadlıq cəbhəsi” qəzeti tərəfindən təşkil edilmiş mitinqdə Seyid Cəfər Pişəvəri Səttar xanın qəbri üstündə nitq söylədi. 1945-ci ildə yaranmış Azərbaycan milli hökuməti onun və Bağır xanın heykəllərini Təbriz şəhərində ucaltmış, adları küçələrə qoyulmuşdur.
Səttər xanın qəhrəmanlığına, onun xalqa və inqilaba olan sədaqətinə çoxlu şer və poemalar həsr edilmişdir.